BÜTÖV AZƏRBAYCAN OCAQLARI
ÜZEYİR BƏY HACIBƏYLİNİN VƏFATINDAN 68 İL ÖTÜR

14:19 / 22-11-2016   /   baxış - 257

SEVƏRƏK YAŞAYANLAR, SEVİLƏRƏK ÖLƏNLƏR

DAHİ SƏNƏTKARA XALQ MƏHƏBBƏTİ

   “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”.

    Bu kəlmələr düz 106  il bundan öncə türk dünyasının böyük dühası Üzeyir bəy Hacıbəyli tərəfindən yazılmışdır. 25 yaşlı gənc bəstəkar, mühərrir, yazar, pedaqoq bəlkə də bilmirdi ki, vaxt gələcək, bu qızıl hərflərlə tarixin səhifələrinə həkk olunmuş fikirlər onun özünə şamil ediləcəkdir. Əlçatmaz zirvələr fəth etmiş Üzeyir bəy həm sağlığında, həm də dünyadan köçəndən sonra həmişəyaşar yaradıcılığı, əsərləri, əməlləri, fikirləri, müqəddəs adı ilə bütün müsəlman aləminə “mənfəət” verərək, ümumbəşəri şöhrət gətirmişdir. Onun hər zaman çox sevilən əsərləri bu gün də  bütün yer üzünü dolaşır. Azərbaycan adlı məmləkətin bəşəriyyətə necə böyük bir düha verdiyini sübut edir.

    Üzeyir bəy Hacıbəyli mədəniyyətimizin çiçəklənməsi naminə açdığı bütün yollar ilə  xalqımızı, milli incəsənətimizi tərəqqiyə qovuşdurur. Onun bütün musiqi əsərləri, publisistik yaradıcılığı, təşkil etdiyi musiqi məktəbləri, musiqi texnikumları, Azərbaycan Dövlət Konservatoriyası (Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası),musiqi kollektivləri- Simli kvartet, Xalq çalğı alətləri (notlu) orkestri, Dövlət xor kollektivi, Simfonik orkestr, Mahnı və rəqs ansamblı, Sazçı qızlar dəstəsi, Bəstəkarlar İttifaqı, Milli Elmlər Akademiyası (1945-ci ildə onun yaradıcılarından biri də Ü. Hacıbəyli olmuşdur), Akademiyanın nəzdindəki Memarlıq və İncəsənət İnstitutu (ilk vaxtlar yalnız İncəsənət İnstitutu adlanırdı) və s. təşkilatlar, kollektivlər bu gün xalqımıza Üzeyir bəydən miras qalmışdır. Sənətkarlarımızın da dedikləri kimi   Azərbaycan incəsənət aləmi Üzeyir bəyin çörəyini yeyir. Ölümündən sonra da “xalqa xeyir gətirmək, tərəqqisinə səbəb olmaq, ümuminsaniyyətə mənfəət vermək” bax budur.

    Azərbaycana xarüqələr bəxş etmiş Ü. Hacıbəylinin vəfatından 68 il ötür. Soyuq bir payız günündə, 23 noyabr 1948-ci ildə, fəxarət tacımız olan Üzeyir bəy Hacıbəyli 63 yaşında dünyasını dəyişərək haqqa qovuşdu. Şahidlərin və foto sənədlərin dediyinə görə belə bir dəfn mərasimi o vaxta qədər görünməmişdir. Bütün Azərbaycan, başda respublikanın  o zamankı rəhbəri Mir Cəfər Bağırov olmaqla, Dövlət və siyasi  xadimlər, xarici qonaqlar, ziyalılar, yazıçılar, şairlər, mədəniyyət işçiləri, fəhlələr, kolxozçular, adi vətəndaşlar, hətta əlil insanlar belə xalqımızın böyük oğlunu, dahi sənətkarı son mənzilə yola salmağa gəlmişdilər. Yollar, binaların artırmaları, damları adamlarla dolu idi. İynə atsaydın yerə düşməzdi. Göz yaşları içərisində olan insan axınının qarşısını almaq heç vəchlə mümkün deyildi. Atlı polis dəstələri belə insan selini nizamlamağa çətinlik çəkirdilər. Üzeyir bəy şəxsiyyətinə, sənətinə olan möhtəşəm  xalq məhəbbəti  bir daha özünü göstərmiş,   axan göz yaşları ilə dahi sənətkar əbədi mənzilinə yola salınmışdır. Məkanı cənnət olsun!

