BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qədim Təbriz şəhərinin maketi təqdim olunub - FOTO

20:54 / 10-03-2017   /   baxış - 61

Güney Azərbaycanın Təbriz şəhərində Tarixi Heydərzadə Evində Qədim Təbriz şəhərinin maketi təqdim olunub.

 

Bu barədə Nəbi-ye Əkrəm Ali Təhsil Müəssisəsinin rəisi məlumat verib.

 

“Ölçüsü 3x3 olan maket Qacar dövrünə aid sənədlərə əsasən hazırlanıb. Bu maket tarixi bazar, qala, şəhərin tarixi hasar və dərvazaları, hökumət evləri, Ərk Qalası və hasarın ətrafındakı xəndəkləri özündə əks etdirir”- deyə Məhəmmədrza Milani bildirib.

 

Onun sözlərinə görə, Nəbi-ye Əkrəm Ali Təhsil Müəssisəsinin öyrənciləri tərəfindən hazırlanan maket Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatına hədiyyə olunub.

 

Məlumata görə, “Qədim Təbriz” maketi Mədəni İrs Təşkilatının Qacar dövrünə aid muzeyində saxlanılacaq, maket bütün muzey ziyarətçilərinə təqdim olunacaq.

 

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin Nigerin paytaxtı Nyamidə keçirilən 9-cu konfransının ekspertlər iclasında Təbriz şəhəri 2018-ci il üçün İslam ölkələrinin nümunəvi turizm şəhəri seçilib. Bu məqsədlə Şərqi Azərbaycanda 2018-ci il üçün müxtəlif hazırlıq tədbirləri görülür, “Qədim Təbriz” maketinin hazırlanması da o cümlədəndir.

 

 

BAO.AZ