BÜTÖV AZƏRBAYCAN OCAQLARI
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə

17:36 / 23-05-2016   /   baxış - 366

ABŞ  və Böyük Britaniyanın “Velvet” planında Azərbaycan və Bakı məsələsi

 Qafqazda yaranmış təhlükəli siyasi vəziyyət  müttəfiqlərin, ilk   növbədə    Çörçillin  narahatlığına səbəb  olmuşdu. Hələ 1942-ci ilin yayında  Çörçill  Qafqaza  müttəfiqlərin  birləşmiş  silahlı  qüvvələrinin  yeridilməsini  Stalinə təklif etmişdi.  Çörçill  təklif  edirdi:  “ Sovet  ordusu Stalinqrad ətrafında  cəmləşdirsin.  Qafqazın müdafiəsi  isə  Britaniya  qoşunlarına  həvalə edilsin.  Bu məqsədlə ABŞ  və İngiltərə “ Velvet”  planı  hazırlamışdı  və  əlverişli  məqam  yetişdikdə  öz  hərbi- hava  qüvvələrini Güney  Qafqaza yeritmək əzmində idilər. ABŞ  prezidenti Ruzveltə  göndərdiyi  məktubda  Çörçill  əməliyyat  planını izah  edərək  yazırdı ki:  “...bu hərbi-hava  qüvvələri  birbaşa ingilis  komandanlığı altında  olan eyni  növlü müttəfiq qüvvələrindən ibarət olacaq  və  lazım gəldikdə  o,  öz  hökümətinə müraciət etmək hüququnu saxlayacaqdır.   Qafqazın böyük bir hissəsinin almanların əlinə  keçdiyi bir vaxtda,  sentyabrın 7-də  Stalin Çörçilldən məxfi bir məktub aldı. Orada  deyilirdi: “ 4...  ingilis-amerikan hərbi-hava qüvvələri  kontigentinin  qış  mövsümündə  güney cinahında  sizin aprdığınız  əməliyyatlarda  iştirakı  barədə  etdiyim  bir sıra təkliflərə Prezidentin ( ABŞ  prezidenti Ruzvelt  nəzərdə tutulur)   cavabını  gözləyirəm.  Prinsip etibarilə o, razıdır, mən isə ondan ətraflı planlar gözləyirəm.  Mən sonra  sizə  teleqrafla məlumat  verərəm. Bundan əlavə, ümid edirəm ki,  aerodromlar və  kommunikasiyalar  barəsində  planların  tərtib  olunması  mən  Moskvada  olarkən  Sizin tövsiyyəsiniz əsasında,  Sizin  zabitlərin  razılaşdığı qaydada  aparıla  bilər.  Bu məqsədlə  əvvəlcə biz qərargah  zabitlərini Misirdən  Moskvaya  göndərmək  istəyirik...”.  Beləliklə,  hələ avqustun  12-də  Moskvada  olarkən  Çörçill  müttəfiqlərin hərbi-hava  qüvvələrinin  Qafqaza  göndərilməsini Stalinə şəxsən özü təklif etmişdi. Ancaq Stalin nədənsə Çörçillin  bu təklifini cavabsız qoydu. Görünür o (Stalin), “Velvet” əməliyyatını  Qafqazın işğalı kimi qiymətləndirmişdi.  Buna baxmayaraq  ABŞ  və İngiltərə  hökumətləri  Qafqaza  silahlı qüvvələr yeritmək  ümidini  itirmir,  bu  sahədəki  fəaliyyətlərini  davam etdirirdilər.  Sentyabrın 28-də Çörçill  qərargah  rəislərinin komitəsinə  göndərdiyi məktubda  bu məsələnin  həll  edildiyini  söyləyir  və  “ Velvet”  əməliyyatını başlamaq  üçün  məqam gözlədiyini bildirdi.  Amma  Qafqaza  yeridilməli  olan 10-cu   Britaniya  ordusunun sonrakı taleyi  onu narahat  edirdi.  Yuxarıda  adı çəkilən  məktubda  bu məsələ  ilə bağlı  o yazırdı:  “Əgər  1942-ci ildə  almanların  Rusiyaya  hücumu tam uğursuzluqla  nəticələnərsə,  10-cu  ordu ilə nə etməli? ”.  