BÜTÖV AZƏRBAYCAN OCAQLARI
MƏDƏNİYYƏTİMİZİ DÜNYAYA TANIDAN AZADLIQ MÜCAHİDİ

23:47 / 03-02-2017   /   baxış - 164

Səadət QARABAĞLI

Üzeyirbəyşünas

 

Bu il  görkəmli yazıçı, publisist, tərcüməçi, tarixçi, tədqiqatçı, naşir, ictimai xadim, Azərbaycanın azadlığı uğrunda mücahid Ceyhun bəy Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Yubiley münasibəti ilə respublikamızın Dövlət başçısı cənab İlham Əliyev 19 noyabr 2015-ci tarixli xüsusi sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir”.

Cahanşümul dahi bəstəkar, xalqımızın azman dühası Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi bir daha onu göstərir ki, vətən, xalq, millət uğrunda mübarizə aparanlar, canlarından keçənlər, heç vaxt unudulmurlar. Ceyhun bəyin vəfatı ilə bağlı yaxın dostlarından biri doktor Əziz Alpaut “Mücahid” adlı aylıq ictimai fikir məcmuəsinin 1963-cü il tarixli yanvar-fevral sayında “Bir böyük itkimiz daha” sərlövhəli vida məqaləsinin sonunda  belə yazırdı: “ ...Nur içində yatasan, sevgili ağabəyimiz (böyük qardaşımız - S. Q.).Vətən səni unutmayacaq, bir gün bağrına basacaqdır”.

Amma bu gün Ceyhun bəy Hacıbəylinin 126 illiyidir .

Bəli, həmin gün gəlmişdir. Müstəqilliyimiz əldə olunduqdan sonra  mühacirətdə yaşayan, ölkəmizi dünyada layiqincə təmsil edən, onun uğrunda çətinliklərə sinə gərən Ceyhun bəy  Hacıbəyli Azərbaycan adlı doğma  məmləkətə  dönərək, onun ağuşunda  bərqərar olmuşdur.

Ceyhun bəy Hacıbəylinin adı çəkiləndə mütləq böyük vətəndaş, gözəl ziyalı Ramiz Abutalıbov yada düşür. Çünki o,  Ceyhun bəyi  yenidən Azərbaycana qaytardı. Ramiz müəllim C. Hacıbəylinin  zəngin irsini, yüz əlli kiloluq arxivini təmənnasız olaraq Fransadan ölkəmizə gətirərək, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə və Üzeyir Hacıbəylinin ev-muzeyinə bağışladı. Məhz bu arxiv sayəsində Ceyhun bəylə bağlı  çox mətləblərə aydınlıq gətirildi. Xalqımız onun həyat və yaradıcılığı ilə yaxından tanış oldu.

Azərbaycanın böyük ziyalılarından biri olan Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 3 fevral 1891-ci ildə Azərbaycanın tacı olan qədim, gözəl Şuşa şəhərində dünyaya gəlmişdir. Onun uşaqlığı doğma Şuşada keçmiş, ilk təhsilini də orada iki illik rus-türk məktəbində almış, sonra Bakıda orta məktəbi bitirmişdir.

Dünya şöhrətli dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin 12 (25) yanvar 1908-ci ildə premyerası keçirilmiş,  bütün Şərqin ilk operası olan “Leyli və Məcnun” adlı səhnə əsərinin  ərsəyə gəlməsində yaxından iştirak etmişdir. Belə ki, o, librettonun hazırlanmasında, muğamların seçilməsində qardaşı Üzeyir bəyə yardım etmiş, həmçinin operada İbn Səlam və Nofəl rollarını məharətlə oynamış, tamaşaçıların böyük rəğbətini qazanmış, ifasına yüksək qiymət verilmişdir.

Bu barədə 14 yanvar 1908-ci tarixli “Tazə həyat” qəzeti belə yazırdı: “...İbn Səlamlıqda öz rolunu nə qədər gözəl və mahir ifa etsə də...Nofəl rolunda, demək olar ki, layiqincə oynayıb, layiqincə oxuyurdu.”

