BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə

15:25 / 27-05-2016   /   baxış - 3485

Azərbaycan Cümhuriyyəti yarandığı ilk günlərdən həll etməyə çalışdığı birnci məsələ Təhsil idi. Bu məqsədlə də Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə 100 gənc dövlət hesabına təhsil almaq üçün Almaniya, Fransa, Tiflis, Türkiyə, Rusiya, Xarkov Univeritetlərinə göndərilmişdi. Göndərilən gənclərin seçilməsində onların təhsili və dil biliyi əsas götürülürdü. Göndərilən gənclər təhsil almaqdan çox təhsillərini davam etdirənlər idi ki, onlar daha yüksək keyfiyyətli kadr kimi geri qayıdacaqdılar. Ancaq onlardan bir neçəsi geri qayıda bildi. Qayıdanlara da dinclik verilmədi.

    Azərbaycan Cümhuriyyətinin yaranmasının 98-ci ili  ilə bağlı Cümhuriyyət tələbələrinin qısaldılmış siyasını hazırladıq.

 

   Abdinov BəhramƏlövsət oğlu (avqust, 1896, Dərbənd – 5.3.1969) ― 1913-cü ildə Dərbənd realnı məktəbini bitirmiş, Moskvada Kənd Təsərrüfatı İnstitunun balıq sənayesi şöbəsində oxumuşdur (1915). Almaniyanın Bonn şəhərinə göndərilmişdi (1920-25). Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbayacanlı Tələbələr Birliyinin (bundan sonra ATB) 1923-25-ci illərin məlumatında Bəhram Abdinovun təhsilinin sonlanmasına altı ay qaldığı göstərilir. Xanımı Sara, oğlu Övsət, qızı Ədilə. Övsət Abdinov fizika-riyaziyyat elmləri doktorudur. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

 

Abdullayev Ağəli Rəsul oğlu (17.10.1897, Ağdaş – ?) ― 1915-ci ildə Gəncə (Ondakı adı Yelizavetpol idi) Mixail peşə məktəbinin kənd təsərrüfatı şöbəsini, 1919-cu ildə Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini sonlamışdır. Kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün İtaliyaya göndərilməsi qərara alınmasına baxmayaraq bilinməz səbəblərdən bu göndəriş olmamışdır. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

    

 

 

    Ağabababəyov-Muğanlinski Adil Abbasəli oğlu (13.12.1898, İrəvan – ?) ― 1917-ci ildə İrəvan kişi gimnaziyasını sonlamışdır. Hüquq təhsili almaq üçün Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir (1920-25). Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illərin məlumatında Ağabbabəyovun təhsilinin sonlanmasına altı ay qaldığı göstərilir. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.(AXC Ensiklopediyası, bət 97)

   

 

 

 

    Ağabababəyov-Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan – ?) ― 1918-ci ildə İrəvan gimnaziyasını bitirmişdir. Hüquq təhsili almaq üçün  dövlət hesabına Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir (1920-25). Azərbaycanlı Tələbələr Birliyinin üzvü, təhsil illərində isə başqanı olmuşdur. Təhsilini sonladıqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-33-cü illərdə Azərbaycan Dövlət Bankında məsləhətçi, qrup başqanı işləmişdir. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini öyrətmiş, 1935-ci ildə yenidən repressiyaya uğramış, Qaraqanda vilayətinə sürgün edilmişdir. (AXC Ensiklopediyası, bət 100)

 

 

    Ağasıbəyli Yusif bəy Süleyman oğlu (20.12.1896, Gəncə – 1989, Gəncə) ― 1917-ci ildə Gəncə (ondakı Yelizavetpol) kişi gimnaziyasını sonlamışdır. Elektrotexnika sahəsində təhsil almaq üçün Almaniyanın Drezden Texniki Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər məlumatında  onun təhsilinin sonlanmasına bir il qaldığı göstərilir. Sonladıqdan sonra Almaniyada qalıb işləmişdir. Ağasıbəyli 1931-ci ildə Gəncəyə qayıtmış, yağ emalı zavodunda baş mexanik işləmişdir. 1937-ci ildə tutulmuş, 1956-cı ildə bəraət almışdır. (AXC Ensiklopediyası, bət 102)

 

    

    Ağayev Balağa Məmmədhənifə oğlu (1899, Bakı qəzası – ?) ― 1919-cu ildə Bakıdakı kommersiya məktəbini sonlamışdır. Tibb sahəsində təhsil almaq üçün dövlət hesabına Fransanın Paris Universitetinə göndərilmişdir. Sobrakı taleyi ilə bağlı bilgi yoxdur. (AXC Ensiklopediyası, bət 102)

 

   

 

 

    Axundov Əjdər (?-?) ― bir il Bakı Dövlət Universitetinin tibb fakültəsində oxuduqdan sonra təhsilini tamamlamaq üçün Fransaya göndərilmişdir. Təhsil haqqını ödəmək üçün Fransanın Dinar kurort şəhərində bir ailədə qulluqçu işləməli olur. Ceyhun Hacıbəyliyə yazdığı sonuncu məktubunda durumunun son dərəcə ağır olduğu görünür.

