BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ

23:38 / 08-04-2016   /   baxış - 444

I HİSSƏni buradan oxuyun...

“Təkmilətül-Əxbar” məlumat zənginliyi digər mənbələrdən seçilir. Şah İsmayılın hakimiyyətə gəlişi, bu məqsədlə Ərdəbilə gəlməsi, Cabanı döyüşünün baş verməsi, Şərur döyüşü, Almabulağı döyüşü və digər döyüşlərin baş verməsi, onların gedişatı və s. haqqında əsərdə maraqlı məlumatlar var. Hazırda Azərbaycan türkcəsində çevrilmiş “Təkmilətül-Əxbar” əsərində 1503-cü il 20 iyunda(908-ci il zilhiccə 24) baş vermiş döyüş Almaqulağı adlandırılır, lakin t.ü.f.d. Tofiq Nəcəfli “Səfəvi-Osmalı münasibətləri” adlı monoqrafiyasında bu döyüşü Almabulağı adlandırır. Tofiq müəllimin əsəri müasir tədqiqat olduğundan, həm də alimin Osmanlı arxivlərində kifayət qədər işləməsi və sənədlərdə tanış olması bizə əsas verir ki, döyüşü Almaqulağı yox Almabulağı adlandıraq[9,26; 15,44].

Digər bir məsələ Şah İsmayılın hakimiyyətə gəldiyi dövrdə sünniləri öldürməsi ilə bağlıdır. Belə ki, mənbədə göstərilir ki: Şah İsmayılın şiəliyi yaymaq istəyəndə “Xarisi qılınc çəkənlər torpağın üstünə sərildilə. İnad göstərənlər məhv edildilər”[9,26] və ya “Şah İsmayıl oradan kiləklərin Təbəs şəhərinə basqın etdi. Çərşənbə günü şaban ayının 2-də qətl etməyi buyurdu. 7-8 min adam öldürdülər və Yəzdə qayıtdılar”[9,28]. Bu kimi qeydlərə əsərin bəzi yerlərində rast gəlinir. Zənnimcə Şah İsmayılın sünniləri qırdırması, onlara divan tutması real olan iş deyil. Belə ki, əgər Şah İsmayıl sünnilərə qarşı qırğınlar törədirdisə necə olur ki, müasir dövrümüzdə Göyçay, Ağsu, Şamaxı, Şimal-Qərb bölgələrimiz, Gürcüstanda Respublikasının tabelyində olan qədim Azərbaycan torpaqlarında kifayət qədər sünni məzhəbli əhali yaşayır. Belə düşünmək olar ki, o dövrdə bir sıra əsərlərdə sünnilərin öldürülməsi ilə bağlı yazılmış hadisələrdə şişirtmələrə yol verilmişdir. Şəxsi qənaətimə görə Şah İsmayıl tərəfindən sünni olan hakim zümrəyə mənsub şəxslər qətl edilmişlər, lakin ola bilər ki, gələcəkdə daha mötəbər faktlar tapılsın və mənim bu mövqeyimdə yalnış olsun. Hər halda şəxsi fikrimə görə hakim təbəqəyə mənsub şəxsləri aradan götürmək üçün onların sünni olmasından məharətlə istifadə edilmişdir. Nəzərə alsaq ki, o dövrdə Səfəvi sülaləsi hakimiyyətə gəlmək üçün şiəlikdən istifadə edirdi onda mənim fikrimi müəyyən qədər düz saymaq olar. Eyni zamanda biz mötəbər qaynaqlardan sünnilərin öldürülməsini təsdiq edən faktlar əldə etməmişik. Türkiyə tarixçisi Tufan Gündüz də sünnilərin öldürüməsi məsələsinin şübhəli olduğunu vurğulayır. Şiəliyin yayılması ilə bağlı Əbdi bəy öz dilindən aşağıdakı beyti qələmə alır:

Şiə məzhəbinin təbərzini sünnilərin bütünü İbrahimin

Zərbəsi Azərin bütlərini sındırdığı kimi sındırdı.