1909-cu ildə ali təhsil almaq məqsədilə Ceyhun bəy Hacıbəyli Sankt - Peterburq  Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. Milyonçu Murtuza Muxtarovun ayırdığı vəsait hesabına sonra o, Parisə gedib məşhur Sorbonna Universitetində təhsilini davam etdirmişdir. Parisdə oxuduğu illərdə bir-birindən maraqlı yazılar yazaraq Bakıda çıxan “Kaspi”, “Baku” (1910-1915) qəzetlərinə göndərmişdir. Eyni zamanda Ceyhun bəy  Fransanın paytaxtında nəşr olunan mətbuat orqanlarında da məqalələr dərc etdirmişdir. O, öz yazıları vasitəsilə Avropa xalqlarına və rusdilli oxuculara Azərbaycan ədəbiyyatını, dilini, mətbuatını və incəsənətini  tanıtmışdır. Yazıçılıq və tərcüməçilik məharəti olan Ceyhun bəy “Hacı Kərim “ adlı povest yazmış, rus yazıçısı İ. Turgenevin “Pulsuzluq” komediyasını  dilimizə tərcümə edərək ilk dəfə Azərbaycan  oxucularının ixtiyarına vermişdir.

Ceyhun bəy Hacıbəyli 1916-cı ildə gözəl mütəxəssis kimi vətənə qayıtmışdır. Bakıda yaşadığı dövrdə də mühərrirlik fəaliyyəti ilə məşğul olmuş, “Proqress”, “İrşad”, “Tərəqqi” və s. qəzetlərdə müntəzəm olaraq  oxunaqlı yazılarla çıxış etmişdir. “İttihad” qəzetinin baş redaktoru olmuşdur.

1918-ci ildə Azərbaycan  Xalq Cümhuriyyətinin  yaranmasında  C. Hacıbəyinin də böyük rolu var idi. AXC - nin orqanı olan “Azərbaycan” qəzetinin baş redaktorluğu ona tapşırılmışdı. Bu məsuliyyətli vəzifəni daşıyan Ceyhun bəy 1919-cu ilin yanvar ayında “Versal” sülh konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil olunmuş və bir vaxtlar təhsil aldığı Paris şəhərinə yola düşmüşdür. Parisdə müxtəlif tədbirlərdə, konfransın işində yaxından iştirak edən nümayəndə heyətinin əsas vəzifəsi gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyini böyük Avropa dövlətlərinə tanıtmaq idi. Təəssüf ki, o vaxt orada dövlətimiz üçün səmərəli işlər aparan nümayəndə heyətinin səyi yarımçıq qaldı. 28 aprel 1920-ci ildə Azərbaycanın XI rus ordusu tərəfindən işğal edildiyi  xəbərini onlar ürək ağrısı ilə qarşıladılar. Xalqımızın başına gələn faciədən hali olan nümayəndə heyətinin bütün üzvləri, o cümlədən də Ceyhun bəy Hacıbəyli bir daha vətənə qayıtmadı. Ömrünün sonuna qədər qürbət ölkədə qalmağa məcbur oldu. Azərbaycan dövləti və Azərbaycan xalqı naminə yorulmadan çalışdı.

Ceyhun bəy Hacıbəyli Parisdə yaradıcılıqla, eləcə də ictimai işlərlə məşğul olurdu. Doğma Azərbaycanı orada layiqincə təmsil və tərənnüm edirdi. Parisdə “Fiqaro”, “Jurnal Aziatik”, “Revue de monde musulman” adlı qəzet və jurnallarda mütəmadi olaraq məqalələr yazır, hətta  bir ara orada fransız dilində çıxan “Qafqaz” dərgisinin, Münhen şəhərində Azərbaycan  Milli Birliyinin orqanı olan “Azərbaycan” məcmuəsinin redaktoru  olmuşdur.