    

 

 

 

     Axundzadə Səməndər Zəki oğlu (1898, Quba – 1933) ― 1918-ci ildə Bakı realnı məktəbini sonlamış, dağ mühəndisliyi yönündə artırmaq üçün dövlət hesabına Frayber Akademiyasına (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər məlumatında Axundzadənin təhsilini sonlamasına bir il qaldığı göstərilirdi. Təhsilini sonladıqdan sonra yurda dönmüş Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində çalışmışdır. Repressiya qurbanıdır.

   

 

 

 

    Aslanov Teymur bəy  Zəkəriyyə oğlu (5.1.1980, Şuşa – 16.8.1964, Bakı) ―1918-ci ldə Qarabağda ermənilərin hücumalrına qarşı dayananlardan biri olmuşdur.  1919-cu ildə Bakı kişi gimnaziyasını sonlamış, təhsilini tarix-filologiya yönündə artırmaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Teymur bəy 1921-ci ildə Almaniyaya köçmüş, 1924-cü ildə Kotbus toxuculuq mühəndisləri ali məktəbini sonlamışdır. Yurda qayıtdıqdan sonra Gəncə toxuculuq kombinatında mühəndis, 1931-32-ci illərdə Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığında (XYSK) mühəndis, 1933-cü ildən Gəncə toxuculuq kombinatının direktor yardımçısı və direktoru işləmişdir. Yenidən XYSK-da çaışmağa başlayan Aslanov 1939-cu ilin yazında Moskvadan ezamiyyətdən qayıtdıqdan sonra tutulmuş, Kotlaskda (Arxangelsk vilayəti) dustaq olmuşdur. Tutulmasının səbəbi Azərbaycanda sovet hakimiyyətinə qarşı təşkilatlanmanın aparılması olmuşdur. 1950-ci ildə ona Qazaxıstana köçməyə icazə verilmiş, Balxaş şəhərində dəmir-beton məmulatları kombinatının tikintisinə başçılıq etmişdir. 1956-cı ildə bəraət almış, ömrünün sonuna kimi Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yüngül Sənaye İdarəsində işləmişdir.

    

    Atamalıbəyov Abbas Seyfulla bəy oğlu (26.2.1895, Tiflis – 1971, ABŞ, Klivlend) ― İlk təhsilini Şamaxıda, Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görməsi zəif olduğundan onu hərbi məktəbə götürməmişlər. 1914-cü ildə Peterbur Politexnik İnstitunun dəniz mühəndisliyi fakültəsinə girmiş, bu dönəmdə sağ eserlərə qoşulmuş, müsəlman həmyerlilər komitəsinin sədri seçilmişdi. Rusiyada inqilabi hərəkatda yaxından iştirak etmiş, hərc-mərclik yarandığından Qafqaza dönmüş, eserlər partiyasında fəaliyyətini sürdürmüşdür. Atamalıbəyov Azərbaycan Milli Şurasının və Cümhuriyyət Parlamentində “Sosialistlər bloku” fraksiyasının üzvü idi.  Təhsilini artırmaq üçün Paris Universitetinə göndərilmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Paris sülh konfransında (1919-1920) Azərbaycan nümayəndə heyətinin üzvü M.Məhərrəmovu əvəz etmək üçün Atamalıbəyovu Fransaya ezam etmiş və o, nümayəndə heyətinin tərkibində katib kimi çalışmışdır. Aprel işğalından (1920) sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin durumunu öyrənən Azərbaycanlı Tələbələr Birliyinin 1923-25-ci illər məlumatında Atamalıbəyovun təhsilini sonlamasına bir il qaldığı  yaılır.

     Parisdə siyasi çalışmalarını sürdürmüş Atamalıbəyov mühacirət dairələrində tanınan siyasətçilərdən olmuşdur. Fransa hökumətinin SSRİ-yə qarşı siyasətinin mühacirlər üçün yaratdığı əlverişli imkanlardan yararlanaraq Parisdə Siyasi Elmlər Məktənbini oxumuşdur. Azərbaycan Mühacirətində Məhəmməd Əmin Rəsulzadəyə müxalif olan qrupdan idi. Qərargahı Cenevrədə olan Millətlər Cəmiyyətinin siaysi tədbir və müzakirələrinə vaxtaşırı qatılmışdır. Əlimərdan bəy Topçubaşovun ölümündən sonra Parisdə toplaşan Azərbaycan mühacirətinin başçısı idi. Əməkdaşlıq etdiyi “Revyu de Prometey”, “O” dərgilərində Güney Qafqazla bağlı məqalələri yayınlanırdı.

