BÜTÖV AZƏRBAYCAN OCAQLARI
SÖYLƏ, ŞAMAN... - Elşən İsmayıl

19:33 / 08-03-2017   /   baxış - 173

Sən, ey yerdən, sən, ey göydən

Xəbər verən Ulu Şaman,

Söylə mənə, xəbər varmı,

Qutlu Ruhdan, Göy Tanrıdan?...

 

Söylə, Şaman, xəbər varmı,

Turan eldən, Savalandan,

Təbrizimdən, Tehranımdan,

Xəbər varmı, Ağrı dağdan?...

 

Xəbər varmı, Doğu eldən,

Batı eldən, o dünyadan,

Bu dünyadan, xəbər varmı,

Qılqamışdan, Oğuz Xandan?...

 

Söylə, Şaman, dastanımdan,

Qavalımdan, qopuzumdan,

Qılıncımdan, qalxanımdan,

Xəbər varmı, toppuzumdan?...

 

Novruzumdan, bayramımdan,

Adətimdən, heç bir zaman

Pozulmayan, həp yaşayan

Törəmdən, söylə, Şaman...

 

Söylə, Şaman, nədən səndən

Soruşuram, keçmişimi

Taleyimi, çün sən, mənim

Yaşatmısan tariximi, kimliyimi...

 

Bu gün sənə mən soruram,

Özəyimi, Türklüyümü,

Minillərdir səninləyəm,

Səndə tapmışam özümü...

 

Söylə, Şaman, Elşən sənə

Daha nələr sorsun, denən.

“Bütöv Azərbaycan” denən  

Al bayraqlı Turan eldən?...

 

Elşən İsmayıl

Yazar

26 fevral 2017