BÜTÖV AZƏRBAYCAN OCAQLARI
TÜRKÜN QARABAĞ OLA (sənədli hekayə)

17:18 / 16-01-2017   /   baxış - 185

HƏNİFƏ  ÖZKURT

 

İlhan Bardakcı xocamızın qələmə aldığı “Eşq məktubları” silsiləsinə ilk dəfə olaraq bir məktub da mən əlavə edəcəyəm, icazənizlə...

Mənim təqdim edəcəyim məktub yeganədir: Ardı bəlkə də yazılmamış, fəqət poçtda qalmış, bəlkə də çatacağı ünvanı tapmamışdır. Dağların arxasında qalan “qara gözlü Qarabağ gözəli”nin poçtun işləmədiyi o illərdə neçə məktubunun ürəklərdə qaldığını kim bilir ki?

Bu məktubu bir ilə yaxındır ki, sirr kimi saxlamışam. Əsli sahibində qaldı, lakin surətini ürəyimə, göz yaşlarıma işləmişəm... Bu məktubdan kimsəyə söhbət açmaq niyyətində də deyildim; ancaq bu gün bir az soyuq, aydın və günəşli Ankarada voğzaldan ayrılarkən, eyni nöqtədə  o gözəl bahar gününü xatırlayınca düşündüm: Ankara-Çankırı-Kastomonu yolu boyunca qarlı yolları, İlqız  dağlarının ağappaq zirvələrini seyr edərək,  Hanna Blokun Ənvər Paşaya ünvanladığı məktubları oxuyarkən, yazmağı qərara aldım. Alman  xanım Hanna Blokun Ənvər Paşaya olan eşqinə göstərdiyi sədaqəti mən də türk ədəbiyyatına olan eşqimlə göstərməliydim...

Bahar ilə yayın vüsala yetdiyi, insanın ağlını başından alan bütün təbiət gözəllikləri bir yanda, təzə-tər yaşıla bəzənmiş ağaclar, budaqlar bir yanda... Bir yanda çiçəklərdə ilk baharın müjdəçisi, rənglərin ən canlıları... bir yanda da bülbüllər bahar nəğmələrini cəhcəhləriylə könüllərə naxış-naxış təsir edirlər...

Budur, belə bir günü və bu gözəllikləri Bardacıq küçəsində qoyaraq, Ankaradan ayrılacağam. Bir an əvvəl avtobusa tez çatmağa tələsərək, insanlarla voğzalın o biri hissəsinə gedirəm... Addım başı: - Haraya sualı...

Təəssüf ki, adam hər zaman cavab verməkdə xoşbəxtlik duyacağı suallarla qarşılaşmır.

 Cavabsız qoyduğum, yorucu “haraya” sualları qarşısında qəfildən bir qərar verdim: Biri daha haraya gedirsən? –deyə soruşsa, ürəyimin çoxdan getdiyi, fəqət könlümün ardından yoluna rəvan olmadığım, illərcə daxilimdə hiss edilməz bir həsrətlə yaşatdığım diyarlardan birinin adını söyləyəcəyəm.

Ən azı əlli il vəfalı bir qəlb üstündə daşınmış o məktubu görməmə, oxumama səbəb olan o sonuncu “haraya” sualı.. Bir xəyal olsa belə xoşbəxtlik duyduğum cavabım da çox sevdiyim Azəri türkcəsiylə oldu:

- Qarabağa gedirəm.

- Haraya?

- Qarabağa.

Anlamadı, soruşduğuna peşman olub gedərkən, yaxındakı uzunboylu, aydın və nurani üzlü 80 yaşlarında sakit, çiyinləri bir az önə əyilmiş bir qocanın   baxışlarının üzümə yönəldiyi diqqətimi cəlb etdi.

Əlində indicə aldığı bilet... Bütün diqqətini bileti qatlamağa sərf etməsinə baxmayaraq, mənim sözlərim ona əlindəki bileti belə unutdurmuşdu.

- Qarabağa qurban, ay bala! Necə gedirsən? Qarabağ harda , sən harda?..

Sözlərini tamamlamamış gözlərindən leysan yağışı kimi yaş axmağa başladı. Bir an mən də harada olduğumu unutmuşdum.

