BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Könüllərin Fatehi: Şah İsmayıl Xətai (III hissə)

21:47 / 12-10-2017   /   baxış - 285

Namiq Musalı

tarix üzrə fəlsəfə doktoru,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

 

Dini motivli bir dövlət qurmasına baxmayaraq, bəzi tədqiqatçılar onu az qala içki düşkünü kimi xarakterizə edirlər. Məsələn, F.Sümer qeyd edir ki, Şah İsmayılın “miniatürlərə görə, saqqalı təraş olunmuş, uzun bığlı, türkman üzlü bəyləri ilə gecə-gündüz içdiyini bilirik”. Görkəmli tədqiqatçı miniatürlərdə əksini tapmış qabların içərisindəki içkinin məhz şərab olduğunu necə müəyyənləşdirdiyini bildirməsə də, iddia edir ki, “içkiyə qarşı aşırı düşkünlüyü onun gənc yaşında həyata vida etməsində, hər halda, çox mühüm bir amil olmuşdur” [27, s.38,57]. Osmanlı tarixçisi Lütfi paşa isə Şah İsmayılın döyüşdən öncə orduya şərab içirdiyini iddia edir [26, s.213]. Halbuki mötəbər mənbələr Şah İsmayılın orduda şərab içilməsinə və sərxoşluğa qarşı mənfi münasibət gös-tərdiyini qeyd edirlər [57, s.202; 59, s.112; 55, s.252]. İfrat eyş-işrətdən xoşlanmayan Şah İsmayıl öz məmləkətinin ətrafında daim at cövlan etdirməsi ilə öyünürdü və hətta Sultan Hüseyn Bayqaranın ona hədiyyə göndərdiyi rəqqasələr qrupunu da acıqla geri qaytarmışdı [1, s.21].

Dini ideologiyanı əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə çalışan İsmayıl ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgah-larında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi [57, s.167-168; 59,

s.128]. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, münacatla məşğul olurdu [57, s.621; 59, s.80,83]. Nə olursa olsun, daim ədəb-ərkana fikir verirdi. Hətta təhqiramiz məktub və tələblərlə gəlmiş özbək elçiləri ilə nəzakətlə söhbət etmiş, etik qaydalardan kənara çıxmamış və onlara ənamlar verərək geri göndərmişdi [57, s.310-311; 59, s.259].

Şairliyi, əyləncələri və ailə vəziyyəti

Anonim müəllif Şah İsmayılın savadlı bir dövlət başçısı olduğunu göstərir və onu “səltənət və bilik dəryasının incisi” adlandırır [59, s.448-449]. “Aləmara”da Şah İsmayılın şairliyi haqqında da məlumat verilir, onun Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyi xatırladılır [57, s.528; 59, s.497]. Həqiqətən də, Şah İsmayılın “Xətai” təxəllüsü ilə yazdığı türkcə şeirlər divanında Həzrət Əli haqqında qəsidələrə rast gəlirik [28, s.410-415,418-421].

Özü şair olan İsmayıl ədəbiyyata qayğı ilə yanaşırdı. Mənbədə onun təbrizli sadə xalq şairi, dərviş Baba Eşqi Təbərrayi ilə münasibətlərindən söz açılır. O, Baba Eşqi ilə hələ Təbrizdə şiə xüt-bəsi oxunarkən tanış olmuşdu. Həmin zaman Baba Eşqi kütlənin içərisindən irəli çıxaraq, Şah İsmayılın qarşısına gəlmiş və əlində təbərzin tutaraq, ucadan təbərra etmiş, bu hərəkəti ilə məşhurlaşmışdı [57, s.61; 60, v.16b]. İraq-i Ərəbin fəthindən sonra şahın ordusu ilə birgə müqəddəs yerləri ziyarət edən Baba Eşqi Təbərrayi öz qəsidələrindən birini Nəcəfdə, Həzrət Əlinin məzarı yanında şah üçün böyük bir şövqlə oxumuş və bunun müqabilində İsmayıl “ona padşahanə xələt vermiş, həmçinin nağd qızıl pulla 100 tümən məbləğində ənam təqdim etmişdi” [57, s.168; 60, v.43a-b]. Həyatı və yaradıcılığı haqqında məlumatımız az olan bu azərbaycanlı şair sonradan Hüseyn bəy Lələ Herat hakimi olarkən onun xidmətində durmuş və 1513-cü ildə özbəklərin Xo-rasana yürüşü zamanı öldürülmüşdü [57, s.457; 59, s.403-404].

