BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Maaf institutu və onun xanlıqlar sistemində yeri

22:56 / 26-02-2016   /   baxış - 658

Maaf termini vergilərdən azad edilmiş şəxs mənasında Ön və Orta Asiya ölkələrinə lap çoxdan, ən azı XI yüzildən bilinir. Azərbaycanda isə Hülakülər və daha sonra Qaraqoyunlu və Ağqoyunlu hakimiyyəti dövründə, XV-XVI yüzillərdə “maaf” termini geniş mənada hər hansı bir şəxsin və ya  kollektivin (kənd toplumu, köçəri boy, şəhər toplumu, dərvişlər məskəni, xristian monastırları və.s)  digər bir şəxsin və ya kollektivin xeyrinə vergilərdən azad olunması kimi nəzərdə tutulurdu. Bu termin yalnız divan və ya şahın vergi immuniteti kimi  ayrı-ayrı şəhər və digər yaşayış məskənlərinə verilən güzəştlər, ümumi qaydaları nəzərdə tutmurdu, həm də şahın öz şəxsi düşüncələrinə və münasibətinə datanan fövqəladə durumlarla bağlı imtiyazları və güzəştləri idi. Xüsusilə də Səfəvilərin hakimiyyəti dövründə bu şəkildə imtiyaz və  güzəştlər verilirdi. Örnək, Şah I Təhmasib 1573-cü ildə Təbrizdə baş verən şəhər yoxsullarının və sənətkarların üsyanının təhlükəli miqyas almasının  qarşısını almaq məqsədi ilə şəhərə bəzi güzəştlər və imtiyazlar vermiş və bununla da şəhər rəhbərlərinin Səfəviləri dəstəkləməsinə nail olmuşdu ( 9, bət 92-93).                                                               

“Maaf”  anlayışı xanlıqlar dövründə daha geniş yayılır. Həmin dövrdə maaf rütbəsi xanın qarşısında xüsusi xidmətləri olan və ya kəndli qadınlarla nigaha girmiş bəylərə verilirdi. XIX yüzil sənədlərinin birində Şirvan əyaləti maaflarının ictimai mövqeyi aşağıdakı kimi xarakterizə olunur:  "Maaf anlayışının mahiyyəti xan hakimiyyəti dövründə bütün vergi və mükəlləfiyyətlərdən azad olunmuşlardır". Maaf hüququ xan qarşısında ya xüsusi xidmətlərinə görə, ya bəylərin ərizəsi  ilə  vergilərdən azad etmək məqsədi ilə  sadə kəndlilərlə qohumluğu olanlara verilir, ya da ki,  xanın özündən yetərincə hədiyyələrlə alınırdı. Maaf nökərlər  heç bir  vergi ödəməyən və mükəlləfiyyət daşımayan xanın ən yaxşı ordusunu təşkil edir, həmçinin xandan at, yaraq və başqa əşyalar hədiyyə alırdılar. Onlardan, həmçinin, xan tərəfindən müxtəlif göndəriş, tapşırıq  və  vergilərdən imtina edənləri cismani cəzalandıran şəxs kimi istifadə edirdilər” (7, bət 42-43). Vergi və mükəlləfiyyətlərdən azad olunan bu təbəqə bəzi vaxtlar feodal, bəzi vaxtlar isə kəndli təbəqəsinə salınaraq xanlıqların daxili nizam- intizamında  müstəsna rol oynamışlar. Xan onlara  vergi və mükəlləfiyyətdən tam azad olması üçün  “təliqə” deyilən sənəd verirdi. Maaflara, mahal bəylərinə, tək-tək şəxslərə göndərilən xan təliqələri (fərmanlar) mirzələr vasitəsilə yazılırdı (1, bət 18-19).Ancaq deməliyik ki, Qarabağ xanlığında xan təliqəsinə malik maafların sayı çox deyildi. Beləki, 1823-cü ilə aid mənbəyə əsasən apardığımız hesabatlara görə Qarabağ xanlığında 198 maaf ailəsi yaşayırdı. Qaynaqdakı bilgilərə görə, belə düşünülür ki, 198 maafdan cəmi  34 maafda  xan təliqəsi olumuşdur. Qalanları isə xanın şifahi əmri ilə bu  rütbəyə yüksəlmişdi. Örnək, təkcə  Qərvənd elində  7 maaf bu rütbəni xanın şifahi əmri ilə, yəni təliqəsiz almışdı (8). Düşünürük ki, maafların vergi və mükəlləfiyyətlərdən azad olması heç də onların feodal təbəqəsindən  olmasını göstərmir. Çünki xan bunun əvəzində onları hərbi xidmətə səfərbər edirdi (3, bət 31).