Açıq aşkar bu beytdə müəllifin sünnilərə qarşı nifrət hissinin olduğunu sezmək mümkündür. Bununla belə qeyd etməliyik ki, Xaqan İsmayıl Qızılbaşlıq ideyalarının yayılması ilə məşğul idi. Şah İsmayıl peşəkar səviyyədə şeir yazmağı və saz çalmağı bacarırdı[15,21,23; 17]. Şəriət qaydalarına görə isə musiqi ifa olunması haramdı[17].Şah İsmayıl isə uzun saç saxlayırdı və saz çalıb, şeir deyirdi[17]. Deməli, Səfəvilərin şiəlikdə günahlandırılması heçdə düz fikir deyilmiş. Şah Təhmasib dövründə tövbə fərmanı verilənədək musiqi ifa olunmasına qadağa yox idi. Tövbə fərmanından sonra musiqi çalmaq qadağan edilmişdi ki, bu da Şah I Abbasın dövründə aradan götürüldü.

Əsəri tədqiq etməklə biz hakim ailə haqqında bir çox məlumatlar əldə edə bilərik. 1514-cü ildən bəhs edərkən Əbdi bəy 22 martda Şah İsmayılın Taclı Sultan adlı xanımından olan oğlu Təhmasibin doğulduğunu qeyd edir – “Bu ilin zilhiccə ayının 26-da kama çatmış, şəhanə bəxtli, Allahın kölgəsi, dinin pənahı Şah Təhmasibin – hakimiyyəti əbədi olsun – səadətli təvəllüdü mübarəklik və xoşbəxt tale ilə üz verdi”[9,35].

Müasir dövrümüzdə Səfəvi dövlətinin İran dövləti olmasını Qərb tarixçiləri tərəfindən qəbul edilmişdir. Təəssüflər olsun ki, Türkiyə tarixşünaslığında da Səfəvi dövləti İran dövləti kimi qəbul edilir. Əbdi bəyin əsərinə diqqət edək: “İt ili – 920-ci ildə Rum padşahı Sultan Səlim ibn Sultan Bəyazid ... Azərbaycanı fəth etmək eşqinə düşüb, onun sərhəddinə yaxın gəldi”[9,35]. Biraz əvvələ, Cabanı döyüşündən sonrakı olan hadisələrə diqqət yetirək: “Orada ikən əhli-beytə və o nəslə yaxınlığı olan şeyx Məhəmməd Göcəcinin övladlarından olub, illərlə türk səltənətində vəzirlik edən ... Əmir Zəkəriyyə Təbrizi Göcəci torpağı öpmək şərəfinə nail olub, vəzirlik mənsəbinə çatdı. Nəvvabi-xaqan sahibqran onu «Azərbaycanın açarı» adlandırdı”[9,23]. Daha sonra qeyd olunur ki, Bayandurilərin asiyişi pozmaları ali zirvəyə çatdıqda Şah İsmayıl Azərbaycanın fəthini mühüm bilib onların üstünə getdi[9,23]. Bu hadisə baş verəndə isə xaqan öz əmirlərindən soruşmuşdu “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”[15,45]. Əbdi bəyin əsərinə diqqət edəndə Azərbaycan vilayətinin imperiya daxilində xüsusi yer tutduğunu aydın şəkildə sezirik. “Zühure-dövləte-Səfəviyan” adlı Osmanlı mənbəsində Şah İsmayıl bu cür qeyd olunur: “şərq məmləkətlərindən olan Azərbaycan ölkəsində Səfəvi şahları dövlətinin banisi”[15,45]. Əbdi bəyin əsərindən gətirilən sitatlar məncə Səfəvi imperiyasının milli Azərbaycan dövləti olduğunu sübut etməyə yetər.