“Aləmara”da qeyd olunur ki, Şah İsmayıl bəzən Təbriz meydanında çovqan (çövkən) yarışları təşkil edər və bu yarışlarda şəxsən özü də iştirak edərdi [57, s.41; 59, s.45]. Onun sevimli məşğuliyyətlərindən biri də ov idi. O, erkən gəncliyində balıq ovuna meyil edər, sonralar isə şir, pələng, ahu, dağ keçisi, ceyran, gur və s. heyvanların ovu ilə məşğul olardı [7, s.85; 29, s.56-71]. “Aləmara”da onun Tarom yaxınlığında, Təbəs mahalında, İsfahan ətrafındakı Zayəndə-rud çayı sahillərində, Bağdad ətrafında, Luristanda, Mosulda, Hisar-i Şadmanda, Çaldıran düzündə, Şirvanda ov etməsi qeyd olunmuşdur. Onun şir və pələng ovuna daha çox həvəsi vardı və şir xəbəri gətirənə bir baş yəhərli at və yaraq verəcəyini vəd etmişdi [57, s.169; 60, v.43b].

“Aləmara”da Şah İsmayılın yalnız iki həyat yoldaşı barəsində söz açılmışdır. Bu əsərə görə, Şah İsmayıl Əbdi bəy Şamlunun qızı və Durmuş xanın bacısı Taclı bəyimlə evlənmiş, bu nikahdan qarlı bir qış günündə İsfahanın Rənan kəndində gələcək Səfəvi hökmdarı Təhmasib dünyaya

gəlmişdi [57, s.82; 59, s.169; həmçinin bax: 12, s.19]4. Cəsur bir qadın olan Taclı bəyim Çaldıran döyüşündə şəxsən iştirak edərək yaralanmış, döyüş meydanından fərar edib, iki gün səhralıqda dolaşmışdı. Nəhayət, o, Təbrizin iki mənzilliyində öz qardaşı Durmuş xanın vəziri Mirzə Şah-Hüseyn İsfahani ilə rastlaşmış və onlar təhlükəli bölgədən uzaqlaşmaq üçün Marağa yoluna çıxmışdılar. Bu zaman Şah İsmayıl Durmuş xanı 300 nəfərlik atlı dəstə ilə Taclı bəyimi axtarmağa göndərmişdi. Durmuş xan yol üstündə bacısı Taclı bəyimlə və vəziri Mirzə Şah-Hüseynlə qarşılaşmış və onları götürüb, Səraba gəlmişdi. “Allah eləməmiş, əgər namus qeysərin əlinə düşsə, bundan sonra yaşamağın faydası yoxdur” deyən və həmin günlərdə dərin sarsıntı keçirən Şah İs-mayıl, Taclı bəyimlə görüşərək, onu bir daha döyüşə aparmayacağını söylədi [57, s.533-534; 59, s.501-502]. Bəzi Osmanlı müəllifləri Taclı bəyimin guya əsir düşməsi barədə əhvalatlar uydursalar da, S.Onullahi ilkin mənbələr əsasında sübut etmişdir ki, o, əsir düşməmiş, hətta sonralar, Şah Təhmasib zamanında sarayda yaşamış, dövlət işlərində iştirakçı olmuş və h. 946 / m. 1539-40-cı ildə Şirazda vəfat etmişdir [16, s.50]5. Taclı bəyimdən başqa, Şah İsmayıl ömrünün sonlarında Şirvanşah II İbrahim Şeyxşahın qızı ilə evlənmişdi [57, s.610; 59, s.588]6.

Özündən sonra 4 oğul (Təhmasib, Sam, Əlqas, Bəhram) və 5 qız (Xanişbəyim və ya Xansəti, Pərixan, Məhinbanu, Firəngiz, Zeynəb) övladı qoyub getmişdi [57, s.625; 60, v.162b; 40, s. 288].

