BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əkbər Nəcəf: İqlimin də tarixi var, Güntay bəy!

23:31 / 07-09-2017   /   baxış - 317

Əkbər Nəcəf

Tarix elmləri doktoru

Hörmətli Güntay Gəncalpın “Tarixə Baxış” adlı son həftələrdə gündəmdə olan silsilə yazısında oxucuya təqdim edilən “tarix” anlayışı, müəllifin özünün də doğru şəkildə qeyd etdiyi kimi “niyyətşünaslıq”dır.

Yazıda yüzlərlə müdaxilə ediləcək məqamın olduğu aşikardır. Amma mən, müəllifin yazısının girişində yer verdiyi tarixi hadisələrin formalaşmasında ətraf mühütin (xüsusilə iqlimin) təsirləri haqqında açıqlamalarını tənqid edəcəyəm. Müəllifin qədim tarixlərdə (b.e.ə. 12 minillikdə) Orta Asiyada iç dəniz olduğu, bunun quruduğu, buradakı xalqların ətrafa daxıldıqları, köçün qarşısını almaq üçün çinlilərin Çin səddini çəkdikləri, ancaq Avropa və Hindistanın belə səddi olmadığından böyük talanlara məruz qaldıqları şəklində xəyali tarixlərə girməyə ehtiyac hiss etmirəm. Çin səddi çəkildikdən sonra Çinə edilən hərbi səfər və axınların əvvəlki dövrlərə nisbətlə iki, bəzi dövrlərdə isə dörd dəfə artığını müəllifin görməsi üçün demək olar ki tamamı Avropa dillərinə tərcümə edilib nəşr olunan çincə mənbələrə baxmasını acizanə tövsiyyə edirəm.

Güntay Bəyin iqlimin tarixə təsiri haqqındakı təməl iddiası belədir:

Avropa, Çin, Hindistan, Japoniya iqlimlərində illik ortalama yağmurun miqdarı 150-200 santim arasındadır. Bu miqdar Orta Asiya və Orta Doğuda 15-30 santim arasında dəyişməkdədir. Aradakı fərqi görürsünüzmü? Ayrıca, Avropadakı yağışla Orta Doğudakı yağış da fərqli yağar. Bizim bölgələrdə yağmaz-yağmaz, yağanda da bir saat öyləsinə yağar ki, sel və daşqın olar. Yağmur yararlı olmaq yerinə, zərərli olar. Torpağın verimli və faydalı üz qatını sellər sürükləyib aparar dərələrə. Bu üzdən yalnız dərələrdə ağaçlarla qarşılaşarıq. Ancaq Avropada yağmur saatlarca, günlərcə, həftələrcə yağar. Çox səbirlə və yavaş yavaş, şeir və semfonik bir əsər gibi. Yağmur suyu torpağın dərinliklərinə hopmaya fürsət və zaman tapar. Daşqın oluşdurmaz. Yağmurun böylə səbirlə yağması Avropa xalqlarının tarixsəl karakterlərini, dözümlərini, səbirli və tolerantlı davranmalarını da şəkilləndirmişdir. Opera, simfoniya, teatr, rəssamlıq məktəbləri, demokrasi, yardımlaşma, sekularizm və laiklik, insan haqları, qadın, çocuq və yaşlı haqları, düşüncə və inanc özgürlüyü, ... gibi gözəl sənətlərin də Avropada doğmasının səbəbi bu olsa gərək. Çünkü Avropada yaşayan xalqların yaşam güvəncəsini ilk sağlayan onların bərəkətli iqlimləridir. Avropa xalqları Doğu xalqları gibi həmən sinirlənib sonra peşman olan karakterlərdən deyillər. Ama Şərq xalqlarının davranış psixologiyaları da öz iqlimlərinə bənzər. Daşqın, səbirsiz, qurucu olmayan və dağıdıcı. Mədəniyyət də su olan yerdə boy atar. Məsəla qütblərdəki 10 min il öncəki tarixlə indiki tarix arasında fərq yoxdur. Çünkü su və verimli torpaq yoxdur. O zaman İbni-Xəldunun “coğrafi tarix” nəzəriyyəsi mədəniyyətşünaslıq baxımından çox önəmlidir və demək olar ki, tüm mədəniyyətşünas tarixçi bilgələr bu nəzəriyyəni qəbul etmişlər. Orman və ırmaq kənarında dünyaya gəlib böyüyən bir insanın bilincaltı xatirələri ilə səhrada dünyaya gəlib böyüyən bir insanın bilincaltı xatirələri tamamən başaqdır. Zövqləri, estetik anlayışları fərqlidir.

