BÜTÖV AZƏRBAYCAN OCAQLARI
DİLİN XALQIN HƏYATINDAKI ROLU

14:15 / 04-05-2016   /   baxış - 473

Bir çoxumuz dili sadəcə ünsiyyət vasitəsi kimi görürük. Buna görə də dövlət dilimizi qorumağa, gələcək nəsillərə ötürməyə əhəmiyyət vermirik. Lakin tarix boyu ölkəmizə təzyiq göstərən qüvvələr dilin bir millətin yaşama, ölmə səbəbi olduğunu yaxşı dərk ediblər. Buna görə də işğal etdikləri ərazilərin xalqlarını öz milli kimliklərindən uzaqlaşdırmaq üçün dili unutdurmağa çalışıblar. Dini mətnlər ərəb dilində, poeziya fars dilində, Çar Rusiyası və Sovetlər Birliyi zamanında da sənədləşmələr rus dilində olub...

Bu gün bir çox xalqların bir-birinə münasibətindəki kəskinlik anlaşılmaz görünsə də, bunun tarixi kökləri var.   

1794-cü ildə Çar Rusiyası öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan polyakların 30.000 nəfərini qətlə yetirdikdən sonra ruslaşdırma siyasətinə başladı. Bunun üçün xalqın dili, adət-ənənəsi əsas hədəf kimi götürüldü. Rus dilində ibtidai məktəblər açılır, əhali pravoslav ruhda maarifləndirilirdi. Katoliklərə dövlət vəzifəsində çalışmağa icazə verilmirdi. Litvada latın qrafikalı əlifba ilə kitab çapı qadağan olunmuşdu. Belarusda belarus, Ukraynada ukrayna dili qadağan edilmişdi. Dilin bir xalqın məhv olmaması üçün necə əhəmiyyətli olduğunu dərk edən litvalılar kiril əlifbasını, rus dilini zorla millətin beyninə həkk etməyə çalışan Rusiya hökumətindən gizli ABŞ-da, Avropada latın qrafikalı əlifba ilə öz doğma dillərində kitablar çap etdirib Litvaya gətirirdilər, gizli məktəblər yaradırdılar. Ana dilində kitab oxuyanlar ruslar tərəfindən Sibirə sürgün olunur, həbs edilirdilər. Bu kitabları Litvaya gətirənlər tutulanda ciddi cəzalandırılırdılar. Sənədlərdə 3047 nəfər kitab daşıyanın ələ keçirilməsi göstərilir. Onlardan biri də Yurqis Belinis idi. Doğma dilinin ruslaşdırma siyasətinin əlində məhv olmaması, yaşaması üçün həyatını təhlükəyə atan Yurqis Belinisin doğum günü olan 16 mart tarixi bu gün də Litvada hər il kitab daşıma günü kimi qeyd olunur. Xalqın milli özünüdərkini, dilini, yazısını, əlifbasını qorumaq yolunda həyatını təhlükəyə atan litvalıların xatirəsini əbədiləşdirmək məqsədilə heykəltəraş Yuozas Zikaris XX əsrin əvvələrində "Kitabdaşıyan" heykəlini düzəldir. Yaddaş diri tutulur. Və o tarixi ədalətsizliyin əks-sədası kimi bu gün artıq Litva, Estoniya, Latviya kimi Baltikyanı dövlətlərdə rus dili məhdudlaşdırılır, ruslara mənfi münasibət bəslənilir.

Yerli əhalisi əsasən müxtəlif türk xalqlarından ibarət olan Sibir işğal edildikdən sonra rus missionerləri burada xristianlığı təbliğ edir, əhalini milli adət-ənənələrindən, həyat tərzindən uzaqlaşdırmaq üçün yeni kəndlər salır, kilsələr tikdirir, yerli əhalinin rus qızları ilə evləndirilməsinə şərait yaradır, rus məktəbləri açırdılar. Ruslaşdırılıb Qorno-Altaysk adlandırılan, vaxtilə teleut türklərinin ulusu olan Ulaluda ruslar yerləşdirilir, yerli əhali rus dilini, adətlərini öyrənir, xristianlaşdırılırdı.