Ölümqabağı vəsiyyətləri və vəfatı

“Aləmara”ya əsasən, Şah İsmayıl ömrünün sonunda “şikar etmək üçün Şirvana yollanmış”, lakin röyada atası Şeyx Heydəri görmüş, “axirət səfərinin yaxın olduğunu” anlayaraq, ov işlərini yarımçıq qoyub, Ərdəbilə qayıtmağı qərara almışdı. Şahın məiyyəti Şirvandan çıxarkən Üləmə sultan Təkəlü şahzadə Təhmasibi Ərdəbilə gətirmək üçün göndərilmişdi. Ölümünə yaxın İsmayıl öz oğlu və vəliəhdi Təhmasibin azyaşlı olduğundan və düşmənlərin bundan istifadə edə biləcəyindən, beləliklə də, “özünün çəkdiyi əziyyət və zəhmətlərin zay olacağından” narahat idi və bu səbəbdən də qızılbaşlara etdiyi son vəsiyyətində onları dövlətçiliyi qorumaq naminə birliyə çağırmışdı: “Sufi olmağın yolu və üsulu odur ki, nifaqdan əl çəkib ittifaq edəsiniz ki, düşmən dörd tərəfdən üzərinizə hərəkət edə bilməsin. Nə qədər ki sizin aranızda ittifaq vardır, heç bir padşahın qüdrəti çatmaz ki, özündə qızılbaşlarla vuruşmağa iradə tapa bilsin. Çünki onların hamısının gözünü

qorxutmuşsunuz”. O, görkəmli qızılbaş əmiri Div sultan Rumlunu 7 il müddətinə Təhmasibin vəkili təyin etmiş, ona böyük əmirlərə və qızılbaş ordusuna mehribanlıqla davranmağı, onları özündən incik salmamağı və Təhmasib 18 yaşına çatdıqda dövlət işlərini tamamilə ona təhvil verməyi tap-şırmışdı. Ölümünə üç gün qalmış vəziyyəti xüsusilə ağırlaşmış, hərarəti artmış və hətta namazı oturan yerdə qılmağa məcbur olmuşdu [57, s.622-623; 59, s.598-599]7. Beləliklə, 19 rəcəb 930 / 23 may 1524-cü ildə axşam vaxtı Şah İsmayıl Ərdəbildən Təbrizə gedən yolda, Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Sayıngədiyi adlı məhəldə vərəm xəstəliyindən vəfat etdi [65, s.86].

“Aləmara”da qeyd olunur ki, onun ölümü qızılbaşlar arasında dərin həyəcan yaratmışdı, onlar “taclarını yerə vurub, yaxalarını yırtır, başlarına kül tökürdülər”. Döyüşçülər matəm əlaməti olaraq, atlarının yallarını və quyruqlarını kəsdilər8. Qızılbaş ordusu üçün sanki dünyanın axırı idi, “qiyamət qopmuşdu”. Şahın cəsədi sədr, üləma və müctəhidlər tərəfindən qüsl edilib, kəfənə tutulduqdan sonra darülirşad Ərdəbil şəhərinə aparılmış və öz əcdadı Şeyx Səfiəddinin qəbrinin ci-varında dəfn edilmişdi [57, s.624; 59, s.600-601]. Şah İsmayılın xalq tərəfindən çox sevildiyini XVI əsrin Venesiya mənbələri və hətta həmin əsrə aid olan anonim bir Osmanlı salnaməsi də təsdiq edir [53, s.115,206; 54, s.270].

Bicən və Həsən bəy Rumlu kimi bizim müəllif də öz əsərinin sonunda Şah İsmayılın şəxsiyyəti və fəaliyyəti ilə bağlı maraqlı ümumiləşdirməyə yer vermişdir: “Ömrünün müddəti (hicri təqviminə əsasən) 38 il və səltənət müddəti 24 il olmuşdur. Bütün rəiyyəti və tabeçiliyindəkiləri əda-lətlə idarə etmiş və yaşatmışdır. O həzrətin qorxusundan sipahilərdən (hərbçilərdən) heç kəs insafsızlıq və fırıldaq qapılarını xalqın üzünə açmırdı. O həzrətin padşahlığı əyyamında qüdrətli dövlətin ixtiyarında olan vilayətlər tamam İraq-i Əcəmdən, Ceyhun çayının kənarınadək tamam Xorasandan, Farsdan, Kirmandan, Xuzistandan, Hüveyzədən ibarət idi və bəzi vaxtlarda hətta Diyarbəkr mülkü də Azərbaycan məmləkətinin əlavəsinə (“zəmimə”sinə) çevrilmişdi. O həzrət döyüş meydanında xəncər vuran cəngavər, əyləncə məclisində gövhər yağdıran bulud idi. Çox səxavətli idi, onun nəzərində adi daş və cavahir eyni şey idi. Bütün döyüşlərdə qızılbaş ordusunun önündə gedərdi. Döyüşlərdə heç vaxt yara almamış9, həmişə Tanrının hifz və himayəsi altında olmuşdur. Əksər vaxtlarda xəzinəsində10 bir dinar da olmazdı. Zəngul şikarına (“şikar-i zəngul”)

