BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

12:01 / 24-06-2015   /   baxış - 1209
 

 

 

 

 

 
 

Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
XX əsr Azərbaycan siyasi tarixinə, xüsusən Milli Azadlıq hərəkatına adı qızıl hərflərlə yazılmış, Məhəmmədəmin Rəsulzadənin davamçısı, Müstəqil Azərbay¬canın demokratik yolla seçilmiş ilk prezidenti, böyük nəzəriyyəçi, alim və Bütöv Azərbaycan ideyasının yolbayı Əbülfəz Elçibəyin bu gün ad günüdür.
 
Görünür Tanrı bəndələrinin haqsızlığa düçar olduğunu, haqqın tapdandığını görəndə yer üzünə özünün elçilərini göndərir. Göndərir ki, insanlara yol göstərsin, onları böyük yolun yolçusu etsin. Mən həmişə belə insanlar haqqında düşünəndə gözümün önünə M.Ə.Rəsulzadə, Atatürk və Ə.Elçibəy gəlir.
 
Hələ gənclik illərindən başlayaraq türk dünyasının böyük mütəfəkkirlərinin, xüsusilə M.Ə.Rəsulzadə, İ.Qaşpiralı, Ə.Hüseynzadə və digərlərinin əsərlərilə tanışlıq onun ruhi aləmində böyük dəyişikliklər yaradır. Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə «Azərbaycan davası məqaləsində yazırdı: «tarixdə fikirlərin əhəmiyyəti var, şəxslərin isə heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir sahiblərinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ucaldır. Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə müəyyən fikir cərəyanlarına və nümayəndələrinə bağlanan, onlara simvol olan şəxsiyyətlərdir». (133, s.5).
 
 
Bəli, Elçibəyi də M.Ə.Rəsulzadənin vaxtilə söylədiyi, qiymət verdiyi böyük fikir cərəyanlarına sahib çıxan insanlardan hesab etmək olar. Çünki, Sovet imperi¬yasının amansız basqısından yaxa qurtarmağa ilkin meyl edən, bütün bacarığını bu yolda əsirgəməyən, millətin gözünü açmağa çalışan ziyalılarımız arasında Ə.Elçi¬bəy seçilirdi. Müsavatçılıq ideologiyasını dərindən mənimsəyən, ona yiyələnən Ə.Elçibəy Türk-müsəlman dünyasında ilk demokratik cümhuriy¬yətin bərpası üçün yollar axtarır. 
 
Təbii ki, milli gücü yetişdirmək üçün ilk mərhələ olaraq milli ideyanın önə sürülməsini vacib sayırdı. Burada əsas amil topluma hədəfin gös¬tərilməsi idi. Ona görə də Elçibəy 70-ci illərin əvvəllərində bu tarixi zərurəti yerinə yetirməyin vaxtı çatdığını dərk edərək Azərbaycan toplumuna siyasi müstəvidə 2 əsas hədəf göstərir: 1) Müsavat Partiyası və M.Ə.Rəsulzadənin qurduğu Demok¬ratik Cümhuriyyətin bərpası (yəni Milli Müstəqillik) 2) Milli bütövlük.
 
 
Azərbaycanın müstəqillik ideyasının tarixi kökləri Müsavatçılıq irsinə dayanırdı. Bəzi mənbələrin verdiyi məlumata görə Ə.Elçibəyin tələbəlik və əqidə dostu Malik bəy Mahmudov 1962-ci ildə Bağdadda olarkən «Müsavat» partiya¬sının 1936-cı il proqramını əldə etmiş, həmin proqramı (mühazirə dəftəri, ya da məktub) sətirlərin arasına yazaraq gizli Bakıya göndərmişdi. Bir müddətdən sonra Ə.Elçibəyin yaxın əqidə dostları ilə gizli qurduqları özəyin ilk məramnaməsi kiçik dəyişiklikdən sonra yaradılan ilk özəyin məramnaməsi olmuşdu. Müsavatçılığın əsas tərkib və təməl prinsipləri, bayrağımızda da əksini tapan «Türklük, Çağdaşlıq və İslam fikir cərəyanları əsasında ərsəyə gələn həmən məramnamədə Ə.Elçibəyin etdiyi yenilik əvvəl söylədiyimiz Milli bütövlük ideyası idi. Düşünürük ki, bu artıq Müsavatçılığın yeni mərhələdə yeni başlanğıcı idi. Təsadüfi deyildi ki, 70-ci illərin sonu 80-cı illərin əvvəllərində yaradılmış gizli dərnəklər şəbəkəsinin əsas ideoloji xəttini həmin məramnamə təşkil edirdi. Sonralar həmin ideya xalq Azadlıq hərə¬katında, bir qədər son¬ralar isə bir sıra partiyaların proqramlarında öz əksini tapdı.
 