Xristianlığı qəbul edən yerlilər ruslara bənzəməyə çalışır, öz aralarında rus dilində söhbət edir, rus qızları ilə evləndikdən sonra artıq soydaşlarını bəyənmir, özlərini rus hesab edirdilər. Rus qadınlarından doğulan uşaqlar rus məktəblərində oxuyur, rus milli xörəklərini yeyir, rus dilində layla eşidir, xristian bayramlarını keçirirdilər. Ruslar özlərini onlara bənzətməyə çalışan əhaliyə yuxarıdan aşağı baxırdılar. Ruslaşdırma siyasətinə baxmayaraq, öz kimliyinə, dininə sadiq qalan, adını, soyadını ruslaşdırmayan türklər, ruslaşan türklərə satqın kimi yanaşırdılar.

Yerli əhali arasında özünə dayaq nöqtəsi yaratmaq üçün müxtəlif xalqları rus dili, rus adətləri içərisində əritməyə çalışan Çar Rusiyasının bu siyasətinin nəticələri bu gün də göz önündədir. Xakasiyanın əhalisinin cəmi 9%-ni xakaslar, 80%-ni ruslar, qalan hissəsini isə digər xalqların nümayəndələri təşkil edir. Əvvəlki dini şamanizm olan xakasları 1876-cı ilin iyul ayının 15-də Asxıs çayının kənarına gətirir, başlarını su ilə islatdıqdan sonra bütün qadın və qızlara Mariya, oğlanlara, kişilərə Vladimir adı verirlər. Müqəddəs Nikolay günündə xaç suyuna salınan bütün oğlan uşaqlarına isə Nikolay adı verilirdi. Eyni ailədən olan uşaqlar qarışıq düşməsin deyə dəftərlərinin üstünə Nikolay 1, Nikolay 2 yazardılar. Bütün  bunlar ruslar tərəfindən xristianlığın yerli əhaliyə zor gücünə yeridilməsinə sübutdur. Öz adı Pora olan, vatiz olunduqdan sonra ailədə üç Nikolaydan biri olan tanınmış xakas alimi Nikolay Katanov bir məktubunda Çar Rusiyasının yerlilərə münasibətini belə göstərir: "Bəzi idarəçilər hətta bir xalq kimi başkortları, tatarları, qırğızları yer üzündən silmək istəyirdilər". XX əsrin 40-cı illərindən sonra Qərbi Sibirdə fəaliyyət göstərən tatar məktəblərinin çoxu rusca təhsilə keçirildi. Omsk, Tümen vilayətlərinin məktəblərində tatar dili fənn kimi qaldı. Novosibirsk, Tomsk vilayətlərində isə o da ləğv edildi. Ruslaşdırma siyasətinin əsas üsullarından biri də rus qızları ilə evləndirmə idi. 85% rus qızlarla evlənmə nəticəsində uşaqlar türk atalarının dilini unudur, rus analarının dilində danışır, bir çoxu özünü pasportda rus kimi qeydiyyata aldırır. Bu gün Tura, Ob tatarlarının tamamilə, kalmıkların isə bir hissəsinin əriyib yox olması bu siyasətin nəticələrindəndir.

Qeyd edək ki, Azərbaycan dili hələ 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət dili kimi hüquqi aktlarda təsbit olunurdu, bütün rəsmi sənədlər dövlət dilində tərtib edilirdi. 1920-ci ildə AXC-nin süqutunun ardından formalaşdırılan sovet hakimiyyəti dövlət dili məsələsini beynəlmiləlçilik pərdəsi arxasında ikinci plana keçirməyə başladı.