Maaf  institutunda  güclü bəylərə və xana tabe olan, bütün rentalardan azad olmuş hərbçilər üstünlük təşkil edirdi. Maaflar xanın polisi, jandarmı, qoşunu idi. Xanlar maafların sadiqliyini təmin etmək və hərbi bacarığını artırmaq üçün onlara torpaq verir,  at və ya silah-sursat, hətta  kənd, dəyirman, bağ, kanallar bağışlayırdı. Və bunların hamısı xanın verdiyi təliqələrdə  dəqiqliklə yazılırdı. Maaflara bu imtiyazlar və təminat vergi verənlərin hesabına ödənilirdi. Xanlar maaflara təminatlı həyat şəraiti yaradaraq  onları ilk hərbi çağırışa vaxtında gəlməyə gücrəyirdilər. Maaflar xanın bütün göstərişlərini hökmən yerinə yetirməli idilər. Onlar xan  hakimiyyətinin etibarlı silahı idi. Xanlıq dövründə  mövcud olan maafları şərti olaraq üç təbəqəyə ayırmaq olar:                   

   1. Ali silkə mənsub olan maaflar(bütün kiçik xan və bəy rəhbərlikləri, yüzbaşılar, onbaşılar, keçmiş maaf dəstələrinin rəhbərləri, kənxudalar və.s)                                                                                                                                             2.  Ruhani silki ( mollalar, axundlar, seyidlər və digər ruhani təbəqəsindən olanlar)        

 3. Aşağı silkə mənsub olanlar ( 7, bət 42).                                                              

 I qrupa daxil olanlar xanın  əsas hərbi dəstəsi idi. Xan  savaşda, yaxud  şəhər və  kənd mərkəzlərinin  idarəçiliyində onlardan   istifadə edirdi.  II qrupu təşkil edənlər isə bir növ “xanın yerlərdəki qulağı” funksiyasını daşıyırdılar. Xanı əyalətlərdə  əsas  dini mərkəzlərin necə  idarə olunmasından,  şəriət və məhkəmə  işlərinin nə  şəkildə  təşkilindən xəbərdar edirdilər. Fövqəladə vəziyyət olmadığı hallarda onlar hərbə belə çağrılmırdılar. Aşağı silkdən təşkil olunmuş maaflar isə rütbəcə  aşağı olmaqla bərabər, həm də cəza dəstələri  funksiyasını  daşıyırdılar. Qeyd edək ki, örn., Qarabağ əyalətinin maaflarından, əsasən, təcili sənədlərin çatdırılmasında və  dustaqlar üzərində  nəzarət üçün istifadə olunurdu.  Ancaq bu işləri onlar təklikdə yox, başqa sakinlərlə birlikdə görürdülər.

Adətən maaf rütbəsi irsi keçirdi. Ancaq bəzən də xan bu rütbəni sürəli  verirdi (sürəli verilmə, əsasən, aşağı silkdən olan cəza dəstəsi funksiyasını daşıyan maaflara aiddir) (6,bət 391). Maaf rütbəsinin atadan oğula irsən ötürülməsi üçün xanın təliqə ilə təsdiqi lazım idi. Örnək, Qarabağ xanlığının Tərəkəmə elində 2 maafın oğullarına rütbənin  ötürülməsini xan təsdiq etmişdi. Bundan irəli gələrək, Qarabağ xanlığı ləğv edilərkən əyalət çar məmurları bu sosial silkə öz münasibətlərini bildirərkən qeyd edirdilər ki,  maafların xan təliqəsinə malik olub, olmamaları dəqiq yoxlanılmalı  və  təliqəsizlərə vergi təyin olunmalıdır (8). Mövcud  siyasi vəziyyət də bunu tələb edirdi.  Artıq xanlıq  ləğv edildiyindən xanın qoşunlarını təşkil edən maafların xidmətlərinə də ehtiyac qalmamışdı. Bu isə 1844-cü ildə Qarabağ qəzasında (Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində Cənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatını keçirtdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışı siyasi mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.)  yaşayan maaf ailələrinin sayının 150-yə enməsinə gətirib çıxarmışdı.  (4, bət 135)

