BÜTÖV AZƏRBAYCAN OCAQLARI
XIII-XIV Əsr Azərbaycan Ədəbiyyati Tarixi (Ingilisdilli Tarixşünasliq Üzrə)

17:52 / 31-08-2017   /   baxış - 135

Bayram  Quliyev

Bakı Dövlət Universiteti,

Tarix fakultəsi

 

Müəllif Hüquqlarının Qorunması Səbəbindən Məqalədəki Istinadlar Silinmişdir. Məqaləyə İstinad Vermək üçün:

Quliyev B. N. Elxanilər dövründə Azərbaycanda təhsil  (ingilisdilli tarixşünaslıq əsasında). “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol” mövzusunda keçirilən elmi-praktik konfransın materialları. Bakı, 2016, səh. 73-75

Məhəmməd Hinduşah Naxçıvani “Dəstur əl-Katib fit-Təyin əl-Mərateb” XIII-XIV əsrlər Azərbaycanda inkişaf etmiş mədəniyyət sahələrindən biri də ədəbiyyat idi. Əvvəlki dövrlərdən fərqli olaraq bu dövrdə Azərbaycan türkcəsində yazılmış əsərlər üstünlük təşkil etməyə başladı. Bununla paralel olaraq farsdilli Azərbaycan ədəbiyyatı da öz əvvəlki qüdrətini saxlamaqda idi. Azərbaycan dilli gözəl ədəbiyyat nümunələrinin yarandığını nəzərə alaraq dissertasiyanın müəyyən bir hissəsini XIII-XIV əsrdə Azərbaycan ədəbi mühiti və Azərbaycan ədəbiyyat məsələlərinin qısa təsvirinə həsr etmək zərurətinin olduğu qənaətindəyik.

Həm Elxanilər, həm də Cəlairilər dövründə Azərbaycan türkcəsi ilə bərabər ərəb, fars və moğol dillərinin istifadə olunması lüğətlərin yaranması zərurətini ortaya qoyurdu. İ. Vassari özünün “İran Elxanilərində moğol və türk dillərinin rolu və funksiyası” (“The role and function of Mongolian and Turkic in Ilkhanid Iran”) adlı məqaləsində bildirir ki, Elxanilər dövlətinin də daxil olduğu Moğol imperiyasında multikultural vəziyyət hökm sürürdü və burada moğol dili ilə bərabər bir çox dillərdə işlədilirdi ki, bu da tərcüməçilərə tələbat yaradırdı. O. Eyni zamanda F. Rəşidəddinin ingiliscə tərcüməsinə əsasən bildirməkdədir ki,  Qazan xanı başda moğolca və farsca olmaqla bir sıra dilləri bilir. Müəllif onu da qeyd edir ki, F. Rəşidəddin Qazan xanın bildiyi dillər sırasında türk dilinin adını çəkmir. Lakin, bu da danılmaz faktdır ki, moğol dili uyğur əlifbası əsasında yazıya alınırdı və bu iki dil bir – birinə qaynayıb qarışmışdı. Digər moğol dövlətlərındə olduğu kimi, Elxanilər dövlətinin ərazisində də bir neçə dildən istifadə olunması burada lüğətlərin yaradılması zərurətini ortaya qoyurdu. XIII-XIV əsrlərdə Azərbaycan dilli materialların əks olunduğu ən zəngin lüğət Hinduşah Naxçıvaninin “Sihahid ül-Əcəm” əsəridir. Mövlana Fəxrəddin Hinduşah İbn Səncər İbn Abdulla Girani Naxçıvaninin bu lüğətinin iyirmidən artıq əlyazma nüsxəsi mövcuddur. N. Xudiyevin fikirlərinə görə bu lüğət Azərbaycan türkcəsini bilməyən ərəb, fars və moğollar üçün nəzərdə tutulmuşdu. Bu da onu göstərir ki, Elxanilər dövründə dövlət işlərində əsasən fars dilindən istifadə olunsa da, Azərbaycan türkcəsi də öz əhəmiyyətini saxlamaqda idi. İ. Vassari tədqiqatında onu da qeyd etmişdir ki, Elxanilər dövlətində rəsmi dil moğolca idi, lakin, burda sənədlər iki dildə - moğolca və farsca hazırlanırdı Müəllif Elxanilər dövründə türkcənin ölkənin rəsmi strukturlarında işlədilmədiyini yazsa da, eyni zamanda onu da vurğulayır ki, həm Moğol imperiyasında, eləcə də, onu bir hissəsi olan Elxanilər dövlətində əsasən türk əsgərlərin təsiri ilə türk dili moğol dilinə təsir etmiş və bu ərazilərdə geniş yayılmışdır.  Məqalənin digər səhifəsində müəllif vurğulayır ki, Sultan Olcaytu xan zamanında Təbriz və Ərdəbil kimi iri şəhərlərə göndərilən sənədlər farsca hazırlanır və onun aşağısında isə sənədin qissa xülasəsinin əks olunduğu türkcə məlumatlar yerləşdirilirdi. Sənədlərin üç dildə hazırlanması faktına ilkin qaynaqlarda da rast gəlinir. Məhəmməd Hinduşah Naxçıvani “Dəstur əl-Katib fit-Təyin əl-Mərateb” adlı əsərində bildirir ki, sənədlər üç dildə - farsca. türkcə və ərəbcə hazırlanırdı  . İ. Vassari onu da qeyd edir ki, yazılı türkcədən sadəcə terminlər elmi əsərlərdə istifadə olunurdu. Ərəb müəllifləri isə əsasən Oğuz –Azərbaycan (müəllif “Azəri” ifadəsindən istifadə edir – BQ) dialektində mövcud olan sözlərdən istifadə edərdilər. İ. Vassari onu da əminliklə yazmaqdadır ki, Elxanilər dövründə türkcə danışıq dilində yazılı dilə nisbətən geniş yayılmışdır. Müəllifin məqaləsində bir çox ziddiyyətli məqamlar mövcuddur. Bunlardan ən birincisi odur ki, müəllif türkcənin danışıq dilində işlədildiyini vurğulasa da məqalənin sonunda yazır ki, türk dili 1925-ci il, Qazar sülaləsinin devrildiyi zamana qədər öz təsir qüvvəsini saxlamışdır. Danışıq dilində işlədilən bir dil bu müddət ərzində güclü təsir qüvvəsinə malik ola bilməzdi. Həmin məqalədə o da vurğulanmaqdadır ki, F. Rəşidəddinin “Cəmi ut-Təvarix” əsərində 54 dəfə işlədilən bürc adlarının 26-sı  türk dilində, 13-ü moğolca, 13-ü çincə, 2-si isə farsca verilmişdir. Camaləddin bin Məhəmmədin “Türkcə, farsca və moğolcanın tərcümə kitabı” (“Kitab-e tərcome-ye türki, farsi və moğuli”) adlı əsərində iki mindən artıq Azərbaycan türkcəsində söz mövcuddur. Bu da onu göstərir ki, Azərbaycan türkcəsi sadəcə danışıq dilində işlədilməyib, fars dili qədər olmasa da istər rəsmi strukturlarda, istərsə də elmi əsərlərdə istifadə olunurdu.