1925-ci ildə Ceyhun bəy qardaşı Üzeyir bəy Hacıbəylinin dünya şöhrətli “Arşın mal alan operettasının librettosunu fransız dilinə tərcümə etmiş, 1928-ci ildə isə əsəri firəng dilində Parisdə “Femino” teatrında  tamaşaya qoymuşdur. Hər yerdə olduğu kimi Fransanın paytaxtında da  operetta çox böyük uğur qazanmışdır.  “Arşın mal alan”ı tərcümə etmək və Fransada  səhnələşdirmək arzusunu Üzeyir bəyə yazan Ceyhun bəy  böyük qardaşından  24 fevral 1920-ci tarixli məktub alır. “Nuri-didə Ceyhun” (Göz nuru Ceyhun”. Ü. Hacıbəyli qardaşına yazdığı məktubları həmişə belə başlayardı –S.Q.) başlıqlı  məktubunun bir yerində  böyük bəstəkar  yazırdı: “Arşın mal alan”ın notlarını Camala ( bacısı Sayad xanımın oğlu –S.Q.) verdim ki, sənə göndərsin. Hərgah ondan da bir şey çıxarsa daha yaxşı! “. Bəradərin Üzeyir. 1924-cü il  aprel  ayının 9-da yazdığı  digər məktubunda isə Üzeyir bəy  bunları qeyd edirdi: “Mən zənn edirəm ki, “Arşın mal alan” Parisdə müvəffəqiyyət qazanarsa, hər bir məmləkətdə dəxi oynanılar. O halda sən müsənnif haqqını dəxi ala bilərsən”. Bəli, Üzeyir bəyi narahat edən

əsas məsələlərdən biri də qardaşının maddi vəziyyətinin  yaxşılaşdırılması məsələsi idi. Bunun üçün ona hər cür kömək əlini uzadırdı.

C. Hacıbəyli mühacirətdə yaşadığı dövrdə müxtəlif tədqiqat əsərləri də nəşr etdirmişdir. Məsələn, 1930-cu ildə “Azərbaycan mətbuatı tarixi”, 1933-cü ildə “Qarabağ dialekti və folkloru” kitabları  fransız dilində işıq üzü görmüşdür. Ceyhun bəyin sonuncu tədqiqat əsəri isə “İslam əleyhinə propoqanda və onun Azərbaycandakı metodları” adlı əsəri olmuşdur. Kitab  1959-cu ildə Sovetlər Birliyini Öyrənmə İnstitutu tərəfindən nəşr edilmişdir. Bundan əlavə o, “Mənim xəyallarım” əsərini də qələmə almışdır.

Ceyhun bəy Hacıbəyli həm də 1953-cü ildə “Azadlıq” radiosunu  yaradanlardan  biri olmuşdur. Ömrünün son illərində isə keçmiş SSRİ-ni öyrənən institutun müxbir üzvü kimi fəaliyyət göstərmişdir.  Keçmiş  SSRİ-nin rəhbəri İosif  Vissarionoviç Stalin də  Ceyhun bəylə maraqlanmış, hətta onunla  bağlı  Üzeyir bəylə bir dialoqu da olmuşdur. Bu hadisə 1938-ci ilin aprel ayında Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyünün sonuncu günü Kremldə Ü. Hacıbəyli başda olmaqla respublikamızın incəsənət nümayəndələrinin şərəfinə təşkil edilmiş ziyafət zamanı baş vermişdir.

 İ. V. Stalin Üzeyir bəyə demişdir:

 -Üzeyir bəy, bildiyimə görə Sizin  kiçik qardaşınız Fransada yaşayır. Onunla məktublaşırsınızmı?

 Üzeyir bəy:

Bəli, əvvəllər məktublaşırdıq, yoldaş Stalin, son zamanlar yazışmırıq.

İ. V. Stalin:

Niyə? Sizə mane olanmı var?

Üzeyir bəy :

- Xeyr!

İ. V. Stalin:

- Nahaq yerə yazışmırsınız! Siz ona məktub göndərin. Bəlkə vətənə dönmək istəyir? Vətənə qayıtsa, onu işlə, evlə təmin edərik. Mütləq  bunları qardaşınıza yazın!

Üzeyir bəy Bakıya gələn kimi qardaşına Stalinlə olan söhbətini  məktub vasitəsilə bildirsə də ondan heç bir cavab almamışdır.