1920-ci ildən başlayaraq, 30 il ərzində Azərbaycanın 100.000-ə yaxın ziyalısı, hərbiçisi, mədəniyyət və incəsənət xadimi milli özünüdərki, milli dövlətçilik əqidəsini, milli hissiyatı təbliğ etdikləri üçün Sibirə, Qazaxıstana və digər yerlərə sürgün edilib, güllələniblər. Bununla cəmiyyətimizin düşünən beyinlərinin böyük hissəsi məhv edilib. Azərbaycanda 1930-50-ci illərin əvvələrində 70.000 adam repressiya edilib. Bunların 29.000-i ziyalılar idi. Repressiyaya məruz qalanların içərisində Ayna Sultanova, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Ömər Faiq Nemanzadə, Əhməd Cavad kimi görkəmli ədəbiyyat, elm, mədəniyyət və ictimai xadimlər olmuşdur. Repressiya digər sovet respublikalarında olduğu kimi Azərbaycanın da intellektual potensialına sarsıdıcı zərbə vurmuşdur.

Azərbaycana rus və ermənilərin axınına hər cür şərait yaradılır, onlar işlə, Bakının ən yaxşı yerlərində mənzillə təmin olunurdular. Açıq-aşkar ruslaşdırma və erməniləşdirmə siyasəti yeridilirdi. Rus dili Azərbaycan dilini sıxışdırır, dövlət dilinə çevrilir, milli özünüdərk məhv edilirdi. Sovet rejiminin yaratdığı məhdudiyyətlərə və çərçivələrə baxmayaraq, 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddə yer aldı.

Müstəqilliyin ilk illərində Azərbaycan dilinə müxtəlif yanaşmalar meydana çıxmışdı. 1993-cü ildə milli-etnik birliyin möhkəmləndirilməsinə nail olmaq üçün dövlət dilinin “Azərbaycan dili” adlandırılması təklifi irəli sürüldü. 1995-ci il 12 noyabr referendumu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Həmçinin, Konstitusiyamızın 45-ci maddəsi ilə Azərbaycanda yaşayan bütün etnosların nümayəndələrinin ana dilindən istifadə hüququ təsdiq olunub.

2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman imzalandı. Həmin fərmandan sonra ölkədə bütün yazılı sənədləşmələr istisnasız olaraq latın qrafikası ilə aparılmağa başlandı.

Dövlət dilinin qorunması və inkişafı siyasəti hazırda da davam etdirilməkdədir. "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamlara uyğun olaraq, əvvəllər kiril əlifbası ilə çap edilən yerli və xarici müəlliflərə məxsus müxtəlif elmi, bədii kitabların çoxu latın qrafikası ilə yenidən nəşr olundu.

Beləliklə, tarixin sınaqlarına baxmayaraq, Azərbaycan xalqının dili, milli kimliyi bu gün də yaşayır. Lakin bu gün bəzən özümüz vaxtilə qorunması yolunda qurbanlar verilmiş dilimizə laqeyd yanaşırıq… Bəziləri bu gün də dövlət dilinə, milli kimliyə, milli-mənəvi dəyərlərə nəinki laqeyd yanaşır, hətta bunların nə olduğunu belə bilmirlər. Kosmopolitizm dəb halını almağa başlayır.

Qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı dilimizə yeni sözlərin daxil olmasına gətirib çıxarır. Lakin nəzərə almaq lazımdır ki, çox zaman həmin sözlər Azərbaycan dilindəki əvəzləyici sözləri sıxışdıraraq onların yerini tutur.

Beləliklə unutmamalıyıq ki, qloballaşan dünyada milli dəyərlərimizin qorunması üçün əsas vasitələrdən biri dilimizdir. Müstəqilliyimizi bizə verən dəyərlərdən biri də dilimizdir. Dilimizlə varlığımızı yaşadırıq. Dilimizlə başqalarından seçilir, bizə aid olanları yaşadırıq. Məhz dilimizin sayəsində bizdən alınanların bizə aid olduğunu sübut edə bilirik. Azərbaycan multukultural dəyərlərə sahib bir ölkədir. Burada bir çox xalqların, etnik və etnoqrafik qrupların nümayəndələri  yaşayır. Hər birinin də ana dili var. Lakin bizi müstəqil dövlətimizin dili olan Azərbaycan dili birləşdirir.

                                                                 

                                                                  Nuran  Gündüzoğlu