İbn Bətutə də öz səyahətnaməsində Azərbaycan torpaqlarında türklərin yaşadığını, həm saray həyatında, həm də adi məişətdə də türk dilinin işlədildiyini yazmaqdadır. Onun verdiyi məlumata görə, Təbrizin Bağdad qapısı yanında Qazan bazarı yerləşirdi. Bu bazar bəlkə də dünyanın ən böyük bazarlarından biri idi. Burada hər çeşid məhsulun satılması üçün ayrıca yer ayrılmışdı. Bazarda ləl-cavahirat satan dükanın yanından keçəndə İbn Bətutə qızıl almaqda bir – biri ilə yarışan türk qadınları ilə rastlaşır. Demək Təbriz şəhərinin əhalisinin əksəriyyəti türklər idi. Daha sonra ənbər və müşk satan dükanı da görür və buna heyran qalır. Bununla bərabər o Əbu Səidin sarayında da türklər ilə qarşılaşır və türk qadınlarının sarayda və dövlət işlərində önəmli mövqedə dayandığını yazır.

XIII əsr ən gözəl ana dilli nümunələri Həsənoğlu tərəfindən yazılmışdır. Azərbaycan ədəbi dilinin gözəlliklərini özündə əks etdirən Həsənoğlu divanı haqqında məlumata Dövlətşah Səmərqəndinin “Təzkirə”sində rast gəlinir. Onun ən məşhur qəzəli “Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər” adlı qəzəlidir.

