BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tatarlara səsləniş - Tural Turan

14:18 / 08-03-2017   /   baxış - 259

Bir laylanın min şivəsi olarmı?

Tatar elim, bir avaza köklənək.

Bir tutsaqda* min haqq səsi olarmı?

Gəlin, birgə ağ qopuza köklənək!

 

Urus kim ki, boynumuza qan hörür? –

Göy Tanrımız haqq-nahaqqı bax, görür…

Qul Şəriflər içimizdə püskürür,

Ordu quraq, ordumuza köklənək.

 

Baxın, o dünyadan salıb hay-haray;

Yenidən doğmaq istər Ğabdulla Tukay.

Azadlıq dediyin – qan-bulanıq çay,

Qol çırmayıb Tunamıza köklənək.

 

Bu nədir, tutsağıq illərdən bəri?!

Nə bərk yuxuladı, Xan İdilləri

Qırın zincirləri tatar türkləri –

Yolumuza, şanımıza köklənək!

 

Tatar eli, Azərbaycan hay verir,

Türkiyəmiz kaman verir, yay verir.

Qazax, qırğız haqq davana oy verir,

Tural deyir, yönümüzə köklənək!

 

Tural Turan

Yazar-Jurnalist

17 elat (may) 2016 – Bakı