BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tarixdə ilk Qızılbaş hərəkatı - Babailər

22:27 / 09-10-2017   /   baxış - 218

Əkbər Nəcəf

Tarix elmləri doktoru

 

Səfəvilər dövlətinin yaranması, türklərin İslam dinini kütləvi şəkildə qəbul etdikləri IX əsrdən etibarən formalaşmağa başlayan Türk İslam anlayışının nəticəsi idi. Türk İslamı, Türk Xalq İslamı və ya Avropa ədəbiyyatındakı adıyla Türk Heterodoks İslam anlayışı kitabi əsəslara dayanan Mədrəsə İslamı və şəritə söykənən Dövlət İslamından fərqli olaraq geniş xalq kütləsinin şifahi yolla qəbul etdiyi və içində köhnə inanclarını da yaşatdığı İslam anlayışıdır.

Türk xalqları müsəlmanlaşma prosesində İslam dinini üç yolla mənimsədilər:

1.    Şifahi mənbələrə əsaslanan İslam təsəvvürü (Xalq İslamı)

2.    Kitabi mənbələrə əsaslanan İslam təsəvvürü (Rəsmi İslam)

3.    Mistik mənbələrə əsaslanan İslam təsəvvürü (Təsəvvüfi İslam)

Rəsmi İslam mədərəslər və dövlət tərəfindən təmsil edilərkən, Təsəvvüfi İslam təriqətlər və məhdud mistik dairələr tərəfindən qəbul edilmişdir. Xalqın geniş kütləsi isə Xalq İslamı adlanan İslamın şifahi mənbələrə əsaslanan təsəvvürə söykənirdi. Qızılbaşlıq, Xalq İslamı anlayışının Babailik üsyanı ilə birlikdə siyasi-ideoloji platformaya çevrilərək siyasi səhnəyə çıxmış formasıdır.

Monqol istilası

Monqol istilaçılarından qaçan, Orta Asya, Xorasan, İraq-i Əcəm və Azərbaycanda yaşayan və böyük əksəriyyətini köçərilərin təşkil etdiyi qələbəlik Türk tayfaları Anadoluya sığındılar. Köç edənlərin sayı bir milyondan çox idi (1). Gələnlərin böyük hissəsi, sadəcə, ailələrini, çadırlarını və minik atlarını gətirə bilmiş, böyük heyvan sürülərini monqol fatehlərinə tərk etmişdilər. Çingiz xanın rəhbərliyində təşkilatlanan monqol-türk tayfalarının əlinə keçən həmin sürələr bir əsr boyunca monqolların rifah içində yaşamasının səbəb olmuşdur. Çingiz xanın oğlu Ögedey xaqan zamanında (1227-1241) monqolların əlində 10 mindən çox qurbanlıq atın olduğunu nəzərə alsaq qənimət olaraq ələ keçən heyvan sürülərinin sayı bir milyardı ötüb keçirdi (1a). Anadoluya qaçan türklər isə yoxsul, pərişan, ac idilər. Hətta birinci monqol isitalsından (1215-1223) sonra Türkmənistandan Azərbaycana, buradan da Ərzincana gələn osmanlıların ulu babası Ərtoğrul Qazinin başçılıq etdiyi qayıların libaslarının cırıq, qarınlarının ac olduğu qeyd edilir.

Həmin vaxt Anadoluda Sultan II Qiyasəddin Keyhüsrəvin (1237-1246) başçılıq etdiyi Türkiyə Səlcuqlu dövləti (1075-1318) mövcud idi. Türkiyə Səlcuqluları gələn soydaşlarının hamsını məskunlaşdırmaq və yerləşdirmək imkanına sahib deyildilər. Gələnlərin bir hissəsini dövlət Bizans ilə sərhəd bölgələrində məskunlaşdırdı. Mənbələrin uç türkmənləri adlandırdığı türk tayfaları (onların arasında Ərtoğrul Qazi başçılığında osmanlılar da vardı) Qərbi Anadolunun türkləşməsində və Bizansın süqutunda böyük rol oynadılar (2). Qalanları isə Mərkəzi, Cənubi və Şimali Anadolu coğrafiyasına yayıldılar.

Babailər üsyanının səbəbləri

Monqollardan qaçıb gələn türklərin demək olar ki hamısı yarı-köçəri (3) olub (4), Göy-Tanrı inanclarına (5) İslamdan daha çox bağlı idilər. Türkiyə Səlcuqlu dövlətinin rəhbərləri onlara lazımi əlaqəni göstərmədiyindən böyük çətinliklərlə üzləşdilər. O.Turana görə, Xarəzmşah Cəlaləddinin hücumlarına məruz qalan və Türkiyə Səlcuqlu dövlətindən maddi yardım ala bilməyən türkmənlər ağır və dözülməz şərtlərdə yaşayırdılar (6). Tarixdə ilk qızılbaş üsyanı hesab edilən babailər hərəkatı məhz belə bir siyasi-sosial mühütdə meydana gəldi (7).

A.Y.Ocaq babailər üsyanının çıxmasına iki səbəbə bağlayır:

a). əsas səbəblər

B). asanlaşdırıcı səbəblər.