Nəsir Bakuvi XIII əsrin sonları – XIV əsrin əvvəllərində Azərbaycan türkcəsində şeirlər yazan şair idi. Nəsir Bakuvi Sultan Olcaytunun zamanında ona türk dilində müxəmməs həsr etmişdi. Çox təəssüflər olsun ki, Azərbaycan dilində şeirlər yazan bu iki şair haqqında ingilisdilli tarixşünaslıqda heç bir məlumata rast gəlinmir. Avropa tədqiqatçıları daha çox farsdilli Azərbaycan ədəbiyyatını araşdırmışlar

Mahmud Şəbüstərinin filosof olmasına baxmayaraq, “Gülşəni Raz” əsəri nəzm ilə yazılmış və ədəbiyyat nümunəsidir. Görkəmli alimin həyatını Avropada L. Levison, E. Bosfort, E. Braun və başqaları araşdırmışdır. L. Levisonun məlumatına görə Səidəddin Mahmud ibn Əbdul Kərim ibn Yəhya Şəbüstəri Təbrizi Təbriz yaxınlığındakı Şəbüstər adlanan yerdə 1287-ci ildə ilahiyyatçı ailəsində anadan olmuşdur. Onun doğum yeri haqqında E. Bosfort başqa cür fikir irəli sürür. O yazır ki, Təbriz həm də ədəbiyyat və mistik sufi təriqətinin mərkəzlərindən biri idi. Böyük şair olan Urmiya gölü yaxınlığındakı kiçik bir şəhərdə anadan olan Mahmud Şəbüstəri daha sonrada Təbriz şəhərinə köçdü [3 , s.489]. Əslində Şəbüstər kəndi istər Urmiya gölünə istərsə də Təbriz şəhərinə eyni uzaqlıqda yerləşir. Ona görə də, hər iki tədqiqatçının fikirlərini doğru hesab etmək olar. Onun Azərbaycandan olması və Təbriz yaxınlığındakı Şəbüstər kəndində doğulması faktını ingilis tədqiqatçı E. Braun da təsdiq edir.

O, ilkin və yüksək təhsili Təbrizdə almış, ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və başqa elm sahələrinə dərindən bələd olmuşdur. M. Şəbüstəri Misir, Hicaz, Suriya, İraq və başqa ölkələrə səyahətlər edib, oradakı alimlərlə tanış olmuş və onlarla məktublaşmışdır. Daha sonra o İbn əl-Ərəbi ilə görüşüb, onun yanında sufizmin dərinliklərini öyrənmişdir. O, 1320-ci ildə rəhmətə qovuşmuş və öz vətənində, Şəbustərdəki Gülşən qəbiristanlığında müəllimi Bəhaəddin Yaqub Təbrizinin yanında dəfn olunmuşdur. Onun məzarının üzərinə mərmərdən xatirə lövhəsi vurulmuş və onun üzərində bu sözlər həkk edilmişdir: "Böyük şeyx hicri tarixi ilə 720-ci ildə (1320) 33 yaşında bu cismani dünyadan əbədi dünyaya köçdü".

Mahmud Şəbüstərinin “Gülşəni Raz” əsəri min beytdən ibarət olub nəzm ilə  yazılmışdır. Məsnəvi janrında olan və 1311-ci ildə (h.710) yazilması ehtimal edilən bu əsər Avropada ilk dəfə ingilis dilinə E. Vinfeld tərəfindən tərcümə olunmuşdur.  “Gülşəni Raz” ədəbi əsər olmaqla yanaşı içərisində sufizmə dair məsələləri də əks etdirir. Ona görə də, bu əsər də Mövlana Cəlaləddin Ruminin “Məsnəvi-ye mənəvi” əsəri kimi ədəbi nümunə olmaqla bərabər fəlsəfi əsərdir. E. Braun bu əsərin yüksək sufi təhsilli insanlar üçün nəzərdə tutulduğu qənaətindədir.

Mahmud Şəbüstərinin “Gülşəni Raz” əsərinin gözəlliyindən narahat olan digər şairlər də sevirdilər. Onun sadəcə bu məsnəvisi dövrümüzə qədər gəlib çatmamışdır. Onun “Haqq ul-yəqin” (Bir sıra həqiqətlər) və “Risale-ye Şahid” (Şahidlik təzkirəni) adlı iki əsəri də dövrümüzə qədər gəlib çatmışdır. “Haqq ul-yəqin” əsəri yeddi fəsildən ibarətdir ki, bu da Cənnətin yeddi qapısına işarədir.

