BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan Tarixi” əsərinin təhlili

00:33 / 03-06-2016   /   baxış - 512

Azərbaycanın görkəmli şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884 ildə Bakının Novxanı kəndində doğulmuşdur. O, azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Cümhuriyyətinin(1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olmuşdur. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Siyasi prosesləri anındaca qavrayan bu böyük türk hələ 17 yaşında olarkən 1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı”nı yaratması ilə Azərbayanda Rusiya imperiyasına qarşı gizli mübarizənin əsasını qoyur. 1920-ci il 28 apreldə Milli hökumət devrildikdən sonra bir müddət gizlənməli olmuş, daha sonra Bakıda həbsxanada qalmış, Stalin onu özü ilə Moskvaya aparmış və sonrada Moskvadan qaçaraq Finlandiyaya keçmiş, oradanda Türkiyəyə mühacirət etmişdi[1,268; 6,3,22,53,54,]. Mühacirətdə olduğu dövrdə belə öz vətənini azad görmək uğrunda yorulmaq bilmədən çalışır. Mühacirət dövrü onun ədəbi yaradıcılığının ən məhsuldar dövrüdür. Mühacirətdə olduğu zaman 1951-ci ildə M.Ə.Rəsulzadənin “Çağdaş Azərbaycan tarixi” əsəri işıq üzü görür. O qədər də geniş olmayan bu kitabda bir sıra mühüm məqamlara toxunulmuşdur[8].

Əsər M.Ə.Rəsulzadənin müraciəti ilə başlayır. Ön söz hissəsində Rəsulzadə belə bir ifadə işlədir: “Azərbaycan 1918-ci ilin 28 mayında beynəlxalq həyat səhnəsinə tək bir millət olaraq çıxdı və respublika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdi. Çağdaş Azərbaycan tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə bilər. Çünki bu tarix çağdaş tariximizin keçmişini və gələcəyini müşahidəyə yarayan yüksək bir baxımnöqtəsidir”[7,84]. Həqiqətəndə 1826-1828-ci illər Rus-Qacar müharibəsi nəticəsində Azərbaycanın şimalını işğal edən Rusiya burada 100 ilə yaxın bir zamanda müstəmləkə siyasətini həyata keçirdi[1,180; 5,102]. Şimali Azərbaycanın rus istibdadından azad olması 1918-ci il 28 maya təsadüf edir və bu günü M.Ə.Rəsulzadə Azərbaycan tarixinin haqlı olaraq ən böyük hadisəsi adlandırır[7,84]. Fikrini davam edən müəllif 28 maydan öncəki tarixə nəzər salır və qeyd edir ki, rus istibdadı zamanında Azərbaycan mənən heç zaman rus dövlətinə ram olmadı[7,85]. Rusların Şimali Azərbaycanı işğal etməsi və burada talançı siyasət yeritmələrinə türk milləti heç zaman göz yummadı, lazım gəldikdə üsyanlar oldu, qaçaq hərəkatları baş qaldırdı, vergidən yayınmalar və s. hamsı buna aiddir. Azərbaycan Cümhuriyyətindən bəhs edən müəllif o zamanlar yeni qurulmuş Türkiyə Cümhuriyyətinin və dağılmaqda olan türk Qacar hökumətinin vəziyyətinin son dərəcə ağır olmasını bildirir və birinicinin məcburiyyət üzündən bolşeviklərlə müqavilə bağlmasını diqqətə çatdırır[7,86]. Əslində bunu bildirməklə M.