və hər növ ov heyvanının (“seyd”) ovuna tam meyli vardı, xüsusən də özünəməxsus şəkildə həyata keçirdiyi şir ovuna marağı böyük idi” [57, s.625; 60, v.162a-b]11.

Beləliklə, “Aləmara”nın materialları I Şah İsmayılı böyük bir mənəvi nüfuza sahib olan öndər, görkəmli dövlət xadimi, peşəkar sərkərdə, istedadlı şair və sevimli xalq qəhrəmanı kimi xarakterizə etməyə imkan verir. Mənbənin bu dəyərləndirməsi, tədqiqatçıların Şah İsmayıl haqqında düşüncələri ilə bənzərlik təşkil edir. O.Əfəndiyev yazır ki, Şah İsmayılın “əsas döyüşlərdə şəxsən iştirak etməsi, misilsiz şücaət və qəhrəmanlıq nümayiş etdirməsi, həm də böyük şair istedadı onu xalq dastanları səviyyəsinə qaldırmışdı” [2, s.42]. İ.Hüseynovun haqlı olaraq ifadə etdiyi kimi, “Şah İsmayıl Səfəvi özünün 25 illik fəaliyyəti ilə Azərbaycan tarixində ən böyük simalardan biri olmuşdur” [8, s.51]. Əcnəbi şərqşünaslar da onun şəxsiyyətini yüksək qiymətləndirmişlər. K.Mark-ham yazır: “Şah İsmayıl öz əcdadlarının bir çoxu kimi sufi filosofu idi. O, cəsur və alicənab bir hökmdar idi və Şərq sülalələrinin ilk hökmdarlarında aşkar olunan, demək olar ki, dəyişməz keyfiy-yətlərdən savayı, bir çox dəyərli keyfiyyətlərə də malik idi” [46, s.271]. Digər bir Qərb tarixçisi R.Seyvori İsmayılı “xarizmatik xarakterə, liderlik istedadına və şəxsi şücaətə”, həmçinin “yüksək dərəcədə dövlət idarəçiliyi qabiliyyətinə və siyasi fərasətə” malik bir şəxs kimi səciyyələndirmişdir [49, s.49].

Nəticə

Hazırkı məqalədə xalq yaddaşından süzülüb gələn hekayətlər əsasında yaradılmış anonim bir qaynağın zəngin materiallarının işığı aıtında Şah Xətainin şəxsiyyətini oxuculara çatdırmağa çalışdıq. Daha çox “Tarix-i aləmara-yi Şah İsmayıl” adı ilə tanınan bu mənbədə Şah Xətai özündə mənəvi və maddi hakimiyyəti birləşdirmiş xarizmatik lider kimi səciyyləndirilir, yaraşıqlı, bilikli, iddialı, cəsarətli, istedadlı, mənəviyyatlı, qətiyyətli, səxavətli, ədalətli və qayğıkeş şəxsiyyət kimi xarakterizə olunur.

Azərbaycan tarixində görkəmli hökmdarlar çox olmuşdur: Atabəy Şəmsəddin Eldəniz, Şirvanşah I İbrahim, Qaraqoyunlu Qara Yusif, Ağqoyunlu Uzun Həsən, Nadir şah Əfşar və b. Lakin onların heç biri xalq yaddaşında qalmağa nail olmamışdır. Xalqımızın hafizəsi, genetik kodu sayılan folklorumuzda yalnız iki padşahımız və hər ikisi də müsbət anlamda özünə yer tutmuşdur: bunlardan birincisi Şah Xətai, ikincisi isə onun nəticəsi I Şah Abbasdır.

