BÜTÖV AZƏRBAYCAN OCAQLARI
S.Ə.Kəsrəvinin, “kəşf etdiyi Azəri dili” Ərəb mənbələrindəki Azəri dili deyil

22:42 / 15-11-2017   /   baxış - 213

Tofiq Əzizbəyli

Tarixçi, arxeoloq.

Azərbaycan tarixçiləri arasında bu nəticəyə ilk dəfə azərbaycanlıların etnogenezi problemi ilə uzun müddət və daha dərindən məşğul olan t. e. n. Qiyasəddin Qeybullayev gəldi. (Bax: Qiyasəddin Qeybullayev. Azərbaycanlıların etnogenezinə dair. Bakı – 1991, (Rus dilində), s. 383). Çünki Azəri dili haqqında Ərəb müəlliflərinin verdiyi məlumatlardan çıxan nəticə Ə. Kəsrəvi və B. V. Millerin gəldiyi nəticələrdən xeyli fərqli idi. Ərəb mənbələrindəki məlumatlara görə, Azəri dili Azərbaycanın şimalda Dərbənddən cənubada Zəncanadək uzanan hissəsində yaşayan əhalisinin əsas hissəsinin dili olub, Xorasan dilinə yaxın bir dil idi və azərilərin qonşularından heç biri bu dili anlamırdı

. Ə. Kəsrəvinin ,,kəşfinə” görə isə, Azəri dili Azərbaycanın şimalda Araz çayına qədər uzanan hissəsində mövcud olmuşdu və azərilər də qədim farslar idi. Ə. Kəsrəvinin azəri dilinin nümunələri kimi təqdim etdiyi materialları tədqiq edən Sovet alimi B. V. Miller isə, belə bir nəticəyə gəldi ki, azəri dili yalnız Ərdəbil vilayətində mövcud olub və ona da ən yaxın dil müasir Hərzəni (Xərzani) və Kerinqani Tati taylarının dilidir. Talış dili də azəri dilinin qalıqlarındandır. Sonralar B. V. Millerin gəldiyi nəticələrlə tanış olan Ə. Kəsrəvi ,,səhvlərini” etiraf edərək onunla razılaşmaq məcburiyyətində qaldı (Bax: Tofiq Əzizov (Əzizbəyli). Yenə orada.; Б. В. Миллер. Талышский язык и язык азери. Москва – 1953; А. Мамедов. к. ф. н. Талыши как носители древнего языка Азербайджана.).
Q. Qeybullayev bu uyğunsuzluqla bağlı yazırdı ki, X – XII əsrə aid Ərəb mənbələrində haqqında məlumat verilən Azəri dilinin adı əslində Azəri deyil, Azərbaycan dilidir və bu dil həmin dövrdə Azərbaycan ərazisində yaşamış türklərin dilidir. Ə. Kəsrəvinin və B. V. Millerin haqqında bəhs etdikləri Azəri dili isə, talışların da əcdadlarının dili olmuşdur (Bax: Yenə orada.; Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 224 – 225). Q. Qeybullayevin gəldiyi bu nəticədəki həqiqət yarımçıq idi. Çünki Ərəb dilində Azəri dili elə Azərbaycan dili deməkdi və Ə. Kəsrəvinin Azəri dili kimi təqdim etdiyi dilin Ərəb mənbələrindəki adı da Azəri deyil, əl – Fəhləviyyə idi.

Azərilərin kimliyi ilə bağlı Güney və Quzey

Azərbaycandakı hazırki durum.