Müəllif, əsas səbəblər arasında iqtisadi və sosial-psixoloji səbəbləri göstərib. İqtisadi səbəblərin (8) başında “Anadoludakı Səlcuqlu dövlətinin torpaq idarəçilik rejimini” gəlirdi. Türkiyə Səlcuqlularının torpaq rejimi “miri” və “hərbi” torpaq sisteminə əsaslanırdı. Bu sistem tam feodal sistem olmayıb, hərbi-demokratiya prinsiblərinə söykənirdi (9). Həmin torpaq rejimində əhalinin sayı başlıca amil idi. Çünki, əraziyə daha əvvəl kpç edib məskunlaşan türk tayfaları öz torpaqlarını yeni gələnlərlə payşamaq istəmirdilər. Çünki iqta yolu ilə ələ keçirdikləri bu torpaqlar ancaq öz sürülərini saxlamağa kifayət edirdi (10).

Sosial- psixoloji amillərin başında “şəhərli (yerli) türklər” ilə “köçəri türklər” arasında başlayan münaqişələr dururdu. Yerli türklər, köçəri soydaşlarına “ətraki-biidrak” (ağılsız türk), “ətraki-mütəqallibə” (zorba türk), “ətraki-napak” (pis türk) deyərək təhqir edir və nalayiq sözlər deyirdilər. Köçəri türklərdə də öz nöbəsində yerli və şəhərli soydaşlarına “tat” (oturaq) və “yatuq” (təmbəl) deyərək onları özlərindən aşağı hesab edirdilər (11).

Üsyanı asanlaşdırıcı səbəblərin daha təsirli olduğunu qeyd edən A.Y.Ocaq iki əsas amildən söz edir:

a). əlverişli dini şərtlər

b). siyasi mühüt.

Köçəri türklər əsasən Göy Tanrı-şaman və qiyabi İslam anlayışına sahibdilər. Tanrıçılıq inancını güclü şəkildə qoruyan türklərin (12) İslamla əlaqəsi çox zəif idi. İslamın dərin və mürəkkəb şəriət qaydaları ilə maraqlanmayan türklər daha çox güclü mistik cazibəyə sahib, çoxu oxumağı və yazmağı bilməyən “baba”larının (şeyxdərvişlərin) (13) təsiri altında idilər (14). Yəni, yeni gələn türklər İslami qaydalara hörmət etsələr də öz bildikləri kimi həyat yaşayırdılar (15). Onların həyatında qədim türklərin Göy Tanrı, Yer və Su inancının yerini Allah-Məhəmməd-Əli təsəvvürü almışdır.

Üsyana təşvik edən siyasi səbəblərin başında Türkiyə Səlcuqlu sultanlarına və əmirlərinə köçəri türklərin inanmaması idi. Xüsusilə yerlə Səlcuqlu əmirləri gələnləri istismar edir, külli miqdarda rüşvət alır və onları hərbi mükəlləflərinə çevirirdilər. Bunun nəticəsində ac türkmənlər şəhər və qəsəbələrə hücumlar edib  talayırdılar. Anadoluda meydana gələn talanlarda 70 min türkmənin iştirak etdiyi qedy edilir (16).

Babilərin başçısı Baba Rəsulun Xarəzmşahlarla əlaqələrinin olduğu iddia edilir. Belə ki, monqolların birinci istilasından sonra Xarəzmşah Cəlaləddin Manqburnu Azərbaycanı ələ keçirib burada Xarəzmşahlar dövlətini bərpa etməyə çalışırdı (17). Babailər üsyanda Əyyubilərin də əli vardır. Əyyubilər itirdikləri Cənub-qərbi Anadolu torpaqlarını geri qaytarmaq üçün həmin köçəri türkləri Türkiyə Səlcuqluları əleyhində üsyana təşviq edirdilər (18). Hətta, 1230-cu ildə Muğanda hərbi düşərgə salan monqol ordularının başçısı Çormağon Noyon da babailəri gizlicə Türkiyə Səlcuqlularına qarşı təşviq etmişdi (19).

İqtisadi cəhətdən böyük çətinliklər yaşayan bəzi türk tayfaları da yağma məqsədilə üsyana qoşulmuşdular (20). Buna baxmayaraq üsyanın rəhbərləri şeyx və dərvişləri olmuşdur. Həmin şeyx və dərvişlər İslamın təsəvvüfi, mistik və xalq inanclarından qidalanan şeyxlər idilər. Xalq arasında bunlar “baba” və “dədə” adlanırdı. Üsyanın rəhbərləri də “baba” adını daşıyırdılar. Həmin şeyx və dərvişlər müxtəlif cərəyanların və təriqatlərin təsirində idilər. Əsasən Mavərünnəhr, Xarəzm, Xorasan və Azərbaycandakı sufi dərgahlarda yetişmişdilər. Daha çox qələndəri, vəfai, heydəri, məlami, hətta işraki və kübrəvi cərəyanlarının təsirində idilər. Onlar öz inanclarını eyni dini hislərə sahib xalq kütlələrinə asanlıqla yayırdılar.

Babailiyin ideoloji əsasları

Üsyanın üç ideoloji səbəbi var idi:

Mehdilik(və ya məsihlik/ilahi xilaskar) adı verilən ilk ideolojik səbəb, üsyanın başçılarının özlərini “müqəddəs”, “Allahın elçisi” (Baba Rəsul), “məzlumların xilaskarı”, hətta “Allah” olaraq kütlələrə qəbul etdirməsi idi.

Sinxretik səbəb olaraq göstərilən ikinci amil üsyana qoşulanların müxtəlif dinə, inanca və əqidəyə sahib olsalar da eyni məqsəd ətrafında birləşməsiydi.