Ə.Rəsulzadə o zamankı Türkiyənin düşdüyü beynəlxalq vəziyyəti başa salır və bu izah bir çox kitablarda Türkiyə əleyhinə yazılmış ittihamlara layiqli cavabdır. Rus işğalından danışan zaman Rəsulzadə bildirir ki, bolşeviklərin Azərbaycanda güclü dayağı yox idi və əhalinin çox hissəsi Müsavatın ardı ilə gedirdi. Bununla bağlı statistik faktlar təqdim edir: “1907-ci ildə Bakı işçiləri şurası seçkilərində bu partiya səslərin 70%-ni qazanmışdı... Bakıdakı türk kommunistlərin sayı 300-dən çox deyildi... Rus kommunist partiyasının Bakı komitəsində 3 erməni, 2 rus və bir gürcü vardı”[7,87]. Eyni zamanda müəllif Sovet hakimiyyəti dövründə bu quruluşun cəmiyyətimizə necə yad olduğunu göstərmək məqsədilə qeyd edir: “1925-ci ildə verdiyi bir raportunda Azərbaycan Daxili İşlər komissarı Bağırov 52-dən artıq üsyan hadisəsini qeyd edir”[7,87]. Rəsulzadə gizli işləyən Müsvatı da unutmur və qeyd edir ki, 19-cu nömrəsini buraxmağa müvəffəq olmuş Müsavatın mətbəəsini polis təsadüfən qəlp pul buraxan maşın axtararkən yaxalayır[7,87]. Ümumiyyətlə o zaman Mirzə Bala Məmmədzadənin rəhbərliyi ilə gizli şəkildə işləyən Müsavat sovet əleyhinə xeyli işlər görürüdü[7,87-88; 9]. Müsavata qarşı əməlli-başlı mübarizəyə qalxan Sovet hakimiyyəti etdiyi cəhdlərə baxmayaraq onun üzvlərini yaxalaya bilmirdi[9]. Bu üzvlərdən bəzilərinin sovet məmuru kimi də fəailiyyət göstərməsi isə o zaman partiyanı belə təəccübləndirmişdi[7,88]. Müsavatçılıq artıq vətənpərlik anlamına gəlirdi. Pariya milli mücadiləni genişləndirmək məqsədilə məktəblərdə işləyən müəllimlərə milli şüuru təbliğ etmək haqqında təlimat da hazırlayıb yaymışdı[7,88]. Ədəbiyyat sahəsində çətinliklərlə qarşılaşan bolşeviklər 1937-ci ilə qədər heç cürə öz istəklərinə nail ola bilmirdilər, hətta 1921-ci il 5 oktyabr tarixli Kommunist qəzetində dərc olunan o zamankı Xalq Maarif nazirinin çıxışı belə idi: “Azərbaycan işçiləri arasından çıxan şair və yazıçıların sayı gündən-günə artmaqdadır. Yazıçıların bu nəslinin «Müsavat» dövründən xəbəri yoxsa da, yenə milli məktəbi təsirinə düşür və milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Nəticədə Azərbaycanın Gənc yazıçıları uydurulmuş rus təhlükəsinə qarşı çıxır və «Baxımsız Azərbaycan» şüarını idealizə etməyə başlayırlar. Almas, Əbdül, Müşfiq, Hüseynzadə və başqaları kimi gözəl proletar şairləri bir-bir millətçi olaraq Proletar Yazıçıları İttifaqından və Kommunist partiyasından çıxırlar indi isə Cavadla birlikdə üç rəngli Azərbaycan bayrağını tərənnüm edirlər”[7,89]. “Sapıntıçılıq”da ittiham edilən mədəniyyət xadimlərinin Yazıçılar İttifaqından çıxarılması izah edən müəllif qeyd edir ki, bu sovet şəraitində bir insanı bütün hüquqlarından məhrum edərək ac qalmağa məhkum etməkdir[7,96]. Kommunistlərin “sapıntıçılıq” dediyi sözə aydınlıq gətirən Rəsulzadə bu sözün “uklon” sözündən götürüldüyünü  və yəni doğru yoldan sapmaq anlamına gəldiyini izah edir, eyni zamanda qeyd edir ki, milli istiqalal fikirlərinə meyl edənlərə “milli sapıntıçılar” adı verilirdi[7,89]. Rəsulzadənin diqqəti çəkən qeydlərindən biri də AKP-nin baş katibi Əyyub Xanbudaqov haqqındadı. O, “milli sapıntıçılar”ın başında duran Xanbudaqovun istəkləri haqqında yazır: “1.Bundan sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq. 2. Yerli kommunistləri sadəcə yuxarıdan təyin olunan katiblərlə rəhbərlərin idarəsində və yalnız onların müşavirləri rolunda görmək fikri və adətindən vaz keçiləcək. 