BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ

01:09 / 19-01-2016   /   baxış - 417

III HİSSƏni buradan oxuyun

Səməd bəy Mehmandarovun əmrləri, çıxışları və s.

ƏMR №1

 

“Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlərin Azərbaycanca salamlaşması – bir sözlə “Salam”, cavabı isə “Əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm.

Təltif zamanı əsgərə deyilməlidir: “Mərhaba!”, əsgər cavab verməlidir: “Çox sağ ol!” ”.

 

Hərbi Nazir, tam artilleriya generalı

Səməd bəy Mehmandarov.

Ümumi qərargah rəisi

Polkovnik Həbib bəy Səlimov.

1918-ci il 27 dekabr

 

Lənkəran qəzası sakinlərinə müraciətnamə

Vətəndaşlar!

Azərbaycan Respublikası Dövlətinin xahişi ilə mən Lənkəran qəzasına dəstə göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq, qayda-qanun yaratmaq, Sizi dinc əhaliyə əzab verən, zorakı dəstələrdən və qatillərdən azad etmək işi bu dəstəyə tapşırılıb.

Azərbaycanın ayrılmaz bir hissəsi olan qəzada məskunlaşmış bütün millətlərə ədalətli münasibət bəsləyən Azərbaycan qoşunları Sizə qanun daşıyıcıları kimi göndərilirlər.

Silahlı qüvvələrin himayəsi ilə ölkənin bütün sahələrinin idarə olunmasında təcili mülki idarəetmə bərpa ediləcək. Mən əminəm ki, Siz özünüz də Azərbaycan Respublikasının gələcək tam hüquqlu vətəndaşları kimi sülh şəraitində birgə yaşamağın möhkəm əsasının qoyulması marağındasınız və görəcəyiniz bütün tədbirlər ölkədə qanun-qaydanın bərpa olunmasında hökumətin bütün qanuni əmrlərinin könüllü surətdə yerinə yetirilməsində və Azərbaycan Respublikası Dövlətinin nümayəndələrinə öz xeyirxah münasibətinizlə imkan daxilində köməklik göstərəcəksiniz.

Bununla bərabər, Sizi əmin edirəm ki, Sovetlər, Komitetlər və ya “Muğan Respublikası” adı altında heç bir sərbəst təşkilatların yaradılmasına yol verilməyəcək.

Lənkəran qəzasında yeganə - Azərbaycan Respublikası hakimiyyəti tanınır və onun verdiyi qanunlara qulaq asmayan hər bir şəxs müharibə dövrünün qanunlarına əsasən qiyamçı kimi məsuliyyətə cəlb olunacaq. Dəstə rəisinin göstərişi ilə əhali silahları təhvil verməlidir, kim əmri yerinə yetirməsə, hərbi-səhra məhkəməsinin sərəncamına veriləcək.

Xəbərdar edirəm ki, rus əhalisinə qarşı hər hansısa bir zorakılığa və soyğunçuluğa yol verməyəcəyəm, çünki qəzada yaşayan başqa millətlərin nümayəndəsi kimi onları da Azərbaycan Respublikasının vətəndaşı sayıram.

Amma rus əhalisinin şəxsiyyətinə və toxunulmazlığına təminat verərək, mən onlardan da yerli hakimiyyətin verdiyi qanunların yerinə yetirilməsinə əməl etmələrini tələb edirəm.

Hər bir silahlı müqavimət ölüm cəzası ilə nəticələnəcək və belə hallarda qoşunlara amansız olmaları haqda əmr olunub.

Bu və ya digər bəhanələrlə xalqı ordu və hökumət əleyhinə qaldıranları bu haqda xəbərdar edirəm.

Mən öz növbəmdə dəstə rəisinə əmr etmişəm ki, qoşunun əhaliyə heç bir xətər toxundurmaması haqda ölçü götürsün və dinc əhaliyə qarşı hər cür zorakılıq göstərən günahkarlar ciddi cəzalandırılsın.

Azərbaycan Respublikasının Hərb naziri,

Tam artilleriya generalı Səməd bəy Mehmandarov.

General-leytenant Məmməd bəy Sulkeviç.

23.07.1919-cu il, Bakı şəhəri

 

“Azərbaycan vətəndaşları” adları müraciət

 

“Cari ilin yazından etibarən Azərbaycan müstəqil dövlət oldu. Bu müddət ərzində cəmi hökumət adamlarının bütün səyləri ölkədə anarxiyanın qarşısını almaq oldu və qanunçuluq pozulan yerlərdə onun bərpasına yönəldilmişdir. Bu məqsədə nail olmaqdan ötrü hökumətin başqa tədbirlərinin arasında özümüzə məxsus hərbi qüvvələrin yaradılması, yəni Azərbaycan qoşunlarının təşkili haqqında qərar qəbul olunmuşdur.

