BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Super Liqanın birinci və ikinci qalibi yarışlardan öncə seçilir” - Təbrizin “Şəhrdari” komandasının oyunçusu

14:03 / 11-02-2017   /   baxış - 69

İranda Güney Azərbaycanın voleybol klubları da futbol klubları, o cümlədən “Traxtur” komandası kimi resmi orqanların ayrı-seçkilik münasibəti ilə üzləşir.  

 

Son günlərdə Urmiyə və Təbrizin voleybol komandaları rəqibləri ilə qarşılaşmada ayrı-seçkilik faktları ilə üzləşib.

 

Məlum olduğu kimi, fevralın 8-də Tehranda bu şəhərin “Bank-i Sərmayə” və Təbrizin “Şəhrdari” komandaları Super Liqanın play-off mərhələsində qarşılaşdılar, qalmaqallı oyun 3:2 hesabı ilə paytaxt komandasının xeyirinə sona çatdı. Bu görüşdə hakimlərin ayrı-seçkiliyə yol verdiyi və birtərəfli mövqe tutduqları məlum olub.

 

“Artıq bu vəziyyətə mənim sözüm yoxdur. Bilmirəm çempion olmaq üçün biz necə oynamalıyıq! Belə bir qalmaqallı oyunda yenə də ancaq bizim oyunçulara kart göstərildi, rəqib komandanın oyunçularına isə hətta bir sarı kart belə göstərilmədi. Biz nə qədər çalışsaq da, heç bir nəticə əldə olunmayacaq, elə növbəti görüşdə də eyni vəziyyət təkrar olunacaq”- deyə Təbriz komandasının oyunçusu Əmir Hüseyni bildirib.

 

“Şəhrdari” komandasının oyunçusu əlavə edib ki, “mənim fikrimcə yarışlar başlamadan öncə kimin çempion olacağı elan olunmalıdır, qalan komandalar isə üçüncü pillədən sonranı düşünüb və onun üçün çalışmalıdılar.”

 

Ötən günlərdə isə Urmiyənin “Şəhrdari” və Sarinin “Omran” komandaları arasında keçirilən müsabiqədən sonra Voleybol Federrasiyası Urmiyə komandasının əsas oyunçularından olan  Əbdulrza Əlizadə və Armin Təşəkkürini qarşıdakı iki müsabiqədə iştirak etməsinə qadağa qoymuşdur. Bu qərar azərbaycanlı voleybol tərəfdarları, Urmiyənin millət vəkilləri və yerli idman rəhbərliyinin sərt etirazından sonra Federasiya tərəfindən dəyişdirildi. “Əbdulrza Əlizadə ilk dəfə İnzibati Komitəyə çağırılıb, bundan öncə isə heç bir ciddi xətaya yol verməyib. Ona görə də, onun üçün qoyulan qadağa şərti qərarla əvəzlənib. Armin Təşəkküri isə iki müsabiqə deyil, yalnız bir görüşdə oynamaqdan məhrum olacaq”- deyə Federasiyanın açıqladığı yeni qərarda qeyd olunub.

 

Xəbər verdiyimiz kimi, Sari şəhərində keçirilən qarşılaşma zamanı yerli komandanın irqçi tərəfdarları “Şəhrdari” takımı və onun oyunçularına qarşı təhqiramiz şüarlar və söyüşlər səsləndiriblər. Əbdulrza Əlizadə və Armin Təşəkküri isə bu vəziyyətə etiraz olaraq meydanı tərk ediblər. Oyun 1:1 bərabər hesabla keçirildiyi bir vaxtda hakimlər tərəfindən yarımçıq dayandırılıb. Bundan sonra İran Voleybol Federasiyası İnzibati Komitəsi sarili tamaşaçıların söyüşlərini nəzərə almadan “Şəhrdari” oyunçularının hərəkətini müsabiqə qaydalarına zidd olduğunu iddia edərək onların komandanın qarşıdakı iki müsabiqəsində oynamasına qadağa qoyub. Bu qərar İran super liqasının play-off mərhələsi öncəsinə təsadüf etdiyi üçün “Şəhrdari” komandasının super liqa yarışlarındakı mövqeyinə ciddi təsir göstərə bilər.

 

BAO.AZ