     Almanlar Fransanı işğal etdikdən sonra Berlində yaşamış, orada Qırmızı Xaç komitəsində çaışmış, azərbaycanlı əsirləri qurtarmaq üçün böyük işlər görmüşdür. Siyasi çalışmlarını burda da sürdürən Atamalıbəyov Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərlik qrupa (Ə.Fətəlibəyli-Düdənginski və F.Əmircanla birlikdə) qatılmışdır. 1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olmuş, Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısına qatılmışdır. Sonralar bir sürə Çilidə, Misirdə, 1967-ci ildən isə ABŞ-da yaşamışdır. Ömrünün sonunacan Azərbaycanın istiqlalə uğrunda dirənmiş, Yurduna qovuşacağına inamını itirməmişdir. Uzun sürən sayrılıqdan sonra ölmüş, ölümündən öncə yazmağa başladığı xatirələri yarımçıq qalmışdır.

    

    Bağırlı Abdulla  Sadıq oğlu (?-?) ― Kiyev Kommersiya İnstitutunda oxumuş, 1917-ci ildə Rusiyada Oktyabr çevrilişindən sonra təhsilini yarımçıq buraxaraq Yurda qayıtmışdır. Təhsilini iqtisadiyyat yönündə sürdürmək üçün dövət hesabına Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

    

 

 

    Bosnalızadə Məmmədrəşid Mustafa oğlu (21.6.1892, Gəncə - ?) ― Gəncə ali ibtidai məktəbini bitirmiş, orda müəllimlik etməklə yanaşı, üç il İstanbul Universitetinin hüquq şöbəsində oxumuşdur. Təhsilini sürdürmək üçün Paris Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər məlumatında Bosnalızadənin təhsilinin sonlanmasına 6 ay qaldığı göstərilmişdir. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

    

 

 

    Cabbarov ƏləkbərMəmmədəli oğlu (3.1.1898, Bakı - ?) ― 1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını sonlamışdır. Təhsilini sürdürmək üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

 

     

 

 

     Cavanşir Əbdülhəmid Həmid oğlu (7.9.1897, Şuşa -  ?) ― 1918-ci ildə Gəncə (Yelizavetpol) kişi gimnaziyasında oxumuşdur. Təhsilinin aqronomluq yönündə artırmaq üçün Fransanın Nansi Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər məlumatında təhsilini sonlamasına bir qaldığı göstərilir. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

    

 

 

Cəfərov Əliyusif Abutalıb oğlu (14.1.1901, Bakı - ?) ― 1919-cu ildə Bakı kişi gimnaziyasını sonlamışdır. Təhsilini fizika-riyaziyyat yönündə artırmaq üçün Türkiyəyə göndərilmişdir. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

 

    

 

 

    Dadaşov Ağa Abdulla Ələsgər oğlu (1.4.1902, Bakı - ?) ― 1918-ci ildə birinci Bakı realnı məktəbini sonladıqdan sonra  təhsilini artırmaq üçün İngiltərəy göndərilmişdir. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

    

 

 

 

 

    Daqirov Zaur bəy Yusif oğlu (11.5.1902, Vladiqafqaz – ?) ― 1918-ci ildə Tiflis Kodet Korpusunu sonlamışdır. Təhsilini etnoqrafiya yönündə artıqmaq üçün Paris Universitetinə göndərilmişdir.

 

    

 

 

     Dursunzadə Məmmədzəki (1890, Axalsıx rayonu,Azqur kəndi – 1937,Tiflis) ― Müəllimlər İnstitutunun hüquq fakültəsini sonladıqdan sonra təhsilini tarix-filologiya yönündə artırmaq üçün İstanbul Universitetinə göndərilmişdi. Sonradan təhsilini öz hesabına sürdürmüş, Türkiyədən Almaniyaya getmişdir. Təsilini sonladıqdan sonra Bakıya qayıtmış, qadın müəllimlər seminariyasında və yer quruluşu texnikumunda müəllimlik etmişdir. 1937-ci ildə doğma kəndinə getmiş, orda tutularaq güllələnmişdir.