Ə.Elçibəy Milli Müstəqillik və Milli Bütövlük  anlayışlarını vəhdətdə götürür¬dü. Elçibəy yazırdı:«Tutduğumuz yol böyük öndər M.Ə.Rəsulzadənin yoludur. Müstəqilliyi, Bütöv və Demokratik Azərbaycana aparan bu yolu şərəf və ləyaqətlə davam etdirəcəyik».
Müsavatçılığın təməl prinsiplərindən birincisi türklükdür. Elə o səbəbdən də Ə.Elçibəy bütün yazılarında fikir və mülahizələrində milli kimlik məsələsinə xüsusi önəm verirdi. Elçibəy yazırdı: …., Azərbaycan türkü birinci növbədə öz milli varlığını dərk etməli, özünü, öz xalqını, öz dilini, tarixini, mədəniyyətini, vətənini və s. dərindən öyrənib bilməli, sevməli, qorumalı, yüksəltməli və onlara sahib çıxmağı bacarmalıdır…Bir sözlə bu gün bütün Azərbaycan türkləri öz milli müqəddəratını təyin edə bilmək üçün labüdən öz milli kimliklərini dərk etməli və bu yolda mübarizə aparmalıdırlar».
 
 
M.Ə.Rəsulzadənin fikirlərinin davamı olaraq Elçibəy deyir: «Millətin özünüdərki tarixin tələbidir. Bunun qarşısında heç kim dura bilməz. Bu, tarixin tələbidir və tarixin böyük yönünü, böyük istiqamətini tanrı müəyyənləşdirir. Bu, artıq şeytanın qarışacağı iş deyil! Belə bir hədis var ki, Həzrəti Peyğəmbərdən soruşurlar, bəs Allah da gülürmü? Deyir bəli, Allah da gülür. Soruşurlar nə zaman? Həzrəti Peyğəmbər cavab verir ki, Allah baxır, görür onun qaldırmaq, yüksəltmək istədiyini insanlar yıxmaq istəyir, yaxud onun yıxmaq istədiyini insanlar qaldırmaq istəyir. Onda gülür ki, mən qaldırdığımı siz necə yıxacaqsınız, yaxud mən yıxdı¬ğımı siz necə qaldıracaqsınız?...Yönünü istiqamətini Allah müəyyənləşdirmiş tarixi oraya-buraya çevirəndə Allah baxır və gülür ki,tarixə bu yönü mən vermişəm. Siz kimsiniz ki, onu o tərəfə bu tərəfə çevirirsiniz?
 
Əlbəttə, hər bir millətin birliyi həmin millətin öncül ziyalılarının xalqa çatdırmaq istədikləri ideya və ideologiyanın hansı təsir və təməl üzərində quruldu¬ğundan çox asılıdır. Təsadüyi deyildi ki, böyük öndər M.Ə.Rəsulzadə, müsəlman dünyasının böyük mütəfəkkiri, alimi, islam modernizminin banisi və bu moder¬nizmin ilk təməl daşlarını hörən Şeyx Cəmaləddin əl-Əfqanidən çox şey öyrəndi, ondan çox mətləbləri əxz etdi, milliyyət haqqında fikirlərini geniş xalq kütləsinə, xüsusən də türk aləminə yaymaq üçün onun «Milli birlik fəlsəfəsi» əsərini fars dilindən türkcəyə çevirərək çap etdirdi.
 