Güneyli soydaşımız Hatəm Şahsevən 2017 – ci ilin mart ayının əvvəllərində Fb səhifəsində etdiyi paylaşmasında yazırdı: ,,Güney Azərbaycanda birinə azəri desəniz eşidəcəyiniz söz ya ,,azəri dədəndi, mən türkəm” olacaq, ya da ,,biz türkük, azəri yox !” eşidəcəksiniz. Çünki azəri soysuz deməkdir, azəri dili türkləşmiş fars kökənli deməkdir”. 1995 – ci ilin noyabrında Azərbaycan Respublikasında keçirilən konstitusiya referendumdan 10 gün sonra Ərdəbildə olarkən ərdəbilli soydaşlarımız mənə etirazlarını bu formada bildirdilər: ,,Baba siz nə edirsiniz!? Biz türkük, dilimizin də adı Türk dilidir!”.
Azərbaycan Respublikasında tarix elmindəki hakim fikrə görə isə, azərilər talışların və tatilərin əcdadıdır. Bu fikrin ifadəçisi də akademik İqrar Əliyevdir (Bax: Azərbaycan tarixi. I cild. Bakı – 2007, s. 288 – 290). Lakin Azəri dilinin mənşəyi məsələsi ilə tərəfsiz və daha dərindən məşğul olan bir çox quzeyli tarixçi və dilçi alimlər azəri dilinin sonradan yox, əzəldən (başlanğıcdan) türk dili olması nəticəsinə gəlmişlər. Məsələn, t. e. d., professor Yusif Yusifov yazır ki, azəri dili Azərbaycanın erkən Türk əhalisinin dilidir (Bax: Azərbaycan tarixi. I cild. Ali məktəblər üçün dərslik. Bakı – 1994, s. 226). F. e. d., professor Qəzənfər Kazımov da Yusif Yusifovla eyni fikirdədir (Bax: Qəzənfər Kazımov. Azərbaycan dilinin tarixi. Ən qədim dövrdən XIII əsrə qədər. Bakı – 2009, s. 608 – 628). Q. Kazımov bu çox qiymətli əsərində Azəri dilinin Azərbaycan türkcəsi olduğunu yazan digər Azərbaycan alimlərinin də fikirlərinə yetərincə yer verdiyindən təkrarçılığa ehtiyac görmürəm. Sadəcə onu demək istəyirəm ki, Ə. Kəsrəvinin ,, ,,azəri dili kəşfi” Pəhləvilər sülaləsinin hakimiyyətini möhkəmləndirmək məqsədilə Azərbaycan türklərinə onları parçalamaq üçün qurulmuş bir tələ idi və Arazın hər iki sahilində yaşayan soydaşlarımız təəssüf ki, bu tələyə düşdülər. Onlara bir daha xatırladıram ki, Nəsirəddin şah Qacarın (1831 – 1896) hakimiyyəti dövründə alimlər heyəti tərəfindən yazılmış ,,Namei – daneşvaran” adlı əsərdə də Azəri dili haqqında Ərəb mənbələrindəki məlumatları təhlil edən alimlər qrupu belə bir nəticəyə gəlmişdi ki, bu dil Azərbaycan türklərinin dilidir (Bax: Mehmet Fuad Köprülü. Azəri. Bakı – 2000, s. 16).
Ə. Kəsrəvi və tərəfdarları isə belə bir iddia ilə çıxış edirlər ki, Azəri dili əvvəlcə Azərbaycan ərazisində yaşamış irandilli tayfaların dili olub və türklər əhalinin əksəriyyətini təşkil etdikdən sonra, güya onlar da ana dillərindən yəni Azəri dilindən əl çəkib, onu unudub Türk dilində danışmağa başlayıblar. Özü də bu hadisə XIV – XVII əsrlərdə baş verib. Bu alimlər ,,Haray, haray mən türkəm !” şüarını haykıran Azərbaycan türklərini inandırmağa çalışırlar ki, yox sizin ən azından böyük bir hissəniz dilini unutmuş tatilər və talışlardır. Tədqiqatlar göstərir ki, Orta əsrlərdə Azərbaycan ərazisində irandillilərin türkləşməsi hadisəsi baş verməyib. Bunu iddia edənlər haqlıdırlarsa və həqiqətən də belə bir hadisə baş veribsə, onda qoy türkləşmiş həmin tayfaların konkret adlarını da göstərsinlər.
Mənim fikrimcə isə, ərəb müəlliflərinin əsərlərindəki azərilər Azərbaycanın hüdudlarından heç vaxt kənara çıxmamış yerli türklər, Azəri dili isə əsasında yerli türklərin dilinin dayandığı Azərbaycan türkcəsidir. Ehtimal ki, Yardımlı şivələrı də həmin Azəri dilinin əsas qalıqlarındandır (Bax: Şahlar Məmmədov. Azərbaycan türkcəsinin Yardımlı rayon şivələri. Bakı – 2007).

Azəri dili probleminin açarı olan əsas məlumat.

X əsr Ərəb müəllifi Şəmsəddin əl – Müqəddəsinin 985 – ci ildə yazdığı ,,Əhsən ət – təqasim fi – mərifət əl – əqalim” (,,İqlimləri dərk etmək üçün ən yaxşı bölgü”) adlı əsərində Azərbaycan əhalisinin dili haqqında verdiyi məlumat belədir: ,,Azərbaycanda danışılan dil yaxşı dil deyil, Ermənistanda ermənicə, Arranda arranca danışırlar. Azərbaycan əhalisinin dili Xorasan dilinə yaxındır”.
IX əsr Ərəb müəllifi Əbu Osman Əmr bin Bəhr əl – Cahiz (775 – 869)) ,,Türklərin fəzilətləri” adlı əsərində xorasanlılar və Xorasan dili haqqında Azəri dili probleminə aydınlıq gətirəcək məlumatlar vardır. Həmin məlumatlardan belə bir nəticə çıxır ki, xorasanlılar İbrahim peyğəmbərin Qantura adlı qadından olan oğlanlarından dördünün Xorasana gələrək burada yaşaması nəticəsində onlardan törəyən Xorasan türkləridir. Xorasanlılarla türklər qardaşdır. Xorasanlılarla türklərin arasındakı fərq məkkəlilərlə mədinəlilərin arasındakı fərq kimidir (Bax: Fərda Əsədov. Ərəb mənbələri İlk orta əsr türkləri haqqında. Bakı – 1993, (Rus dilində), s. 58 – 59; Seyran Kazımoğlu. Məhəmməd peyğəmbər Türk peyğəmbərləri soyundan gələn bir türkdür ! ). Təbii ki, bu onların dilinə də aid idi. Yəni Xorasan dili Xorasan türkcəsi idi.
Şair İzzəddin Həsənoğlunun (XIII əsrin II yarısı) şeirləri Xorasan dilinin nümunələrindəndir. Xorasan dilinin təsiri Şah İsmayıl Xətainin ,,Divanı”nda da özünü göstərir (Bax: Tofiq Nəcəfli. Səfəvilərin etnik mənsubiyyəti məsələsi müasir Türkiyə tarixşünaslığında).

Tofiq Əzizbəyli. Tarixçi, arxeoloq.