BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ

23:05 / 31-03-2016   /   baxış - 522

Mənbənin seçilmə səbəbi

Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar”(Xəbərlərin təkmili) əsəri bir mənbə kimi Azərbaycan və eləcə də yaxın Şərqin orta əsrlər dövrünü öyrənmək üçün əvəzsiz mənbələrdən biridir. Müəllif 35 il saray dəftərxanasında işləmiş, şair kimi fəailiyyət göstərmiş, ərəb və fars dilində divan bağlamış və bir neçə əsər yazmışdır[8,4]. Mənbənin bir özəlliyi də bundadır ki, müəllif şair olduğundan yazdığı əsərə bir axıcılıq gətirmişdir, yəni bu əsər digər mənbələrə nisbətən daha rahat oxunur. Təəssüflər olsun ki, Azərbaycan Türkcəsinə əsərin yalnız Şah İsmayıl və Şah Təhmasib dövləri tərcümə olunmuşdur. Mənbənin tədqiqat obyekti kimi seçilməsinin səbəbi aşağıdakılardır:

1. Mənbənin müəllifi uzun müddət dövlət idarəsində işləmiş, bununlada dövlət orqanlarında vəzifəli şəxslər arasında olan münasibətlərdən ətraflı məlumatı olmuş, bəzən isə vəzifələri şəxslər arasında baş verən çəkişmələrin şahidi də olmuşdur.

2.  Dövlət idarələrinin iş prinsipini yetərincə bilmiş və əsərinə lazım gəldikdə bu barədə qeydlər etmişdir.

3.  Mənbə müəllifi dövrünə görə savadlı şəxs olmuş, qədim tarixdə məlumatlı olmuş və əsəri yazarkən lazım gəldikdə qədimdə baş vermiş hadisələrlə müasir dövrdə olanların bənzətməsini aparmışdır.

4.   Mənbə müəllifi Şah Təhmasibin sarayında fəailiyyət göstərdiyindən şahın bir çox səfərlərində iştirak etmiş və şahidi olduğu hadisələri qələmə almışdır.

5.  Şah İsmayılın ölümündən sonra baş vermiş mərkəzdənqaçma meyllərini faktlarla əsərinə daxil etmişdir, hansı ki, bu məlumatları bir çox müəlliflərindən əsərlərində tapmaq mümkün deyil[13,15]

Mənbənin təhlili

Mənbənin müəllifi olan Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi 1515-ci il 19 avqustda Azərbaycan imperiyasının(Azərbaycan Səfəvi imperiyasının – S.N) paytaxtı Təbriz şəhərində doğulmuşdur[1,121; 2,420; 4,367;8,3;]. Əbdi bəy Şirazda yaşayan türkdilli tayfalardandır[9,3]. Əli Əbdi bəyin ailəsinin Cuhə Sultan Təkəlu və Hüseyn xan Şamlı ilə yaxın olmaları da onun türk olduğunu söyləməyə əsas verir[8,3]. Mənbəni yazan şəxsin türk olması baş verən hadisələrə münasibət bildirilməsi baxımından mühüm əhəmiyyətə malikdir, lakin təəssüf ki, o dövrün dəbinə görə farsca yazmaq bir ənənə olduğu üçün Əbdi bəy də əsərini farsca yazmışdır. Əsər qısa giriş, müqəddimə, 4 bab, zeyl və xatimədən ibarətdir ki, burada da hər bir bab bir neçə hissəyə bölünür[9,4]. I bab Adəmdən Nuhun tufanına qədər, II babda Nuhun tufanından Məhəmməd peyğəmbərin anadan olduğu ilə qədər, III babda 570-ci ildən 632-ci ilə qədər, IV babda isə 632-ci ildən 1570-ci ilə qədər, yəni əsərin tamam olduğu ilə qədər olan dövr nəsrə alınmışdır[9,4,5]. Mənbənin öyrənilməsi ilə biz Pişdadilər, Kəyanilər, Əşkanilər, Əşğanilər, Sasanilər sülaləsindən olan şahlar haqqında məlumat vardır ki, bu da bir çox mənbələrdə rast gəlinmir[9,4]. Azərbaycan türkcəsinə IV babdan Şah İsmayıl və Şah Təhmasib dövrü tərcümə edildiyi üçün bizdə yalnız mənbənin bu dövrünü təhlil edəcəyik.