    Xalqımız  Üzeyir bəy Hacıbəylinin ölümündən o qədər təsirlənmişdi ki, onu heç nə ilə ovutmaq mümkün deyildi. Hərə bu ümumxalq kədərini, dahi sənətkara olan məhəbbətini bir yolla əbədiləşdirməyə çalışırdı. Mətbuatda çoxlu məqalələr, şerlər dərc olunmuşdur. Bu yazıda Üzeyir bəyə o dövrdə ithaf olunmuş şerlərdən bəhs edəcəyik. .

   Böyük şairimiz Səməd Vurğun Ü. Hacıbəyliyə həsr etdiyi  üç şerdən birini ustadın vəfatı ilə bağlı yazmışdır. Şer “Eşq olsun sənətkara” adlanır. Bu məşhur şerdən iki bənd :

                 O, sabah da bizimlə addımlayır yanaşı,

                “Koroğlu” dan oxuyur yenə zəfər ordumuz.

                  Ey, Füzuli şerinin bir bəstəkar qardaşı!

                  Şöhrət tapdı adınla bizim ana yurdumuz.

 

                   Ölüm sevinməsin, qoy, ömrünü vermir bada

                    El qədrini canından daha əziz bilənlər.

                    Şirin bir xatirətək qalacaqdır dünyada

                    Sevərək yaşayanlar, sevilərək ölənlər...

 

                    Mən bu kiçik şerimi yazıram göz yaşımla,

                     Çünki vidalaşıram bir ürək sirdaşımla.

 

    Tanınmış şuşalı şair Məhəmməd ağa Müctəhidzadənin  (Müştəri) 23 noyabr 1948-ci il tarixli “Üzeyir Hacıbəyovun vəfatı münasibətilə İzhari-təəssüf” adlı poeması M. Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılır. Bu poemanı institutun elmi işçisi, hörmətli alimimiz Arif Ramazanov əski əlifbadan latın  qrafikasına transliterasiya etmişdir. Poemada deyilir:

 

                        Bilməzəm, cana neçün əhlin fəramuş eylədin,

                        Zülfi-dərhəm kimi bir cəmi siyəpuş eylədin.

 

                        Gecələr sənsiz budur dərdim çıraği-çeşmim,

                         Niyə çün şəmi-əza nagah fəramuş eylədin?

 

                          Ey əsri-Şekspir, di yat qəbrdə rahat ol,

                          Rəhmətlə olursan yad, vardır nə qədər dünya.

 

                          Fərabi kimi adın dünyada qalar baqi,

                          Dillərdə gəzər namın çün Əbu Əli Sina.

 

                          Bu gün necə bir gündür bivaxt qürub etmiş,

                          Hicrində qara geymiş mərdüm çü şəbi-yelda.

 

                          Bəhri-qəmə qərq olmuş çün şəhri-səba Bakı,

                          Bəhri-Xəzəri keçmiş, Mövc etməsə də ol dərya,

 

                           Dudi-dili-hər bir şəxs dil xanəsinin üzrə,

                           Bir qarə ələm saçmış lərzandır o qəməfza.

 

                           Gülzari-məhəbbətdə gülmür üzə heç bir gül,

                           Dərhəmdi bütün sünbül, dil qönçəsi olmur va!