 

      

 

     Əbdürrəhmanov Ağacəfər Məşədi Cəfər oğlu (30.7.1896, Şamaxı - ?) ― 1917-ci ildə  Şamaxı realnı məktəbini bitirmişdir. Təhsilini kimya sahəsində sürdürmək üçün Almaniyanın Berlin Universitetinə göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-1925 illər üçün məlumatında onun təhsilini sonlamasına 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

    

 

 

 

     Əfəndiyev Abdulla Molla İbrahim oğlu (30.9.1897, Dağıstan – ?) ― 1919-cu ildə Bakı realnı məktəbini bitirmiş, Moskva Kommersiya İnstitutunun iqtisadiyyat şöbəsində 2-ci kursa qədər oxumuş, ancaq maddi soruna görə təhsilini yarımçıq qoymalı olmuşdu. Təhsilini sürdürmək üçün Berlin Kommersiya institutuna (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər üçün məlumatında onun təhsilinin sonlanmasına 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

    

 

     Əfəndiyev Məmmədəmin(14.2.1897, İrəvan – ?) — 1916-cı ildə Tiflisdəki imperator I Aleksandr kişi gimnaziyasını bitirmiş, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində təhsil almış, ancaq maddi soruna görə təhsilini yarımçıq qoymalı olmuşdu. Təhsilini yol nəqliyyatı yönündə sürdürmək üçün Darmstadt institutuna (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər üçün məlumatında M. Əfəndiyevin təhsilinin sonlanmasına 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

    

 

     Almuradov Cavad bəy Cümşüd bəy oğlu-(12.7.1898, Yelizavetpol quberniyası, Cəbrayıl qəzası, Qaryagin dairəsi, Qorqan kəndi –  ?) ―  5.9.1909-cu ildə Bakıda II uşaq gimnaziyasına daxil olmuş, buranı 7.04.1918-ci ildə sonlamışdır. Cavad bəy 1920-ci ildə dövlət hesabına Frayberq Dağ Mədən Akademiyasına təhsil almağa göndərilir. Bu Xalq Maarif nazirliyinin 13 yanvar 1920-ci ildə 556 nömrəli verdiyi sənədlə təsdiq olunmuşdur. 21 mart 1923-ci il tarixli Frayberq ali məktəbinin verdiyi sənədlə onun burada  9 semestrlik ilkin təhsil pilləsini  Dağ-mədən mühəndisi ixtisası üzrə uğurla başa vurduğu təsdiqlənir. Təslinin 19 dekabr 1924-cü ildə uğurla başa vuraraq Dağ mühəndisi üzrə diplom almışdır. Neft mühəndisi vəzifəsində çalışmışdı.

 

 

     Əliyev Abbas MirzəƏhməd oğlu (28.7.1897, Şamaxı - 1972, Moskva, Bakıda dəfn olunmuşdur) ― 1916-cı ildə Bakı realnı məktəbini sonlamışdır. 1916-cı ildən Kiyev Politexnik İnstitutunun inşaatçı-mühəndis şöbəsində oxumağa başlamış, ancaq Rusiyada Oktyabr çevrilişi baş verdiyindən təhsilini yarımçıq qoyub, 1918-ci ildə geri qayıtmalı olmuşdur. Təhsilini sürdürmək üçün Almaniyanın Berlin Kommersiya İnstitutuna göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin sonlanmasına 6 ay qaldığı göstərilirdi. 1925-ci ildə Abbas Əliyev təhsilini sonladıqdan sonra Azərbaycana qayıtmış, 1928-ci ilədək burada işləmiş, sonra Moskvaya köçmüşdür. 1938-ci ildə tutularaq, Bakıya gətirilmiş, 6 aydan sonra həbsdən buraxılmışdır. Moskvaya qayıdan Abbas Əliyev İkinci dünya savaşına (1939-1945) qatılmışdı. 1947-ci ildə Abbas Əliyev ikinci dəfə tutulmuş, 1953-cü ildə bəraət almışdır. Azərbaycanın Moskvadakı nümayəndəliyinin göndərişi ilə "Bakı" restoranında inzibatçı, direktor yardımçısı işləmişdir.