İnsan gerçəkliyi hər məkanda, hər yerdə söyləyə bilər;

Qarabağ  hər zaman qəlbimdədir. Qarabağa gedən bütün yollar mənim ürəyimdən keçir- dedi.

Anladım ki, Qarabağlısınız. Gözlərinizdə donub qalmış damlaların hər zərrəsi isə odlu ürəklərin acısıyla çağlayan Arazdandır- dedim. Və tanış olduq.

O, İğdır yolçusu, mən Sakarya. Onun avtobusu bir neçə saatdan sonra gedəcək, mənimki isə bir neçə dəqiqədən yola düşəcək... Üstəlik biletimi də bir gün əvvəl almışam. Sakaryaya getmək üçün son Karasu avtobusuna çatmayacağımı bilərək, gedib biletimi təhvil verdim. Çünki dünya görmüş bir qocayla, bir ixtiyarla qarşılaşacağımı hiss etmişdim.

Adını xəbər aldım.

Allahqulu Əlizadə - dedi.

Dədəciyim, hamımız Allahın qullarıyıq; amma bu adı mən ilk dəfədir ki, eşidirəm. Yəqin bu adın gözəl bir tarixçəsi, hekayəsi vardır...

Söyləməsini xahiş etmək istəyirdim ki, o, ağır-ağır başını aşağı salaraq:

- Balam .. Balam .. Balam... sözləri ilə sanki sürətlə axan çayın önünə bir müddət əvvəl qoyulmuş əngəli qaldırırdı.

İlahi, insan ağlamağa da həsrət qala bilərmiş! Göz yaşlarına qovuşmaq bəlkə vüsalların ən gözəliymiş!...

Yaxın masalarda əyləşənlərin çaşqın baxışlarını hiss edirəm. Ruhumu sarsıdan bütün bu hisslər belə cavabımdan  peşmanlıq duymağıma fürsət vermir. Kim olur  - olsun, gözü yaşlı insan görməyə dözə bilmirəm. Ceyranlar həmişə ağlar baxışlarla dağlarda gəzdikləri üçün ovçuları heç bir vaxt şad görmədim.

Çaylarımızdan bir-iki qurtum aldıqdan sonra danışmağa başladı. Atası uzun zaman övlad həsrəti ilə yaşamış və nəhayət Allahqulu doğulmuşdu. Rəhmətlik atası adlara çox həssas bir insanmış, könlünə yatan ad verənə qədər bir müddət Allahqulu dədəciyim adsız yaşamışdır. Və... bir bayram  səhəri yaşlı qohumlarının biri onlara gələrək: - Bu Allah qulunu bayram günü də adsız qoysan, böyüyəndə səndən hesab  sorar – demiş və bundan sonra Allahqulu onu izləyən 81 yaşının bayramlarını Allahqulu olaraq yaşamışdır. Bu səksən bir ilin əlli bayramını Arazın bizim sahillərimizdə, geridə qalan otuz bir bayramını da Arazın qarşı sahillərində keçirmişdir.

“Qurbanı olduğu” Qarabağdan ayrılması və Türkiyəyə qaçması bir başqa yazının, hətta roman mövzusu ola bilər; fəqət əsil məsələ illərcə  köç sancılarıyla için-için yanmasıdır... İki kəlməm  o yanğını alovlandıran qarayel olmuşdu. Küllər bir anda sovrulmuş, közlər isə yanmaqda olduğu ocaqda parlamışdı. Sanki illər keçməmiş, dözülməz köç acıları ayrılarkən yaşanmamışdı. İnsan ürəyi gör nə qədər genişdir ki, bütün bu dözülməz hisslərin məkanı ola bilir. Anlamaq çox çətindir. Doğrusu, anlamaq belə istəmirəm.                                              

Darıxdığımız diyarlara nəğmələrdə getmək düşüncəsi və Qarabağa yazılmış nəğmələr, bayatılar könlümdən keçir. Ağlıma gələn ilk misranı astadan söyləyirəm:

 

                          Qarabağda talan var,

                          Məni dərdə salan var,

(Tamamlayır)

                         Gedirsən tez qayıt gəl,

                         Gözü yolda qalan var.