... Hal-hazırda qoşunların təşkilini öz öhdəmə götürmüşəm.

İndi ölkəmizin bütün vətəndaşları, istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluğu çəkəcəklər. Və əgər haçansa kimsə dövlətliləri hərbi qulluqdan azad etsə günahkarlar ağır cəza alacaqlar. Hərbi hissələrdə əsgərlər yaxşı geyinəcək, onların ərzaqlarının keyfiyyətcə yaxşı olmasına fikir verib, bu barədə ciddi elan etmişəm. Göstəriş verilib ki, otaqlar təmir olunsun, qızdırılsın, bütün əsgərlərin fərdi yorğan-döşəyi olacaqdır. Mən tədbir görmüşəm ki, əsgərlərə qarşı bütün qeyri-qanuni hərəkətlər ciddi töhmətləsin və xüsusi ilə əsgərlərin döyülməsi halları ciddi cəzalandırılsın.

... Bütün bu tədbirləri həyata keçirib, üzümü ilk növbədə sizə, hərbi hissələri tərk etmiş Azərbaycan vətəndaşlarına tuturam və bəyan edirəm ki, sizin böyük xətanızı, əsgərlikdən qaçmağınızı bağışlayıb öz hissələrinizə köhnə təqvimlə yanvar ayının birindən gec olmayaraq qayıtmağa çağırıram. Lakin, əlavə edirəm ki, bu müddət üçün kim öz bölüyünə qayıtmasa o hərbi dövrün qanunlarına görə ağır cəza alacaq.

Bundan sonra, ölkəmizin bütün əhalisinə əziz Vətənimiz adından müraciət edərək xahiş edirəm ki, gözəl Vətənimiz Azərbaycan eşqinə yüksək vətənpərvərlik hissimiz naminə mənə bizim qoşunumuzun təşkili işində yardım göstərəsiniz, bu qoşun bizə ölkəmizdə qanunçuluğu qorumaqdan ötrü vacibdir və yenə də xahiş edirəm ki, bütün o şəxslər ki, çağırış yaşları çatıb, əsgərlik etməlidirlər. Torpaqlarımızı qorumaq üçün özlərini çatdırsınlar. Qoy Vətən qarşısında borcunu unudan hər kəs Vətən qarşısında böyük günah işlətdiyi üçün qohum-qardaş qınağı altına düşsün və əlbəttə, qanun üzrə cəzalandırılsın.

Mənim bu bəyanatım ölkənin hər yerində yayılacaq və qoy savadlılar onu oxuyub mənasını savadsızlara çatdırsınlar”.

Səməd bəy Mehmandarov

 

Parlamentdə çıxış

Cənab parlament üzvləri! Mən çox təəssüf edirəm və qarşınızda üzr istəyirəm ki, burada ana dilində deyil rus dilində danışmalı oluram. Mən rus dilinə ona görə üz tuturam ki, mənim üçün böyük xəcalət olsa da, öz fikirlərimi bu dildə ana dilindən daha yaxşı ifadə edirəm. Cənab parlament üzvləri, siz burada ştat tabelləri və maaş tabelləri haqqında eşitdiniz. Bu barədə çox qısa danışacağam. Ştatlar Hərbi Nazirliyin şəxsi heyətə olan minimal ehtiyacları əsasında tərtib edilmişdir.

Maaş tabellərinə gəlincə isə onun əsasını mənim aşağıda sizə çatdıracağım 7 maddədə ifadə olunmuş mülahizələr təşkil edir:

1.         Cəbhədə olmuş bütün zabitlər istisnasız olaraq özlərinin səhra baqajını, paltarlarının çox hissəsini itirmişlər. Zabitlərin böyük əksəriyyəti bütün xidmətləri boyu toplamış olduqları əmlaklarından məhrum olmuşlar. Onları indiki zamanda bərpa etmək tamamilə imkansızdır, ya da bir rublluq əşyaya indi 30-40 rubl ödəmək lazımdır.

2.         Son dərəcə bahalıq əhali üçün ağırdır. Bu bahalıq böyük əksəriyyəti uzaqlarda və mütamadi ezamiyyətlər olan, öz ailəsindən ayrı yaşamalı olan bütün zabitlər üçün daha ağırdır.

3.         Zabitlər əsgəri tərbiyə etməli və onu ölümə aparmağı bacarmalıdır. Bunun üçün o, əsgərin gözündə nüfuz sahbi olmalıdır. Zabit həmişə nümunəvi geyinməlidir. İndiki zamanda isə onun geyimi və təchizatı çox böyük pul tələb edir.

