BÜTÖV AZƏRBAYCAN OCAQLARI
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə

12:35 / 17-05-2016   /   baxış - 520

İkinci dünya savaşı illəri bəşəriyyətin XX yüzildə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Nasizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. İkinci dünya savaşında ölən 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onun da 300 mindən çoxu azərbaycanlı idi.  1941-ci il iyunun 22-də nasist Almaniyasının Sovet İttifaqına hücumu ilə  sovet xalqları İkinci dünya savaşına qatıldı. SSRİ-nin savaşa girməsi ilə İkinci dünya savaşının gedişində yeni mərhələ başlandı. Savaş sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən savaşına çevrildi. Savaş ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda savaşa başladı. Nasist Almaniyasının Doğu siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Doğu İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahının hazırladığı planda Qafqazın, xüsusən də  Bakının işğalı mərkəzi yer tuturdu. 1941—1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı nefti, Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı SSRİ neftinin 70 faizini verirdi.                                                                                 

1941-ci ildə savaşın ilk dörd ayı ərzində respublikamızın süqutuna, xalqımızın sürgün edilməsinə iki dəfə cəhd edilmişdi. Savaş Azərbaycandan çox uzaq quzey-doğu regionlarında başlasa da dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri sayırdı. Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Quzey Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin Savaşın gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya savaşı illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. Bakı neftinin savaşın gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək savaşı uduzacağıq". Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Mahaçqala-Bakı yönündə hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Ancaq, 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Quzey Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər. Buna baxmayaraq 1942-ci il sentyabr ayının 16-da SSRİ-nin Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi və bu qərara əsasən 1942-ci ilin sentyabr ayının 24-də Azərbaycanda hərbi vəziyyət elan edildi. İkinci dünya savaşında Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdi:" Almaniya üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".  Və qeyd etməliyik ki, Güney Qafqazın xüsusilə  Azərbaycan-Bakı neftinin ələ  keçirilməsi  təkcə Hitler  Almaniyasının  deyil,  Böyük  Britaniyanın  və  ABŞ-ın  da maraq dairəsində idi.  Və hətta  Qafqazın işğalı üçün “Velvet” planı da bunun üçün nəzərdə  tutulmuşdu.  Ancaq bir çox səbəblərdən bu plan həyata  keçirilə bilmədi.   

 