XIX yüzilə aid sənədlərin birində Şirvan əyaləti maaflarının ictimai mövqeyi aşağıdakı kimi xarakterizə olunur: "Tarixçilərin çoxu nədənsə maafları da feodal ierarxiyasına salırlar". Bizcə bu düz deyildir. Maaflar kəndlilər içərisindən çıxmış, feodallara xidmət müqabilində (əsasən, qoşun dəstələrində) müəyyən güzəştlər edilmiş, vergi və mükəlləfiyyətdən azad edilmiş kəndlilər idi. Doğrudur, maaflardan bəziləri xüsusi xidmətlərə görə hətta bəylik rütbəsinə də çatırdılar. Bunları feodal ierarxiyasına salmaq olar. Onlar bəzən kəndxuda, yüzbaşı təyin olunur, kəndlilər arasında olub feodallara casusluq edir, xanın müxtəlif  tapşırıqlarını yerinə yetirirdilər. Ancaq digər yandan, V.Leviatov öz əsərində maraqlı bir faktı qeyd edir: “Maafların görəvi odur ki, xanların hökmü ilə düşmənə qarşı hücuma göndərilir, yerli rəislərin göstərişlərini yerinə yetirir, gözətçilərə başçılıq edir, ancaq xəzinəyə vergi vermirlər”. Beləliklə, onların böyük hissəsi güzəştlər almış kəndlilər idilər. Ancaq bəziləri feodalın qəzəbinə keçib bütün hüquqlardan məhrum edilərək vergi mükəlləfiyyətlər ödəyən kəndlilərin sırasına qayıtmalı olurdular ( 7, bət 44). Bu da onların hakimiyyətdən  narazılığına səbəb olur, hətta  bəzən də maaf üsyanlarına gətirib çıxarırdı.

Maafların bir çoxu, örnək: hərbçilər, onbaşılar, kəndxudalar, hətta kənd təsərrüfatı ilə məşğul olanlar da istifadə etdikləri ərzağın çox hissəsini xalqdan alırdılar. Onlar aşağı təbəqəni bəy və xanlardan az  incitmir və heç də onlardan az yükləmirdilər. Maaflar xanların onlara hədiyyə etdiyi  torpaq sahələrində  kəndliləri ağır şəraitdə işləməyə gücrəyirdilər. Onların hər biri imtiyazlı idi, "ağalıq" edirdi. Bizdə maafların XVIII yüzildəki vəziyyətini və sayını, mənsub olduqları kateqoriyanı göstərəcək tam siyahısı yoxdur,  ancaq ayrı-ayrı xanlıqların iç durumunu öyrənmək məqsədilə Rusiya imperiyasının keçirdiyi kameral  təsvirlərdə bu sosial qrup haqqında da bilgi var.  Örnək, 1824-cü il  kameral təsvirinə əsasən,  Şəki əyalətində 1809 kişi maaf, 1582 qadın maaf var idi. Bunlardan heç kəsə vergi ödəməyən 1530 kişi, 1346 qadın bəllənmişdir. Çar hakimiyyəti dönəmində Rusiyaya birləşdirilmiş ərazilərdə  vergi obyektlərini çox dəqiqliklə axtarıb tapılmış, xan hakimiyyəti zamanı vergi və mükəlləfiyyətlərdən azad olanlar, ancaq indi öz maaf hüquqlarını sübut edə bilməyənlər də siyahıya alınmışdı. Beləliklə, təkcə Şəki əyalətində XIX yüzilin 20-ci illərində təqribən ailələri ilə birlikdə maafların sayı 6250 nəfər olmuşdu. Bu da vergi ödəyicilərinin vergi və mükəlləfiyyət daşıyan əhalinin 7%-ni təşkil edirdi (7, bət 43-44 ). Elə bu rəqəmin özü də yuxarıda yazılan məsələ haqqında fikir söyləməyə imkan verir ki, maafları feodal ierarxiyasına aid etməyək. Şəki xanlığında maaflar Qarabağ və Quba xanlıqlarına nisbətən az idi, bu da həmin xanlıqlarda orduya səfərbərlərin sayının çox olması ilə bağlı idi (5, bət 44).