Üsyanın üçüncü səbəbi mistisizm idi. Yani, üsyan mistik fikirlər üzərində qərarlaşmışdı. Bu da üç əsas təmələ dayanırdı ki, qızılbaşlığın da əsasını həmin fikirlər təşkil edirdi:

1. Hulul (incarnation): yəni Allahın insan surətində təcəlli etməsi;

2. Tənasüh (metempsycose): Ruhun bədən dəyişdirməsi

3. Don dəyişdirmə (metamorphose): ruhun forma dəyişdirməsi.

Hər üç mistik düşüncə üsyanda iştirak edənlərin dini hislərini tərənnüm etdirirdi (21). Qısacası, babailik “ilahi xilaskar” təsəvvürü ətrafında formalaşmış ilk qızılbaş hərəkatı idi.

Baba Rəsul İlyas və Baba İshaq

A.Y.Ocaq, üsyanın əsas lideri olan və “Baba Rəsul” adı ilə tanınan şeyxin Baba İlyas adlandığını, Baba İshaqın isə onun mürüdü olduğunu dəqiqləşdirmişdir. Belə məlum olur ki, üsyanın fikir rəhbəri Baba İlyas, siyasi və hərbi rəhbəri isə Baba İshaq olmuşdur (22).

Baba İlyas və Baba İshaq Xorasan ərənlərindən idilər. Baba İlyasın əsl adı Əbül-Bəka Şeyx Baba İlyas ibn Əli əl-Xorasani olub, Xarəzm türklərindən idi. O, monqol istilası səbəbilə Xorasana, oradan Azərbaycana və son olaraq da Anadoluya qaçmış, Amasyanın Çat kəndində məskunlaşmışdı. Onun, ələvi-qızılaş təriqətlərində böyük şeyxlərdən hesab edilən Dədə Qarqının (23) müridi olduğu qeyd edilir. Baba İlyasın Türkiyə Səlcuqlu sultanı I Əlaəddinlə yaxşı münasibətləri olduğu, sultanın ona hörmət etdiyi bildirilir. Şeyxin tanrıçılıq inanclarına sahib olduğu haqqında faktlar mövcuddur. Misal üçün şeyxin “kamlar kimi sehr göstərdiyi və gələcəkdən xəbər verdiyi” qeyd edilir. Baba İlyas “yaşıl aləm”, “qır at”, “boz burak”, “ağ çalma”, “yaşıl don” kimi simvolları ön plana çıxartması onun qədim türk inancları ilə yanaşı bəzi İslami təsəvvüfi düşüncələr daşıdığına sübutdur. “Yaşıl aləm” (yaşıl bayraq) Səfəvi şahı I İsmayıl tərəfindən dövlət bayrağı, Bektaşilərin isə təriqət rəmzi idi. “Boz burak” (dəvə) və “qır at” isə şaman motivlərdir (24). Baba İlyasın diqqət çəkici başqa bir xüsusiyyəti də Əbu Müslüm və xürrəmilik hərəkatının başçısı Babəklə oxşar missiyaya sahib olmasıdır (25). Bütün bunlar, babailik hərəkatının dərin dini-siyasi qatlarının olduğunu deməyə əsas verir (26).

Üsyanın siyasi və hərbi lideri Baba İshaq olduqca maraqlı şəxsiyyətdir. Onun ilk dəfə Sümeysata yaxın Kəfərsudda ortaya çıxdığı və Şeyx Cüneyid kimi türkmənləri öz ideologiyası ətrafında toplamağa başladığı xəbər verilir (27). Kimliyi haqqında müxtəlif fikirlər var. Hətta onun yunan əslli xristian sayalar belə olub (28). Mənbələrdə yer alan məlumatlardan onun da şeyxi kimi kam-sufi görkəmində türk dərvişi olduğu aydındır. F.Sümər babailər hərəkatının rəhbər və hərbi kadrlarının “ağaçəri türkləri”ndən meydana gəldiyini hesab edir (29). Amma Əlvan Çələbinin mənakıbnaməsində Baba İlyas haqqında “Baba İlyas Bozlu” və “Baba İlyas Bozatlu” (30) ifadələrinin keçməsi onun Urfa-Mardin yaxınlığında məskunlaşan oğuzların Əymür tayfasına bağlı Boz-ova türklərindən olduğunu deməyə əsas verir.

Babailərin bağlı olduğu türk təriqətləri: Məlamilik, qələndərilik, yəsəvilik, heydərilik və vəfailik

Ələvi-bektaşi və qızılbaş təriqətlərinin Islam haqqındaki təsəvvürləri məlamilər və qələndərilər tərəfindən formalaşdırılıb. “Qələndər” (qədim türk dilində “iri, yöndəmsiz insan” mənasında kalantor) məlamilər arasında ortaya çıxan, 3-5 nəfərlik dərviş qrupları halında yarı çılpaq dolaşan, dilənərək gündəlik yemək ehtiyaclarını qarşılayan, bədənlərindəki bütün tükləri kəsən, güclü cəzbəyə sahib, möcüzələr göstərən mistiklər idilər. Davranış və həyat tərzləri buddist və manixeistlərə oxyayırdı. X əsrdə ortaya çıxsada, Cənubi Azərbaycanın Savə bölgəsində dünyaya gələn Cəmaləddin Yusif Savi (1232/33-cü ildə vəfat edib) tərəfindən təriqət formasına salınmışdır. Cəmaləddin Savi Şeyx Osman Ruminin mürüdü ikən onu tərk edib Şamdakı Bilal Həbəşi qəbristanlıqlarda yaşamağa başlamış və insanlardan gizlənmişdir. Əyninə “cavlak” deyilən yundan əba geyən, heç bir şəriət qanununa əməl etməyən “ibaha” hesab edilirdi. Əyinlərinə geyindikləri əbaya görə onları cavlakilər də deyilirdi (29a).