Müəllifin təbiət və iqlim tarixi haqqında saladığı bu məlumatların mənbəyini bilmirəm. Böyük ehtimalla bu səsləndirdiyi fikirlər müəllifin öz müşahidələrinin məhsulu və şair təbiətinin sətrlərə tökülmüş halıdır.

Güntay bəy amator ruhla zənn edir ki, dünya tarixində insanlar, xalqlar, dövlətlər və mədəniyyətlər dəyişir ancaq iqlim şərtləri dəyişmir. Dünya elmində, başda da Qərb coğrafişünaslığında iqlimlərin və təbiət şərtərinin dəyişmədiiyni iddia edən elm varmıdır, doğrusu böyük təəccübdəyəm.

Ancaq burada Güntay bəyin haqlı olduğu bir məqam var. Bizim tarixçilərimiz və tədqiqatçılarımız tədqiq etdikləri dövrün iqlim və coğrafi şərtlərini ilə heç bir zaman maraqlanmırlar və çox vaxt yaşadıqları iqlim və təbiət şərtlərinin araşdırdıqları dövrlə eyni olduğunu fikirləşirlər.

Halbuki, dünyada iqlim şərtləri də periodik olaraq dəyişir. Ancaq bu dəyişiklik 100, 200, hətta 1000 illik dövrlərdə fərqlilik göstərir. Bölgələrə görə böyük qlobal quraqlıqlar həmin pediodik iqlim dəyişikliyinə görə meydana gəlir. Müəllif iddia edir ki, “Bizim bölgələrdə yaxış yağmaz-yağmaz, yağanda da bir saat öyləsinə yağar ki, sel və daşqın olar. Yağmur yararlı olmaq yerinə, zərərli olar. Torpağın verimli və faydalı üz qatını sellər sürükləyib aparar dərələrə. Bu üzdən yalnız dərələrdə ağaçlarla qarşılaşarıq. Ancaq Avropada yağmur saatlarca, günlərcə, həftələrcə yağar”.

“Bizim bölgələr” ifadəsilə hər halda müəllif yaşamış olduğu Cənubi Azərbaycanın şimal-şərq bölgəsini qəsd etmiş olmalıdır. Lakin müəllifin bu iddiası son 50-100 ilin bölgədəki iqlim şərtləri ilə bağlıdır.

Müəllifin düşündüklərnin əksinə orta əsrləin əvvəllərinə “bizim bölgələr” və ümumilikdə Orta Şərq adlandıracağımız bügünkü coğrafiya böyük meşə zolaqlarına malik olub, intensiv yağışların düşdüyü bölgələr idi.

Şərq tarixində meşəlik ərazilərin azalması yağışların bir anda sel kimi yaxması və ya böyük quraqlıqla bağlı deyildi, insan və mədəniyyətlərin yüksək inkişaf tempi ilə bağlıdır. Misal üçün Roma imperiyası dövründə Xəzər dənizinin cənub sahillərindən başlayıb Azərbaycanın mərkəzi, indiki Ermənistan və Gürcüstan üzərindən keçib bütün Pontus ərasizini əhatə edən geniş coğrafiya müşəllik ərazilər idi. İndiki Anadolu, hətta günümüzdə hardasa ağac bağlarının belə qalmadığı Şimalı Suriya, indiki Toroslar və Livan torpaqları qalın, sıx və böyük gövdəli ağacların olduğu meşəlik zolaqlardan ibarətdi. Meşəlik ərazilərin olmadığı və çox qıt olduğu yerlər Ərəb yarımadası, əl-Cəzirə, Fələstin, Misir, Trablus, İfriqiyyə və Böyük Səhra hesab edilirdi. İranın özü belə geniş meşəlik ərazilərə sahibdi. Hətta günmüzdə günəşin insanı qovurduğu Xorasan X əsrdə belə başqa ölkələrə ağac ixrac etməklə məşhur idi.