Azərbaycan imperiyası Səfəvi sülaləsi zamanında sadə idarəçilik aparatına malik olan bir dövlət olmamışdı. Səfəvi sülaləsi zamanında dövlətimizin mükəmməl təşkil edilmiş idarəçilik sistemi olmuşdu. Fəzlullah Rəşidəddin oğlu Şihabəddinə məktubunda yazırdı: “hər hansı bir dövlətin mədaxil xəzinəsi rəiyyət özüdür, onun halal zəhməti və çalışğanlığıdır. Rəiyyət soyulub var-yoxdan çıxarılsa, hökmdarlara heç bir qazanc qalmaz və işin kökünə baxsan, hər bir səltənətin özülü ədalətdir, çünki... dövləti ordu qazanır, dövlətin ordudan başqa gəlir ağacı yoxdur, ordunu isə vergi(mal) hesabına saxlamaq olar — vergisiz qoşun yoxdur, vergi isə rəiyyətdən alınır, rəiyyətdən başqa vergi verən yoxdur, rəiyyəti isə ədalət hesabına saxlamaq olar, deməli, ədalət yoxdursa, rəiyyət də yoxdur”[1,103]. Ədalətli dövlət prinsipinə əsaslanan Səfəvi sülaləsi hökmdarları Şah İsmayıl və Şah Təhmasib dövründə lazım gəldikcə rəiyyət xeyrinə bir sıra vergiləri ləğv etmiş, onların miqdarını azaltmış və s. tədbirlər görmüşlər. Bu tədbirlər isə Əbdi bəyin əsərində qeyd olunub. Məsələn Şah İsmayıl 1514-cü ildə səreşomar vergisini(baş pulu) əhaliyə bağışlamışdı[12,140].  Əbdi bəy 1512-ci il hadisələrindən bəhs edərkən yazır ki, Mazandaran hakimləri Seyid Əbdülkərim və Ağa Məhəmməd I Şah İsmayılın  dərgahına gələrək təyin olunmuş 30.000 tümən vergini verdilər[9,33; 12,131]. Maliyyə məsələlərinə gəlincə qeyd etmək lazımdır ki, Şah İsmayılın dövründə maliyyə siyasəti lazımı dərəcədə formalaşmamışdı, lakin Şah Təhmasibin dövründə maliyyə siyasəti istiqamətində bir sıra addımlar atıldı. Həsən padşah Bayandurinin tərtib etdirdiyi “Qanunnamə” Səfəvi sülaləsi zamanında da 1555-ci ilə qədər istifadə olundu. Hicri 963(1555/1556)-cü ildə sədr vəzifəsini icra edən Mir Zeynəddin Seyidəli ölkənin idarə edilməsi və s. məsələlər üzrə Dəstur-ül-əməl(Qanunnamə) tərtib etdi və Şah Təhmasib bunu qəbul etdi. Əbdi bəyin əsəri maraqlı hadisələrlə zəngindir. Bunlar sırasında Şah Təhmasibin haram yerlərdən gələn gəlirləri ləğv etməsi ilə bağlıdır. Əbdi bəy yazır ki, nəvvabi-kamyab(Şah Təhmasib-S.N) deyir ki, istəyirəm bu gecə yatım yuxuda gördüyümü icra edim. Yuxuda Şah görür ki, İmam Rza Təhmasibə deyir: “...içki,zina, uşaqbazlıq və məstedici içkilərdən tövbə etsinlər.”[9,52]. Səhər yuxudan ayılan Şah əmr verir ki, şərabxana, məcunxana, qumarxana və fahişəxanalardan gələn 50 min tümən gəlir maliyyə dəftərlərindən çıxarılsın və həmin gəlir qaynaqları da ləğv edilsin[9,52; 12,133]. Digər bir məsələ isə tamğa vergisinin ləğvidir. Mənbədə yazılır ki, gecə yuxuda İmam Rza üzünü Şaha göstərir və onlar arasında müfəssəl söhbət olur, səhəri isə Şah Təhmasib 30 min tüməndən artıq olan tamğa vergisini ləğv elətdirir[9,92; 12,40-41].