Düşünürük ki, Milli birliyin yaranmasının əsasında hər şeydən əvvəl Milli özünüdərk dayanır. Millət özünü dərk edərsə, kimliyini bilərsə, onda özünə inam və hörmət yaranar. Özünə hörmət edən millətin yolu isə həmişə azadlığa, istiqlala, Milli birliyə doğru gedən yol olar. Milli birlik yaratmaq üçün milli dövlətin mövcudluğu vacibdir. M.Ə.Rəsulzadə bu barədə yazır: «Milli dövlətinə qovuşacaq olan hər bir türk eli coşğun bir türk irmağıdır. Bu irmaqlar yenə türklük dənizinə qədər axacaq və orada birləşəcəkdir. Biz türkük və türklərin oğullarıyıq. Böylə olduğumuz üçün qürur duymalıyıq. Biz türkün mədəniyyətindən bir türk kültürü yaratmaq istəyirik. Buna məcburuq». Başqa bir əsərində-«İstiqlal məfkurəsi və gənclik» məqaləsində oxuyuruq: «Azərbaycan türk xalqı istiqlalını elan etməklə öz doğma, sevimli və şəfqətli anasının qoynunda azad bir türk mədəniyyəti qurmaq, azad bir türk sənəti, türk ədəbiyyatı, türk həyatı yaratmaq istəyirdi». M.Ə.Rə¬sul¬zadənin bu fikirləri bir daha sübut edir ki, Möhkəm bir təmələ malik dövlət, milli birlik yaratmaq üçün xalqın mədəniyyətinə, ədəbiyyatına, tarixinə böyük önəm verməlidir. Bu təsadüfi deyildi.
 
M.Ə.Rəsulzadənin fikirlərinin davamı olaraq Ə.Elçibəy deyir: «Millətin özünüdərki tarixin tələbidir. Bunun qarşısında heç kim dura bilməz. Bu tarixin tələbidir və tarixin böyük yönümünü, böyük istiqamətini Tanrı müəyyənləşdirir. Bu artıq şeytanın qarışacağı iş deyil.
M.Ə.Rəsulzadədən sonra millətə türklüyünü tanıdan,  XX əsrin  ikinci yarsında Azərbaycanda türkçülük ideyasını düşüncə və məfkurələrə gətirən Elçibəy həm də Azərbaycanda türklüyün dərki və kütləviləşməsi yolunda böyük işlər gördü. Millətin öz kimliyini dərk etməsində, nəsillərin milli məfkurə sahibinə çevrilməsində əvəzsiz xidməti oldu. Azərbaycanda azadlıq uğrunda gedən hərəkat haqqında Elçibəy deyirdi: «Bizim hərəkatımız ümumxalq hərəkatıdır, onun içərisində iki xətt var. Demokratik və milli xətt. Milli xəttin özü də demokratik əsaslarla aparılır. Ona görə də bizlər böyük türk öndərlərinin demokratik və milli mübarizə xəttini öyrənməli və dünyanın sürətli gedişindən geri qalmamalıyıq». 
 
 
Ə.Elçibəy Azərbaycanın gələcək inkişafını da müsavatçılıqla bağlayırdı. Elçibəyə sual veriləndə ki, «Siz Bütöv Azərbaycanın gələcəyini necə görürsünüz?-sualına belə cavab verir: «Bizdə Müsavatçılıq məfkurəsi var. Bu məfkurənin təməlləri XIX yüzildə atılsa da onu rəhmətlik M.Ə.Rəsulzadə sistemləşdirib, bay¬ra¬ğımızda rəmzləşdirib və həmin məfkurə əsasında Şərq aləminin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cumhuriyyətini yaradıbdır. (səh.307).
 