Şah Xətai öz şəxsində çoxşaxəli fəaliyyət sahələrini birləşdirmiş, sıradan bir hökmdar, sıradan bir şair və sıradan bir sərkərdə olmamışdır. Bütün bunlarla yanaşı, o, həm də mənəvi öndər – mürşid-i kamil statusuna malik idi. Məhz bu keyfiyyətləri səbəbindən Şah Xətai 500 ildir ki, xalqın yaddaşında və qəlbində canlı olaraq qalmaqda, Yaxın və Orta Şərqə səpələnmiş müxtəlif Ələvi-qızılbaş toplumlarının cəm ayinlərində müqəddəs bir şəxsiyyət kimi anılmaqdadır. Əməlləri yaddaşlarda, şeirləri, deyişləri və kəlamları dillərdə, sevgisi könüllərdədir. Dünya tarixində Şah Xətaidən savayı heç bir padşah ölümündən yüzillər keçdikdən sonra milyonlarla insanın gözündə sevgi obyekti və müqəddəslik simvolu kimi qalmağı bacarmamışdır.

Osmanlı tarixçiləri, bir qayda olaraq, Sultan II Mehmed Fatehdən bəhs edərkən onu “İstanbulun fatehi” adlandırırlar; Sultan I Səlim Yavuzu isə “Misirin və Qahirənin fatehi” kimi xarakterizə edirlər. Bəs, biz Şah Xətaini haranın və nəyin fatehi olaraq dəyərləndirə bilərik? Təbrizinmi, İsfahanınmı, Şirazınmı, Bağdadınmı, Heratınmı? Bəli, Şah Xətai bu şəhərlərin hamısını fəth etməyə nail olmuşdur. Amma onun əsrlərdən bəri yaddaşlarda, dillərdə və könüllərdə qalmasını təmin edən bu amil deyildir. Xalqın Şah Xətai obrazını əsrlər boyunca canlı saxlamasının sirri onun şəhərlər fatehi olmasında deyil, könüllər fatehi olmasındadır. Şah Xətai öz oppenentləri kimi sadəcə şəhərləri fəth etməmiş, eyni zamanda insanların, toplumların könüllərini fəth etməyə müvəffəq olmuşdur. Şah Xətaini kütlələrin sevimlisinə çevirən faktor, onun zahiri fəthləri deyil, mənəvi fəthləridir.

Sultan Səlimin əsas etibarilə farsca yazdığı şeirlər bu gün populyarlığını və aktuallığını tamamilə itirdiyi halda, Şah Xətainin şeirləri ölkələri gəzməkdədir, dillər əzbəridir, müqəddəs kəlamlar şəklində söylənilməkdədir, adı gələndə niyaz edilməkdədir. Bu gün Sultan Səlimin fəth etməyə gəldiyi məmləkətlərdə onu sevən toplumlar olmadığı halda, Azərbaycanda, İranda, İraqda və xüsusilə də Türkiyədə Şah Xətaini ürəkdən sevən və onu qəlbən bağlı olan milyonlarca insan yaşamaqdadır. Şah Xətai – Sultan Səlim qarşıdurmasının bir gün sürmüş hərbi müstəvisində Sultan Səlim qalib gəlsə də, yüzillər sürən mənəvi savaş müstəvisində Şah Xətainin qalib gəldiyi açıq-aydın görünür.

Ədəbiyyat:

Azərbaycan türkcəsində:

1. Abbaslı M. Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə. Bakı: İşıq, 1981.

2. Əfəndiyev O.Ə. Şah İsmayıl Xətainin şəxsiyyətinə dair // Şah İsmayıl və onun dövrü (beynəlxalq konfrans). Bakı: Xəzər Universiteti, 1996, s.41-42.

3. Əliyarov S.S. Azərbaycanda bidətçilik hərəkatına dair ədəbi mənbələrin araşdırılması təcrübəsindən // Azərbaycan filologiyası məsələləri. I buraxılış. Bakı: Elm, 1983, s.179-204.

4. Əliyev (Vüqarlı) E. Şah İsmayılın Florensiyadakı portreti haqqında // AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu: “Elmi Araşdırmalar” jurnalı, VI buraxılış, №.1-2, Bakı, 2004, s.177-179.

5. Əliyev (Vüqarlı) E. Şah İsmayılın Londondakı portreti haqqında // AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu: “Elmi Araşdırmalar” jurnalı, VII buraxılış, № 3-4, Bakı, 2005, s.219-222.

6. Ərdəbili Şeyx Səfiəddin. Qara məcmuə (tədvin edən: H.Düzgün). Tehran: Peyam, 1380.