Stalindən öz təklifinə  heç bir cavab almayan  Çörçill  sentyabrın  30-da ona yeni  bir məktub  göndərdi  və  müttəfiqlərin  bu məsələ  ilə tam ciddi  məşğul  olduqlarını  bir daha  Stalinin  nəzərinə  çatdırmağa  çalışdı:  “Mənə  belə gəlir ki,  amerikanların  köməyi ilə bizim tərəfdən Xəzər  və Qafqazın  savaş səhnəsindəki Sizin  hərbi hava  qüvvələrini  iyirmi  Britaniya və Amerika  eskadrilyaları  ilə  qüvvətləndirmək  haqqında  Sizə  dediyim   plan  üzərindəki  işi  dayandırdım. Ümid edirəm ki, təxminən  bir həftədən sonra Prezidentdən  onun tam razılığını  alacam və  bundan  sonra  bizim birgə  təklifimizi  sizə çatdıra  bilərəm”. “Velvet” planını  realizə  etmək yolunda  Çörçillin  məqsədyönlü  fəaliyyətini ABŞ  prezidenti yüksək qiymətləndirirdi. Oktyabrın  5-də  göndərdiyi  cavab  teleqramında  o belə yazırdı:  “Mən  tamamilə inanıram ki,  biz Qafqaz  üçün  hərbi hava  qüvvələri  verilməsi barədə  öz üzərimizə möhkəm  öhdəlik götüməliyik və  bu əməliyyat  heç nədən  asılı olmamalıdır”. Bu həm də  onu sübut edir ki, Qafqaza  silahlı qüvvələr  yeritmək  ideyası təkcə  Böyük Britaniyanı yox,  həmçinin  ABŞ-ı  da eyni dərəcədə maraqlandırırdı. Velvet əməliyyatını  təhlil edərkən,  mühüm bir cəhət  istər-istəməz  diqqəti  daha çox cəlb edir. Rəsmi sənədlərdə, gizli  göndərişlərdə  bir qayda  olaraq “Güney cinahı”, “Qafqaz”  ifadələri  işlədilməsinə baxmayaraq,  necə deyərlər,  “ayının min oyununun bir armudun başında” olduğu kimi, ABŞ  və Britaniyanın  hazırladıqları “Velvet”  əməliyyatı da əsas etibarilə  Bakı  neft  rayonuna  doğru ünvanlanmşdı.  Çünki,  Maykop  artıq almanların əlində idi. Qroznu  mədənləri isə sıradan çıxmışdı. Bircə Bakı qalırdı.  Odur ki,  savaşın  lap əvvəlindən Bakını  daim diqqət mərkəzində saxlayan Çörçill,  cari mərhələsində,  almanların Güney Qafqazın qapıları qarşısında durduqları bir vaxtda fövqəladə əhəmiyyət kəsb edən Bakı amilinə etinasız yanaşa bilməzdi. Stalinə  göndərdiyi 30 sentyabr tarixli teleqramın birinci hissəsində  Çörçill  öz təşvişini  təcili olaraq  Sovet İttifaqı  başçısına  da çatdırmağa  çalışmışdı. Həmin teleqramda deyilirdi:  “... Almanlar Xəzər dənizində  hərbi-dəniz  əməliyyatlarını  hayata keçirməli olan  admiralı  artıq təyin etmişlər.  Onlar  Mahqaçqalanı  özlərinin  hərbi-dəniz bazasına çevirmək istəyirlər. Yollar  açılan  kimi,  tərkibində  İtaliyanın sualtı qayıqları  və  torpedo  katerləri,  tral gəmiləri  olan 20-yə  yaxın  gəmi dəmiryol vasitəsilə  Mariupoldan Xəzərə  gətirilməlidir.  Azov dənizinin  donmasını  nəzərə alaraq,  sualtı qayıqlar dəmiryol xəttinin tikintisi  başa  çatana qədər  qatarlara yüklənəcəkdir. Ancaq bu, sadəcə  xəbərdarlıq məktubu deyildi,  həm də  “Velvet”  əməliyyatının  labüdlüyünü  konkret  faktlarla  sübut etmək cəhdi idi. Buna  baxmayaraq Stalin Çörçillin bu təklifinə heç bir münasibət bildirmədi.       Ümumiyyətlə, həmin  dövrdə  İngiltərə - SSRİ  münasibətlərində  müəyyən bir soyuqluq  özünü göstərməyə  başlamışdı.  Çox güman ki,  bu ikinci cəbhənin  açılması ilə bağlı idi.  Çünki  hələ  Moskva  görüşündə  Çörçill  bu ideyanın  hazırki  şəraitdə  qeyri-münkünlüyünü nəzərə alaraq,  rədd  etmişdi. Hər halda  Aleksandr Vert  o dövrü şərh edərkən  belə yazırdı:  “Oktyabrda  sovet mətbuatının apardığı  anti-ingilis  kampaniyası  bir yana dursun,  fəqət  Çörçill  ilə Stalin  arasındakı  yazışma  heç də ürəkaçan deyildi” .  