Müsavatçılığın ikinci dayağı çağdaşlıq götürülür. Bu o deməkdir ki, hər bir Azərbaycan türkü çağdaş dünya mədəniyyətini dərk etməlidir, dünyanın demok¬ratik quruluşlarını, demokratik idarəçilik sistemlərini öyrənib istifadə etməlidir, çağdaş dünya texnologiyasını mənimsəməlidir. Demokratiyanın dəyərlərindən danışan Elçibəy yazır: «Çağdaşlığın ən mühüm dəyərlərindən biri olan demok¬ratiya İsveç, Norveç, Hollandiya və s. kimi ölkələrdə tətbiq edildiyinə görə, görü¬rük ki, bu ölkələrdə insanlar daha yaxşı şəraitdə yaşayırlar. Belədirsə biz nədən demokratiya yolu ilə getməməliyik? Demokratiya çağdaş Türklər üçün tanrının yetirdiyi bir nemətdir. Biz bu yolu tutub getməli, seçkilərlə, sandıqlardan keçməklə  iş başına gəlməliyik. Yoxsa ölkədə bir diktator çıxar və fitva verər ki, dinmək olmaz, danışmaq olmaz. Dinəni asdırar, danışanı kəsdirər» Ə.Elçibəy Bütöv Azər¬baycan yolunda (səh. 308). Təpədən dırnağa qədər demokrat olan Ə.Elçibəyi qərb dünyası da birmənalı qəbul edirdi. İngiltərənin keçmiş baş naziri M.Teççer təsadüfi deyildi ki, Əbülfəz bəydən danışanda deyirdi: «Böyük demokrat Ə.Elçibəy».
 
Müsavatçılığın üçüncü dayağı isə islam dinidir. Əsrin əvvəllərindən başla-yaraq İslam birliyi ideyasına qarşı olan Rəsulzadə Azərbaycan milli hərəkatının mövqeyini əks etdirən parlaq bir çıxış edərək konkret faktlarla sübut etdi ki, uni¬taristlərin təklifləri Rusiya müsəlmanlarına və onların azad, milli inkişafına qarşı yönəlib. M.Ə.Rəsulzadə çıxışının (Rusiyada I müsəlman konqresi) başlanğı¬cında bildirdi ki, o, bəşəriyyətin gələcəyini millətlərin azad federasiyası formasında görür.
 
 
«Millət» məfhumuna münasibətdə Rəsulzadə deyirdi: Bəzən deyirlər ki, islam özü bir millətdir. Deyirlər ki, islamiyyət xristianlığa rəğmən müsəlmanları bir millət halına gətirir, çünki hansı türkdən nə olduğunu soruşsan, hansı millətdənsən desən, müsəlmanam cavabını verəcək. Lakin bu nəzəriyyə yanlışdır. İnsanlarda hər zaman milliyyət hissi olmuş və bu hiss soyla bərabər olmuşdur… Xristian milləti olmadığı kimi, müsəlman milləti də yoxdur (Rus müsəlmanlarinin I konqresi). Rəsulzadə haqlı olaraq göstərirdi ki, istər Volqaboyundakı tatarların, istər Orta Asiyadakı türklərin, istərsə də Türküstan cığatayçası zəngin ədəbiyyata, özəlliyə məxsusdur. Azərbaycan türkü də öz dilinə, ədəbiyyatına, adətlərinə əlvida deməz, bu özəlliyi qurban verməz». Baxmayaraq ki, Əli bəy Hüseynzadə kimi bir şəxs də müsəlman birliyinin tərəfdarı idi. Zaman, tarix Rəsulzadənin nə qədər uzaqgörən və haqlı olduğunu bir daha sübut etdi. 
 
«Bu baxımdan M.Ə.Rəsulzadə ilk dəfə olaraq nəinki Azərbaycan millətinin özgürlüyü ideyasını irəli sürüb onu nəzəri cəhətdən əsaslandırdı və Azərbaycan millət-dövlətinin yaradılması layihəsinin banisi oldu, o həm də ümumrusiya miqyasındakı fəaliyyətilə Rusiyanın digər mü-səlman və türk xalqları arasında millət quruculuğu proseslərinin inkişafına təkan vermiş oldu. (A.Balayev. M.Ə.Rəsulzadə 1884-1955. (2011). Bununla M.Ə.Rəsul¬zadə hələ I Rusiya müsəlmanları konqresindəki çıxışı ilə yalnız Azərbaycanın deyil, türk dünyasının rəğbət bəslədiyi və sevdiyi lider oldu. Hətta N.Nərimanov kimi barışmaz opponentləri belə etraf edirdilər ki, Azərbaycan istiqlalı ideyası M.Ə.Rəsulzadənin lideri olduğu Müsavat partiyası ilə assosiasiya olunur.
 