     Əliyev Ələkbər bəy Qəhraman oğlu(15.12.1898, Şuşa – fevral.1976, Bakı) — 1917-ci ildə Şuşa real məktəbi sonlamışdı. Almaniyaya oxumağa göndərilmişdi. Berlin kənd təsərrüfatı institutunda oxumuşdu. Vizası bitdiyindən 1923-cü ildə Yurda dönmüşdü. Dadaş Bünyadzadə ona kənd təsərrüfatına dair məruzə hazırlamağı tapşırmış, oxuyandan sonra Ə. Əliyevin biliyindən xoşlanmış, yenidən onu Berlinə yola salmışdı. 1924-cü ildə institutu uğurla sonlayıb Bakıya dönmüşdü. Onu qəza aqronomu təyin etmişdilər. 1924-cü ildən 1927-ci ilədək baş aqranom, müəllim, texnikum direktoru işləmişdi. 1927-ci ildən 1931-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı institutunda müəllim kimi çalışmışdı. 1934-cü ildən isə Bakı Kənd Təsərrüfatı Texnikumunda torpaqşünaslıq fənnini tədris edir. 1937-ci ilədək Nazirlər Soveti yanında İttifaq sərgisində Azərbaycan kənd təsərrüfatının filialını yaratmaq  üzrə təşkilatın  məsul katibi vəzifəsinə irəli çəkilir. 1944-1947-ci illərdə Ələkbər Əliyev həm müəllimliklə məşğul olur, həm də pedaqoji institutda qiyabiçi tələbə sayılır. 1941-ci ildən 1967-ci ilə qədər o, Azərbaycan  Dövlət Universitetində  (indiki BDU) Qərbi Avropa dilləri üzrə kafedra müdiri və müəllim kimi çalışır. Ələkbər müəllim uzunsürəli əməyinə görə bir neçə fəxri fərmana layiq görülmüş, medallarla təltif olunmuşdur. Hamı onu yüksək mədəniyyətə, mənəvi və intellektual keyfiyyətləri olan bir şəxs kimi tanıyırdı. Mənəvi təmizliyinə, icraçılığına, səliqə-səhmanına və dəqiqliyinə görə xalq ona “Nemes Ələkbər” ləqəbi vermişdi.  

     Əliyev Əşrəf Ağaəli oğlu (4.5.1900, Şuşa – 1937) ― Özünün yazdığı tərcümeyi halı: "Mən, Əşrəf Əliyev 04.05.1900-cü ildə Şuşada  doğulmuşam. 1919-cu ildə Vladiqafqaz (Şimalı Qafqaz) Gimnaziyasını sonlamışam. 1919-cu ildə 1 semestr Rostov Universitetində  "Tibb"  ixtisası üzrə oxumuşam. 1920-ci ildə ADR-in təqaüdü əsasında Almaniyaya təhsil almag üçün göndərilmişəm. 10.4.1920-ci ildə Frayberq Dağ Mədən Akademiyasına daxil olmuşam və indiyə kimi də təhsilimi davam etdirirəm. Mən diplom imtahanlarımın hamısını (1922-23) müvəffəqiyyətlə vermişəm. Mən praktikamı 345 iş növbəsində (345 Schichten) yerinə yetirmişəm.

Diqqətinizə görə təşəkkürlər.

Alieff (şəxsi imzası belə olmuşdur)

Frayberq, 17.04.1924"

     Bu tərcümeyi halını o iki dəfə qələmə almışdır.  Onun 20.9.1924-cü ildə yazdığı daha bir məktubunda isə AXC-nin süqutundan sonra bu tələbənin qarşılaşdığı maddi problemi təsvir edilir. Bu məktubunda o, dövlətdən heç bir yardım almadığını və bu səbəbdən işləyib təhsili üçün pul artırmalı olduğunu qeyd etmişdir. Ona görə də, imtahanlarını növbəti semestr verə biləcəyini yazır. Bunun üçün o rektordan icazə almışdır. Sonralar Əşrəf Əliyev 30 yanvar 1925-ci ildə universiteti geodeziya fakültəsi üzrə bitirərək mühəndis ixtisasına yiyələnmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər məlumatında onun təhsilini sonlamasına bir ay qaldığı göstərilir.

     Əşrəf Əliyev təhsilini sonladıqdan sonra əlavə olaraq Hannoverdə və Elzasda ixtisasını təkmilləşdirmişdi. Azərbaycana qayıtdıqdan Əşrəf Əliyev “Azərneft” İstehsalat Birliyində çalışmış, Bibiheybət neft mədənləri rəisinin yardımçısı, “Kaqonoviçneftneft” qazma kontorunun direktoru işləmişdir. Repressiya qurbanıdır.

 

    

      Əliyev Firidun Əzim oğlu (3.12.1898, Şuşa - ?) ― 1919-cu ildə Bakı poli-texnik məktəbinin elektrotexnika şöbəsində oxumuşdur. Təhsilini elektrotexnika yönündə artırmaq üçün Almaniyaya göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər üçün məlumatında Firidun Əliyevin təhsilinin sonlanmasına 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi bağlı bilgi yoxdur.

 

 

 

 

    

    Əliyev Zeynalabdin bəy Hacı Ağabəy oğlu (24.4.1894, Bakı – ?) ― Təhsilini memarlıq yönündə artırmaq üçün Roma Kral Rəssamlıq Akademiyasına göndərilmişdi.