Sonda gəlinən nəticəyə görə “maaf ” institutu adlanan bir sistem öncə  xanlıqların iç nizam-intizamının qorunması və tez-tez yaşanan kəndli çıxışlarının yatırılması üçün nəzərdə tutulmuşdu. Bununla yanaşı onu da deməliyik ki, xanlar əsasən  hərbçilərdən və kiçik rütbəli bəylərdən təşkil olunmuş maafları hazırlayarkən  yalnız şəxsi ordu yaratmaq  məqsədi güdmürdülər, həm də xanlığın içində özlərinə sosial dayaq yaratmaq planını həyata keçirirdilər. Fikrimizcə, xanlar maaflara torpaq sahələri, xüsusi imtiyazları verərkən də bunu düşünmüşlər. Amma bizcə, xanlar iç iğtişaşları, kəndli üsyanlarını yatırtmaq üçün, xandan və bəylərdən fərqli olmayan şəxslərdən təşkil olunmuş bir ordu yaratmaq əvəzinə, kəndlilərin narazılığının səbəblərini araşdırmalı idi. Ancaq düşünəndə feodal quruluşunda kəndlilərə qarşı ali sinif təbəqəsindən bundan fərqli münasibət gözləmək olmazdı. Bu qruplar Rusiya imperiyasının işğalına qədər xanların və, o cümlədən, bəylərin sosial dayağı olmuşlar.

 

Ədəbiyyat

1. Ağamalı.F.R  “XVIII əsrin II yarısı- XIX əsrin əvvəllərində Quzey  Azərbaycan xanlıqlarında sosial- iqtisadi münasibətlər”- Bakı.,"Bakı  Universiteti "nəşriyyatı, 2007, 280 səh  

2. Azərbaycan Tarixi III cild- Bakı.,"Elm" nəşriyyatı., 2007, 592 səh.

http://azerinfo.eu/old/upload/Tarix/Muasir/Azerbaycan.pdf

3. Bayramova. N "Şamaxı xanlığı"- Bakı.,"Təhsil" nəşriyyatı., 2009, 396 səh. file:///C:/Users/user/Downloads/kitab20101210022205469.pdf

4. Gülmalıyev. M.M " XVIII əsrin son rübü -XIX əsrin birinci yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu". Bakı 1989., 280 s.// s 135)

5.Mahmud.İ, Bağırova.M "Şəki xanlığı"- Bakı,"Azərnəşr" nəşriyyatı.,1997,         76 səh.  http://ebooks.preslib.az/pdfbooks/azbooks/shekxan.pdf

6. Дубровин.Н " История войны и владычества русских на Кавказе". СПБ.,  1871,431 с. т.1, ки 2

7. Левиатов.В.Н "Очерки из истории Азербайджане в XVIII веке" – Баку., 1948,  227с.  

8. Описание  Карабахской провинсции  составленное в 1823 действителным  статским советникам Могилевким полковником Ермоловым 2-м. Тифлис, 1866

9.Петрушевский. И. П  "Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI- начале XIX вв" –Ленинград., 1949, 181 c

 

 

 

Kəmalə Mustafayeva

BDU, Antropologiya IV kurs



Azərbaycan türklərinin 1988-ci il deportasiyası
21:14 / 12-09-2017
“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016