 

   Görkəmli xalq şairi Süleyman Rüstəmin “Böyük ustada “ şeri onun Üzeyir bəyə həsr etdiyi  dörd şerdən biridir:

                             Təəssüf, min təəssüf, cərgəmizdən bir gözəl insan,

                             Təmiz vicdan, böyük ustad, böyük bir bəstəkar getdi.

                              Edib amalını ay tək, günəş tək aşikar getdi.

                              Vətən, xalq söyləyərdi hər zaman qəlbindəki tellər,

                              Onun sənət bağında əsməyib, əsməz qara yellər.

                              Yaşar azad könüllərdə öz eşqilə, bilir ellər,

                              Bağında verdi sonsuz bəhrə, bar getdi.

                             

                                Onun hər nəğməsi azad ürəkdən gəlmə sənətdir,

                                Ona ilham verən qüvvət-elə hədsiz məhəbbətdir.

                                O, sənət aləmində bir şərəfdir, qalibiyyətdir,

                                Bizim əsrə böyük ustad bahar gəldi, bahar getdi.

 

   Xalq şairi Məmməd Rahim də o ağır günlərdə öz ələmini nəzmlə  bildirərək “Sənətkar ölməz”  şerini yazmışdır:

 

                                 Sabahın nigahı açılan zaman

                                 Yumdu gözlərini gözəl bir insan,

                                 Daha vurmayacaq bu gündən demək

                                 Sənətin eşqilə çarpan bir ürək...

 

                                  Sabahın nigahı açılan zaman

                                  Yumdusa gözünü gözəl bir insan,

                                  Ona yoxdur ölüm, ölən bədəndir.

                                  Ölüm düha üçün əfsanədəndir.

                                  Yox, sənətkar ölməz, yaradan ölməz,

                                  Xalqın sevimlisi heç zaman ölməz.

 

                                  Üzeyirdir həmən böyük sənətkar,

                                  Xalqın sevimlisi bəstəkar ölməz,

                                  Ölməmiş, heç zaman, sənətkar ölməz.

                                  O kəs ki, ömrünü verdi sənətə,

                                  Qovuşdu eşqilə əbədiyyətə.

                                  Xalqım bu dünyada nə qədər sağdır

                                  Bizim Üzeyir də yaşayacaqdır!

 

    Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadə Üzeyir bəy Hacıbəyliyə özünün məşhur “Muğam” poemasını həsr etməklə bərabər, həm də iki şer yazmışdır. “Ölməz sənətkar” şerində şair belə deyir:

 

                                Sanki o nəğmədən axdı bu səslər:

                                “Təbiət hər yanda adını səslər.

                                Ötür nəğməsində bulaqlar səni,

                                Sənsiz də yaşadır bu dağlar səni”.

 

   Bəstəkarın vəfatından kədərlənən,  Cənub bölgəsində yaşayıb-yaradan, vaxtilə Üzeyir bəyin piano hədiyyə etdiyi Mir Kazım Aslanlı öz duyğularını  “Bu sabah” adlı qəzəlində  izhar etmişdir:

 

                                  Yenə hicran bağını dərdü-qəm almış

bu sabah,

                                   Gülşəni tərk edərək qönçə saralmış

                                                                     bu sabah.

                                    Gül köçüb, bağça solub, bülbül uçub,

                                                                       bağban ölüb,

                                    Dünya bilsən, gözlərimdə nə daralmış

                                                                        bu sabah.

 

                                     Yenə heybətli buludlar doluxub ağlamağa,

                                     Bürümüş hər yanı çən, göy də qaralmış

                                                                         bu sabah.

 

                                       Üzeyir-xalqımızın dahi,  böyük bəstəkarı,

                                       Saralan çöhrəsini çən-qübar almış

                                                                            bu sabah!