Əli Əbdi bəy öz əsərinində müasirlərindən fərqli olaraq hadisələri təsvir edərkən ilk öncə müxtəlif heyvan adları verilmiş Türk təqviminə görə, daha sonra isə İslam ölkələrində geniş yayılmış hicri-qəməri təqviminə görə hansın ilin olduğunu qeyd edir[9]. Məsələn: “İt ilində - 932-ci ildə sarayda olmadığına görə hakimiyyətdən məhrum edilmş Köpək Sultan Ustaclu rəcəb ayının əvvəllərində Rumlu və Təkəlular ilə vuruşmaq məqsədi ilə Xalxal tərəfdən Sultaniyəyə gəldi” [9,41] və ya “Siçan ili – 934-cü ildə ordu Xərrəqan yaylağına getdi” [9,43]. Düşünürəm ki, fars olan biri heç zaman öz əsərində Türk təqvimi ilə hadisələrinin baş verdiyi ili göstərməzdi. Eyni zamanda müəllif əsərində lazım gəldikcə əbcəd hesabından da istifadə etmiş, yəni hər hansısa bir mötəbər şəxs vəfat edəndə və ya hansısa bir mühüm hadisə baş verdikdə onun maddeyi-tarixini göstərmişdi. Məsələn: əsərin sonunda maddeyi tarix kimi “Kərayim-asare” verilir ki, bu maddeyi-tarixin açılışı 978-dir[8,17]. Nəzər alsaq ki, XVI əsr İslam dininin möhkəmləndiyi bir dövrdür və eyni zamanda da dinin dövlətlərin xarici və daxili siyasətinə bir başa təsir göstərdiyi bir zamandır onda bu əsərdə də İslam ehkamlarının təbliğini normal qarşılamalıyıq. Belə ki, Əbdi bəy əsərin girişində Allahın adını çəkir, daha sonra peyğəmbəri və onun nəslini salamlayır[8,19]. Səfəvi sülaləsinin hakimiyyətdə olduğu dövr ərzində İslamın şiə məzhəbinin dövlət tərəfindən qəbul edildi və 12 imama xütbə oxundu[1,120,121]. Hətta Səfəvilərdən öncəki şahlardan danışarkən müəllif Hülaki Sultan Məhəmməd Olcaytununun adının xüsusi vurğulayır[8,21]. Bu da səbəbsiz deyil. Belə ki, Sultan Məhəmməd Olcaytu 12 şiə imamının məzhəbini qəbul etmişdi və onu yayırdı[8,21]. Bu barədə əsərdə yazılıb: “...Sultan Məhəmməd Ulcaytu xan həqiqət gözünü açıb on iki şiə imamının məzhəbinin yolunu aləmə göstərdi” [9,21].“Təkmilətül-Əxbar” əsərində də tez-tez 12 şiə imamına rəhmət oxunur, onları adları sadalanır, hətta şahların adları çəkilməzdən öncə 12 imamın adı çəkilir. Məsələn: “On iki imamlı yüksək Cəlallı Səfəvi şahları[9,19]”. Mənbədə Səfəvi şahlarının adının qarşısında müxtəlif titulların olduğunu görürük. İran və dünya tarixçiləri mənbələrə əsaslanaraq Şah İsmayılın hökmdarlıq titullarından birinin şah olduğunu təsdiq edirlər. Təhlil etdiyimiz mənbədə müxtəlif yerlədə Xaqanın adı çəkiləndə onun adının qarşısında “şah” titulunun olduğunu görürük[9,28,33,35]. Qərb və İran tarixçiləri İsmayıl Səfəvinin “şah” titulundan istifadə etməsini sitat gətirərək onun Sasani ənənələrini bərpa edən biri kimi qələmə verirlər[16]. Əbdi bəyin əsərinə diqqət yetirən biz kifayət qədər müxtəlif yerlərdə İsmayıl Səfəvinin adının qarşısında “xaqan” titulunun gəldiyini görürük. Məsələn: “Bu iş xaqan(Şah İsmayılın) Günəş ürəyində aydınlaşdı”[9,22]. Xaqan titulundan əlavə İsmayıl Səfəvinin başqa bir titulu “sultan”titulu olmuşdur. Məsələn: “... Əbülmüzəffər Sultan Şah İsmayıl ...”[9,21]. Bundan əlavə əsərin müxtəlif hissələrində Şah İsmayıl müxtəlif cür adlandırılır. Məsələn: “nəvvabi-xaqan”[9,23], “cənnətməkan şah”[9,30], “cənnətlik hökmdar”[9,33], “dünyanın pənahı”[9,30], “cəlal bayraqları”[9,30], “cahangirlik bayrağı”[9,30], “dünyanın hakimi”[9,30], “qələbə nişanlı bayraqlar”[9,31], “qələbə ayəli bayraqlar”[9,31], “cəlal sahibi”[9,30], “qələbə rəmzli bayraqlar”[9,30]və s. Ümuməm əsərdə “şah” titulu İsmayıl Səfəvinin titulları sırasında ikinci dərəcəli əhəmiyyət kəsb edir. Bu fikri t.ü.f.d. Əkbər Nəcəf də təsdiq edir[8]. İsmayıl Səfəvi “şah” titulunu götürməklə qədim türklərdə “şad” kimi işlənən və 3500 illik yaşı olan titulu yenidən canladırmışdı[8].

Bir sıra dərsliklərdə monqol mənşəli göstərilmiş Hülakilərin “Təkmilətül-Əxbar”da türk mənşəli olması söynəlinir – “...türk Hülakü xanın hökmü ilə...”[9,21].