4.         Azərbaycanda təcrübəli zabitlərin böyük qıtlığı vardır. Xalqların müstəqillik əldə etdiyi bir vaxtda başqa millətlərdən olan, o cümlədən əvvəllər rus ordusunda xidmət etmiş olan şəxsləri dəvət etmək lazım gəlir. Yeni yaradılmış olan ordu üçün ciddi seçim aparılmalıdır. Heç vaxt hərbi xidmət keçməmiş xalqdan toplanan ordunun unter-zabitlər olmadan keçinməsi mümkün deyil. Həm də bacarıqlı zabitlər lazımdır. Ancaq bacarıqlı zabitlər başqa yerdə yaxşı maaş tapa biləcəklərindən onları yürksək maaşla maraqlandırmaq lazımdır.

5.         Keçmiş müsəlman ordusunun ştatları ilə təyin edilmiş və 5 ay ərzində zabitlər tərəfindən alınmış maaş oktyabr ayında çox görünsə də indi o, zabitlərin ən adi tələblərini güclə ödəyir. Qiymətlərin daim artdığı bir halda biz maaşların saxlanılması yox, artırılması haqqında danışmalı olacağıq.

6.         Vəsaitlərin aşağı salınması və maaşların azaldılması kiçik maaşla dolanan şəxslərə ağır təsir göstərəcək və şübhəsiz ki, onların işinin keyfiyyətində öz əksini tapacaqdır.

7.         Zabitlərin xidməti təkcə müharibə dövründə deyil, sülh dövründə də çətin şəraitdə keçir. Primitiv şəraitdə və uzaqlarda yaşayaraq onlar çox zaman açıq havada gecələyirlər, yağış, qar... hər cürə yollarda zabitlər onlarla verst yol qət edərək Vətən yolunda sağlamlıqlarını və bəzənsə həyatlarını verirlər. Xüsusilə, indiki zamanda xalq ehtiraslarının istənilən partlayışı və təxribatçı qanunsuzluqlar hər şeydən əvvəl zabitlərdə öz əksini tapır, onların həyat və azadlıqlarını təhdid edir. Belə hadisə təəssüf ki, Ağdamda baş vermişdi.

Cənablar! Maaşlar cədvəli smetanın və ümumi büdcənin bir hissəsini təşkil edir. Parlamentin bu və ya digər təşkilata rəğbətlə və qeyri-rəğbətlə yanaşması özünü büdcənin müzakirəsi zamanı xüsusilə qabarıq göstərir və bu münasibətin xarakteri həmin təşkilatın fəailiyyətindən və onun qazandığı uğurlardan da asılıdır. Ona görə mən məsələnin mahiyyətinin şərhinə keçməzdən əvvəl istərdim Hərbi Nazirliyin fəailiyyətinin hansı şəraitdə getdiyi və onun tez-tez hansı çətinliklərlə rastlaşdığı məsələlərə toxunum. Cənablar, mən başa düşürəm və anlayıram ki, bu vəzifə çətin və məsuliyyətlidir. Çünki mən qəbul etdiyim mirasa toxunmalıyam. Başqa sözlə o mirasa ki, türklərdən bizə qalmışdır. Bu vəzifə xüsusilə ağır və məsuliyyətlidir. Çünki bizim müsəlmanlar vəfalılıq və sədaqətdə çox möhkəmdirlər. Heç kəs Azərbaycanda anarxiyanın aradan qaldırılmasında və qanun-qaydanın bərpa edilməsində türklərin xidmətini dana bilməz. Ancaq bu bizə mane olmur ki, artıq sözə yol vermədən və heç bir risk etmədən arzuedilməz nəticələrə gətirib çıxarmış və hətta indi də hiss olunmaqda olan mənfi əməllərə tənqidi yanaşmayaq. Cənablar, Hərbi Nazirlik Yelizavetpola köçənə qədər, yəni noyabrın 25-nə kimi türk komandanlığı qətiyyətlə inandırırdı ki, ordunun formalaşmasında böyük uğur var, 1-ci Azərbaycan diviziyasında 8 mindən artıq adam var, 2-ci diviziyada isə artıq 2 alay hazırdır və şəxsi heyəyi 4 mindir, fəal batareyalar kifayət qədərdir, təlim-tərbiyə sürətli templə aparılır, bütün qoşunlar təchizat əşyaları, yəni, topçu, sanitar, veterinar və s. əşyaları ilə təmin edilmişdir. Bax, cənablar, belə xoş ümidlərlə Gəncəyə yollandıq. Sonra mən Hacıqabula getdim, Ləkidə, Kürdəmirdə oldum, Ağdamda baxış keçirdim. Oradan məni teleqramla geri çağırdılar. Təəssüf ki, mən hər yerdə eyni mənzərələrin şahidi oldum. Bu mənzərələr isə biri digərindən kədərli idi. Adamların görünüşü yaxşı yox, tutqun və qəmgin idi, pis geyinmişdilər, yemək haqqında deməyə söz yoxdur – çox pis idi. Mən onu yoxlayanda gördüm ki, o içində kələm yarpaqları və xırda ət qırıntıları üzən qaynadılmış sup idi. Otaqlar rütubətli idi, heç bir çarpayı və yatacaq əşyaları yox idi. Pəncərələrin çox şüşəsiz idi. Bundan başqa çoxlu sayda atda çatışmırdı. Gördüyüm atlar isə at deyildi, üstü dəri ilə örtülmüş sür-sümük idi. Atların 70%-i qoturlu idi. Budur, cənablar, teleqramı alanda mən oranı tərk etdim. Burada düşünməyə ehtiyac yoxdur ki, adamlar yedizdirilməyibsə, geyindirilməyibsə və bəzən döyülməyə məruz qalırdılarsa bütün bunlar ilk anlardan onlarda hərbi xidmətə nifrət yaradırdı. Bizdə adamların yedizdirilmədiyi bir vaxtda dəmir yolu sahəsində də bir özbaşınalıq mövcud idi. Bu barədə çox danışmağa ehtiyac yoxdur. Bunu ona görə deyirəm ki, Hərbi Nazirliyin fəailiyyəti bu vəziyyətdən asılıdır.