Sovet tarixşünaslığında həddindən artıq dərəcədə qabardılmış bir məsələyə toxunmaq lazım gəlir. Sovet tarixçiləri Azərbaycan İmperiyası ilə Osmanlı imperiyası arasında 1514-cü il baş vermiş Çaldıran döyüşünü lüzumsuz surətdə şişirdirdilər[1,123; 2,425; 5,63;  9,35; 11,155; 15,140]. Bu gün də Sovet ənənələrini davam etdirən tarixçilərimizdə bu ənənədən kənara çıxmayıblar.Mahmud İsmayıl Azərbaycan Tarixi adlı kitabında Çaldıran qarşılaşmasından bəhs edərkən tərəfləri Türkiyə və Azərbaycan adı altında təsvir edir, sanki üz-üzə gələn ordular Türkiyə dövləti ilə Azərbaycan dövlətinin orduları idi[11,155-156]. M.İsmayıl yazır: “Çaldıran düzündə Azərbaycan Səfəvi dövləti ilə Osmanlı Türkiyəsi arasında həlledici döyüş baş verdi... Türk qoşunları gedəndən sonra Şah İsmayıl Təbrizə gəldi. Tezliklə Azərbaycan dövləti ilə Türkiyə arasında barışıq müqaviləsi imzalandı. Buna baxmayaraq Türkiyə Azərbaycana yiyələnmək niyyətindən əl çəkməmişdi”[11,155,156]. Adi bir döyüşün bu cür şişirdilməsi və ictimaiyyətə Türkiyə Azərbaycan qarşıdurması kimi təqdim edilməsi Sovet ideologiyasından doğan bir fikir idi, yəni müasir zamanımızda iki türk dövləti olan Azərbaycan və Türkiyə əlaqələrini pozmaq. Ali məktəblərdə dərslik kimi nəzərdə tutulmuş Azərbaycan Tarixi kitabına diqqət edək: “Çaldıran Səfəvilər dövlətinin hərbi-siyasi nüfuzuna ciddi zərbə vurdu...”[2,426]. Sanki Çaldıran elə bir böyük əhəmiyyətli döyüş idi ki, Azərbaycan bu döyüşdən sonra sarsıdı. İndi isə mənbəyə müraciət edək. Əbdi bəyin əsərində Çaldıran döyüşü sıradan bir döyüş kimi göstərilir və bu döyüşün uduzulması ilə dövlətə hər hansısa bir ciddi sarsıntın dəydiyini göstərmir. Əbdi bəy yazır: “İt ili(mart 1514-mart 1515) – 920-ci ildə Rum padşahı Sultan Səlim ... Azərbaycanı fəth etmək eşqinə düşüb, onun sərhəddinə yaxın gəldi. Bu xəbər İsfahanda izzət və cəlalın[Şah İsmayılın]qulağına çatdıqda, onun zərərini aradan qaldırmaq üçün Azərbaycana tərəf yollandı. Çurəsə çatdıqda, Diyarbəkr qoşunu Xanməhəmməd Ustaclu ilə gəlib yetişdi. Xoyun Çaldıran [adlı yerində] iki qoşun arasında müharibə oldu. Bu mərəkədə, islamiyyətin əvvəl çağlarında müqəddəs döyüşlərdə üz verdiyi kimi, Durmuş xan Şamlu və başqa əmirlərin qüruru nəticəsində Qızılbaş ordusuna göz dəydi”[9,35]. Mənbəyə diqqət etsək doğurdan da Çaldıran döyüşünün adi bir döyüş olduğunu görürük. Döyüşdə öldürənlərə gəlincə Əbdi bəy yazır: “Mir Əbdülbaqi, Mir Seyid Şərif, Seyid Məhəmməd Kəmunə, Xanməhəmməd Ustaclu, Sarı Birə Lələ bəy, Sultanəli mirzə Əfşar, Şirəçi Pir Ömər bəy Çavuşlu şəhadət şərbəti içdilər”[9,36]. Mənbədə döyüşdən sonrakı vəziyyət belə təsvir edilir: “Sultan Səlim ardınca gəlib Təbrizdə dayandı. Bundan artıq [irəliləməyə] cürət etmədi və tələsik yola düşüb Ruma geri qayıtdı”[9,36]. M.İsmayılın dediyi kimi Sultan Səlim geri qayıtdıqdan sonra sülh imzalanması məsələsinə gəlincə isə qeyd etmək lazımdır ki, Çaldıran savaşından sonra Azərbaycan imperiyası ilə Osmanlı dövləti arasında hər hansısa bir sülh imzalanmamışdır. Şah Təhmasib dönəmində 1555-ci ildə ilk dəfə Amasya sülh müqaviləsi imzalanmışdı[1,124]. Osmanlı qoşunlarının sayının şişirdilib 200 min nəfər göstərilməsi də absurd faktdı. Müasir tədqiqat əsəri olan Tofiq Nəcəflinin “Səfəvi-Osmanlı münasibətləri” monoqrafiyasında qoşunların dəqiq sayı və yerləşmə mövqeyi müfəssəl şəkildə işıqlandırılıb[15,144,145]. Çaldıran döyüşündə Osmanlı qüvvələrinin sayı 120 mindən bir qədər artıq, Səfəvi qoşunun sayı isə təqribən 40-45 min nəfər olmuşdu[15,144,145]. Döyüşdə itkilərə gəlincə isə Oqtay Əfəndiyev hər iki tərəfin 5 min nəfər itki verməsi ehtimalını qəbul etmişdi[13,62]. Ş.Təkindağın xatırlatdığı, lakin əhəmiyyət vermədiyi bir məsələyə, yəni Malqoçoğlunun öldürülməsi məsələsinə gəlincə isə Əbdi bəy yazır ki, Şah İsmayıl şücaətli olan Malqoçoğlunun başına elə bir zərbə vurdu ki, qılınc dəbilqəni də keçib onun sinəsinə qədər parçaladı[9,36; 15,149]. Çaldıran döyüşü bağlı danışarkən Taclı Bəyim məsələsinə də toxumaq lazım gəlir. Osmanlı tarixçiləri tərəfindən şişirdilən bu məsələ haqqında, yəni Taclı Bəyimin Çaldıran döyüşündə əsir düşməsi haqqında Əbdi bəyin əsərində məlumat vermir, lakin biz bilirik ki, Taclı Bəyim Şah İsmayılın ən sevimli xanımı olub Çaldıran döyüşündə “Bacılar”(döyüşçü qadınlar) ordusunun başında iştirak etmişdi[18]. T.Nəcəflinin Osmanlı arxiv sənədləri əsasında gəldiyi qənaətə əsasən Taclı Bəyimin əsirliyi 1 gün çəkmişdi və Taclı Bəyim üzərindəki zinəti Məsih Paşazadəyə verərək əsirlikdən azad olmuşdu[15,151]. Digər tarixçi alim Ə.Nəcəfə görə isə Taclı Bəyimin zinət əşyalarını verib əsirlikdən azad olması o qədər də inandırıcı deyil[18]. Alim fikrini belə əsaslandırır ki, əsir alınan birisinin üzərindən zinət əşyaları asanlıqla götürülə bilərdi və ya Məsih Paşazadənin zinət alıb əsiri azad etməsi isə onun ölümü ilə nəticələnərdi[18]. Ə.Nəcəf daha çox Səfəvi mənbələrinin iddia etdiyi, yəni döyüşdən sonra Taclı Bəyimin itməsi iddiası ilə razılaşır[18]. Ümumən isə mənbəni araşdıranda Çaldıran döyüşünün elə də bir əhəmiyyətli döyüş olmadığını görürük.