     Azərbaycan Cümhuriyyəti dövründə milli mədəniyyətin tərəqqisində yaxından iştirak etmiş mədəniyyət xadimi. Əlizadə Azərbaycan Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, hərbi orden-medalların və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak etmişdir. Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk olunmuşdur".

     "Azərbaycan Yurd bilgisi" dərgisindəki məqalələr isə "Heykəltəraş Zeynal A. Saray" və "Zeynal Akkoç" imzaları ilə çap olunmuşdur.

     Bir arxiv sənədindən Şəhadətnamə: “1919-cu ildə, avqust ayının 27-ci günündə verilib şəhadətnamə xüsusunda ki, Ağa Zeynalabdin bəy Hacı Ağabəy oğlu Əliyev Bakı şəhərinin sakini, Hacı Qasımbəy məscidinin camaatına mənsubdur. Təvəllüdü vaqe olub 1894-cü ildə aprel ayının 24-cü günündə, necə ki, təvəllüdü sübut olunub məscidin metrik dəftərində.  İmzanı təsdiq edirəm. Hacı Qasımbəy məscidinin mollası Molla Ruhulla Hacı Abdulla oğlu.

    Zeynalabdin Əliyevin şəxsiyyəti haqqında ilk dəqiq bilgi ala bildiyimiz qaynaq mərhum Mövsüm Əliyevin yazıları olmuşdur. O, ötən əsrin 60–90-cı illərində yazmış olduğu məqalələrlə oxucuları ilk peşəkar heykəltəraşımız haqqında tarixi faktlarla bilgiləndirmişdir. Məhz bu yazılardan öyrənmişik ki, mədəniyyət tariximizə ilk peşəkar Azərbaycan heykəltəraşı kimi daxil olmuş Zeynal Hacıağa oğlu Əlizadə 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Amma göründüyü kimi, təqdim etdiyimiz şəhadətnamə ilə müqayisədə Möhsüm Əliyevin verdiyi bilgi (həm ad və soyadında, həm də doğum tarixində) cüzi fərqlər vardır. Belə ki, şəhadətnamənyə dayansaq, "Əliyev Zeynalabdin bəy Hacı Ağabəy oğlu 1894-cü il aprel ayının 24-də" anadan olmuşdur. Gürünür, Mövsüm Əliyev bilgini fərqli qaynaqdan əldə etmişdir.

     Həmin yazılarda bilgi verilirdi ki, Zeynal Əlizadə orta təhsilini sonladıqdan sonra (1915-ci ildə) Moskva Kommersiya institutuna girmiş, burada üç il təhsil almış, 1918-ci ilin payızında Bakıya qayıtmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin poçt və teleqraf nazirliyində xüsusi tapşırıqlar üzrə baş məmur vəzifəsinə təyin olunan Zeynalabdin Əliyev eyni zamanda rəssamlıq sənəti üzrə də öz yaradıcılığını davam etdirmişdir.

     Zeynalabdin  Əliyevin  İtaliyada təhsil alması haqqındakı faktlar, akademiyanı 1923-cü ildə sonlamış Zeynalabdin bəyin Parisdə yaşayan Ceyhun Hacıbəyli ilə yazışmalarında da təsdiqlənir. N.Abutalıbova bununla bağlı yazır: "1919-cu ilin ortalarında (1920-ci ilin yanvarında – M.S.) Rusiyanın və Avropanın ali məktəblərində oxumaq üçün 99 azərbaycanlı gənc göndərilmişdir. Onlardan ikisinin intihar etdiyini bilib qalanların həyatı ilə maraqlanmağa başladıq. Bu, çox mürəkkəb bir iş idi. Bununla belə, bəzi şeyləri aydınlaşdırmaq mümkün oldu. Budur, əlimizdə Parisdə çəkilmiş şəkil vardır. Tələbələr Avropa ölkələrinə yola düşməzdən qabaq çəkdiriblər (?). Heykəltəraş Zeynalabdin Əliyevin Ceyhun Hacıbəyliyə üç məktubu da bizdədir. Bunlardan ikisi 1922-ci ildə yazılmışdır və Z.Əliyev bildirir ki, Perucada  Akkademia di Bella Artidə oxuyur, maddi yardıma görə minnətdardır. Sərgilərindən də söhbət açır. Eyni ünvana göndərdiyi sonuncu (27 avqust 1927-ci il) məktubunda yazır ki, Akademiyanı sonlayıb, iş tapa bilmir, korluq çəkir, buna görə də Braziliyaya köçmək istəyir. Məktubunda Bakıdan gəlmiş bacısı Saranı və Berlində tələbə olan İbad Əliyevi xatırlayır. Burada siz Zeynalabdin  Əliyevin İtaliyada poçt açıqcaları şəklində buraxılmış fotoşəkilləri ilə tanış ola bilərsiniz". Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

    

    Əmircanov Əliyar (?-?) ― 1915-ci ildə 1-ci Bakı kişi realnı məktəbini oxumuş, müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinə girmiş, beş yarımil orda oxumuşdur. 1917-ci ildə Rusiyada Oktyabr çevrilişindən sonra geri qayıtmalı olmuşdu. Təhsilini sürdürmək üçün Rusiyaya göndərilmişdi. Sonraki taleyi ilə bağlı bilgi yoxdur.