 

Paqon №1

 

Port-Artur qalasının sxemi

 

Tam artilleriya generalı Səməd bəy Mehmandarov

 

Cümhuriyyət ordusu

İstifadə edilmiş ədəbiyyat siyahısı

Azərbaycan dilində

1.      Əhmədov S. Azərbaycan Tarixindən 100 şəxsiyyət. Bakı: Ayna Mətbuat Evi, 2006, 268 s.

2.      Nəzirli Ş. Güllələnmiş Azərbaycan generalları. Bakı: OKA Ofset mətbəəsi, 2006, 655 s.

3.      Nəzirli Ş. Tam artilleriya generalı Səməd bəy Mehmandarov. Bakı: Hərbi Nəşriyyat, 1997, 120 s.

4.      Nəzirli Ş. General Əliağa Şıxlınski və silahdaşları. Bakı: “Şərq-Qərb” nəşriyyat evi , 2012, 494 s.

5.      Azərbaycan Tarixi. Yeddi cilddə, V cild. Bakı: Elm, 2008 696 s.

6.      Azərbaycan Tarixi. Ali məktəblər üçün dərslik. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.

7.      İsmayılov K.N. Gədəbəy bölgəsi 1918-1920-ci illərdə. Bakı: AMEA nəşriyyat şöbəsi, 2009, 143 s.

8.      Sadıxov V.Y. Qafqaz İslam ordusunun təşkili tarixindən. Bakı: AMEA nəşriyyat şöbəsi, 2009, 219 s.

9.      Azərbaycan Sovet Ensiklopediyası. On cilddə, VI cild. Bakı: Azərbaycan SSR Dövlət Nəşriyyatı, 1982, 608 s.

10.  Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild. Bakı: Lider Nəşriyyatı, 2005, 472 s.

11.  Keykurin N. NağıbəyŞeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri. Bakı: “Təknur” MMC-nin mətbəəsi, 2007, 147 s.

12.  Heydər Əliyev və Ordu quruculuğu Bakı: “Adiloğlu” nəşriyyatı, 2006, 480 s.

 

Rus dilində

1.      Аббасов А. Генерал Мехмандаров. Баку: 1997

2.      Назирли Ш. Судба генерала. Баку: проект Фонда государственной поддержкм развития СМИ при президенте Азербайджанской Республики,2015

3.      Ларенко П. Страдные дни Порт-Артура. 1906

 

İnternet resursları

1.      Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Arxiv İdarəsi

2.      Azərbaycan Respublikası Müdafiə Nazirliyi

3.      Milli Arxiv İdarəsi

4.      Azərbaycan Respublikası Nazirlər Kabineti, Arxiv İdarəsi

5.      Facebook: Azərbaycan Hərb Tarixi

6.      İnstagram: Azerbaijan_history_1408

7.      Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 

Sədi Nuriyev

Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi



“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - III HİSSƏ
23:27 / 14-01-2016