Münasibətlərin belə sərt olmasına baxmayaraq ABŞ prezidenti  Ruzvelt  məsləyə  açıq  müdaxilə  etməyi  qərara aldı  və oktyabrın 9-da  Stalinə Çörçillin fikri ilə  həmahəng bir teleqram göndərdi. Orada  deyilirdi: “Mən baş nazirin  Sizin adınıza  göndərdiyi məktubun sürətini aldım. Sizin strateji komandanlığınız altında  Qafqazda fəaliyyət  göstərəcək  hərbi hava  qüvvələrini  tezliklə  Sizin sərəncamınıza  vermək  üçün  mümkün  qədər  əlimizdən  gələni edəcəyik”. Ruzveltin teleqramından belə aydın oludu ki,  müttəfiqlər  Qafqaza  silahlı qüvvələr  yeridilməsi  planını artıq  həll olunmuş hesab edirlər. Çünki  həmin  gün  Stalin  Çörçilldən bir teleqram  aldı. Həmin teleqramdan tam aydın olurdu ki,  Çörçill  daha dərinə gedərək,  Qafqaza  yeridilməli  olan hərbi hava  qüvvələrinin miqdarını  da  müəyyənləşdirib  Stalinin nəzərinə  çatdırmış  və bununla  da onu  demək olur ki,  fakt  qarşısında qoymaq istəmişdi.  Maraqlısı burasındadır ki,  Stalin  bu müraciətlərə  nə cavab verir, nə də  rədd edirdi. Yazışmalarda qarşı tərəfin diqqətini bərpa problemlərinə yönəltməyə çalışırdı.  ABŞ  və İngiltərəyə  gəldikdə  isə  onu demək  olar ki,  Çörçillin və Ruzveltin  bu məsələ ətrafında  böyük fəallığı  heç də təəccüblü olmamalı  idi. Çünki  bu,  Çörçill  ilə Stalin arasındakı  avqust  görüşündə  əldə edilmiş  razılaşmaya əsaslanırdı.  Ancaq sovet  tarix ədəbiyyatında  bu razılaşmanın  bütün müddəalarının  açıq-aydın  izahı verilməmiş,  əvəzinə  isə  ingilis-amerikan  silahlı qüvvələrinin  Qafqaza  yeridilməsi planı  bir tərəfli  “təhlil”  edilərək,  yalnız  SSRİ-yə  qarşı işğalçılıq  siyasəti kimi qiymətləndirilmişdir. Halbuki,  İkinci dünya savaşının  tarixi göstərir ki,  müttəfiqlər hərbi əməliyyatlarla  bağlı  bütün taleyüklü  məslələri bir qayda  olaraq  qarşılıqlı  razılaşma yolu ilə  həll  etməyə və Qafqaza hərbi-hava  qüvvələrinin yeridilməsinə   səy göstərirdilər. Bu baxımdan  bir sıra  sovet tarixçilərinin  sinfi xarakter daşıyan  mülahizələri  sözsüz ki, əsl  həqiqətdən uzaqdır  və obyektiv xarakter daşımır.  Məslən, A. Deborin yazır:  “ Nəinki  Hitler Almaniyası  sovet  neftini  ələ keçirmək istəyirdi. Bu istək,  həmçinin  Sovet İttifaqının çətin vəziyətindən istifadə  etməyə çalışan  ABŞ  və İngiltərə  imperialistlərini də rahat qoymurdu.  ABŞ  və İngiltərə  hökumətləri  Yaxın Doğudan  Sovet Zaqafqaziyasına ( Güney Qafqaza)  qoşun yeritmək  üçün plan (“Velvet”)  hazırladılar.  ABŞ və İngiltərə  hakim  dairələri  Qafqaza  girməkdən  ötrü bir-birini qabaqlamağa çalışırdılar...” Əlbəttə, bu doğru  deyildir. Əksinə Ruzvelt ilə Çörçill  arasındakı  yazışmalar göstərir ki,  bu məsələ  ilə bağlı  onlarda  fikir birliyi  mövcud idi və  hərbi  əməliyyatı  da birlikdə  həyata keçirmək əzmində idilər.   Deborinin ABŞ  ilə bağlı  mülahizələri də,  yumşaq  desək,  subyektiv  xarakter  daşıyırdı. O,  sovet ideologiyasının  savaşdan  sonrakı  illərdə  formalaşmiş  düsturlarına uyğun  olaraq  belə yazırdı: “Amerika Birləşmiş Ştatları  da həmçinin,  sovet-alman cəbhəsində  yaranmış vəziyyətdən istifadə etməyə  cəhd  göstərərək, öz  tərəfindən  Sovet İttifaqına  qarşı işğalçılıq  tələblərini irəli sürdü.  Belə ki, Vaşınqtonda ingilis silahlı  qüvvələrinin   Sovet  Qafqazına  göndərilməsinə dair  Çörçillin  təklifindən xəbər  tutdular.  ABŞ  vaxt itirmədən bu təklifə  qoşuldu  və onun  realizə  olunmasında  ABŞ  silahlı qüvvələrinin də iştirakını israr etdi”. Daha  sonra  müəllif  öz  mülahizələrində sanki  nöqtə  qoyaraq  yazırdı:  “SSRİ  hökumətinin  qəti  mövqeyinə  baxmayaraq, ABŞ  və İngiltərə  hökumətləri  Sovet Zaqafqaziyasına  girmək  planlarını  hazırlamaqla davam  edirdilər. 