Fərqanədən Tunisə qədər bütün İslam coğrafiyasında yayılan qələndərilər hər yerdə və hər dövrdə insanlardan hörmət və ehtiram görmüş və müqəddəs insanlar hesab edilmişdilər. Onlar xəstələri sağaldır, şəfa verir, duaları ilə insanların dərdlərinə çarə axtarır və güclü cəzbəyə sahib idilər. Səfəvi, Osmanlı, Teymurlu ölkələrində onlara aid dərgahlar (qələndərxanələr) mövcud idi. İslamın türklər arasında yayılmasında qələndərlərin böyük rolu olmuşdur. Təsəvvüf mənbələrində bəhs edilən “abdallar” bunlar idi. Osmanlı fəthlərində orduların başında gedən abdallar, dəlilər dəstəsi onlardan meydana gəlirdi. Osmanlı mənbələrində onları igidlikləri və möcüzələri haqqında saysız məlumat verilir.

Xorasan məlami məktəbindən çıxan bir başqa cərəyan isə yəsəvilik idi. Əhməd Yəsəvi (1167-ci ildə vəfat edib) tərəfindən yaradılan yəsəvilik təriqəti türklərin müsəlmanlaşma prosesində böyük rol oynamışdır. Əhməd Yəsəvinin şeyxi isə Həmədanlı məlami dərvişi Xacə Yusif Həmədani (1140-cı ildə vəfat edib) olmuşdur.

Yəsəvilik ilə qələndəriliyin sintezindən yaranan heydərilik təriqətinin banisi isə Qütbəddin Heydər (1221-ci ildə vəfat edib) idi. Türklər arasında ən geniş yayılmış təriqətlərdən olub, monqol istilasına qədər Orta Asiya, Xorasan və Azərbaycanda böyük nüfuza malik idilər. XIII əsrdən etibarən Anadoluda yayılmağa başlayan heydərilər qələndərilər ilə eyni inanc və həyat tərzinə sahib idilər. Səfəvilik təriqəti bir növ heydəriliyin sonrakı forması idi. Şah İsmayılda istifadə etdiyi qulaqlarına həlqə və ya sırğa vurmaq adəti heydərilikdən irəli gəlirdi. Türkiyə Səlcuqlu dövlətinin paytaxtı Konyada Hacı Mübarək adlı heydəri dərvişinin dərgahı vardı. Mövlana Cəlaləddin Rumi yə dərindən təsir göstərən bu heydəri şeyxinin yaxın dostlarından biri də Şeyx Məhəmməd Heydəri olmuşdur. Bağbanlıqla məşğul olan həmin şeyx kəramətləri ilə məşhur idi (29b).

Babilərin birinci dərəcədən bağlı olduqları təriqət isə vəfailikdir. “Ariflərin tacı” (Tacül-arifin) adlanan Əbul Vəfa (1020-1100) tərəfindən yaranan vəfailik təriqəti özündən sonra bütün təriqətlərə təsir etmişdir. “Osmanlı tarixi” haqqında ilk əsərin müəllifi olan Aşıqpaşazadə özünün Baba İlyasın nəvəsi olduğunu qeyd edərkən, babası İlyası da türkmən şeyxlərindən Əbul Vəfanın xəlifələrindən olduğunu yazır (29c). Vəfailik Azərbaycan, İraq, Suriya və Anadolu türkləri arasında geniş yayılmışdır (31). Anadoluda Səfəvi şeyxlərinin apardıqları dini təbliğatlar əsasən vəfailər tərəfindən dəstəklənmişdir. Şah İsmayılın Anadoludakı xəlifələrinin çoxu vəfai idi. Bu gün də Şərqi Anadoludakı ələvi dədələrinin əlindəki şəcərələrin çoxu vəfai şeyxlərinə gedib çıxır (32).

Adları qeyd edilən qələndəri, heydəri, yəsəvi, vəfai təriqətlərin ana bazasını məlami və ya məlamətilik təşkil edirdi. Xorasanda ortaya çıxan, xüsusilə türklər arasında geniş yayılan və Türk İslamının formalaşmasında aparıcı rol oynayan məlamilik özündən sonra formalaşan bütün təriqətlərin anası hesab olunur. Səfəvilər ailəsi də Firuzşah qolundan məlamilərə gedib çıxır.

Babailər üsyanı və sonu

Üsyan sırasında babai üsyançıların toplam sayının 4000-6000 olduğunu qeyd edilir (33).

Mənakıbnamələrə görə Baba İshaq Kəfərsudda qeyb olub, bir müddət sonra Amasyada zühur etmişdir. O, Amasya kəndlərinin birində çobanlıq edərkən öz dini təbliğatını türklər arasında yayırdı. Qısa müddətdə başına çox sayda türkmən toplaşdı. Bundan sonra Baba İshaq Türkiyə Səlcuqlu “sultanının Allahın yolundan çıxdığını” iddia edərək yanındakıları üsyana vadar etmişdir. Bunun üzərinə türkmənlər mallarını satıb silah və at almağa başladılar. Yaranan üsyançılar ordusu az zamanda Sümeysat, Kaxta, Xısn-ı Məsuru (indiki Adyaman) ələ keçirdilər.