«Beləliklə, M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi İstambulda bu şüarları (türkləşmək, islamlaşmaq və müasirləşmək) nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan türkləri bunu bir siyasi fəlsəfə kimi qəbul edərək qurduqları «Milli siyasi partiyanın prinsipi elan etdilər». (A.Balayev. göstərilən əsəri. səh.66). Bütün bunlar bir daha təsdiqləyir ki, Rəsulzadənin siyasi-ideoloji sahədəki uzaqgörənliyi bir daha təsdiq olundu. M.Ə.Rəsulzadə bununla gələcəkdə qurulacaq Azərbaycan Milli dövlətinin konseptual layihəsini və prinsiplərini hazırlamış oldu. Bu bir daha göstərir ki, M.Ə.Rəsulzadə fenomeni, «Müsavat» partiyası, Azərbaycan üçün, onun dövlətçilik sistemi üçün, özündən sonra gələn siyasi liderlər üçün misli-bərabəri olmayan, bəlkə də dünyanın-Avropanın belə qibtə edə biləcəyi bir ideoloji sistem qurdu. Bu ideologiya o qədər əzəmətli, o qədər möhtəşəmdir ki, ondan bu qəlpəni belə qoparmaq qranitdən qəlpə qoparmaq kimidir.
 
Müsavat ideologiyasının əsas mahiyyətini, onun təməl prinsiplərini tamamilə mənimsəmiş Ə.Elçibəyin Müsavatçılığın III dayağı haqqında da maraqlı fikirləri mövcuddur. Elçibəy yazır: «Biz fanatizmə uymamalı, gerçək islam dinini öyrən¬məliyik. Biz İslamı fars şovinizminin iddia və tətbiq etdiyi formada yox, fanatizm¬dən uzaq, gerçəkçi və çağdaş ruhla öyrənməliyik. Din bizim inanc yerimizdir. Onu siyasətin alətinə çevirməməliyik. Din dövlətdən ayrı olmalı və siyasətə qarışmamalıdır.
 
Ə.Elçibəy tarixi zərurəti yerinə yetirərək Azərbaycan toplumuna siyasi müstəvidə Böyük M.Ə.Rəsulzadənin qoyduğu ideoloji sistemə Milli bütövlük hədəfini də daxil etməkdə yanılmamışdı.
 
XX yüzillikdən başlayaraq millətimiz Səttarxan, Şeyx Xiyabani, S.Cəfər Pişəvəri kimi xalq qəhrəmanları yetişdirdi. Tarix bir daha göstərdi ki, ayrı-ayrı impe¬riyalar daxilində olmalarına baxmayaraq, vətənimizin həm Güneyi, həm Quzeyi həmişə mənən bir olmuş, bir tərəfdə baş verən hər hansı bir hərəkat və siyasi proses labüdən digər tərəfdə də özünü göstərmişdir. Lakin bu müharibələrin hər birində həmişə Azərbaycanın bir tərəfi hədəf götürülmüş, Azərbaycanın bütövlükdə azadlıq və istiqlalı ortaya qoyulmamışdı. Öndərimiz M.Ə.Rəsulzadə yazırdı: «Bizim əsil düşmənimiz Rus imperiyasıdır. 
 
 
İrana da bulaşsaq, qüvvələ¬rimiz haçalanacaq və öz arzumuza nail ola bilməyəcəyik. Vahid qüvvə bölünmə¬məlidir. Zamanın tələbi, siyasi proseslərin gedişatı, Azərbaycanın durumu baxımından M.Ə.Rəsulzadənin Bütöv Azərbaycan ideyasından bir qədər kənarda dayanması doğru qərar idi. Tarixin dərsləri göstərir ki, həqiqətən Azərbaycanın bir tərəfi müstəqil olandan sonra birləşmək haqqında düşünmək mümkündür. 
 
