BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Hələ də köləyik - Asiman Əsədsoy

10:15 / 01-01-2017   /   baxış - 171

         Son yüzildə başımıza gələnlərin səbəbi millət olaraq kütləvi şəkildə hadisələri məntiqli şəkildə araşdırmamağımızdır. Hətta illüziyaları belə bir fakt kimi qəbul edirik. Nəticə olaraq yadlaşırıq, itirik, geriləyirik. Başımıza gələnlərin hamısı başımıza gətirənlərin suçu deyil, bu suça millət olaraq ortaq olmaqla yaşadığımız böyük problemlərin cinayət ortağı oluruq. Belə problemlərdən biri hər il ciddi-cəhdlə hazırlaşdığımız “yeni il” bayramıdır. Bu bayramın tarixini, əsasını, nəyə dayandığını hələ ki, sübut edən olmayıb. Tarixdəki varlığı yalnız rəvayətlərdən və xristianlıq hekayətlərindən ibarət olan Hz. İsanın doğum günü kimi anılır. Yeri gəlmişkən müsəlmanlar İsa peyğəmbəri adı Quranda keçdiyi üçün gerçəkdə yaşamış insan kimi qəbul edirlər. Tarixdə avropalıların da qədimdə, eləcə də erkən orta yüzillərdə yaz bayramı keçirdiklərini göstərən hadisələrin təsviri var. Fəza təbiətini öyrənən alimlər də təbiətdə ilin məhz martın 20-də dəyişdiyini söyləyirlər.

         Novruz bayramının adının farsca olması da bu bayramın fars bayramı olması anlamına gəlmir. Çünki Novruz bayramının yaşı minillərlə olduğu halda, farsın tarixi eramızdan öncə I minilliyi o yana keçmir. “Novruz” sözü isə fars dilində “yeni gün” deməkdir. Bu bayram qədim türklərin “Ergenekon” dedikləri bayramdır. “Ergenekon” öz dilimizdədir və “erkən gün” deməkdir. “Ergenekon”a “Ərgənəgün” də deyirlər. Qısası, bu bayram türkün ən əsgi bayramlarındadandır, Türkün birliyinin göstəricisi, bədənini, ruhunu hər il yenidən “yükləməsi”, yəni motivasiya etməsi dönəmidir. İlin dəyişməsi Yer planetinin Günəş yörəsində tam bir dövrəsi deməkdir. Yəni Yer planetinin canlıları, bitkiləri hərəkətə gətirəcək enerjini Günəşdən alacağı qədər ona yaxınlaşmasının başlanğıcıdır. Tarixən köçlər də məhz isti aylarda baş verirdi. Yerin yuxusu qışdır, payız gözünü xumarlandırdığı, yaz oyanıb gərnəşib əsnədiyi, yay  oyaq olduğu dönəmlərdir.

         Türkə bütünlüklə düşmən kəsilən rus da bu bayramın birlik bayramı olmasını bildiyi üçün, SSRİ qurulanda, daha doğrusu, dayaqlarını bərkidəndən sonra Ergenekon bayramını yasaqladı. Ancaq siyasi idarəçilər Rusiya imperiyasında (SSRİ-də) bir xalq yaratmaq üçün apardıqları siyasətdən biri kimi xalqımızın milli birlik dönəmi olan Ergenekona alternative olaraq tarixdən qondarılmış “yeni il”i bizə sırımağa başladılar. Azərbaycanda “yeni il”, hətta SSRİ-dən də 10-12 yaş kiçikdir. Hicri təqvimdən miladiyə keçirildiyimizə görə SSRİ dağılsa da biz hələ də bizə sırınmış “yeni il”i hər il milyonlarımızı xərcləməklə keçiririk. Milyonlar təbii ki, bir nəfərin deyil, bir millətin cibindən gedir. Əslində isə biz hər il qatilimizin bizə sırdığı xatirəni yhər il sevə-sevə keçiririk. Eynilə “14 fevral sevgililər günü” kimi. Sovetdən qalma koolxozçu nəsillərə bunu anltmaq heç də asan deyil, necə ki, “9 may qələbə günü”nün bizə aid olmamasını anlatmaq çətindir. Bir yandan SSRİ-nin rus imperiyası olduğunu deyirik, digər yandan da hər il “yeni il”, “9 may qələbə günü” kimi bayramları keçiririk. Biz bu bayramları keçirməklə, hələ də Rusiyanın əsarətində olduğumuzu açıqdan açığa göstərmiş oluruq. Bunu SSRİ dövründə böyümüş nəsilə anlatmaq çətindir. Çünki o onda da “biz” deyirdi, indi də “biz” deyir. Ancaq bir fərq var, onda hamı SSRİ-ni “böyük vətən” sayırdı və mahiyyətini anlamadığı halda biz deyirdi, indi isə həmin nəslin etirazı, üsyanı savaşı sayəsində qazanılmış müstəqillikdə də “biz” anlayışı var. İndi biz türkük, dövlətimiz Azərbaycandır. İndi biz Türk dünayasıyıq, buna görə də bizim olanları tanımalı, özümüzə dönməli, özümüzə qayıtmalıyıq. Əslində biz heç vaxt özümüzdən uzaqlaşmamışıq, təxeibatçı güclər bizi indi parçalamaq istəyində daha da israrlı olduqlarına görə müstəqil dövlətimizdə belə bizim aramızda zahirən bizdən olanlarla “bizə nə olur yaxşı olur”, “bizə kim nə edir yaxşı edir”, “bu millət qırılmalı millətdir”, “bu millət düzəlməyəcək”, “bu milləti çoxdan məhv ediblər”, “bu millət bir-birinin ayağının altını qazan millətdir”, “bu millətin heç vaxt mədəniyyəti olmayacaq” ki bu da “bu millətin mədəniyyəti yoxdur”un başqa cür deyilməsidir və s, və i.a.

         İndiki gənclərimiz daha ayıq, daha düşüncəli, daha müstəqil qərarlıdırlar. Azərbaycan gəncliyinin dünya gəncliyindən əməl yoxluğu üzündə geri qalmış görünməsi isə Azərbaycanda təhsilin olduqca bərbad olmasıdır. Əgər Azərbaycan daha demokratik və keyfiyyətli bir təhsil sistemi yaradarsa, milli psixologiyamıza uyğun təşkil olunmuş, onda Azərbaycan gəncliyi dünyanın ən irəlidə gedən gəncliyi ola bilər. Buna indi başlansa, ən geci iyirmi ilə nəticəsi görünər.

         Tanrı yardımçımız olsun!

         Tanrı türkü qorusun!

Asiman Əsədsoy

Bütöv Azərbaycan Ocaqları üzvü