 

                          Əslim Qarabağlıdır,

                          Sinəm çarpaz dağlıdır,

 

(Yenə onun tamamlamasını istəyirəm)

 

                           Nə gələn var, nə gedən,

                           Yoxsa yollar bağlıdır?

 

...

 

(O, söyləyir)

 

                            Əzizim Qarabağlı

                            Ümidim qara bağlı;

                            Göyçə kimi məni də

                            Qoyurlar qara bağlı.

 

(Növbə mənimdir)

 

                              Mən aşığam ağam gəl,

                              Ölməmişəm sağam gəl.

                              Qarabağ tərlanıyam

                              Yad eldə dustağam, gəl.

           Bu sonuncu dörd bənd közləri örtən, son külləri də sovuran sonuncu yel idi.

 

Əvvəlcə Qarabağdan ilk dəfə ayrılması barədə aram-aram danışmağa başladı. Söyləmədiyi yerlər bəlkə də unutmaq istədiyi hadisələr idi. Əhməd Cavadın azadlıq - istiqlal eşqinin şahə qalxdığı və

 

                                       “Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına”

 

segah üstə bəstələnmiş misrasıyla başlayan mahnısını Üzeyir Hacıbəylidən sonra bir də gənclik həyəcanları ilə bəstələmişlər... Onun “gənclik, gənclik” deməsində o musiqinin həm həyəcanlı, həm də qəmli notlarını hiss etdim.

1937-ci ildə Bərdə şəhərində tutulmuş, naməlum bir istiqamətə aparılaraq üç aylıq bir müddətə sürgün həyatına başlamışdır. Sonra iki yoldaşı ilə başqa bir yerdə sürgün həyatı keçirmişdir. Mikayıl Müşfiqin öldürülməsi xəbərini də sürgündə öyrənmişdir. Qısa bir ömür müddətində uğrunda fəda getdiyi müqəddəs vətənindən, əbədi vətəninə onun üçün dualar göndərmiş, iki adamın ancaq ayaq üstə durduqda rahat nəfəs alması mümkün olan çox dar bir otaqda, kömür hisinə bənzər toz basmış qaya divarlarından təyəmmüm ( torpaqla dəstəmaz) alaraq, ayaq üstə qıldıqları iki rükət namazla böyük şairin ruhunu şad etmişlər.

Sonra onlar tatar əsilli bir rus zabitinin köməkliyi ilə daha geniş bir yerə köçürülmüş, xəstə yoldaşlarına həkim gətirilmişdir. Orada bir az rahatlanmışlar. Əsli tatar olan bu rus zabiti ara-sıra onlara göyərti və siqaret də gətirərmiş. Allahqulu üçün ən mühüm kağız - qələmlə təmin olunması və yazdığı məktubların ailəsinə göndərilməsi idi. Allahqulunun Qarabağda qalan arvadı Səhərin yazdığı məktub o sürgün həyatı boyunca hamısına təsəlli və ümid olmuşdur.

Yenə də o zabitin yardımı ilə sürgündən qaçarkən yoldaşlarının birini şəhid vermişlər. Allahqulu isə bir güllə yarası ilə Gəncəyə, sonra da Qarabağa gedərək, ikinci məhbusluq həyatına başlamışdır. Bu ikinci məhkumiyyət,  zənnimcə,  sevdiklərindən ayrılmasının, ana, ata, həyat yoldaşı və üç yaşlı qızının erməni quldurlarının hücumu zamanı xaincəsinə güllələndikdən sonra yandırılması xəbərini öyrənməklə başlanan bir məhkumiyyət idi. İlk sürgün otağından daha dar və hər gün daralan bir məhbusluq məkanı...

Budur, mən eşitdiklərimi düşünüb-daşınmaq fürsəti əldə edərkən, bütün başına gələnlərdən sonra, səbir və təvəkkül abidəsi kimi duran bu yorğun insan, yeni bir həyəcanla, sanki sultan boxcasına yavaş-yavaş yaxınlaşaraq, diqqətlə pencəyinin iç cibinə uzanan titrək əli, papiros qabını xatırladan pul kisəsinə toxunur... Bu, bir neçə saniyə ötən illər idimi? Kim bilir?...