Türkiyə Səlcuqlu sultanı Qiyasəddinin əmri ilə Malatya hakimi Müzəffərəddin Əlişir ordusu ilə üsyançılara qarşı hərəkət etsə də məğlub olub qaçmaq məcburiyyətində qaldı. Amma təzədən ordu toplayıb babailərin üzərinə yeridi, lakin yenə məğlub oldu. Əldə etdikləri qələbələrlə gücləri və əhval ruhiyyələri artan babailər Sivasa doğru hərəkətə keçdilər.

Sivas xalqı onlara müqavimət göstərincə babailər Amasya doğru hərəkət etdilər. Özünü “peygəmbər” elan edən və Baba Rəsul adını alan İshaqın ətrafında çox sayda insan toplanmışdı.

Üsyanın sürətlə yayıldığını və geniş kütlələri özünə cəlb etdiyini görən sultan II Qiyasəddin təcili Mübarizəddin Ərmağanşah başçılığında bir ordunu onların üzərinə göndərdi. Üsyançılardan əvvəl Amasya gələn Ərmağanşah burada Baba İshaqı əl keçirib edam etdirdi. Amma bu üsyanın daha da böyüməsinə səbəb oldu.  Baba İshaqın ölmədiyini, “peyğəmbərin” qeyb olduğunu, göyə çəkilib “Allahdan kömək gətirəcəyini” deyən üsyançılar “Baba Rəsul və Baba Rəsul Allah” şəklində şüarlar səsləndirərək Ərmağanşahın ordusuna hücum edib onu öldürdülər və sultanın ordusunu darmadağın etdilər. Daha sonra da Türkiyə Səlcuqlu dövlətinin paytaxtı Konya üzərinə hərəkətə keçən babailər Qırşəhərin Malya ovasında frank, qıpçaq, gürcü muzdlu əskərlərindən ibarət 60.000 nəfərlik Səlcuqlu ordusu ilə qarşılaşdılar. Meydana gələn döyüş nəticəsində Səlcuqlu ordusu babailəri qılıncdan keçirdi (1240-cı il) (34).

Beləcə, babailər üsyanı qanlı şəkildə yatırıldı. Amma bu hərəkatı türklər arasında yaranan siyasi-sosial və dini cərəyanların bazasına çevrildi. Anadolu ələvi-bektaşi, Azərbaycanda hürufilikqızılbaşlıq inanclarının formalaşmasında böyük təsir yaratdı.

Şeyx Ədəbalı:

Baba İlyasın xəlifəsi və Osman Bəyin qaynatası

Osmanlı dövlətinin banisi olan Osman Bəy babayi şeyxi Baba İlyasın xəlifəsi Şeyx Ədəbalının qızı Mal Xatun ilə evlənmişdir. Osmanlı dövlətinin yaranmasında Şeyx Ədəbalı böyük rol oynamışdır. Osmanlı sülaləsinin Şeyx Ədəbalı vasitəsilə qızılbaş kimliyinə bağlanması olduqca maraqlı faktdır.

Müasir Osmanlı tarixçiləri Şeyx Ədəbalının əxi olduğunu tarixçi Nəşrinin onun qardaşı Şəmsəddini əxi rəisi olaraq göstərməsinə istinadən iddia edirlər. Halbuki, həm zaman etibarilə, həm də ailə ilə olan yaxınlığı səbəbindən Əlvan Çələbi, Ədəbalını babayi mənsubu olaraq təqdim etməklə qalmayıb, onu adını Baba İlyasın xəlifələri arasında  qeyd edərək, Hacı Bektaş Vəli ilə birlikdə “sultanın tacını gözə almayan”lardan hesab etmişdir. Bu məlumat, həm Şeyx Ədəbalının, həm də Hacı Bektaş Vəlinin babayi üsyanında iştirak etmədikləri mənasına gəlir (35). Bunu Süleymaniyyə kitabxanasında saxlanan “Əbul-Vəfa Mənakıbnaməsi”nin tərcüməsində yer alan məlumatlar da təsdiq edir. Bu əsərdə hətta Şeyx Ədəbalı vəfai təriqətinə mənsub xəlifələr arasında göstərilib (35a).

Belə ki, Mehmet Nəşri də özünün “Kitabi-cihannüma” adlı əsərində Ədəbalının deyil qardaşının əxi olduğunu yazır: “Ədəbalı dedekləri əzizin bir qarındaşı var idi. Adına Əxi Şəmsəddin derlərdi” (35b).

Bütün Osmanlı mənbələri Ədəbalıdan böyük ehtiram və hörmətlə bəhs edirlər. Müəllifi naməlum “Təvarixi-ali-Osman” əsərində delə deyilir: “Məgər Osmanın xalqı arasında bir əziz şeyx var idi, adına Ədəbalı derlərdə. Dünyası binihayətdə idi, amma dərviş surətini tutardı. Hətta dərviş deyə mülakkab olub bir zaviyə (dərgah) bünyad etmişdi” (35c). Şeyx Ədəbalının nəvəsi Mehmetin adı “Osmanlı Xudavəndigar livası təhrir dəftərləri”ndə də qeyd edilir. Mehmet Nəşri də şeyx haqqındakı məluamtları həmin şəxsdən aldığını yazır. Bütün bunlar Şeyx Ədəbalının tarixi şəxsiyyət olduğunu və babayi mənsubu vəfai təriqətinə bağlı olduğunu təsdiq edir.