II Dünya savaşında Hitler Almaniyasının Azərbaycanla   bağlı   siyasəti

Nasist Almaniyasının  Polşaya hücumu ilə İkinci dünya savaşı başladı    və çox qısa bir zamanda Avropanın,  Asiyanın, Afrikanın, Amerikanın  bir çox ölkələrini özünə cəlb etdi. Birinci Dünya savaşı kimi,  İkinci dünya savaşının da bir çox səbəbləri var idi. Bu,  birinci növbədə kapitalist dövlətlərin mənafe dairələrinin toqquşması, sivilizasiyaya hakim olmaq iddiası idi. İkinci  dünya savaşı 1941-ci ilin əvvəllərindən etibarən vəziyyət,  daha doğrusu,  SSRİ və faşist Almaniyası ilə  münasibətlər əks istiqamətdə  yönləndirildi.          Uzun müddət  sovet tarixiçünaslığında nasist Almaniyasının  SSRİ-yə   “qəflətən”  hücum müddəası  əsaslandırılmış  və qəbul edilmişdi. Bizcə,  bu düzgün deyil. Ona görə ki,  faşist Almaniyasının SSRİ- yə  hücumunun dəqiq vaxtı və günü barədə  Stalinin əlində bilgilər var idi. Hətta Hitler 1940-ci ilin dekabrın  18-də  “Barbarossa  planı”  haqqında  21 nömrəli  direktivi  imzalayarkən  cəmi  2  gün sonra  bu,  Moskvaya bəlli oldu.  Deməli, faşist Almaniyasının SSRİ-yə hücumunun “qəflətən” olması  barədə müddəası  doğru deyildir. Faşist Almaniyasının  Doğu siyasəti “Ost”  planında öz əksini  tapmışdı.  “Ost”  adlı işğal  planının müəllifi Rozenberqin başçılığı ilə  yaradılan  Doğu İşləri üzrə Nazirliyin nəzdində  olan komissarlıqlardan  biri də  “Qafqaz”  komissarlığı idi. Rozenberqin “Qafqazın idarə olunması planı” na  görə  Azərbaycanda  icraedici  orqan  olan  “komisarlıq”  yaradılmalı  və  iqamətgahı  Tbilisidə  yerləşəcək Qafqaz reyxkomissarlığına  tabe edilməli idi. Hələ 1941-ci  il  martın 27- də  Almaniyanın “Kontinental neft cəmiyyəti” nə  Bakıda neftin  çıxarılması,  emalı, daşınması ilə  məşğul olacağı tapşırığı verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisəsələrinə ali irqdən rəhbər  adamlar da  təyin edilmişdi. Onlara ucuz işçi qüvvəsi hesabına  Bakı neftinin Almaniyaya çatdırılması tapşırığı  verilmişdi. Hələ  1941- ci il  aprelin 29-da yaradımış  Oldeburq  iqtisadi qərargahı  tərəfindən tərtib edilmiş  planda Qafqazın,  o cümlədən Azərbaycanın və Bakının işğalı  nəzərdə tutulmuşdu. Qafqaz uğrunda döyüşlərdə  “Ost”  planında Bakının işğalı 1941- ci il  sentyabrın 25-i kimi qeyd edilmişdi.  Faşist işğalından  sonra Bakı nefti  alman neft şirkətinin (  “Ost-oyl”,  “Kontinent- oyl”  və.s )  sərəncamına verilməli idi. Hitler 1941-ci ilin iyulun 16-da  rəsmi  yığıncaqda bildirmişdir ki, Bakı alındıqdan sonra  hərbi məntəqəyə  çevrilməlidir. Hitler Almaniyasının işğal  planları  geniş  idi.  Hitlerin planına görə SSRİ  üzərində  tam qələbədən sonra türk xalqları  yaşayan ərazilərdən ibarət “Böyük Türküstan”  dövləti  yaradılmalı idi. Bu dövlətin ərazisinə Quzey  və Güney  Azərbaycan, Başqırdıstan,  Tatarıstan, Krım,  Quzey Qafqaz,  Batı Çin  və Əfqanıstanın qatılması nəzərdə tutulurdu.   Hitler Bakını  faşist Almaniyasının yanacaqla təmin  edən   mərkəzə çevirmək niyyətində idi.  Sovet ordusunun 1941- ci ilin axırlarında  Moskva ətrafında  böyük qələbəsi,  Leninqradın  müdafiəsi  alman faşistlərinin   “ildırımsürətli  müharibə”  planını  pozdu.  Ancaq Almaniya hələ də  güclü idi.   Nasistlər  1942-ci ilin  mayın əvvəllərində  Kerçi,  Sevastopolu,  Xarkovu   ələ  keçirib  Volqaya doğru irəlilədilər. “Edelveys” planına görə  almanlar  Xarkovu tutduqdan sonra  Qafqaza hücum edib zəngin neft,  digər  strateji xammal qaynaqları,  sənaye  və kənd təsərrüfatı rayonunu ələ keçirmək, Bəsrə-İran-Xəzər yolu  ilə  müttəfiqlərin yardımından SSRİ-ni  məhrum etmək idi. “Edelveys” planına  görə  Qafqazın işğalı  feldmarşal Listin  “A”  qrupu  ordusuna tapşırılmışdı (Həmin plana  görə Qafqaz 5 işğal  rayonuna  bölünməli idi.  Onlardan biri də Azərbaycan rayonu  idi).  Plana əsasən  Bakı 1942-ci ilin sentyabrın 25-də  alman silahlı qüvvələri tərəfindən işğal olunmalı idi. Bunun həyata  keçirilməsi  ilk növbədə  “A”  ordular qrupuna daxil olan I  tank ordusunun  komandanı general  Kleystə tapşırılmışdı. Almanlar Bakının alınmasını  o dərəcədə yəqin etmişdilər ki, hətta işğaldan sonrakı fəaliyyətlərini planlaşdırmağı da zəruri hesab edirdilər. Belə ki,  Leypsiqdə nəşr olunmuş  “Qafqaz  üzrə  məlumat-sorğu kitabçası” nın  əlavəsində  Qafqazın bütün rayonlarına aid  ətraflı  məlumatlar verilmişdi.  