 

     

 

 

 

    Əmirov Umbay Abbas oğlu (1899, Şuşa – ?) — Şuşa real məktəbini bitirmişdi. 1916-cı ildə Odessa Universitetində təhsil almış, maddi sorundan təhsilini yarımçıq buraxıb qayıtmışdı. Təhsilini tibb sahəsində artırmaq üçün yenidən həmin universitetə göndərilmişdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

     Umbay Əmirov Dilarə Səfərova ilə ailə qurmuşdu. Rasim adlı oğlu, Alya adlı qızı vardı.

 

 

    

 

    Əşrəfov İsrafil İsmayıl oğlu (30.5.1900, Bakı – ?) — 1918-ci ildə Bakı kommersiya məktəbini sonlamışdır. Təhsilini sürdürmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

    

 

 

     Hacıyev Bayram İbrahim oğlu (30.6.1900, Şuşa - ?) ― 1918-ci ildə Şuşa real məktəbini bitirmişdir. Təhsilini iqtisadiyyat yönündə sürdürmək üçün Parisə (Fransa) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra  ATB-nin 1923-25-ci illər üçün məlumatında onun təhsilinin sonlanmasına 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

 

 

    

 

     Xaspolad bəy İsmayıl bəy oğlu (21.1.1900, Şuşa - ?) ―1917-ci ildə İrəvan kişi gimnaziyasını sonlamış, Petroqrad dağ-mədən institutuna girmiş, ancaq maddi çətinlikdən təhsilini yarımçıq buraxıb geri qayıtmalı olmuşdu. Təhsilini sürdürmək üçün Rusiyaya göndərilmişdir. Sonrakı taleyi bağlı bilgi yoxdur.

 

 

 

    

 

   Hacıyev Məmməd bəy Mirzə Kərim bəy oğlu (28.2.1896, Şuşa – ?) — Mirzə Kərim bəyin ikinci oğlu. 1916-cı ildə Şuşa Real məktəbini bitirmişdi. Təhsilini maşınqayırma yönündə sürdürmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin durumunu öyrənən Azərbaycanlı Tələbələr Birliyinin 1923-25-ci illər üçün məlumatında onun təhsilinin sonlanmasına il yarım qaldığı göstərilirdi. Sonra Türkiyəyə getmiş Qaratəkin soyadını götürmüşdür.

     Mehmet Qaratekin alman qızı Hesma ilə evlənmişdi. Güllü xanım və Aysel xanım adlı qızları var.

    

   Hacızadə Mirzə Məşədi Yusif oğlu (Mirzə bəy Göygöl) ― 1915-ci ildə Yelizavetpol (Gəncə) kişi gimnaziyasını  sonlamış, Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxumuşdur. Təhsilini kənd təsərrüfatı yönündə artırmaq üçün Berlin Universitetinə göndərilmişdir. Təhsilini başa vurduqdan sonra  Hacızadə işğal olunmuş Azırbaycana qayıda bilməmişdir. O, Berlin Universitetinin kənd təsərrüfatı fakültəsini oxumuş, 1926-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdi. Nə qədər çalışsa da Azərbaycana dönə bilməmişdi. Mirzə bəy bir sürə Almaniyada seleksiyaçı alim kimi çalışdıqdan sonra Türkiyəyə çağırılmış, oraya köçmüşdü. 1961-ci ilədək İstanbul Halkalı toxumçuluq stansiyasında işləmiş, ali məktəblərdə dərs demişdir. M. Hacızadə Türkiyədə yaşayan muhacirlərlə ― Məhəmmədəmin Rəsulzadə, Adil xan Ziyadxanlı, Cahangir bəy Kazımbəyli, Mustafa Vəkilov, Nağı Şeyxzamanlı və başqaları ilə yaxından dostluq etmiş, evində müntəzəm toplantılar, müşavirələr keçirmişdir. Hacızadənin tələbələr üçün dərslik kimi qullanılan 34 bitiyi, 300-dək məqaləsi basılmışdır. 1950-ci ilədək Hacızadənin Gəncədə yaşayan qohumları ona görə təqiblərə məruz qalmış, anası Sibirə sürgün edilmişdi. Sürgündən sonra anasına Gəncədə yaşamağa icazə vermədiklərinə görə Gədəbəydə yaşayıb və orada da ölüb. Sovet dönəmində Türkiyədə səfərdə olan Azərbaycan mədəniyyət nümayəndələri dəfələrlə onun qonağı olmuş,  Maestro Niyazi ilə tanışlığı uquşsal (ailəvi) dostluğa çevrilmişdi. Mirzə bəy Hacızadə Maestronun səyi və dəvəti ilə 1968-ci ildə Azərbaycana gəlmiş, ancaq SSRİ təhlükəsizlik orqanları ona doğma Gəncəyə getməyə,  anasının qəbrini belə ziyarət etməyə qoymamışdılar.