Mənbələrdə Şeyx Ədəbalının 120 il yaşadığı və 1326-cı ildə vəfat etdiyi qeyd edilir. Bu hesabla onun 1206-cı ildə dünyaya gəldiyi və babailik üsyanı zamanı 34 yaşında olduğu aydın olur. Ədəbalı babayi üsyanından sonra Konyaya gəlib, 1277-ci ildə burada bir dərgah açmışdır. Bir müddətdən sonra o, Osmanlı dövlətinin ilk mərkəzi Soyüdə gəlmiş və Biləcikdə başqa bir dərgah açmışdır. Aşıkpaşazadə, Nəşri, Məcdi və İbn Kəmal kimi ilk dövr Osmanlı tarixçiləri şeyxin böyük sərvətə sahib olduğunu və bunu dərgaha xərclədiyini yazırlar. “əş-Şəkayiki ən-numaniyyə” adlı əsərdə Ədəbalı Osman Bəyin hər məsələdə müraciət etdiyi “baş danışmanı” kimi təqdim olunur.

Osmanlı tarixinin ən böyük hadisəsi bəzi müəlliflərə görə Ərtoğrulun, bəzi mənbələrə görə də Osman Qazinin gördüyü yuxu məsələsidir. Bu yuxu türk dövlətçilik sisteminə (kut anlayışı) əsasən Osmanlıların hakimiyyətinin də əsasını təşkil edir. Rəvayətə görə, Ərtoğrul (və ya Osman Qazi) yuxusunda sinəsindən bir ağacın çıxdığını və başının göyə dəydiyini görmüşdür. O, bu yuxusunu Şeyx Ədəbalıya danışmış, şeyx də “cahan hakimiyyətinin ona və onun övladlarına verildiyini” xəbər vermişdir (36). Qədim türk inanc sistemində hakimiyyət Tanrı tərəfindən kimə verilmişsə onun hökmdarlığı ilahi əsaslıdır. Başda Səlcuqlular olmaqla bir çox türk dövlətinin ilk nümayəndələri belə yuxular görmüşdülər. Ərtoğrul və ya Osmanın gördüyü bu yuxu onlara Tanrı tərəfindən hakimiyyətin verildiyi mənasına gəlirdi ki, bu da babayi mənsubu və vəfai şeyxi Ədəbalı tərəfindən öz təsdiqini tapmışdır. Bu yuxu hadisəsindən sonra Ədəbalı öz qızını Osman Bəyə vermişdir (37).

Osman Bəyin Şeyx Ədəbalı ilə qohumluğu Osmanlı dövlətinə böyük şöhrət qazandırmışdır. Qələndəri, babai, vəfai, heydəri dərvişlərinin Osmanlı ordusundakı fəaliyyətlərində bu qohumluğun böyük təsiri olmuşdur.

Maraqlı cəhətdir ki, Osmanlı tarixində böyük rol oynamış dərviş və şeyxlərin də çoxu babayiliyə mənsub olublar. Sarı Saltuq Baba, Barak Baba, Aybək Baba, Baba Mərəndi (Azərbaycanın Mərənd bölgəsindən idi), Tapdık Baba, Şeyx Süleyman Türkməni babai şeyxləri və dərvişləri olduğu kimi, Osmanlı dövlətinin formalaşmasında misilsiz rol oynayan Abdalani-Rum (Anadolu abdalları, xüsusilə Geyikli Baba, Abdal Musa, Kumral Baba və Abdal Murad) dərvişləri də ikinci nəsil babai şeyxləri hesab olunurlar. Bu da Osmanlılar ilə Səfəvilərin eyni kökdən qidalandığını təsdiq edir (38).

 

Qeydlər

(1). A.Y.Ocaq monqollardan qaçıb gələnlərin təxminən 1 milyon olduğunu qeyd edir. Ona görə gələnlər əsasən oğuzlar, qıpçaqlar, xələclər, qanqlılar, qarluqlar, uyqur türklərindən ibarətdi. Bax. Ocak A. Y, Babailer İsyanı (Aleviliğin Tarihsel Altyapısı), İstanbul 1996 (2.bsk), s. 57-58.

(1a). Əkbər N.Nəcəf, İnanc yaddaşı (köklər və tarixlər), Bakı 2014, s. 305-329.

(2). Sümer F, “Anadolu’da Moğollar”, Selçuklu Araştırmaları Dergisi I, 1969, Ankara 1970, s. 4; Hüseynof R, “XI-XII yüzyıllarda Önasya’da askeri-feodalite müessesesi – uclar”, VIII. Türk Tarih Kurultayı, Ankara 1981, c. II.

(3). Mənbələr onları “qonaq-köçən”, “qonar köçər”, “qonub-köçən” adı ilə tanıdırlar ki, bu həmin türklərin əsasən köçəri həyat tərzi yaşadıqlarını deməyə əsas verir. Bax. Ocak, Babailer, s. 55-61.

(4). A.Y.Ocaq, bu dövrdə Anadoluya iki böyük türk köçünün gəldiyini qeyd edir. Birinci köç, XIII əsrin əvvəllərində Qarakitayların Türkistanda Qaraxanlı torpaqlarını ələ keçirməsindən sonra meydana gəlmişdir. Bunların arasında Qarluq, Xələc, Qıpçaq və Oğuzlar üstünlük təşkil edirdilər. İkinci köç isə Monqol hücümuyla birlikdə başlamışdır. Bax. Ocak, Babailer, s. 56-57.