Nəticə

Təəssüflər olsun ki, Əbdi bəyin əsəri tam şəkildə Azərbaycan Türk dilinə tərcümə edilməyibdir. Əbdi bəyin əsəri məlumat zənginliyi baxımından dövrün digər mənbələrindən seçilir. Mənbəni tədqiq etdikdən sonra biz müfəssəl şəkildə ardıcıl olaraq Şah İsmayılın və Şah Təhmasibin hakimiyyəti dövründə baş vermiş hadisələrin şahidi oluruq. Şah Təhmasibin hakimiyyətinin ilk illərində baş verən mərkəzdənqaçma meyllərini qələmə alan müəllif günbəgün tayfalar arasında baş verən döyüşləri, çəkişmələri qeyd edir. Eyni zamandan əsərdə çoxlu maraqlı məlumatlarda vardır. Səfəvi dövrü ilə maraqlanan şəxslər və eləcə də tədqiqatçılar üçün bu mənbənin öyrənilməsi çox lazımlıdır.

1408-ci ildə Qara Yusifin timsalında Barani sülaləsinin hakimiyyətə gəlməsi ilə qurulan Azərbaycan İmperiyasında 1501-ci ildə Bayandurilər sülaləsinin devrilməsi ilə Səfəvi sülaləsi başda Əbülmüzəffər Sultan Şah İsmayıl hakimiyyətə gəlir. Səfəvi sülaləsi dövründə Azərbaycan İmperiyası inkişafının pik nöqtəsinə çatır. İlk dəfə olaraq Xaqan İsmayılın əmri ilə Azərbaycan İmperiyasının dövlət dili Türk dili elan edilir. Baharlı və Bayandurlu sülalələri dönəmindən qalmış idarəçilik qaydaları üstündə daha təkmil qayda-qanun yaradılır. Şah İsmayılın dövründə dövlətin maliyyə işləri barəsində o qədər də dəqiq qayda-qanun olmasa da, Şah Təhmasibin dövründə isə 1555/1156-cı ildə  Həsən padşahın “Qanunnamə”si əvəzinə Mir Zeynəddin Seyidəlinin tərtib etdiyi Dəstur-ül-əməl(Qanunnamə) qəbul edilir. Eyni zamanda Əli Əbdi bəy yazır ki, Şah Təhmasibin əmri ilə şərabxana, məcunxana, qumarxana və fahişəxanalardan xəzinəyə daxil olan 50 min tümən məbləğində gəlir ölkənin bütün maliyyə dəftərlərindən çıxarıldı və həmin gəlir qaynaqları ləğv edildi. Şah Təhmasibin ölümündən sonra dövlətimizdə hərc-mərclik olsa da, məşhur türk hökmdarı I Şah Abbasın hakimiyyətə gəlməsi ilə bu aradan qalxdı. Lakin XVIII əsrin sonlarına yaxın artıq Səfəvi sülaləsi öz dövrünü başa vurmuşdu və artıq hakimiyyət dayaqları zəifləmişdi. 1736-cı ildə Nadir xan Əfşarın şah elan edilməsi ilə Azərbaycan İmperiyasında hakimiyyətə Əfşarlar gəlir. Avropalılar Nadir şaha Şərqin Napoleonu adı verirlər. Buna cavab olaraq isə deyərdim ki, Napoleon Nadir şahdan çox-çox sonra hakimiyyətə gəlir və Avropamərkəzçilik ideyasına əsasən Avropanı göyə qaldırmaqdansa Napoleona Qərbin Nadiri adını verərdim. 1796-cı ildə Ağa Məhəmməd xan Qacarın şahlıq taxtına keçməsi ilə Azərbaycan İmperiyasında hakimiyyətə türk Qacar sülaləsi gəlir və bu sülalə 1925-ci ilə kimi hakimiyyətdə qalır. 1925-ci ildə fars pəhləvilərin Qacar sülaləsini devirməsi ilə Azərbaycan İmperiyası da süqut edir və tarixdə ilk dəfə İran dövləti qurulur. Gülüstan və Türkmənçay sülh müqavilələrinə gəlincə isə 1813 və 1828-ci illərdə Azərbaycan bölüşdürülməyib, Rusiya Azərbaycanın Şimalını işğal edib. Milli tariximizə nə qədər ki, sahib çıxmırıq, nə qədər ki zornan öz dövlətlərimizi farsın adına yazırıq biz heç zaman güclü xalq olaraq bundan sonra böyük dövlətlər qura bilmərik. Bəxtiyar Vahabzadə demişkən Şahlar bizim oldu, zəfər özgənin!