Bu bölgədə böyük meşə qətliamı Roma imperiyası dövründə başladı, Parfiya, Sasanilər, Əməvilər və Abbasilər dövründə davam edərək XII əsrdə meşəlik ərazilərin yox olması ilə nəticələndi. Meşələrin bu surətdə yox olmasının səbəbi silah sənayesinin yüksək inkişafı, ağac və taxtaya olan təlabatın artması (binaların tikintisindən, ev əşyalarına, mətbəxt əşyalarına, bəzək əşyalarına qədər), rifah səviyyəsinin çox yüksək olması (misal üçün X əsrdə taxtadan tikilmiş tacir evinin qiyməti 30 min dinar, yəni günümüzün pulu ilə 100-130 min dollar idi), xüsusilə də hərbi donanma sənaseyinin dayanmadan inkişafı idi.

Hətta Güntay bəyin vətəni olan Ərdəbil bölgələrində yaşayan insanların ana məşğuliyyəti xarratlıq idi. X əsrdə belə Ərdəbil sakinləri İslam ölkələrinə taxta və ağacdan düzəldilmiş əşyalar satırdılar. Bu bölgələrdə taxta istehsalatı o qədər sürətlə inkişaf etdi ki, X əsrdən sonra Ərdəbil bölgəsində keyfiyyətli ağac qalmadığından ağacdan düzəldilən əyşaların kalitəsi düşməyə başladı və Ərdəbil taxta sənayesində Reylə rəqabət etməyəcək səviyyəyə gəldi.

Ərdəbilin şərqində yer alan Təbəristan bölgəsi qədim və orta əsrlərin ən böyük ağac və taxta emal və istehsal edən əyaləti idi. Hətta, tarixçilər “Təbəristan” adının buradan gəldiyini iddia edirlər. “Təbər” – “balta” mənasına gəlib, bölgədəki ahşab-taxta sənayesinin miqyasını ifadə etməsi baxımından maraqlı bir addır. Qədim və orta əsrlərdə bölgə intensiv yaxış və kifayət qədər də günəş aldığından Təbəristan meşələri itkini qarşılaya bilirdi. Təbəristan əhalisinin ana məşğuliyyəti balta ilə ağac kəsmək və odun, taxta və taxta əşyaları ixrac etmək idi. Təbəristan uzun əsrlər bölgədəki böyük imperiyaların silah sənayesində istifadə edilmək üçün ağac ehtiyacını qarşılayırdı. Elxanlılar dövründə dövlət paytaxtı olaraq salınan Sultaniyyənin ağaca bağlı bütün ehtiyacını Təbəristan qarşılayırdı. Səfəvilər dövründə Təbrizdəki silah sənayesinin ağac ehtiyacı da buradan gəlirdi. Dəmir mədənlərini əritmək, silah düzəldilməsi üçün külli miqdarda ağaca ehtiyac vardı. 10 kq ərimiş dəmir əldə etmək üçün 165-200 kq ağaca etiyac vardı. Oxucu, tonlarla dəmir və dəmir məmulatları əldə etmək üçün Şərq meşələrinin necə yox olduğunun müqayisəsini özü aparsın.

Ağaca olan yüksək tələbat XI əsrdə İslam coğrafiyasında ortaya çıxan dövlətlərin “meşə qanunları” tətbiq etməsinə səbəb oldu. Misirdə Fatimilər, şərqdə Səlcuqlu dövlətləri, atabətlyləri və digər müsəlman dövlətləri hökmdardan icazəsiz meşə zolaqlarının kəsilməsinə qadağan qoymuşdular. Böyük meşəlik ərazilər “sultan torpağı” elan edilmiş, burada icazəsiz ovlanmaq belə ölümə səbəbi sayılmışdır.

Güntay bəyin təbiətlə bağlı diqqətdən qaçırdığı bir məsələ daha var. Avropa meşələri əsasən eyni tip ağaclardan meydana gələrkən, Şərq meşələrində ağac növləri müxtəlifliyinə görə seçilirdi. Misal üçün Roma imperiyası üçün hərbi donanma məqsədli Avropadan kəsilmiş ağaclardan gəmi düzəltmək sərfəli deyildi. Çünki həmin ağacların işçiliyi çox və yüksək, keyfiyyəti isə düşükdü. Buna görə də, Roma ordu gəmiləri üçün Suriya və Livanın böyük səlvi  meşələri yox etdi. Çünki həmin ağacın tərkibində qətran vardı və bu maddə ağacın suda çürüməsinin, quruduğu zaman taxta parçalarının aralanmasının, bir-birinə geydirildiyi zaman da qopmasının qarşısını alırdı. Daha da əhəmiyyətlisi bu ağacın yaşı belə şam kimi yanırdı. Dənizdə bu ağacdan düzəldilmiş gəmilərin hücüma məruz qalması və yandırılması belə xəbərdarlıq səbəbi sayılırdı. İşçilik baxımından isə səlvi ağacları çox rahatdı. Çünki bu ağacların iç hissəsi rahat oyulur, kənar hissəsi sağlam idi. Livan meşələri XI əsrə qədər istismar edildi.