(5). O.Turan, bunları əsasında tamamilə şaman inancına sahib olduqlarını, İslam dini haqqında məlumatlarının azlığını, Anadoluya gəldikdən sonrada buradakı şiələr, ismaililər, mani və xristiyan xalqlarla birlikdə pavlaki (paulicien/pavlakiler) deyilən daha qədim dini qurublarla əlaqəyə girdiklərini yazmaqdadır. Bax. Turan O, Selçuklular Zamanında Türkiye, Siyasi Tarih, Alp Arslan’dan Osman Gazi’ye (1071-1318), İstanbul 1971, 1993 (3-cü nşr), s. 421.

(6). Turan, Selçuklular Zamanında Türkiye, s. 421.

(7). Babailər üsyanı haqqında geniş məlumat üçün bax. Ocak, Babailer; Köprülü M. F, Anadolu’da İslamiyet, Ankara 2005, s. 40-42; İrene Beldiceanu Steinherr, “1240 Babai Ayaklanması”, Yol Dergisi, Sayı 4; Turan, Selçuklular Zamanında Türkiye, s. 420-427.

(8). Rus tarixçisi Qordlevskiy üsyanı ancaq iqtisadi səbəblərə bağlamışdır. Bax. Gordlevski, Anadolu Selçuklu Devleti, çev. A. Yaran, Ankara 1988, s. 180-181.

(9). Ocak, Babailer, s. 37.

(10). Eyni əsər, s. 39-40.

(11). Eyni əsər, s. 41-44.

(12). Ocak A.Y, Alevi ve Bektaşi İnançlarının İslam Öncesi Temelleri, s. İstanbul 2003 (4-cü nşr), s. 70-73.

(13).  “Türklər arasında təsəvvüf cərəyanlarıı gücləndikdən sonra Türk şeyxlərinə bab, babaata ləqəbləri verilməyə başlandı. Bu böyük Türk sufiləri xalqın nəzərində qədim türk qamları kimi qəbul edilirdilər” (Köprülü M. F, İslam ve Türk Hukuk Tarihi Araştırmaları ve Vakıf Müessesesi, Ankara 2005, s. 126). “Köhnə ozanların yerini atabab adlanan dərvişlər aldı: Həzrəti peygəmbərin səhabələrindən olduğu iddia edilən Arslan Bab ilə, mənqibəyə görə İslam dinini anlamaq məqsədi ilə Türküstandan Cəzirətül-ərəbə gedib Əbu Bəkrlə görüşərək İslamı qəbul edən ozanlardan Qorqut Ata, Çoban Ata onların yaddaşında yaşayırdı” (Köprülü, M. F, Türk Edebiyatında İlk Mutasavvıflar, Ankara 2007 (10-cu nşr), s. 50). “Baba kəliməsi təsəvvüfi mənasında Səlcuqlular dövründən başlayaraq tarix mənbələrində qeyd edilir. Sultan Toğrul Bəy Həmədana gəldiyi vaxt burada Baba Cəfər və Baba Tahir adlı iki sufi ilə qarşılaşmış, xüsusilə Baba Tahirin verdiyi nəsihətlərə qulaq asaraq, onun xeyir-duasını almışdı. Bu dövrdən etibarən Əcəm, daha sonra Anadolu və Rumelində (Balkanlarda) baba ləqəbini daşıyan çox sayda məczuplara, şeyxlərə və sufi şairlərə rast gəlirik. Baba adını daşıyan sufilər xüsusilə XII əsrdən etibarən Cənubi Azərbaycanda və Təbrizdə yaşayırdılar. Baba Həsən Surhabi, Baba Əhməd, Baba Fərəc, Baba Çoban Maraği, Baba Qulu Ərdəbili, Baba Talib Türk və s. “Rövzət əs-cənnə”t müəllifinin və “Saadətnamə” əsərinin müəllifi Mahmud Şəbüstəri, Şeyx Surablı Baba Həsənin (hiciri 610-cı ildə vəfat edib) yanında 72 baba olduğunu qeyd edərək onların adlarını çəkmişdir ki, bunların da çoğu türk idi” (Köprülü M. F, Baba mad., İA, c. II, s. 165).

(14) Ocak, Babailer, s. 46.

(15). XVI əsrdə Anadolu haqqında məlumat verən Elxanlı dövrü tarixçisi Zəkəriyya Məhəmməd Qəzvini, Sivas və ətrafındakı məscidlərin boş olduğunu və türkmənlərin namaz qılmadıqlarını yazır. Bu məlumat, onların İslam dini ilə olan bağlarını ortaya çıxardır. Bax. Zəkəriyya Məhəmməd Qəzvini, Asar əl-bilad və Axbar əl-İbad, Beyrut 1960, s. 537.

(16). Ocak, Babailer, s. 49.

(17). Eyni əsər, s. 50.

(18). Eyni yer.

(19). Eyni əsər, s. 50-51.

(20). Eyni əsər, s. 62.

(21). Bu mistik düşüncə daha sonra hürufiliksəfəfilik cərəyanlarında da əsas təşkil etmişdir. Bax. Melikoff İ., Uyur İdik Uyardılar (Alevi-Bektaşilik Araştırmaları), Fransızcadan türkçəyə tərcümə edən T.Alptekin, İstanbul 1994, s. 132.

(22). Ocak, Babailer, s. 87-94.