1942-ci il noyabrın  5-də  Stalin baş  nazir  Çörçilldən  məxfi  göndəriş aldı. Orada  deyilirdi:  “..... Sizin  güney cinahınızda  Britaniya  və Amerikanın  20 eskadrilyasının münkün qədər tez  göndərilməsinə çalşıram.  Ancaq bunu  etməzdən əvvəl  lazımdır ki,  bizim və Sizin  zabitlər  uçma-enmə  meydançaları  barədə  hərtəfli  razılığa  gəlsinlər və s. Qafqazda  vəziyyətiniz  barədə  Sizdən məlumat  almağa çox şad olaram”.   İşğalçılıq niyyətlərindən çox-çox  uzaq olan bu göndərişə Stalin təcili cavab  yazmağa tələsdi:  “Sizə  minnətdarlığımı  bildirirəm. İyirmi  eskadrilyanın  təcili  göndərilməsi  çox  qiymətli  kömək olacaqdır.  Bu  məsələ ilə bağlı lazımi  müşavirələrə, habelə ingilis, amerikan  və  bizim aviasiyamızın  nümayəndələrinin  konkret  tədbirlər  hazırlamasına  gəldikdə  isə yaxşı olar ki,  müvafiq  görüşləri əvvəlcə  Moskvada,  sonra da lazım gələrsə,  bilavasitə  Qafqazda  təşkil  olunsun. Mənə artıq məlumdur ki,  ABŞ  tərəfindən  bu məqsədlə  general  Y.Y. Edler  gəlir.  Böyük Britaniya  tərəfindən  kimin təyin olunması barədə  məlumatları gözləyirəm.  Oktyabrdakı vəziyyətlə müqayisədə bizim Qafqaz cəbhəsindəkki  vəziyyətimiz bir qədər pisləşib.  Beləliklə,  Stalin ingilis- amerikan  hərbi hava  birləşmələrinin Güney Qafqaza  yeridilməsinə  nəinki  etiraz  etmirdi, hətta  sonsuz  minnətdar  olduğunu bəyan edirdi.  Müttəfiqləri isə  ilk növbədə,  Bakı neft rayonun   təhlükəsizliyi daha çox düşündürürdü.  Beləliklə qarşılıqlı  anlaşma və razılaşma  əsasında  yazılmış  bu teleqram  mübadiləsi   heç bir  işğalçılıq  niyyətlərindən  xəbər vermirdi.  Əksinə,  qarşılıqlı  yardımlaşma prinsiplərinə əsaslanırdı.  Çünki  belə  olmasaydı, o zaman  İran körfəzindən  Xəzər  dənizinə doğru  təşkil edilmiş  tranzit yük daşıma  yolunu da,  Britaniya ordusunun  İranın  güney bölgələrini   tutması da  işğalçılıq  planlarının  tərkib hissəsi  adlandırmaq olardı.  1942-ci  ilin noyabrından sonra Çörçillin  Güney Qafqaza silahlı qüvvələr  yeridilməsində təkid etməməsinə gəldikdə,  görünür, Çörçill  əsasən iki səbəbdən çıxış edirdi.  Birincisi, Torç (“ Məşəl”)  əməliyyatının uğurları sayəsində  Quzey  Afrikadan Yaxın Doğunun  neft bölgələrinə  olan təhlükənin  sovuşması ilə,  ikincisi  isə  Stalinqrad   ətrafında  almanların  ağır  vəziyyəti ilə  və Qafqaza  olan təzyiqin xeyli zəifləməsi ilə  əlaqədar idi. Ancaq, bütün bunlarla  yanaşı  belə  bir  ehtimalı da   istisna etmək  olmaz ki,  savaş başa  çatdıqdan  sonra  dünyanın  hərbi-siyasi durumunun  son dərəcə  anlaşılmaz  ola  biləcəyi perspektivi  müttəfiqləri,  xüsusilə  də  Böyük Britaniynı  Güney Qafqazda  möhkəmlənməyə  sövq edə bilərdi. Çünki  bu günki  müttəfiqlərin  gələcəkdə  Sovet İttifaqı  ilə  münasibətlərinin  hansı keyfiyyətdə  inkişaf  edəcəyi  böyük sual  doğururdu. Hər şeyə şəkk-şübhə  ilə yanaşmağa adət etmiş   Stalin isə  öz növbəsində çox güman ki,  Güney Qafqazın,  ilk növbədə  isə  Bakı  neft rayonunun savaş sonlandıqdan sonra  dünənki müttəfiqlərin  strateji maraq dairəsinə  düşə biləcəyi  perspektivindən ehtiyatlana bilərdi. Əlbəttə,  bütün  bu mülahizələr  bir ehtimaldır.  Ancaq tarix  dəfələrlə  sübut edib ki, ziddiyyət olan yerdə,  hər hansı  bir ehtimal  həqiqətə çevrilə bilər. 