İslam ölkələri IX əsrdən etibarən Afrika və Hindistandan tonlarla ağac idxal edirdilər. İxrac edilən ağacların böyük hissəsinin silah, şüşə sənayesindən başqa şəkər sənayesində istismar edilməsi olduqca maraqlıdır. Çünki monqol öncəsi dövrdə İslam ölkələrində şəkər sənayesi elə yüksək səviyyəyə çatmışdı ki, qlobal şəkər ixracatının tamamını müsəlman ölkələri qarşılayırdılar. Səlib müharibələri dövründə italyan tacirlərin İslam ölkələrindən Avropaya apardıqları malların çoxunu şəkər məhsulları, şüşə, qumaş və kağız təşkil edirdi. Avropada meşə olduğu halda Avropa kağızı XIII əsrə qədər İslam dünyasından təmin edirdi.

Güntay bəy iddia edir ki, iqlim şərtlərinin əlverişli olması Avropada “opera, simfoniya, teatr, rəssamlıq məktəblərinin” yaranmasına və inkişafına yol açmışdır.

Birincisi teatr mifik dövrlərdən bəri və mifolojik yaddaşa sahib dünyanın bütün xalqlarında mövcud idi. Yəni teatr mədəniyyətlər üçün üstünlük əlaməti sayılmaz. Üstəlik mifik yaddaşa sahib xalqların teatr anlayışı müasir xalqların teatr səviyyəsindən də üstündür.

Musiqiyə gəldikdə Avropada opera və simfonik əsərlərin mənşəyi dindir. Hətta XVII-XVIII əsrlərdə Avropada simfonik əsərlərin formalaşmasında kilsənin nə qədər təsirli olduğu məlumdur. Halbuki Avropa kilsələrinə musiqi Şərqin təsiri ilə VI əsrdən etibarən daxil oldu. Tarixdən də məlum olduğu kimi musiqini folklorik səviyyədən elmi səviyyəyə gətirənlər Orta Asiya skifləri və hunlar olub. Çin, Hindistan, Sasani sarayları və dini mərkəzləri “sak və soğd” və “hu” (hun) musiqiçiləri idxal edirdilər. Bugün Avropa kilsələrində oxunan məşhur “Allaluya” Papa Qriqprius dövründə (590-604) Avropa kilsələrində tətbiq edilməyə başlandı. Həmin musiqnin bəstəkarının Soqdlu Pahpat olduğunu araşdırmaq mədəniyyətin göbəyində oturan Güntay bəyin üçün çətin olmamalıdır? Hətta buddist musiqisinin banisi belə eyni şəxsdir. İslam musiqi mədəniyyətinin təməllərini atan Nəşitlər, Tuveyslər və Saib Hasirlər kimi musiqiçi ailələri Orta Asiya və Sasani ölkəsindən idi. İspan musiqisinin təməlində Mosullu musiqişnas Zəryabı (789-857) görməyən təfəkkür kordur. Bu mövzuda Avropada cildlər dolusu kitaplar yazıldı, artıq əl-insaf demək vaxtı gəlmədi mi? Ki, buraya Güntay bəyin çox sevdiyi İbn Xəldunun əsərindəki musiqi fəslində yer alan məlumatları əlavə etmirəm.

Avropanı rəssamlığın və heykəltaşlığın vətəni olaraq təqdim etmək Avropanın özündə belə XIX əsrdə və günmüzdə də Avropa xalqlarının şovinistlərini dilində qalmış ucuz bir iddiadır. Bəli İslamda heykəl qadağan idi. Ancaq bu İslam dünyasında heykəl düzəldilmədiyi və heykəltaraşların olmadığı mənasına gəlmir. Uzun əsrlər Avropa kilsələrində başda İsanın heykəli olmaqla müqəddəslərin heykəllərini Suriya, Fələstin, xüsusilə də Qüdsün müsəlman sənətkaları düzəldib Avropaya satırdılar. Qüdsə gələn xristian hacılar ən çox alıb ölkələrinə apardıqları əşyalar arasında müsəlman ustalar tərəfindən düzəldilən İsa heykəlləri, daşdan, şüşədən, taxtadan düzəldilmiş kilsə bəzək əşyaları, xristian müqəddəslərin heykəlləri təşkil edirdi. Üstəlik Avropa (hətta müasir dövrdə belə) heykəl sənətində heç bir zaman qədim Misir, Yunan və Mesopotamiyanın səviyyəsinə gəlib çata bilmədi.