(23). Əlvan Çələbiyə görə, Baba İlyas Dədə Qarqın ilə həm üz-üzə, həm də yanında 400 xəlifəsi (mürüd) olduğu halda görüşmüş və onu Rumu “irşad” etməklə vəzifələndirmişdir. Bax. Elvan Çelebi, Menakibu’l-Kudsiyye fi Menasıbı’l-Unsiyye(Baba İlyas-i Horasani ve Sülalesinin Menkibevi  Tarihi), Yayına Hazırlayan: A.Y.Ocak – İ.E.Erünsal, İstanbul 1984, beyit: 148, 154, 199-206. Aksüt H, Anadolu Aleviliğinin Sosyal ve Coğrafi Kökenleri, Ankara 2002, s. 56-62; Erpolat M. S, XVI Yüzyılda Diyarbekir Beylerbeyliğindeki Yer İsimleri, Basılmamış Doktora Tezi, Konya 1999, s. 142

(24). Ocak, Babailer, s. 96-98.

(25). Eyni əsər, s. 107.

(26). Baba İlyasın görüşlərində yer alan digər təsirlər üçün bax. Eyni əsər, s. 107-114.

(27). Əlvan Çələbi (Menakib, beyit: 1644) onu “Baba İshaq Şami”, İbn Bibi (İbn Bibi, el-Evamir el-Alâiyye fi’l-umûr el-Alâiyye, A. Erzi nşr, Ankara 1956 (Tıpkıbasım), s. 49) “Baba İshaq Xarici” olaraq adlandırarkən, Əbü’l-Fərəcə görə (Gregorius Abu`l-Farac (Barhebraeus, İbnü`l-İbri), Ebu’l-Farac Tarihi, Türkçe çeviren Ö.R.Doğrul, Ankara 1950, c. II, s. 540), o, Amasyadakı Papa (Baba İlyas) tərəfindən Rum diyarı sərhəddindəki Xısn-i Mənsurdan gəlmişdir.

(28). Ocak, Babailer, s. 122-124.

(29). Sümer F, “Ağaç-Eriler”, Belleten, c. XXVI, Sayı: 103, s. 521-528.

(29a). Cəmaləddin Yusif Savinin mənakıbnaməsi günümüzə qədər gəlib çatıb. Bax. Hatib-i Farisi, Menakib-i Cemal al-Din-i Savi, nrş., Tahsin Yazıcı, Ankara 1972.

(29b). Hacı Bektaş Vəliyə aid “Vilayətnamə” adlı əsərdə heydəriliyin banisi Qütbəddin Heydərin Əhməd Yəsəvinin “nəfəs övladı” olduğu qeyd edilərək aralarındakı güclü bağa diqqət çəkilir. Bax. Menakıb-i Hunkar Hacı Bektaş-i Veli, A.Gölpınarlı nrş., İstanbul 1958, s. 9.

(29c). Aşıkpaşazade, Aşıkpaşazade Tarihi, Ali Beğ nşr., İstanbul 1332, s. 46.

(30). Elvan Çelebi, Menakıb, beyit: 776, 810.

(31). Tacül-Arifin Əbul Vəfanın mənakıbnaməsinin üç nüsxəsi mövcuddur. Bu əlyazmalardan ikisi Süleyamniyyə kitabxanasında, biri isə İstanbul Universiteti kitabxanasında qorunur. Bax. Menakıb-i Tacu`l-Arifin, Süleymaniyyə Kitabxanası, Ayasofya Kitablığı No: 2104.

(32). Elvan Çelebi, Menakib, s. 26-27.

(33). Ocak, Babailer İsyanı, s. 134.

(34). Ebu’l-Farac, Ebu’l-Farac Tarihi, II, s. 539-540; İbn Bibi, el-Evamirül, s. 498-504; Turan, Selçuklular Zamanında Türkiye, s. 423; Ocak, Babailer İsyanı, s. 134 vəd.

(35). Elvan Çelebi, Menakıb, vərəq 113b.

(35a). Tərcümə-yi Mənakıb-i Seyyid Ənu`l-Vəfa, Süleymaniyyə Kitabxanası, Murad Bahari kitablığı, No: 257, vr. 1a.

(35b). Mehmet Neşri, Kitab-i Cihannüma, ed. by F.Taeschner, Leipzig 1951-1955, c. I, s. 26.

(35c). Anonim Tevarih-i Al-i Osman, İstanbul Universiteti Kitabxanası, No: 2438, vr. 29b.

(36). Oruc Bəyə görə, yuxunu Osmanın atası Ərtoğrul Qazi görüb (Oruc Bey, Tevarih-i Al-i Osman, F.Babinger nşr., Hannover 1925, s. 8-9). Aşıkpaşazadə isə yuxunu Osman Bəyin gördüyünü yazır (Tevarih-i Al-i Osman, F.Giese nşr., Leipzig 1929, s. 8).

(37). Mənbələrdə bu qadının adı Mal Xatun, Mala Xatun, Rəbiə Xatun olaraq qeyd edilri (Tevarih-i Al-i Osman, Babinger nşr., s. 8-9; İmber C., “The ottoman dynastic mythe”, Turcica, XIX, 1987, s. 16-20).

(38). Bütün bu faktları əsas alan A.Y.Ocak bu nəticəyə gəlmişdir: “XIII əsr Mərkəzi Anadoluda böyük bir xalq hərəkatında (Babailər üsyanında) aparıcı rol oynayan Vəfailik təriqəti sadəcə Osmanlı dövlətinin yaranmasında deyil, sonrakı əsrlərdə Səfəvi təbliğatının yayıldığı dönəmdə də diqqət mərkəzində olmuşdur” (bax. Babailer, s. 173).