Baxmayaraq ki, «İran türkləri» silsilə məqalələrində Güneyli soydaşlarımızın həyatı, məişəti onların məşğuliyyəti, həmçinin dili bir, qanı bir qardaş və bacılarımız haqqında ilk yazan elə M.Ə.Rəsulzadə idi. Məhz M.Ə.Rəsulzadənin fikirləri ilə yaxından tanış olan Ə.Elçibəy ən optimal variant kimi belə bir model nəzərdə tuturdu: Azərbaycan xalqı öz müstəqil dövlətini qurmalı və sonra da qüzeydəki dövlətlə danışıqlar aparıb Bütöv, Müstəqil və Demokratik Azərbaycan Dövlətini yaratmalıdır». Hansı dövlətin təəbəliyində olmalarına baxmayaraq vətən oğulları həmişə birgə çıxış etmişlər. Bunun mahiyyətini anlamayan Lenin yazırdı ki, «Gən¬cədə, Bakıda, yəni Azərbaycanın Quzeyində və Qafqazda yaşayan türklər Rusiya təəbəsi olduqlarını yaddan çıxararaq və bunu nəzə almayaraq Səttarxan hərəkatında çox fəal iştirak edirdilər. Lakin Lenin unudurdu ki, yaxud heç xəbəri yox idi ki, hətta Səttarxan hərəkatının (məşrutə) proqramını da M.Ə.Rəsulzadə hazırlamışdı. Azərbaycanın quzeyində cərəyan edən Müsavat hərəkatı iştirakçıları¬nın bir qismi Azərbaycanın Güneyindən olan soydaşlarımız idi. Hətta İlk Demokratik Cümhu¬riyyətin baş naziri Xoylu Fətəli xan da Güney Azərbaycandan idi.
 
 
Rusiyanın o zaman görkəmli şəxsiyyətlərindən olan, sonralar Tehrana səfir göndərilən və orada xalq tərəfindən doğranan Qriboyedov Peterburqa öz hesaba¬tında yazırdı ki, bu xalq birdir və hamısı özünü türk sayır. Biz ya bütövlük¬də Azərbaycanı işğal etməliyik, ya da onu parçalayıb Arazdan Şimalda yaşayanlara «oğuz» yaxud «tatar» adı qoymaqla onları bir-birindən ayırmalıyıq.
 
Milli bölünmə faciəmiz başlayan gündən ona qarşı xalqın Milli müqavimət hərəkatı da başlandı. Bu hərəkat həm siyasi, yeri gəldikdə isə hərbi müqavimətlə müşahidə olundu. İllərlə davam edən qaçaqçılıq hərəkatları, müxtəlif kəndli üsyanları, xalqımızın Şeyx Şamil hərəkatında önəmli iştirakı buna misaldır.
 
Böyük öndərimiz M.Ə.Rəsulzadə XX əsrin I yarısında «Əsrimizin Səyavu-şu»nu yazdı. M.Ə.Rəsulzadə əsərdə «Səyavuş gərd»lə Azərbaycanı müqayisə edərək öz müşahidələrini bu cür ümumiləşdirir. Səyavuş gərd Turan torpağının şərqində Çin sərhəddində meydana gəlmiş, bütünlüklə Turan əsgərləri ilə çevrələnmiş və Səyavuş Türk sərkərdəsinin əmri ilə öldürülmüşdü. Halbuki, Bakı Qaf dağının ətəyində, Turanın bir kənarında deyil, düz göbəyində Rusiyanın qonşusu olmuş, Azərbaycan Cümhuriyyəti də Turan sərkərdəsi və əsgərləri tərəfindən deyil, turanlılardan aldanmış bir qisminin yardımları ilə Turan dostu qiyafəsinə girən əski Türk düşməni tərəfindən qətl olundu. M.Ə.Rəsulzadə bu fikri ilə Səyavuşla Azərbaycanın taleyi arasındakı oxşarlığın ən yüksək səviyyədə təzahür edən eyniliyini ifadə etmiş oldu.
 