Yaşlı bir insan əli, yaxşıca sərtləşmiş, köhnəlmiş dəri pul kisəsi. İkisi də bir ömrün tərənnümü... İkisi də bir ömrün sonu... İllərcə vəfalı bir dostluq və yenə də bərabərlik...

Pul kisəsindən haqqında söhbət açdığı məktubu çıxartdı.

Dörd dəfə qatlanmış, saralmış, kənarları nazikləşmiş bir kağız parçası, gözəl bir əl yazısı. Bir könül sirrinə ortaq çıxmağın  kədərlə qarışıq  həyəcanını hələ yaşayıram.  Məktubdan yazıb götürdüyüm bir parça belədir:

“Xatirənin qaldığı yerdə birlikdəyik. Dilimdə, ürəyimdə, hər dualarımda yaşamaqdasan; həsrətindən azad olmadan  yaşamaq çox çətindir. Arazın suları qara, nəğmələri qaradır. Qarabağın səhərləri də qaraldı, son bahardakı qızıl rəngləri də qaraldı. Göygölün üzümüzə gömgöy gülüşünü axtarıram bütün sularda; izlərini ürəyimdə getdikcə dərinləşən xatirələrdə tapıram. Göygölün səhərləri məndən üz çevirmişdir. Savalan əlimi ətəyindən kəsmişdir...”

Məktubu ona qaytararkən könlünə təsəlli vermək arzusu ilə: - Sizi dünyada qovuşdurmuş bu məktub illərdir isti, sevgi və iman dolu qəlbinizin üstündədir. Bu axirətdəki vüsalınızın aynası deyilmi? – dedim.

Qafqaz bəyəfəndiliyini, mədəniyyətini göstərən zərif əllərini masanın iki ucuna ehmalca dayayaraq ayağa qalxarkən, bir an xətalı bir sözmü söylədim sualı məni narahat etdi. Bu an,  artıq çayçı masamıza yaxınlaşarkən, Allahqulu dədə iki əlini havaya qaldıraraq, astadan  “Fatihə” surəsini  oxudu. Sonra isə “bu “Fatihə”ni səni yetişdirən, böyüdən ana və atana bağışlayıram. Allah qəlblərini “Fatihə” ilə hər an təzələsin, hüzurlu etsin”-deyə, dualar etməsi qulaqlarımdan, gözlərimdən heç silinməyəcək!

O bahar günündə təsadüfən qarşıma çıxan,  çox maraqlı söhbət zamanı vaxtımızın bitməkdə olduğunu hiss edir, lakin saata baxmağa heç  istəmirdim, nəzarət etməmək isə mümkün deyildi. Çünki  sakit dəqiqələrin sonunda ayrılıq olduğunu bilirdim. Ayrılıq mənə hər vaxt comərd davranmışdır. Son dəqiqələrimizi misralarıyla    ürəyimdə yaşayan şair Şəhriyarın “Aman ayrılıq” şeri ilə bölüşmənin səadəti də bir başqaydı...                                                                                                                                                         

“İnşallah” – deyə təsdiq etdiyi, birlikdə Azərbaycana getmək arzumuz və könül duamız bu dünyada gerçəkləşmədi. Çünki qayıtdıqdan iki ay yarım sonra, Qurban bayramı səhəri qardaşının nəvəsi “bu bayram səhərinə yetişmədiyini, keçən cümə günü dəfn olunduğunu” söyləmişdi... Telefonun dəstəyi bir neçə saniyə əlimdə beləcə qalarkən,  öz-özümə:

             -Axı, söz vermişdin? Axı, birlikdə Qarabağa gedəcəkdik? –deyə çarəsiz fikirləşirdim.

 

               Məni gözləmədin, amma bəlkə, yanında mənə də söyüd budağının kölgəsini ayırmısan?

               Bütün dərin sevgilərdən, həsrətlərdən bir hissəsi  vardır könül əhlində. Mənə bir parçasını ayıran Cənnət bağıdır Qarabağ. Payımı Xəzərin sularına buraxmışam...