Müasir dövrümüzdə Səfəvi sülaləsinin mənşəyi məsələsi problemi bir məsələlərdən biridir.  Orta əsr ənələlərinə əsasən hakimiyyətinin qanuni olmasını təmin etmək üçün hər bir hökmdar öz şəcərəsini ya peyğəmbər övladlarına, ya da bir padşah olmuş sülaləyə calamalı idi[15,15]. Orta əsr insanlarının gözündə belə bir qohumluğu olan padşah qanuni hökmdar sayılırdı. Bu məqsədlə Səfəvi sülaləsi öz şəcərəsini İmam Musa Kazıma bağlayırdı[15,15]. Səfəvilərin uzaq əcdadları haqqında olan Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs – səfa” (“Saflığın saflığı”) adlı agioqrafik əsəri lazım gəldikcə çoxlu dəyişikliklərə uğramışdır[13,39]. Bu məsələ ilə bağlı İ.H.Uzunçarşılı yazır: “Xalis türk olan bu ailənin siyasətlərinə uyğun olaraq çap etdirdikləri silsilənamələrə görə, özlərini İmam Hüseynin övladları olduqlarını göstərmişlər”[15,16]. Digər Türkiyə tarixçisi Tufan Gündüz də Səfəvilərin xalis türk olması qənaətindədir[15,16]. Əbdi bəyin yazdığı əsər Şah Təhmasibin qızı Pərixan xanıma ithaf olunmuşdu və təbii ki, Əbdi bəy hakimiyyətdə olan ailənin yeritdiyi siyasətə qarşı çıxa bilməzdi, buna görədə o öz əsərində Səfəvi nəslini İmam Musa Kazıma bağlayır: “Səltənət güzgüsündə parıltı göründü. Yəni dünyaları fəth edənin qılıncının sığalı və İsgəndər taxtlı Cəmşid, zamanın axırının Süleymanı, Sahibəzzamanın irəlidə gedən xoşbəxt padşahı Əbülmüzəffər Sultan şah İsmayıl ibn Sultan şah Heydər ibn Sultan Cüneyd ibn Sultan şeyx İbrahim ibn Xacə Əli ibn Sultan Xacə şeyx Sədrəddin Musa ibn Sultan şeyx Səfiəddin İshaq ibn Seyid ƏminəddinCəbrayıl ibn Seyid Saleh ibn Seyid Qütbəddin ibn Seyid Səlahəddin Rəşid ibn Seyid Məhəmməd əl-Hafiz ibn Seyid Əvəz Əlxas ibn Seyid Firuzşah Zərringülah ibn Seyid Məhəmməd ibn Seyid Şərəfşah ibn Seyid Həsən ibn Seyid Məhəmməd ibn Seyid İbrahim ibn Seyid Səfər ibn Seyid Məhəmməd ibn Seyid İsmayıl ibn Seyid Əhməd ibn Seyid Məhəmməd Ərabi ibn Seyid Məhəmməd Qasim ibn Əbülqasim Həmzə ibn İmam Musa ibn Səfər əl-Kazim - ona və atasına salavat və salam olsun - zülmətin pasını və inkarın tozunu rüzgarın güzgüsündən əbədi sildi”[9,17,21-22]. Səfəvilər sülaləsinin hakimiyyətə gəlməsi mərhələsinə nəzər saldıqda görürük ki, İsmayıl Səfəvinin ətrafına toplanan və Qızılbaş tayfa ittifaqına daxil olanların hamsı xalis türklərdi[9,23,24]. Əbdi bəy yazır: “İgidliyinə görə Tozqoparan adlandırılan Piri bəy Qacar isə ordunun ön dəstəsi olaraq yola düşdü”[9,24]. Naməlum müəllif tərəfindən qələmə alınmış “Qızılbaşlar tarixi” əsərdə sol cinahda olan tayfalar siyahısında Qacar tayfasının adı çəkilir və onların qədimdən Gəncə və Bərdədə yaşaması qeyd olunur[9,29]. Qacar tayfasının timsalında Şamlı[10,4], Rumlu[10,5], Ustaclu[10,23], Zülqədər[10,25], Əfşar[10,26] və s. tayfaları göstərmək olar ki, onların hər biri haqqında “Qızılbaşlar tarixi” əsərində məlumat verilir və biz burada aydın şəkildə görürük ki, adları çəkilən tayfalar Türk tayfalarıdır. Zənnimcə fars olan birisinin ətrafında cəngavər Türk tayfaları heç zaman toplaşmazdı. “Səfvət əs-səfa” əsərində müxtəlif yerlərdə Şeyx Səfinin “Piri türk” və ya “Türk piri” kimi qedy edildiyinin şahidi oluruq[15,17]. Təəssüflər olsun ki, paniranist Əhməd Kəsrəvi və digər fars tarixçiləri, türk müəllifi Zəki Vəlidi Toğan nədənsə mənbələrdə keçən Türk adını görmür və hər cəhdlə Səfəvilərin qeyri-türk olmasını sübut etməyə çalışırlar. Bu məqsədlə müxtəlif mənbələrdən məlumat gətirilərkən Əbdi bəyin də əsərinə toxunulur, lakin nəzərə almaq lazımdır ki, dövrün ideologiyası və sülalənin siyasəti bir başqadı, reallıq isə tamam başqadı.

Ardı var...

Sədi Nuriyev

 

Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi



“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - III HİSSƏ
23:27 / 14-01-2016