Bakıya  həsr edilmiş  birinci bölmə  “Bakı-neft fontanları” adlanırdı.  Almanların 1942-ci ildə başladıqları  yay  kampaniyası  SSRİ-nin  əsas neft bazası olan Bakının etibarlı müdafiəsinin təşkil edilməsini təxirəsalınmaz vəzifəyə çevirdi.  SSRİ-nin müqəddəratı  üçün son dərəcə  müstəsna  əhəmiyyət  daşıyan bu şəhərin müdafiəsi ilk növbədə Quzey Qafqazdan başlanılmalı idi.  Ancaq Stalinin  bağışlanmaz  strateji  səhvi nəticəsində  Quzey Qafqazda  etibarlı  müdafiə  tədbirləri  görülməmişdi.  Sonralar Quzey Qafqaz cəbhəsinin komandanı  olmuş  marşal  A.  Qreçko  bu barədə belə  yazırdı:  “ ...  Quzey  Qafqazda  döyüş  əməliyyatları  başlayanda,  Güney Qafqazın quzeydən müdafiəsi  tamamilə yox dərəcəsində idi. Yalnız 44-cü  ordu Sulak çayı hüdudunda  müdafiə işləri  aparır  və Dərbəd dövrəsini,  habelə  Bakı rayonun  müdafiə  etmək  üçün tədbirlər  görürdü”. Bakının təhlükəsizliyini təmin etməkdən ötrü üç müdafiə zolağı yaradılmalı idi. Onlardan biri  Mahaçqalada, ikincisi  Dərbənddə, üçünçüsü isə  Bakının  həndəvərində olmalı idi. Şəhərin bilavasitə müdafiəsi  10-cu atıcı  briqadaya,  Bakı  rayonundakı  hava-hücumundan müdafiə dəstəsinə,  habelə  3 piyada, 1 artilleriya və 1 hərbi-dəniz məktəbinə həvala edilmişdi.   “A”  ordular qrupunun sürətli hücumu  və Quzey  Qafqazın xeyli hissəsinə  almanların nəzarət etmələri,  Bakının  da gələcək  perspektivini  son dərəcə dumanlı edirdi.  Çünki alman komandanlığı  iyul,  avqust aylarında  Quzey Qafqazda  asanlıqla  əldə etdikləri  qələbələrin  eyforiyası altında  Bakıya can atdıqlarını heç  də gizlətmirdilər.  Bakını ələ keçirməklə,  onlar əsasən üç mühüm məqsədə çatmaq ümidində idilər. Birincisi,  Sovet ittifiqanı bir dövlət  kimi diz çökdürmək, ikincisi,  çoxdan  arzuladıqları  Bakının  zəngin  neft  yataqlarıni ələ keçirmək, üçüncüsü  isə Yaxın və Orta Doğunu  İngiltərədən  qoparıb, tamamilə nəzarətləri altına almaq,  Bakı  alınmadığı təqdirdə  bunların  heç biri nəinki  münkün olmazdı, əksinə  Üçüncü reyx  həlledilməz problemlərlə üzləşməli olardı. Bunu yaxşı bilən almanlar deyirdi: “Savaş pis şeydir.  Bakını  alsaq, savaşın  sonu olacaq, almasaq bizim sonumuz”. Bu həm də onunla bağlı idi ki, Quzey Qafqazın  tez bir zamanda  böyük bir hissəsini  işğal etmələrinə  baxmayaraq,  almanlar  oradakı  neft ehtiyatlarından  bəhrələnə  bilməmişdilər. O zaman SSRİ  Neft Sənayesi komissarının birinci müavini işləmiş  Nikolay  Baybakov  həmin dövrdə  Dövlət Müdafiə komitəsində  keçirilmiş  ciddi  bir  söhbəti xatırlayaraq yazırdı:  “Orada  Krasnodar  vilayətindəki neft  mədənlərində xüsusi tədbirlərin həyata keçirilməsi üçün  Quzey Qafqaza  mütəxəssislər  göndərilməsi  haqqında  qəbul  edilmiş  qərar  barədə uzun bir söhbət  oldu.  Əsas diqqət  bir məsələyə  yönəldildi: “Hər şeyi etmək lazımdır ki, Qafqazın  neft mədənlərinə can atan almanlara  bircə damcı da neft qismət  olmasın”.     Maraqlı cəhət  həm də ondan ibarətdir ki,  hər iki tərəf—həm almanlar, həm də  sovet komandanlığı  duru yanacağın həlledici əhəmiyyətini  aydın başa düşərək,  bir-birini  eyni səylə  neft  qaynaqlarında  təcrid etməyə çalışırdılar. Odur ki,  belə şəraitdə həm alman,  həm də sovet  komandanlığı  üçün  Bakı  neft rayonunun  əhəmiyyəti  müstəsna dərəcədə artdı.  Belə vəziyyət  Bakını dəhşətli  faciələrlə üzləşdirə bilərdi.  Bakıya təcavüz  təkcə  Hitlerin planlarına daxil deyildi. Bakı mədənlərini  sönməz  məşələ  çevirmək  ideyası  Stalinə  də məxsus idi.  Alman silahlı qüvvələrinin  Bakını  ələ keçirmək  niyyətinin  həqiqətə  çevriləcəyi  təqdirdə,  xüsusi  tərtib edilimiş  plana uyğun  olaraq,  əvvəlcədən  minalanmış  neft quyuları  partladılmalı idi.  Bu məqsədlə  partladıcı  qruplar  hazırlanmış  və səlahiyyətli  orqanların  sərəncamı ilə  Abşeronun  hər bir  neftçıxarma bölgəsində yerləşdirilmişdi.

Baybakov yazırdı: “1941-ci ilin iyulunda alman qoşunlarının Stalinqrad  rayonuna gəlib  çıxması ilə Volqada gəmi hərəkəti və Bakıdan neft məhsullarının  daşınması  kəsildi.  Onunla  bir vaxtda  Bakıdan Tixorest-Rostov  dəmiryolu ilə  neft məhsullarının  göndərilməsi də  dayandırıldı.

 

II hissə

 

Kəmalə Sahib qızı

Bakı Dövlət Univeristeti,

Antropologiya ixtisası 

VI kurs tələbəsi



“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - III HİSSƏ
23:27 / 14-01-2016