BÜTÖV AZƏRBAYCAN OCAQLARI
VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI

23:11 / 15-11-2017   /   baxış - 198

ZABIL BAYRAMLI

BDU-nun "Azərbaycan tarixi (təbiət fakültələri üzrə)"

kafedrasının professoru. T.ü.e.d

 

E-mail: zabil_bayramli@mail.ru

 

VƏLİQULU BİN DAVUDQULU ŞAMLININ “QİSƏSÜL-XAQANİ” ƏSƏRI VƏ ƏSƏRDƏ TƏSVİR EDİLƏN XVII ƏSR ƏDƏBİ MÜHİTİNƏ QISA BİR BAXIŞ

Səfəvi sülaləsinin hakimiyyətə gəlməsi ilə mədəniyyətimiz öz inkişafında yeni bir mərhələyə – çiçəklənmə, yüksəliş mərhələsinə daxil olur. Azərbaycan türk dili dövlət, saray, diplomatiya, Səfəvi imperiyası tərkibindəki xalqların ünsiyyət dilinə çevrilərək xalq dili çeşməsində qidalanıb zənginləşmiş, xalq şeiri və klassik poeziya dili kimi daha da dolğunlaşmışdır. Artıq bu mərhələdə bir çox rəsmi sənədlər, xüsusilə əcnəbi dövlət başçılarına göndərilən məktublar da türk dilində yazılırdı. Dövlət, saray və orduya aid bir çox terminlər həm şifahi danışıqda, həm də yazılı ədəbiyyatlarda Azərbaycan türk dili ilə ifadə edilirdi: qaravul, çərik, yaraq, yurt, tüfəngçi, tüfənkçibaşı, topçu, topçubaş, qorçu, qorçubaşı, onbaşı, yüzbaşı, bəy, bəylərbəyi, sursat, eşikağası, eşikağası-başı, divanbəyi və s. (1, s. 121). Səfəvilər dövründə fars və ərəb dilində yazılan tarixi əsərlərdə Azərbaycan türk dilinin örnəklərindən istifadə edilməsinin bir qaydaya çevrilməsi, sözsüz ki, türk dili sözlüyündən bir çox ifadələrin Yaxın və Orta Şərqdə əskidən bəri termin statusu qazanmasından irəli gəlirdi. Türklər qədim və zəngin dövlətçilik ənənəsinə sahib olmaqla Şərqin digər xalqlarının dillərinə, kültürlərinə ciddi təsir göstərmişdilər.

XVI-XVII əsrlərdə Həsən bəy Rumlu, Isgəndər bəy Münşi Türkman, Budaq Qəzvini, Qazi Əhməd Qumi, Məhəmməd Tahir Vəhid, Məhəmməd Yusif Qəzvini, Vəliqulu bəy Şamlı kimi görkəmli Azərbaycan tarixçiləri də fars dilində yazdıqları tarixi əsərlərində saysız-hesabsız türk sözləri işlətmiş, təzkirələrində dövrün Azərbaycan şairlərinin tərcümeyi-halı, doğma türk dilində yazdıqları şeirlərindən örnəklər də vermişdilər.

XVII əsrin məşhur Azərbaycan tarixçisi  Vəliqulu bəy h.1035 (1625-26)-cı ildə Heratda anadan olmuşdu. Atası Hacı Davudqulu Heratda türkmən Şamlı elinin tanınan şəxsiyyətlərindən olub uzun müddət kətxuda vəzifəsində çalışmış və Həcc ziyarətindən qayıdarkən Mədinə şəhərində vəfat etmişdi. Mirzə Tahir Nəsrabadi hicri 1073-cü ildə Isfahanda yazdığı təzkirəsində qeyd edir ki, Vəliqulu bəy çox bacarıqlı və məşhur bir gənc olub ona yaxın və uzaq olan bütün türk və taciklər tərəfindən sevilirdi (2, müqəddimə, s.12). 