       O, İstanbulda Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımla evlənmişdi.

    Həsənov Əlimuxtar Yaqub oğlu (1896, Bakı – ?) ― 1919-cu ildə Bakı kişi gimnaziyasını bitirmişdir. Təhsilini tarix-filologiya yönündə sürdürmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

 

 

     

 

     Həsənov Rzaqulu İsmayıl oğlu (27.9.1889/1895, Quba – ?) ― 1917-ci ildə Orta texniki məktəbin mexanika şöbəsində təhsilini sonlamış. Təhsilini sürdürmək üçün Frayberq Universitetinə (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin sonuna 1 il qaldığı göstərilirdi. "Neftçala" trestində mədən rəisi işləyib.  23 avqust 1937-ci ildə 5 il iş alaraq həbs edilib. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

    

 

      Hüseynov Əlihüseyn Ağahüseyn oğlu (1898,Salyan – ?) ― 1919-cu ildə Lənkəran kişi gimnaziyasını sonlamışdır. Təhsilini tibb yönündə sürdürmək üçün Rostok Universitetinə (Almaniya) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər üçün məlumatında onun təhsilinin sonuna 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

    

 

 

    Hüseyinov Salman Hüseyn oğlu (4.1.1901, İsfahan – ?) ― 1917-ci ildə Tiflisdəki İ.M.Maçaidze gimnaziyasını bitirmişdir. Təhsilini tibb yönündə sürdürmək üçün Firtsburq İnstitutuna (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25 illər üçün məlumatında onun təhsilinin sonuna 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

    

 

 

     Hüseynov Zeynalabdin Adil oğlu (1900, Səlyan – 1959, Bakı) ― 1918-ci ildə Lənkəran kişi gimnaziyasını sonlamışdır. Təhsilini tibb yönündə sürdürmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ATB-nin 1923-25-ci illər üçün məlumatında onun təhsilinin sonuna 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi ilə bağlı bilgi yoxdur.

 

    

 

 

     Hüseyinov Bəhram İsmayıl oğlu (4.3.1901, Salyan – ?, Bakı) ― 1919-cu ildə Bakı realnı məktəbini bitirmişdir. Təhsilini elektrotexnika yönündə sürdürmək üçün Almaniyanın Darmştadt Ali Texniki Məktəbinə göndərilmişdi. Bəhram Hüseynzadə təhsilini başa vurduqdan sonra 1926-cı ildə Azərbaycana qayıtmış, Gəncə toxuculuq kombinatında elektrik təsərrüfatının rəisi işləmiş, Azərbaycan SSR Xalq Torpaq Komissarlığında "Azərkəndelektrik" bölməsinin başçısı olmuşdur. 1941-ci ildə repressiya olunmuş, 15 il azadlıqdan məhrum edilmişdir. 1956 ildə bəraət almışdır.

    

 

     Xələfbəyov MəmmədXələf bəy oğlu (20.6.1898, Şamaxı – ?) ― 1917-ci ildə Şamaxı realnı məktəbini sonlayıb, Petroqrad elektrotexnika institutuna daxil olmuş, 1917-ci ildə Fevral inqilabından sonra Rusiyada baş verən olaylarla bağlı təhsilini yarımçıq qoyaraq Yurda qayıtmışdı. Təhsilini fizika-riyaziyyat yönündə sürdürmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini sonladıqdan sonra Azərbaycana dönmüş, 1930-cu illərdə Semaşko (indiki M. Nağıyev) adına xəstəxananın cərrahiyyə şöbəsində professor M.Ə.Mirqasımovun yanında işləmişdir. 1930-cu illərin sonlarında repressiyaya edilmiş, Kolıma (Rusiya, Maqadan vilayəti) həbs düşərgəsinə göndərilmiş, düşərgə xəstəxanasında həkim işləmişdir. Ölümündən sonra bəraət almışdır.