Ceyhun bəy Hacıbəylinin  Bakıya gətirilən arxivindəki saralmış bir qəzet parçasına kövrəlmədən baxmaq qeyri mümkündür. Bu, anası Şirinbəyim Əliverdibəyova - Hacıbəylinin vəfat etdiyini bildirən elan və Üzeyir bəy Hacıbəyliyə verilmiş baş sağlıqlarıdır. Onun  bir kənarında əski əlifba ilə “Kommunist”, 6 may 1939-cu il yazılmışdır. İlk baxışda kiçik görünən bu qəzet parçası vətəninə, ailəsinə, doğmalarına  həsrət qalan Ceyhun bəy üçün böyük və  ağır itki qaynağı  idi. O, buradan  sevimli nənəsinin ( onlar analarına nənə deyə xitab edirdilər - S.Q.) ölüm xəbərini almışdı. Qürbət ölkədə, uzun illər qovuşmaq istədiyi anasının vəfat etdiyini öyrənən həssas qəlbli bir insanın nələr çəkdiyini,  nə hala düşdüyünü təsəvvür etmək çətin  deyildir. Ceyhun bəy,  qara xəbəri  verən bu qəzet parçasını arxivində ana həsrəti ilə qovrularaq saxlamışdır. Taleyin hökmünə bax ki, qəzet parçası illər sonra Ceyhun bəy Hacıbəylinin Fransadakı arxivindən  yenidən doğma məmləkətə dönmüş və  vətəndə  özünə əbədi ünvan tapmışdır.

Üzeyir bəy qardaşına yazdığı hər məktubda mütləq anaları haqqında onu məlumatlandırardı. Şirinbəyim  xanımın səhhətindən , məşğuliyyətindən, oğlundan və onun ailəsindən nigarançılığından, onlar üçün çox darıxdığından,  onlarla tezliklə görüşmək arzusundan,  şəkillərdə nəvələrini  öpməyindən və s.  bəhs edərdi. Lakin bütün bunlar  əlçatmaz arzu olaraq qaldı, heç biri həyata keçmədi. Ceyhun bəy Hacıbəyli qələmə aldığı memuarlarında belə yazırdı: “...Sən indi onlardan (doğmaları nəzərdə tutulur – S.Q.) ayrıldığın qırx birinci ilin içindəsən... Sən onları bu müddət ərzində heç vaxt görməmişsən və onları heç vaxt, qətiyyən görməyəcəksən – kişilər və qadınlar – onlar bir - birinin ardınca gedirlər. Və sənin “özün də...” Bəli, Ceyhun bəyin özünün də  həyatının qürub vaxtı yavaş-yavaş yaxınlaşırdı. O,   yaxın dostu, Azərbaycan Xalq Cümhuriyyətinin əski daxili işlər naziri Mustafa Vəkiloğluna 19 oktyabr 1962-ci il tarixli məktubunda yazırdı: “Pək möhtərəm qardaşım, Mustafa bəy! Çox böyük təəssüflə sizə elan etməliyəm ki, sizləri ziyarət etmək mənə mümkün olmayacaq. Qəlb xəstəliyinə mübtəla oldum, hətta ayaq üstə qalmaq mənə yasaqdır. Çox gözlədim, bir yaxşılıq hasil olmadı. Müalicə edirlər, lakin qəlb xəstə olduğundan təkrar nə yapa bilərlər? Krizlər olur, çox fəna halda oluram. Bunu da söyləməliyəm ki, ilk əlamət temmuzun (iyul –S.Q.) 8-də Paris Bloku iclasında baş verdi. İndi hərdənbir həmin qəlb sıxıntısı təkrar olur.

Çox-çox təəssüf! Hər halda siz görüşmələrinizi keçirin və mühacirətin bir yerə toplanmasına səy edin, bu mühümdür.

Əllərinizi sıxaraq, hamınıza dərin sevgilərimi izhar edirəm. Ceyhun.”