Elxanilər dövründə yazıb yaratmış və E. Braun tərəfindən araşdırılan şairlərdən biri də Əhvədi Marağayidir. Onun həyatı haqqında bir o qədər də geniş məlumata rast gəlinmir. Lakin. h.738-ci (1338) ildə dünyadan köçdüyü məlumdur. Onun bizə “Cam-u Cəm” əsəri gəlib çatmışdır. Bu əsər eyni zamanda “Dünyanın əks olunduğu güzgü” adını da almışdır.  F. Dövlətşahın verdiyi məlumata görə onu yazdığı  “Həft İqlim” əsəri zamanında olduqca məşhur idi. Əsərin dörd min nüsxəsi hazırlanmış və hamısı da satılmışdı. Bu hadisə o zaman üçün nadir hallarda baş verərdi. Əsər bütövlükdə məsnəvi janrında yazılmışdı. Lakin onun yeddi min beytdən ibarət olan “Məcmüə ul-Fusaha” əsərinin müəllifi Rzaqulu şaha ithaf etdiyi divanı da günümüzə qədər gəlib çatmışdır. Bundan başqa onu tədqiqatçılar tərəfindən qəsidə və rübailəri də bizə məlumdur. İngilis tədqiqatçısı E. Braun öz kitabına Marağalı Əhvədinin qəzəl və qəsidələrindən parçaları da daxil etmişdir. Əsəri qiymətli edən daha bir fakt isə ondan ibarətdir ki, o, burada qəzəl və ya qəsidənin ingiliscə tərcüməsi ilə bərabər orijinal farsca variantindan da istifadə etmişdir.

Bu dövrdə yaşamış daha bir Azərbaycanlı şair haqqında lətifələr qoşulan və 1314-cü ildə (h.7140) 119 yaşında dünyadan köçən Hümaməddin Təbrizidir. Bu lətifələr əsasən Sədi Şirazi ilə deyişmələri zaman meydana gəlirdi. Şair haqqında bir o qədər də geniş informasiya yoxdur. Sadəcə o məlumdur ki, bu şair dövlətə yaxınlığı ilə seçilirdi .

XIII-XIV əsr Azərbaycan şairləri haqqında ən dolğun məlumatı Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan” adlı əsərində verir. Onun əsərinə əsasən XIII-XIV əsrdə Azərbaycanda yaşayıb yaratmış aşağıdaki şairlərin adlarını çəkmək olar: Arif Ərdəbili, Atəşi Şirvani, Bədi, Qiyasəddin Rəşid oğlu, Qiyasəddin Ətiqi, Əbdültahir Təbrizi, Əli Tufarqanlı, Əmirəddin Təbrizi, Əntiqi Təbrizi, Əhdi Təbrizi, Əhməd Təbrizi, Əhməd Səlmasi, İbn Savəçi, İbrahim Ürməvi, Maizi Təbrizi, Malik Mahmud Təbrizi, Pirxəmuş, Üveyis Təbrizi, Hüsaməddin Həbibi və s..

Bütün bu məlumatları analiz etdikdə belə nəticəyə gəlmək olar ki, Elxanilər dövründə də daha öncələri olduğu kimi ədəbiyyat yüksək səviyyədə inkişaf etmişdi. O da danılmaz faktdır ki, dövrün tələblərinə uyğun olaraq fars dilində yazan şairlərimiz standart çərçivədən çıxmış və əsərlərinin bir qismini Azərbaycan türkcəsində yazmışlar.



DİLİMİZ – MİLLİ KİMLİYİMİZ
22:00 / 24-09-2017
Zəncanda “Özləm” tamaşası səhnəyə qoyulub – GÖRÜNTÜ
22:40 / 19-09-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (III məqalə)
02:11 / 19-09-2017
Paralanmış və uralanmış Azərbaycandan MÜSTƏQİL AZƏRBAYCANA - ARAŞDIRMA
23:03 / 15-09-2017
AZƏRİ, yoxsa Türk!!!
23:38 / 12-09-2017
Azərbaycanın epiqrafik abidələrində türk simvolları
22:14 / 09-09-2017
Əkbər Nəcəf: İqlimin də tarixi var, Güntay bəy!
23:31 / 07-09-2017
Tehranda türkcə “Keçəl Oğlan” tamaşası nümayiş etdiriləcək
15:15 / 04-09-2017
Maarifçiliyimizdə RÜŞDİYYƏ zirvəsi
19:18 / 31-08-2017
QURBAN BAYRAMINIZ MÜBARƏK!
17:46 / 31-08-2017
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (II yazı)
00:43 / 29-08-2017
XIII-XIV Əsrlər Azərbaycan Mədəniyyətinin İngilisdilli Tarixşünasliqda Əksinə Dair
23:20 / 24-08-2017
“Əli və Nino” əsərində Azərbaycançılıq və Türkçülük
23:37 / 22-08-2017
Şəmb-e Qazan kompleksi və onun Azərbaycan təhsil sistemində yeri (ingilisdilli tarixşünaslıq əsasında)
23:21 / 22-08-2017
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (I yazı)
23:04 / 17-08-2017
İran-Turan müharibəsi və Azərbaycan
10:42 / 12-08-2017