7. Fərzəliyev Ş.F. Qiyasəddin Xondəmir və Həsən bəy Rumlu Şah İsmayıl Xətainin fərdi xüsusiyyətləri haqqında // Şah İsmayıl Xətai (məqalələr toplusu). Bakı: Elm, 1988, s.78-87.

8. Hüseynov İ. Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai // “Azərbaycan” jurnalı (əski əlifba ilə), 1945, № 3-4, s.50-51.

9. İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi. I cild. Farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri: O.Ə.Əfəndiyev və N.S.Musalı. Bakı: Təhsil, 2009.

10. Kitabi-Dədə Qorqud (əsil və sadələşdirilmiş mətnlər). Tərtib edəni: S.Əlizadə; nəşrə hazırlayanı ve redaktoru: T.Hacıyev. Bakı: Öndər, 2004.

11. Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənə. Xeyrati-hesan (Gözəllər sərvəti). Fars dilindən tərcümə edən, ön sözün müəllifi, göstəricilərin və qeydlərin tərtibçisi: T.D.Həsənzadə. Bakı: Nurlan, 2003.

12. Məmmədov Ə.H. Xətai haqqında dastan // ”Elm və Həyat” jurnalı, Bakı, 1977, № 10, s.17-19.

13. Məmmədova Ş.K. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin mənbəyi kimi. Bakı: Elm, 1991.

14. Musalı N.S. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında). Bakı: Elm və Təhsil, 2011.

15. Musalı V.A. Osmanlı təzkirələrində Azərbaycan şairləri. Bakı: Nurlan, 2009.

16. Onullahi S.M. Taclı xanım // Azərbaycan SSR EA-nın Xəbərləri (dil, ədəbiyyat və incəsənət seriyası), Bakı, 1981, № 1, s.44-51.

17. Şah Təhmasibin təzkirəsi (fars dilindən tərcümə və müqəddimə Ə.H.Rəhimovundur). Bakı: Azərnəşr, 1996.

18. Şirazi Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü – Şah İsmayıl və Şah Təhmasib dövrlərinin tarixi). Fars dilindən tərcümə, müqəddimə və şərhlər: Ə.H.Rəhimli. Bakı: Elm, 1996.

Türkiyə türkcəsində:

19. Ergün S.N. Hatayi Divanı (Şah İsmail-i Safevi: edebi hayatı ve nefesleri). İstanbul: Maarif Kütüphanesi Matbaası, 1956.

20. Görkaş İ. Şah İsmail Hatâyî’nin “Pir ü Sultan-ı Âlem” fikri ve “Kızıl Taç” simgesi // “Türk Kültürü ve Hacı Bektaş Veli Dergisi”, sayı: 49, Ankara, 2009, s.125-155.

21. Gündüz T. Şah İsmail’in eşi Taçlı Begüm // “Türk Kültürü ve Hacı Bektaş Veli Dergisi”, sayı: 51, Ankara, 2009, s.223-233.

22. Hammer J.V. Osmanlı tarihi (çeviren: Mehmet Ata). I. cilt. İstanbul: Millî Eğitim Basımevi, 1991.

23. Hüseyin. Bedâyiü`l-vakayi’ (hazırlayan: A.S.Tveritinova). Moskova: Vostlit, 1961.

24. Javanshir B. İran’daki Türk boyları ve boy mensubu kişiler (Safevî dönemi – I Şah Tahmasp hâkimiyetinin sonuna kadar / 1576). Yayınlanmamış Doktora Tezi. İstanbul: Mimar Sinan Güzel Sanatlar Üniversitesi, 2007.

25. Kılıç R. Kanunî devri Osmanlı – İran münasebetleri (1520-1566). İstanbul: İQ Kültür Yayıncılık, 2006.

26. Lütfi Paşa. Tevârîh-i Âl-i Osmân (hazırlayan: K.Atik). Ankara: Başbakanlık Basımevi, 2001.

27. Sümer F. Safevî Devletinin kuruluşu ve gelişmesinde Anadolu Türklerinin rolü (Şah İsmail ile halefleri ve Anadolu Türkleri). Ankara: Türk Tarih Kurumu Basımevi, 1992.