II  dünya savaşında  Sovet imperiyasının  müstəmləkə bölgələrindən biri olan Azərbaycanın bütövlükdə  iqtisadiyyyatı  savaş işinə cəlb  edilmişdi.  Neft, pambıq  və digər  strateji  məhsullar  istehsalı  savaşın  ehtiyaclarını  ödəməyə  xidmət edirdi. 

 

 

Qaynaq:

1.     Azərbaycan tarixi. Ali məktəblər üçün mühazirələr kursu. II hissə ( XIX-XXI  əsrin əvvəli).  Bakı: “ Bakı Universiteti”  nəşriyyatı. 2010,  545s.

2. XX əsr Azərbaycan tarixi II  cild.,  Bakı:  “Təhsil”  nəşriyyatı.  2009,  560 s . 3. A.Məmmədov  “ Baş tutmamış çevriliş”.  Bakı,  2007,  280 s

     4. M.Qasımov  “Beynəlxalq  münasibətlərdə Azərbaycan məsələsi”.Bakı: 1993.

5. Siyasi tarix (mühazirə kursu). Dərslik. II hissə  Bakı: “Şur” nəşriyyatı, 1995, 176 s.

6. N.R. İsrafiloğlu  “  Neft və cahan savaşı”.  Bakı:  “Mütərcim”  nəşriyyatı. 2005, 316 s.

7. Байбаков. Н  « Дело  жизни».  Москва. 1984,  352 с.

8. Верт. А  « Россия в  войне». Москва. «Ирогресс»,  1967,  774 с. // Alexander  Werth “ Russia  at War-1941-1945”.

9. Гречко.А  «  Битва  за  Кавказ».,  Военное издагелвство.  Москва.  1967, 424 с.

10. История  Азербайджана. Том II,  Баку,  1954.

11. W. Churchill  “The Second world War” vol  IV,  p  507.

 

Kəmalə Sahib qızı

Bakı Dövlət Univeristeti,

Antropologiya ixtisası 

VI kurs tələbəsi