 

    Haqqın qüdrətindən qidalanmış  böyük düha sahibi olan  dünya şöhrətli dahi bəstəkarımıza M.A. Müctəhidzadə, S. Vurğun,  R. Rza, S. Rüstəm,  M. Rahim, B. Vahabzadə, Ə. Kürçaylı,  G. Hüseynoğlu,  M. Aslan,  T. Bayram, Ə. Tudə, H. Arif,  H .Abbaszadə, Ş. Əkbərzadə.  F. Mehdi, F. Qoca,  Ə.  Ziyatay,  R. Zəka, T. Mütəllibov, Q. R. Təbrizi, Ə. Vəkil, Ə. Mahmud,  R. Heydər,  H. Ziya,  S. Məmmədzadə,  Ə. Fərzəli,  Ş. Əfşar,  M. Yaqub,  H. Abbas, İ. Göyçaylı,  R. Duyğun,  M.K. Aslanlı, T. Şahdağlı,  P. Pançenko, R. Şık  və başqa tanınmış şairlərlə yanaşı, xalqımızın müxtəlif təbəqələrindən olan insanlar da şeirlər həsr etmişlər. Bu poeziya nümunələrində  Üzeyir bəy Hacıbəyliyə ərməğan edilən xalq məhəbbəti bir daha öz təzahürünü tapmışdır. Bütün şerlər səmimi qəlbin süzgəcindən keçərək böyük sənətkara tükənməz hörmət və ehtiramla yazılmışdır.

   Qazax mahalından olan, ömrünün sonuna kimi orada təhsil sahəsində məsul vəzifələrdə çalışan müəllim Qızxanım Axundova Üzeyir bəyi son mənzilə yola salmaq üçün Qazaxdan Bakıya gəlmiş,  dahi sənətkarın itkisi  ilə bağlı öz kədərini ”Böyük bəstəkar Üzeyir bəyə!”adlı şerlə bildirmişdir:

 

                              Nizami yurdunun sənətkarısan,

                              Azad dünyamızın ilk baharısan,

                              Bizim bu ellərin vəfadarısan,

                              Qırma könlümüzü al, ondan ayrıl.

 

                               Bax, tökülür göydən ulduzlar, aylar,

                               Lal axan dənizlər, dəlisov çaylar,

                               Hamısı arxanca səni haraylar,

                               Bir neçə illər də qal, ondan ayrıl.

 

                                Ayrılma! Dumanlar alar başımı,

                                Ellər bəzəyəcək məzar daşını,

                               Sinəmə tökülən odlu yaşımı,

                                Mehriban əlinlə sil, ondan ayrıl

 

     Faiq Bağırzadə də öz kədərini “Bəstəkarın ölümü” şerində belə bildirmişdir:

 

                                    Ağlaram, göz yaşı tökür sənətim,

                                     Yenə də bağçamız xəzanə döndü.

                                      Dəyişdi bir anda ilk təbiyətim

                                      Çünki, baharımın günəşi söndü.

 

                                       Yumdu gözlərini böyük sənətkar

                                       Qəflətən əbədi yuxuya daldı.

                                       Qəlbimdə min həsrət, bir də arzular...

                                       O dahi görkəmdən xatirə qaldı.

 

                                        Susdusa döyünən dahi bir ürək,

                                        Ölməyən əməli, sənəti vardır.

                                        Yenə də bizlərə yol göstərərək,

                                        Daim könüllərdə yaşayacaqdır.

 

                                        Əlvida! Əlvida! Böyük sənətkar,

                                        Ağlaram şerimi yazdıqca inan,

                                        Güldükcə həyatda geniş arzular

                                        Sənətdə daima yaşayacaqsan!

 

    Aşıq Böyükkişi Abdullayev “Üzeyir Hacıbəyovun ölümü haqda” şerində yazırdı:

 

                                        Alimsən-müəllimsən yoxdu əvəzin,

                                        Tarixdə yadımızdan çıxmaz adətin.

                                        Dürri gövhərdir sənin sözlərin,

                                        Kəsilməz tarixdən dahi gözlərin.

 

                                         Baxırdın dağlara çox həvəs ilə,

                                         Tarixi dastanlar yazırdın bizə.

                                         Tabutun bəzəndi çox hörmət ilə,

                                         Heyf ki, baxmadı bizə gözlərin.