Rəssamlığa gəlincə, necə olur ki XVI, hətta XVII-XVIII əsrlərə qədər Avropa rəsim sənətinin bütün xam materiallar (kağızı, kətəbi, mürəkkəbi, qələmi və fırçası) Şərqdən idxal edilirdi? Bugün Avropa muzeylərini bəzəyən estetik görüntüsü hələ də pozulmayan xolosların (kətənlərin) memarı müsəlman kətən ustaları idi. XVII əsrə qədər Avropa dövlətləri özlərinin bayraq materiallarını (qumaşlarını) belə Şərqdən alırdılar. Kilsə və saraylarda geynilən libaslar, müqəddəslərin şəkil və heykəlləri, aristokratların və kral ailələrinin geyim əşyalarının tamamı Şərqdən gətirilirdi.

Bu mövzuda sadəcə iki faktı qeyd etməklə kifayətlənəcəyəm:

1. Dünyan muzeylərində qorunan ən qədim ipək qumaş parçası bugün Ratisbonne katedralında qorunan Sicilya kralı VI Henri (1185-1197) tərəfindən 1194-cü ildə ələ keçirilən müsəlmanların istehsal etdiyi ipək qumaşıdır.

2. Dünyanın qorunan ən qədim bayrağı isə bugün Burqos şəhər kilsəsində saxlanan kilsə bayrağıdır. Həmin bayrağın boyu 317, eni isə 217 sm-dir. Kilsə bayrağı olaraq heyranlıqla izlənilən həmin parçanın üstündə kufi yazı ilə “Bismillahirrəhmanirrəhim, Daşlayan şeytanın şərindən Allaha sığınıram” deyə başlayıb əs-Saf surəsinin 11-12 ayələri həkk olunub.

Qısaca, iqlimlərin mədəniyyətlərin tarixində təsiri böyükdür və ciddi elmi-tarixi araştırmalara ehtiyac hiss edilən mövzudur. Ancaq bu işi və elmi ciddiyyəti min illik tariximizi vicdan əzabı kimi bizə oxutmaq həvəsində olan intellektuallar tərəfindən aparılmayacağı da gün kimi aydındır.



DİLİMİZ – MİLLİ KİMLİYİMİZ
22:00 / 24-09-2017
Zəncanda “Özləm” tamaşası səhnəyə qoyulub – GÖRÜNTÜ
22:40 / 19-09-2017
Azərbaycan dövlətinin adının yaranma tarixi barədə (III məqalə)
02:11 / 19-09-2017
Paralanmış və uralanmış Azərbaycandan MÜSTƏQİL AZƏRBAYCANA - ARAŞDIRMA
23:03 / 15-09-2017
AZƏRİ, yoxsa Türk!!!
23:38 / 12-09-2017
Azərbaycanın epiqrafik abidələrində türk simvolları
22:14 / 09-09-2017
Tehranda türkcə “Keçəl Oğlan” tamaşası nümayiş etdiriləcək
15:15 / 04-09-2017
Maarifçiliyimizdə RÜŞDİYYƏ zirvəsi
19:18 / 31-08-2017
XIII-XIV Əsr Azərbaycan Ədəbiyyati Tarixi (Ingilisdilli Tarixşünasliq Üzrə)
17:52 / 31-08-2017
QURBAN BAYRAMINIZ MÜBARƏK!
17:46 / 31-08-2017
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (II yazı)
00:43 / 29-08-2017
XIII-XIV Əsrlər Azərbaycan Mədəniyyətinin İngilisdilli Tarixşünasliqda Əksinə Dair
23:20 / 24-08-2017
“Əli və Nino” əsərində Azərbaycançılıq və Türkçülük
23:37 / 22-08-2017
Şəmb-e Qazan kompleksi və onun Azərbaycan təhsil sistemində yeri (ingilisdilli tarixşünaslıq əsasında)
23:21 / 22-08-2017
Azərbaycan adının tarixi barədə mülahizələr və faktlar (I yazı)
23:04 / 17-08-2017
İran-Turan müharibəsi və Azərbaycan
10:42 / 12-08-2017