 
M.Ə.Rəsulzadə Azərbaycanın durumunu türklərin Ərgənəkona düşdüyu durum¬la eyniləşdirir. Türk milləti heç bir zaman əsarəti qəbul etməyib. O, bir qurda bənzər. Oyandığı zaman qarşısında kim olursa-olsun əzib keçər. Düşdüyü durum nə qədər ağır olursa-olsun özündə güc taparaq toparlanmağı bacarar. Dastana görə türklər 200 il Ərgənəkon ovalığında qalıb çoxaldılar. Bir  bozqurdun yol göstəriciliyi ilə çıxış yolunu tapdılar. Məhz dəmirçinin sayəsində onlar dəmir sipəri əridərək yenidən dünyaya yayıldılar. Rəsulzadə Azərbaycan türklərinin Ərgənəkona düşdüklərini və dəmirçiləri yetişdirmək lazım olduğunu bildirir. Bu durum 71 il davam edəcəkdi. M.Ə.Rəsulzadənin özü cismani olaraq bu günü görməsə də canını fəda etdiyi milləti bu istiqlalı yaşayacaqdı.
 
 
M.Ə.Rəsulzadənin yazdığı bu əsərdə əsrimizin Səyavuşu ölmüşsə də onun doğurduğu istiqlal fikri ölməmişdir-fikrini təlqin edir.
 
Ə.Elçibəyin fəaliyyəti və yazdığı «Bütöv Azərbaycan yolunda» kitabı dediklərimizi bir daha təsdiqləyir.
 
 
M.Ə.Rəsulzadə «Əsrimizin Səyavuşu»nu yazdı, Azərbaycan istiqlalının labüdlüyünə milləti inandırdı. Əsrin sonunda isə M.Ə.Rəsulzadənin davamçısı «Bizim yolumuz M.Ə.Rəsulzadənin yoludur» deyən Elçibəy xalqımızın ruhunda, sənət əsərlərində, nəğmə və bədii ədəbiyyatda yaşayan bütövlük həsrətini, Bütöv Azərbaycan ideyasını siyasi gündəmə gətirdi. Onun araşdırmaları içərisində Azərbaycanın müstəqilliyi və bütövlüyü ilə bağlı konseptual fikirləri də diqqəti cəlb edir. Elçibəy Milli müstəqillik və milli bütövlük anlayışlarını vəhdətdə götürür. Çünki…milli bütövlüyə gedən yol məhz Milli müstəqillikdən keçir ideyası «Bütöv Azərbaycan yolunda» kitabının hər səhifəsində duyulur və dərk edilir.
 
Bu gün Bütöv Azərbaycan ideyasını içində daşıyan hər bir Azərbaycan türkü iki əsrə yaxın onu düşündürən sualların cavabını Elçibəyin bu kitabında tapır.
 
 
Milli şüur, xalqın intibahı, böyük mübarizələr, əsrlərin fırtınasından keçərək zənginləşir, güclənir və xalqın rühünda yer alır. Toplumlar isə öz sıralarından böyük siyasət adamları, alimlər, yazarlar yetişdirirlər ki, bu insanlar toplumun milli şüurunu azadlıq və istiqlaliyyət mücadiləsini gərəkli yola yönəltsin. Elçibəy də belə insan, belə alim, belə siyasətçi idi. Toplum onu içərisindən siyasət adamı və alim kimi yetişdirdi ki, süstləşmiş beyinləri oyatsın, millətinə düz yol göstərsin. Tarixini, kökünü, milli kimliyini ona tanıtdırsın.
 
Bu gün Azərbaycanın torpaqları işğal altında olduğu üçün böyük öndərlərin mübarizə və cəsarət yolunu tutmalıyıq.
 
 
Amma sənin yerin çox görünür! Bu illərdə sənsiz də olsa həmişə səninlə olduq bəy! 78 yaşına xoş gəldin.
 
Filologiya elmləri doktoru, 
professor Almaz Əliqızı