O gənc yaşlarında Sistana getmiş, burada Sistan valisi Məlik Nüsrət xanın diqqətini özünə cəlb etmiş və vilayətin maliyyə idarəsində mustoufi vəzifəsi ona tapşırılmışdı. Vəliqulu bəy bir neçə ildən sonra Sistandan Qəndəhara yola düşür. Bu zaman Qəndəhar hakimi olan Otar xan (Zülfüqar xan) onu nazir-i biyutat vəzifəsinə təyin edir (2, müqəddimə, s 12). Lakin h. 1073 (m.1662-63)-cü ildə Qəndəharın yeni hakimi Mənsur xan onu tutduğu vəzifədən azad etmişdi. Davudqulu bəy Şamlı elə bu vaxtdan, yəni otuz səkkiz yaşında əsərini yazmağa başlamış və adını «Qisəsül-xaqani» qoymuşdur (3, s.894; 2, müqəddimə s.11). Onun vəfat tarixi haqqında məlumat yoxdur.

Vəliqulu bin Davudqulu Şamlının «Qisəsül-xaqani» adlı əsərinin Avropa və Asiya ölkələrinin müxtəlif arxivlərində, muzeylərində, kitab fondlarında xeyli sayda əlyazma nüsxəsi vardır. İran tarixçisi doktor Seyid Həsən Sadat Nasiri bu əlyazma nüsxələrindən yeddisini kəlmə-kəlmə, hərf-hərf araşdırıb təshih edərək mənbənin elmi-tənqidi mətnini hazırlamışdır. O, əsərin mükəmməl variantını ərsəyə gətirib h.1371-ci ildə 3330 tirajla çap etdirmişdir.

Doktor Seyid Həsən Sadat Nasirinin özünün qeyd etdiyi kimi, istifadə etdiyi əlyazma nüsxələrindən ən mükəmməli Tehran Milli Kitabxanasında saxlanılan nüsxədir. Səlis nəstəliq xətti ilə yazılmış əlyazma nüsxəsi 374 vərəqdən ibarət olub hər səhifəsində 21 sətir vardır. Əlyazma əvəllər mərhum Məhəmməd Həsən xan Sənieddövlərin şəxsi kitabxanasına aid olmuş və sonra Məşhəddə Iman Rza (ə.) türbəsinin kitabxanasına verilmiş və oradan da Tehran Milli Kitabxanasına gətirilmişdir. Tarixçi  «Qisəsül-xaqani» çapa hazırlayarkən əsasən bu nüsxəyə istinad etmişdir. Mənbəyə yazdığı müqəddimədə mənbənin əlyazma nüsxələri, onun müəllifinin bioqrafiyası, mənbənin elmi əhəmiyyətini ətraflı işıqlandırmışdır.

Vəliqulu bin Davudqulu Şamlının «Qisəsül-xaqanı» adlı əsəri dibaçə (giriş), üç fəsil və üç təzkirəni əhatə edən xatimədən (sonluq) ibarət olub, I Şah Səfiyə qədər Səfəvilərin müxtəsər tarixi, I Şah Səfi dövrü (1629-1642), II Şah Abbasın andan olmasından (14 camadiossanı 1042), onun vəfatına (28 rəbioləvvəl 1077) kimi Səfəvilərin müfəssəl tarixi haqqında qiymətli mənbədir.

Əsərin müqəddiməsində əlahəzrət Sahibiqranın (II Şah Abbas) nəslinin ucaldığına xitab edilir. Birinci fəsildə Səfəvilərin soy şəcərəsi  qeyd edilir və Firuzşah Zərringülahdan Şah Ismayıla qədər Səfəvilərin əcdadları barədə qısa məlumat verilir. Ikinci fəsildə isə I Şah Ismayılın hakimiyyətə keçməsindən I Şah Səfinin hakimiyyətinin sonuna qədər Səfəvi tarixindən bəhs edilir. Üçüncü fəsil Sahibiqiran (II Şah Abbas) dövrü Səfəvi tarixini müfəssəl əhatə edir. Xatimə üç təzkirədən ibarət olub, Sahibqran dövründəki üləma, şair və dərvişlərdən bəhs edilir. Birinci təzkirədə 25 üləma, ikincidə 101 şair, üçüncüdə 19 dərviş haqqında məlumat verilmişdir (2,müqəddimə, s.8-11; 3, s.894).  