 

                Bu barmağımdakı dırnaq nədirsə, könlümdə də Qarabağın sevgisi odur. Bu müqəddəs sevgini ürəyimə salan Yavuz Bülənd Bakilərin misralarına könlünüzdə bir neçə sətirlik yer ayıra bilərsinizmi

 

                        QARABAĞ HƏSRƏTİ -II

 

                “Balam-balam” –deyərək oxşardı məni anam

                 Anamın dizlərində mən Xəzəri yaşadım.

                 Xəzərin diliylə mənim dilim bir,

                 Xəzər indi yerə enmiş buludlar məhşəridir.

                 Və Qarabağ –qara gözlü bir Türkmən qızı kimi-

                 Xəzərin qarşısında bardaş qurub oturmuş

                 Dədəm Hacı Muradın dastan şəhəridir.

 

                  Öz yurdunda illərcə həsrət duyaraq

                  Məcnun kimi, Fərhad kimi bir könül verdim

                  Bir gələn olsaydı Qarabağımdan

                  Gedər ayaqlarına gözlərimi  sürtərdim.

                  Bir gün bitərsə hər şey Qarabağı görmədən

                  İstəmirəm bandolar*, böyük çələnglər...

                  Üstümə oxunmuş bir ovuc mübarək

                  Qarabağ torpağından səpilsə yetər.

 

                * Bando- orkestr.

 

Uzun bir ömrü yalnızlıqla bəzəyən və həyat yoldaşı Səhərin xatirələri ilə yaşayan ulu ruhlu Allahqulu dədəciyimə bir könül “Fatihə”si diləməklə, hamımızın hisslərinə tərcüman olan Aytac Ünalın misraları ilə vida edirəm.

 

                         TÜRKÜN QARABAĞ OLA

 

                      Sinənə dağ çəkənin ürəyinə dağ ola,

                      Yamana güllə dəyə, qara bəxtin ağ ola,

                       Biləyinə iz saldı, əsarət zəncirləri,

                       Sazın azadlıq çalsın, türkün QARABAĞ ola!

 

 

 

                                                                          “Türk ədəbiyyatı”  dərgisi  (iyun 1992-ci il),

                                                                                      Azərbaycan türkcəsinə uyğunlaşdıran

                                                                                                Səadət QARABAĞLI.



ŞAH ABBAS ŞƏXSİYYƏTİ AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA
23:32 / 22-04-2017
31 Mart
20:11 / 06-04-2017
Bakıda Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi nümayiş olunur - "Bəxtəvər"
11:19 / 23-03-2017
Təbriz Heydərzadə Evi və Qacar Muzeyində xatirə şəkilləri...
11:16 / 23-03-2017
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
20:25 / 14-03-2017
Novruzda yenə də Bütöv Azərbaycan tonqalı qalanacaq
23:21 / 13-03-2017
Qədim Təbriz şəhərinin maketi təqdim olunub - FOTO
20:54 / 10-03-2017
Zəfər Oğuztürkdən daha bir milli əsər + FOTO
20:09 / 10-03-2017
Gənc istedadlı rəssam Zəfər Oğuztürk yenə öz əl işilə insanları heyrətə saldı
10:20 / 02-03-2017
Azərbaycan tarixində muğamın yeri və şöbələrinin təhlilinə dair
22:39 / 20-02-2017
İSTİQLAL BƏ İSTİQBAL YOLLARINDA
22:35 / 20-02-2017
Kimsəsizlər adası və heç kimlik vals... (hekayə)
13:10 / 15-02-2017
Ankarada ustad Şəhriyarın ədəbi-bədii gecəsi keçiriləcək
14:08 / 11-02-2017
MƏDƏNİYYƏTİMİZİ DÜNYAYA TANIDAN AZADLIQ MÜCAHİDİ
23:47 / 03-02-2017
Təbrizdə 90 nəfərlik “Barış” xor qrupunun konserti böyük rəğbətlə qarşılanıb - GÖRÜNTÜ
20:06 / 27-01-2017
Güney Azərbaycanın Şərq vilayətində 2 min nəfərlik Aşıqlar Birliyi yaradılıb.
20:15 / 25-01-2017