 Məktubu yazdıqdan  üç gün sonra böyük vətəndaş, həyatını Azərbaycanın azadlığı  uğrunda mübarizələrdə keçirən C. Hacıbəyli 22 oktyabr 1962 - ci ildə 71 yaşında  infarktdan  Parisdə vəfat etmişdir. Məktub Ankarada çıxan “Mücahid” məcmuəsinin 1963-cü il tarixli yanvar- fevral sayının altıncı səhifəsində dərc olunmuşdur. Ceyhun bəyin bu məktubunu həyəcansız oxumaq mümkün deyil. Düşündükdə ki, məktubu yazdıqdan üç gün sonra bu böyük şəxsiyyət haqqa qovuşub, bu hisslər bir az da dərinləşir. Göz yaşları adamı boğur. Doğma yurduna, xalqına, yaxınlarına həsrət qalan, lakin son günlərində də mühacir həyatı yaşayan həmvətənlərinə birlik nəsihəti edən bir vətən övladının vida məktubunu oxumaq nə qədər nisgilli, nə qədər çətindir... O, ömrünün sonuna kimi Azərbaycanın azadlığı uğrunda var qüvvəsi ilə çalışdı. Sovetlər Birliyini Öyrənmə İnstitutunun Almaniyada çıxan “Dərgi” məcmuəsinin 1962-ci ildə çıxan 30-cu sayında Ceyhun bəy Hacıbəylinin vəfatı ilə əlaqədar nekroloq və fotoşəkli dərc olunmuşdur. Nekroloqun son abzasında  yazılırdı: - “Ceyhun bəy vətənini sevən, olaylara qarşı həssas  bir insan idi. Hamıya yaxşılıq etməkdən və Azəri topluluqlarında olmaqdan böyük zövq duyardı. Allah qəni-qəni rəhmət eləsin. Nur içində yatsın. Amin!”.

Böyük demokrat, yenilməz mübariz, böyük ədib  Ceyhun bəy Hacıbəylinin azad, müstəqil Azərbaycan uğrunda apardığı savaş öz bəhrəsini artıq vermişdir. Azərbaycanımız 25 ildir ki, müstəqildir, bağımsızdır. Bu müstəqilliyin əldə olunmasında şübhəsiz ki, Ceyhun bəy kimi böyük şəxsiyyətin də xüsusi yeri vardır. Onun  Avropada tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz üçün etdikləri, gördüyü işlər, apardığı təbliğat müstəqilliyimizin bərqərar olmasında  öz səmərəsini göstərmişdir. Vətən heç vaxt belə oğullarını unutmayacaq. Azərbaycan var olduqca Ceyhun bəy də mədəniyyət tariximizdə yaşayacaq, ürəklərdə, qəlblərdə özünə yuva quracaqdır.

 Yanvar, 2016.



Bakıda Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi nümayiş olunur - "Bəxtəvər"
11:19 / 23-03-2017
Təbriz Heydərzadə Evi və Qacar Muzeyində xatirə şəkilləri...
11:16 / 23-03-2017
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:25 / 14-03-2017
Novruzda yenə də Bütöv Azərbaycan tonqalı qalanacaq
23:21 / 13-03-2017
Qədim Təbriz şəhərinin maketi təqdim olunub - FOTO
20:54 / 10-03-2017
Zəfər Oğuztürkdən daha bir milli əsər + FOTO
20:09 / 10-03-2017
Gənc istedadlı rəssam Zəfər Oğuztürk yenə öz əl işilə insanları heyrətə saldı
10:20 / 02-03-2017
Azərbaycan tarixində muğamın yeri və şöbələrinin təhlilinə dair
22:39 / 20-02-2017
İSTİQLAL BƏ İSTİQBAL YOLLARINDA
22:35 / 20-02-2017
Kimsəsizlər adası və heç kimlik vals... (hekayə)
13:10 / 15-02-2017
Ankarada ustad Şəhriyarın ədəbi-bədii gecəsi keçiriləcək
14:08 / 11-02-2017
“TƏLƏBƏ” - yeni milli film çəkilir
13:27 / 03-02-2017
Təbrizdə 90 nəfərlik “Barış” xor qrupunun konserti böyük rəğbətlə qarşılanıb - GÖRÜNTÜ
20:06 / 27-01-2017
Güney Azərbaycanın Şərq vilayətində 2 min nəfərlik Aşıqlar Birliyi yaradılıb.
20:15 / 25-01-2017
Metropolitan İncəsənət Muzeyində saxlanılan Azərbaycan Səfəvi bayrağı
19:59 / 25-01-2017
ELÇİ (roman) - BİRİNCİ HİSSƏ
12:37 / 25-01-2017