28. Şah İsmail Hatâ’î külliyatı (Türkçe Divanı, Nasihat-name, Deh-name, Tuyuğlar, Koşmalar, Geraylılar, Varsağılar ve Bayatılar). Giriş ve eklerle yayına hazırlayanlar: B.Cavanşir, E.N.Necef. İstanbul: Kaknüs, 2006.

29. Şükürov G. Safevîler’de av geleneğinin oluşumu ve I. Şah İsmail dönemi av merasimleri // “Acta Turcica”, yıl: 1, sayı: 1, Ocak 2009, s.56-71.

30. Yazıcı T. Şah İsmail bin Şeyh Haydar // “İslâm Ansiklopedisi”. XI. cilt. İstanbul: Millî Eğitim Basımevi, 1979, s.275-279.

Rus dilində:

31. Гордлевский В.А. Каракоюнлу: Из поездки в Макинское ханство // «Избранные сочинения», том III, Москва: Востлит, 1962, с.391-416.

32. Даврижеци А. Книга историй (перевод, предисловие и комментарий Л.А.Ханларян). Москва: Наука, 1973.

33. История Востока в шести томах (Главный редактор: Р.Б.Рыбаков), том III, Москва: Востлит, 1999.

34. Канакерци З. Хроника (перевел М.О.Дарбинян-Меликян). Москва: Наука, 1969.

35. Махмудов Я.М. Взаимоотношения государств Ак-коюнлу и Сефевидов с западно-европейскими странами (вторая половина XV – начало XVII вв.). Баку: Издательство Бакинского Университета, 1991.

36. Минорский В.Ф. Материалы для изучения персидской секты «Люди истины» или Али-илахи. Москва: Лазаревский Институт Восточных Языков, 1911.

37. Мюллер А. История Ислама с основания до новейших времен (перевод с немецкого под ред. Медникова), том III. Санкт-Петербург: Типография В.А.Тиханова, 1896.

38. Петрушевский И.П. Азербайджан в XVI-XVII вв. // «Сборник статей по истории Азербайджана», выпуск I, Баку, 1949, c.225-298.

39. Хунджи Фазлуллах ибн-Рузбихан. Тарих-и алам ара-йи Амини (под редакцией З.М.Буниятова и О.А.Эфендиева). Баку: Элм, 1987.

40. Эфендиев О.А. Азербайджанское государство Сефевидов в XVI веке. Баку, 1981.

41. Эфендиев О.А. К освещению некоторых вопросов истории Сефевидов в современной иранской историографии // «Против буржуазных фальсификаторов истории и культуры Азербайджана» (сборник статей). Баку: Элм, 1978, с.126-134.

42. Эфендиев О.А. Образование Азербайджанское государство Сефевидов в начале XVI веке. Баку, 1961.

İngilis dilində:

43. Banani A. Reflections on the Social and Economic Structure of Safavid Persia at its Zenith // “Iranian Studies”, vol. XI, Massachusetts, 1978, p.57-81.

44. Browne E.G. A History of Persian Literature in Modern Times (A.D.1500-1924). Cambridge University Press, 1924.

45. Lambton A. State and Government in Medieval Islam: An Introduction to the Study of Islamic Political Theory. London: Oriental Series, 1981.

46. Markham C.R. A General Sketch of the History of Persia. London: Green Co., 1874.

47. Minorsky V. The Middle East in the Western Politics in 13-th, 15-th and 17-th Centuries // “Journal of Royal Asiatic Society”, vol. XXVII, London, 1940, p.427-461.

48. Minorsky V. The Poetry of Shah Ismail I // Bulletin of the School of Oriental and African Studies, vol.10, part 4. University of London, 1942.

49. Savory R.M. Iran under the Safavids. Cambridge University Press, 1980.

50. Savory R.M. The Safavid State and Polity // “Iranian Studies”, vol. VII, Massachusetts, 1974, p.179-212.

51. The Cambridge History of Iran, vol. VI: The Timurid and Safavid Periods (Edited by P.Jackson and L.Lockhart). Cambridge University Press, 1986.

52. The Muslim World: A Historical Survey, part 3: The Last Great Muslim Empires (translated and adaptations by F.R.C.Bagley) Leiden, 1969.

53. Travels of the Venetians in Persia: A Narrative of Italian Travels in Persia in the 15-th and 16-th Centuries. Translated and Edited by C.Grey. London, 1873.