Vəliqulu bəyin əsərində təsvir etdiyi məsələlərin çoxu barədə yazdığı faktlar onun şahidi olduğu hadisələrə əsaslanır və gördükləri barədə verdiyi məlumatlardır. O cümlədən Səfəvi şahlarının bir çox fərmanları, hökmlər və dəsturoləməllər (təlimat) də əsərdə əks olunmuşdur. Onun zamanında bir çox binalar da inşa edilmişdir ki, bu binalar haqqında da məlumat verilir. Əsərdə I Şah Təhmasib tərəfindən Böyük Moğol hökmdarı Hümayunun yüksək səviyyədə qarşılaşması (1544) haqqında verdiyi göstəriş, I Şah Abbasın vəqfnaməsinin mətni və onun bütün əmlakını və o cümlədən Isfahandakı Şah hamamı, Qeysəriyyədəki dükanların da vəqf etməsi haqqında materiallar təsvir edilmişdir. Şah Abbas sanın inşa etdirdiyi binalar, Zayəndərud çayı üzərindəki körpü haqqında da məlumat verilir.

Səfəvilər dövrünün bir çox qaynaqları, o cümlədən Vəliqulu bəy Şamlının təzkirəsindəki zəngin materiallar göstərir ki, XVI-XVII yüzillərdə Azərbaycanda elm və mədəniyyət yüksək səviyyədə inkişaf etmiş milli özünüdərk, milli oyanış güclənərək yeni bir mərhələyə daxil olmuşdu. Bu yüzillər sənət zirvələrini fəth edən Şah Ismayıl Xətai, Məhəmməd Füzuli, Saib Təbrizi, Aşıq Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq kimi söz ustaları yetirmişdi. Onlar Azərbaycan poeziyasında klassik şeir və el sənətinin bayrağını uca göylərə qaldırmışdılar.  

Ancaq bu dövrdə Azərbaycan poeziyasının, Azərbaycan ədəbi türkcəsinin inkişafına baxmayaraq neçə-neçə sənətkarlarımızın həyatı, bədii yaradıcılığı müxtəlif səbəblərdən qaranlıqda qalmış, onların ömür səhifələri hələ də lazımınca öyrənilməmişdir. Belə sənətkarlarımızdan XVII əsrdə yaşamış Mirzə Saleh, Məlik bəy Avçı və Hacı Abbas bəy Təbrizini misal göstərmək olar. XVII əsrin Azərbaycan tarixçisi Vəliqulu bəy bin Davudqulu bəy Şamlının «Qisəsül-xaqani» adlı əsərində adları çəkilən şairlərin ömür yolu və türkcə yazdıqları şeirlərindən nümunə verilmişdir. Vəliqulu bəy Şamlı XVII əsrdə yaşamış, doğma Azərbaycan türkcəsində yazıb-yaratmış, ədəbi dilimizin inkişafında xidmətləri olmuş, Mirzə Salehin şəxsiyyəti haqqında qısa məlumat vermişdir. Tarixçinin yazdığından məlum olur ki, yüksək dərəcəli, bilikli və istedadlı Azərbaycan şairi, dövlət qulluqçusu Mirzə Salehi Təbriz şəhərində anadan olmuş, yaşa dolduqdan sonra Təbriz şəhərinin şeyxülislam vəzifəsində çalışmışdır. O, Məhəmməd Füzuli və Nəvai poeziyasından bəhrələnmiş və onların yaratdıqları ədəbi məktəbin davamçısı olaraq farsca və türkcə gözəl şeirlər yazmışdır. Vəliqulu bəy Şamlı şairin türkcə yazdığı şeirlərdən aşağıda qeyd edilən qəzəli kitabına daxil etmişdir.

Kimsə açmaz qapusi badisəbadan qeyri,

Tanınmaz kimsə məni, dərd o bəladan qeyri.

Xəlğ aləm nə, və kini nə, və mehri nə ola,

Saymənəm kimsəni mövcud Xodadan qeyri.

Hu çəkmişik ki, pər-pər aha düşsün əgər,

İseyi Məryəm içun ağız açsa yardımına

Çox cin-cinə olma mail,

Ey qönçə naz açıl, açıl.