Ədəbiyyat siyahısı

Azərbaycan Türkcəsində

1.         Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.

2.         Azərbaycan tarixi, ən qədim zamanlardan XX əsrədək. I cild. Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsilə. Bakı: “Çıraq”, 2007, 720 s.

3.         Azərbaycan tarixi. Yeddi cilddə, III cild. Bakı: “Elm”, 2007, 592 s.

4.         Azərbaycan Tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. Bakı: “Çıraq”, 2009, 872 s.

5.         C.Zeynaloğlu. Müxtəsər Azərbaycan tarixi. Bakı: “Azərbaycan Dövlət Kitab Palatası”, 1992, 144 s.

6.         D. Əzimli. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə(XV əsrin II yarısı və XVII əsrin I yarısı). Bakı 2012, Təhsil, 282 s.

7.         Ə.Nəcəf. İnanc yaddaşı. Bakı: “Qanun nəşriyyatı”, 2014, 352 s.

8.         Ə.Nəcəf. “Şah” Səfəvilərin hökmdarlıq titulu. “Ədəbiyyat” qəz. 10 oktyabr 2014-cü il.

9.         Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. “Təkmilətül-Əxbar”(Səfəvi dövrü – Şah İsmayıl və Şah Təhmasib dövlərinin tarixi). Tərcümə: Əbülfəz Rəhimli. Bakı: “Elm”, 1996, 200 s. (PDF versiya)

10.     Qızılbaşlar tarixi(“Tarix-i Qezelbaşan”). Tərcümə edən: M.Ə.Məhəmmədi. Bakı: “Azərbaycan”, 1993, 48 s. (PDF versiya)

11.     M.İsmayıl. Azərbaycan tarixi. Bakı: “Azərnəşr”, 1993, 271 s.

12.     N. Süleymanov. Azərbaycan Səfəvi dövləti: təsərrüfatı, ticarət əlaqələri, maliyyə sistemi. Bakı: “Elm”, 2013, 206 s.

13.     O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: “Şərq-Qərb”, 2007, 344 s. (PDF versiya)

14.     S. Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhəri. Bakı: Elm, 1982, 279 s.

15.     T.Nəcəfli. Səfəvi-Osmanlı münasibətləri. Bakı: “Turxan NPB”, 2014, 516 s.

16.     Y. Mahmudov. Azərbaycan diplomatiyası. Bakı: “Təhsil”, 2006, 416 s.

Elektron resurslar

17.     S.Məsum. Şah İsmayılın şiəliklə heç bir əlaqəsi yoxdur. – moderator.az

18.     Ə.Nəcəf. Şah İsmayılın xanımı Taclı Bəyim. – BAO.az

 

Sədi Nuriyev

 

Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi



“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili
00:33 / 03-06-2016
Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - III HİSSƏ
23:27 / 14-01-2016