54. Yildirim R. Turkomans Between Two Empires: The Origins of The Qizilbash Identity in Anatolia (1447-1514). In Partial Fulfillment of the Requirements for the Degree of Doctor of Philosophy in the Department of History. Ankara: Bilkent University, 2008.

Fars dilində:

55. Cahangüşa-yi xaqan (Tarix-i Şah İsmail). Müqəddimə və peyvəstha: A.Müztərr. İslamabad: Mərkəz-i Təhqiqat-i Farsi-yi İran və Pakistan, 1986.

56. Cünabədi Mirzə bəy. Rövzətüs-Səfəviyyə (be kuşiş-i Q.Təbatəbayi Məcd). Tehran: Müəssise-yi İntişarat və Çap-i Daneşgah-i Tehran, 1378.

57. Aləmara-yi Şah İsmail (ba müqəddime-yo təshih-o təliq-i Ə.M.Sahib). Tehran: Büngah-i Tərcümə və Nəşr-i Kitab, 1349.

58. Aləmara-yi Şah İsmail (Mürşidnamə). Tehran: İran İslami Şura Məclisinin kitabxanası, No. 9421.

59. Aləmara-yi Səfəvi (be kuşiş-i Y.Şükri). Tehran: Bünyad-i Fərhəng-i İran, 1350.

60. Aləmara-yi Səfəvi. Tehran: İran İslami Şura Məclisinin kitabxanası, No. 761.

61. Sərvər Q. Tarix-i Şah İsmail-i Səfəvi (tərcümə: M.B.Aram, A.Qəffarifərd). Tehran: Mərkəz-i Nəşr-i Daneşgahi, 1374.

62. Şeybani M.N. Cəng-i Şah İsmail-i Səfəvi ba ozbəkan // “Bərrəsiha-yi tarixi”, II/2, 1346, s.45-62.

63. Tahiri Ə. Tarix-i siyasi-yo ictimai-yi İran əz mərg-i Teymur ta mərg-i Şah Abbas. Tehran: “Şirkət-i Səhami-yi Kitabxane-yi Cibi” ba həmkari-yi “Müəssise-yi İntişarat-i Franklin”, 1347.

64. Qəzvini Budaq Münşi. Cəvahirul-əxbar (müqəddime-yo təshih-o təliqat: M.Bəhramnejad). Tehran: Miras-i Məktub, 1378.

65. Fəlsəfi N. Çənd məqale-yi tarixi və ədəbi. Tehran: İntişarat-i Daneşgah-i Tehran, 1342.

66. Gülmuğanizadə-əsl M., Yusifi H. Bastanşenasi-yo tarix-i hünər-i büqe-yi Şeyx Səfiəddin Ərdəbili. Ərdəbil: İntişarat-i Nikamuz, 1384.

67. Yusif-Cəmali M.K. Təşkil-i doulət-i Səfəvi və təmim-i məzhəb-i təşəyyö-i dəvazdəh-imami be ünvan-i tənha məzhəb-i rəsmi. İsfahan: Əmir-i Kəbir, 1372.

 



Qafqaz İslam Ordusunu Azərbaycana gətizdirən kim idi?
21:45 / 23-11-2017
VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI
23:11 / 15-11-2017
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi (I yazı)
22:49 / 15-11-2017
S.Ə.Kəsrəvinin, “kəşf etdiyi Azəri dili” Ərəb mənbələrindəki Azəri dili deyil
22:42 / 15-11-2017
Алекпер Алекперов: К локализации и происхождению названия Аратта
23:10 / 13-11-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (IV yazı)
22:39 / 13-11-2017
“Müsavat” firqəsinə 100 il sonra baxış
01:09 / 07-11-2017
Urmiyədə “Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi təsis edilib
00:56 / 25-10-2017
Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və katib sənəti
00:35 / 25-10-2017
Qacarlar "İran" demək deyil - Faiq Ələkbərli
23:12 / 13-10-2017
ОТВЕТ В.А.ШНИРЕЛЬМАНУ
23:08 / 13-10-2017
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər
22:27 / 09-10-2017
Nadir şahın hərbi dəniz donanması yaratmaq cəhdləri
22:15 / 09-10-2017
Qafqazda erməni dövlətinin yaranması (III hissə)
20:29 / 06-10-2017
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)
20:25 / 06-10-2017
Qafqazda erməni dövlətinin yaranması (II hissə )
22:40 / 03-10-2017