Gər zərreyi aftab idər səng,

Əvvəl məni idər səng. (2, s.79-80)

 Vəliqulu bəy Şamlı görkəmli Azərbaycan şairi Məlik bəy Avçının həyatı haqqında qıssa məlumat verərək yazır ki, o, Füzuli təbində, söz mülkünün sahibi Nəvai kimi özünü göstərməyə çalışsa da, ancaq onların xəyal meracının astanasına çata bilmişdi:

Məlik nam o Molke soxən Melk ust.

Sokune del əz combeş kelk ust.

Tərcüməsi:

Məlik adlı söz mülkünün sahibi şah odur.

Ürəyin sakitliyi onun qələminin tərpənişindədir.

Vəliqulu bəy Şamlı xəzinəsində  Məlik bəy Avçının türkcə şeirlərindən aşağıdakı müxəmməs-müstəzadı örnək vermişdir:

Bir afət imiş eşq ki, sevdasına düşməq

Divanəliq istər,

Gəncin  deyub kuhuna, səhrasına düşməq

Viranəlik istər,

Qan ağlıyıban qorxulu dəryasına düşməq

Peymanəlik istər,

Odlara yanub Tur təmənnasına düşməq

Pərvanəliq istər,

Ey vay ki, müşkül işə düşdüm, niyə ey vay

Fəryadıma yet hay,

Nə vəslvə təskinəm nə hecrvə tabəm

Eşqinin sitəmindən,

Gündüz-gecə gözümdən uçub əncom kibi xabım

Əflak qəmindən,

Şamü səhər amade şəfəq tək mitabəm

Göz qanar sitəmindən,

Sənsiz nə deyim necə keçir hal xarabəm

Hicrinin ələmindən

Çeşmimdən axar çeşmə könlümdən axar çay

Ey nərgizi şəhla…

                   (2, c.II, s.133-134)

Məlik bəy Avçını elm aləminə təqdim edən və geniş oxucu kütləsinə tanıdan İstanbul Universitetinin professoru, türkoloq, “Azərbaycan yurd bilgisi” jurnalının naşiri (1932-1934) Əhməd Cəfəroğlu (1899-1975) olmuşdu. Bu barədə Ş.A.Həsənova “Mühacir irsimizdən səhifələr” adlı kitabında yazır: “Əhməd Cəfəroğlunun Azərbaycan ədəbiyyatı tarixinə bəxş etdiyi milli şairlərimizdən biri də XVII əsrdə yaşayıb-yaratmış Məlik bəy Avçı idi. Poeziyada Füzuli və Şah İsmayıl Xətai yaradıcılıq ənənələrini davam etdirirdi. Məlik bəy Avçı əsərlərini doğma Azərbaycan türkcəsi ilə qələmə almış və milli ədəbi dilin inkişafında müəyyən xidmət göstərmişdir. XVII əsr Azərbaycan ədəbiyyatının layiqli təmsilçilərindən biri olan şairin adı son dövrlərə qədər ədəbi tariximizdə bəlli deyildi... 1932-ci ildə “Azərbaycan yurd bilgisi tədqiqləri” seriyasında Əhməd Cəfəroğlunun “XVII əsr Azərbaycan şairi Məlik bəy Avçı” kitabçası İstanbulda Bürhanəddin mətbəəsində çap edilmişdir”. (4, s.116-117) Əhməd Cəfəroğlu Məlik bəy Avçının şeirlərini Almaniyada təhsil alarkən Berlin Dövlət kitabxanasının əlyazmalar xəzinəsindəki “Gəncinə” məcmuəsindən əldə edərək tədqiq etmişdir (4, s.117, 119, 121).

            Məlik bəy Avçının Azərbaycan türk dilində yazdığı iyirmi altı qəzəli və qeyd etdiyimiz müxəmməs-müstəzadı Paşa Kərimov və Məhəmmədəli Hüseyninin tərtib edib 2008-ci ildə çap etdirdikləri “XVII əsr Azərbaycanın lirikası” adlı əsərə daxil edilmişdir. Tərtibatçılar antologiyaya yazdıqları ön sözdə Məlik bəy Avçının şeirlərini Berlin Dövlət Kitabxanasının əlyazmalar xəzinəsində saxlanılan “Gəncinə” məcmuəsindən götürdüklərini qeyd etmişlər. (5, s.30, 267-282)