 

    Məmməd Rəhimov isə “Bəstəkar Üzeyir Hacıbəyova ithaf edirəm” şerində böyük ustada  olan yanğısını belə bildirirdi:

 

                                          Can soyudu, sənət qızdı, məşəl kimi parladı,

                                          Məsum gözlər bir nöqtəyə baxdı-baxdı ağladı.

                                          Ağlaşmalar, hıçqırıqlar izdihamdan gələn səs,

                                          Bu ahəngdə duyulurdu gedib, gəlməz bir nəfəs.

                                          Hacıbəyov idi, Şərqin səhəriydi gedirdi,

                                          Tabut içərisində uzanan bəstəkar Üzeyirdi.

                                          Getdi, o, özü ilə apardısa yaqutu,                                      

                                          Bizə yadigar qoydu “Koroğlu”tək altunu.

 

    Qubadan gələrək, uzun illər Üzeyir bəyin himayəsində yaşayan, gözəl səsə malik, öz istedadı ilə xalqın sevimlisinə çevrilən tanınmış sənətkar  Fatma Mehrəliyeva “O, mənə

ata tək olmuşdu həmdəm” şerində yazırdı:

                                          .

                                           O, mənə ata tək olmuşdu

                                                                     həmdəm,

                                           O, gözəl insanı unutmaram

                                                                      mən.

                                            Başqa cür yaratmışdı

                                                                   təbiət onu,

                                           Şanlı vətənimin şanlı oğlunu.

                                            Xalqımın dühası desəm

                                                                     doğrudur,

                                            Onu xalq yaratdı, o, xalq oğludur.

                                            Üzeyir qüdrətli, sadə bir insan,

                                             Onunla yaranmışdı birlik

və inam.

                                             Ondan ayrılsa da bu doğma

Vətən,

                                              Sorağı gələcək qərinələrdən.

                                              Üzeyir dünyaya tək gəldi,

getdi,

                                              O, ayla, günəşlə birləşdi getdi!

 

   Respublikamızın tanınmış xalq yazıçısı Hüseyn Abbaszadə də qüdrətli dühaya şeir yazmış, Üzeyir bəyin sevimli tələbələrindən biri olan Ağabacı Rzayeva da ona romans bəstələmişdi. Şeir “Sənin xatirən” adlanır:

                                             Sənsiz də, səni yad eləyir sevdiyin ellər,

                                             İnnən belə də yad edəcəkdir bu nəsillər.

 

    Türk dünyasının iftixarı  dahi Üzeyir bəy Hacıbəyliyə, onun əsərlərinə həsr olunmuş  iki yüzdən artıq  poeziya nümunələri vardır. Lakin biz bu yazıda xalqımızın qüruru, istinadgahı olan Üzeyir bəy Hacıbəylinin yalnız vəfatı ilə bağlı  şerləri verməyi qərara aldıq.

Bir daha ona olan  xalq məhəbbətini gördük. Bu şerlərin hamısı  Üzeyir bəy sənətinin, şəxsiyyətinin pərəstişkarlarının, vurğunlarının qəlblərindən gələn  daxili səslərdir. Bu şerlərə nəzər salarkən, bir daha o qənaətə gəldik  ki, əsl sənət və əsl sənətkar qəlblərdə yaşayaraq, özünə əbədi heykəl qoyur. Üzeyir bəy də dünya durduqca yaşayan, var olan, özünü, xalqını, vətənini ucaldan dühalardandır. Allah qəni-qəni rəhmət eləsin!

 

Səadət QARABAĞLI,

Üzeyirbəyşünas.



ÜZEYİR BƏY HACIBƏYLİ VƏ CAVİDLƏR AİLƏSİ
12:13 / 01-03-2017
UNUDULMAZ İNSAN
20:10 / 28-12-2016
Əkbər Nəcəf: Türk musiqisini nota köçürən ilk bəstəkar
20:58 / 12-10-2016