Vəliqulu bəy Şamlı əsərində Məlik bəy Avçı ilə müqayisədə «Kesvəti» təxəllüsü ilə türkcə şeirlər yazmış Hacı Abbas bəy Təbrizidən daha geniş bəhs etmişdir. Müəllif yazır ki, irfan ariflərindən olan Hacı Abbas bəy Seyid Əhməd bəy Türkmanın nəvəsi olub türk və fars dilində nəsr və nəzmlə əsərlər yazmışdır. O, gənc yaşlarında Təbriz vilayətinin hakimi Şahbəndə Xan Türkmanın (1616-1625) yanında hərbi xidmətdə olmuş, qulluqdan istefa verib Anadoluya getmiş xeyirxah dərvişlərlə o diyarı gəzdikdən sonra Beytülhərəmi ziyarət arzusu ilə Məkkeyi Moəzzəmə yola düşür. Bu səfərdən qayıtdıqdan sonra, artıq iyirmi dörd ildir ki, Isfanın cümə məscidində sakindir. Indi onun yaşı yetmişə yaxındır. O dərziliklə məşğul olub yaşamını  təmini etməklə, türk və fars dillərində şeir yazır. «Qisəsül-xaqani» də onun türkcə yazdığı şeirlərdən aşağıdakı örnək verilmişdir:

Biyabangərd səhrayi cununəm,təndə dağım var

Bənə divanə deyəllər, doğrudur, dağ üstə dağım var.

Nə bilsin sakin bəzminən o, ləng oftadələr halı

Sinəm bəzmindən ayrı, əldə bir qanlı ayağım var.

Səhər qəm, çaşt qəm, axşam qəm, cəmeətim  qəmdir.

Bu Gülzüm xater xandevar, səsim təmtərağım var

Könül quşu xəm zülfündə qafele aşyan dutmuş

Məkanı gərçi zülmətdir, yüzü tək şəbçirağım var.

Sərasər dəftər eşqindən səvadi Kesvəti gördü.

                                               Hezaran pərde-i fazel xedmətəm baxdıqca bağım var.

                                                      (2, c.II, s.134-136)

Vəliqulu bəy Şamlının “Qisəsül-xaqani” adlı əsəri ilk Səfəvi hökmdarların haqqında müxtəsər, II Şah Abbasın hakimiyyəti dövrünə aid dolğun məlumat verən nadir qaynaqlardan olsa da, bu vaxta qədər Azərbaycan Səfəvişünaslığında yetərincə araşdırılmamışdır. Müəllifin qeyd olunan əsəri və təzkirəsində XVII əsrin siyasi tarixi hadisələrinə, ədəbi irsimizə a id çox qiymətli materiallar vardır. Bu materialların ətraflı   tədqiqi siyasi tariximizə, ədəbi irsimizə yeni və dəyərli töhfələr bəxş edər.

 

Ədəbiyyat

1.         Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. Bakı: ADU nəşriyyatı, 1976, 155 s.

2.         Vəliqulu bin Davudqulu Şamlı. Qisəsül-xaqani. C.1-2., Təshih və padvərəği Seyid Həsən Sadat Naseri, Tehran, 1371

3.         Стори Ч. А. Персидская литература. Библиографический обзор. Перевод и дополнил: Ю. Э. Брегель, ч I – II – III. Москва: Наука, 1971, c. 99 - 698; 699 – 1314; 1315 – 1384   

4.         Həsənova Ş.A. Mühacirət irsimizdən səhifələr. Bakı: Maarif, 1995, 152 s.

 

ZABİL BAYRAMLİ

Prof. Dr. Baku State University

E-mail: zabil_bayramli@mail.ru 

 

A BRIEF OVERVIEW TO THE VALIQULU BIN DAVUDOGLU SHAMLU`S “GHISAS UL-KHAGANI” AND THE LITERARY LIFE OF XVII CENTURY WHICH IS DESCRIBING IN THIS WORK

Summary

The Paper studies literary life of Azerbaijan in XVII century, which is describing in the work of “Ghisas ul-Khagani” by Valiqulu bin Davudoglu Shamlu. The heritage of Valiqulu bin Davudoglu Shamlu and rhyme patterns, which is written in Azerbaijani Turkish language, were also included to the article. Different works belonging with this theme and primary resources were comprehensively analyzed together in this article.