3. Azərbaycan milləti öz-özünə idarə etmək çağına çatmış ikən, moskvalı idarəçilər, yerlilərin müstəqil olaraq çalışmalarına əngəl olur və bu çalışmaya «yerli millətçilik» damğası vurur. Buna qəti olaraq son qoyulaçaq. 4. İşçi birlikləri, kooperativləri və digər dövlət müəssisələri, sözdə deyil, gerçəkdən türkləşdiriləçək. 5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun etmək istəyən sovet hökumətinin məskunlaşdırma siyasətinə son qoyulacaq. 6. Cənubi Qafqaz respublikalarında milli - mədəniyyətlərin inkişafını saxlamaq üçün Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının təşkilatı əsası ilə, qanunu dəyişəcək (həmin tarixdə adı çəkilən federasiya var idi. Bu federasiya sonradan dağıldı)”[7,89-90]. Ə.Xanbudaqovun bu fikirləri belə nəticəyə gəlməyə əsas verir ki, o zaman bolşevik təbliğatını uyub onun ardıcıllarına çevrilmiş, lakin sonradan bu ideyaların xalqımıza yabancı olduğunu görüb onlardan üz çevirən milli qüvvələrin istəklərinin nəticəsidir. M.Ə.Rəsulzadənin legionerlərlə söhbətlərinə diqqət yetirsək biz bu fikirlərin doğru olduğunu görərik[7,100-104]. Eyni zamanda Bakıdakı “Kommunist” qəzetinə müsahibə verən AKP Bakı Komitəsi katiblərindən biri Səbiyev deyir: “1922-ci ildə beyinləri millətçilikdən dumanlanan kommunistlər Azərbaycanı burjua demoktratik respublikası elan etməyi planlaşdırırlarmış”[7,90]. Xanbudaqovun bu fikirləri ona və həmfikirlərinə baha başa gəlmiş, partiya sıralarında ciddi islahatlar aparılmışdı[7,90]. AKP-də baş verən bu hadisələrə münasibət bildirən Yaroslavski “Pravda” qəzetində “Azərbaycan Kommunist Partiyasının faciəli iflası” adlı məqaləsində çox maraqlı bir ifadə işlədir — “...sovet neftinin 70%-ni Azərbaycan verir”[7,90]. II Dünya Müharibəsindən sonra bir çox şəhərlərə adlar verilsə də, müharibə üçün misilsiz xidmət göstərmiş, 75 milyon ton neft vermiş Bakıya qəhrəman şəhər adı verilmədi[1,300]. Azərbaycan sovet hakimiyyətinin müsbət tərəflərinə toxunan zaman Rəsulzadə də qeyd edir ki, “neft respublikasında” əslində daha çox iş görmək olardı. Bütün bunlar sübut edir ki, o Azərbaycan Moskva üçün hava-su kimi lazımılı bir ölkə idi[7,92]. Baş verənlərə obyektiv yanaşma Rəsulzadənin müsbət cəhətlərindən biri idi. Belə ki, o sovetin Azərbaycandakı gördüyü işlərdən danışarkən maarif sahəsində görülmüş işləri tərifləmiş, əhalinin arasında savadsızlığın azalmasını, şairlərimizə heykəllərin ucaldılmasını, onların xatirələrinin əbədiləşdirilməsini, qadınların arasında alimlik dərəcisi alanların olmasını müsbət hal kimi qiymətləndirmişdi[7,91-92]. Eyni zamanda türk dilinin sıxışdırılmasına da kəskin etirazını bildirmişdi[7,92]. Azərbaycanın tarixi şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsindən danışarkən müəllif rusların əsl məqsədlərini izah edir. Belə ki, o Nizamin ideallaşdırılmasının izahını verərkən, Nizaminin türklük və ruslar haqqındakı fikirlərinin gizlədilməsini diqqətə çatdırır, M.F.Axundzadənin “inamlı rusofil” yazıçı kimi təbliğ edilməsinə isə narazılığını bildirir[7,94].

Ümumən əsərə diqqət yetirdikdə müəllifin haqlı olaraq sovet hakimiyyətindən narazı olduğunu görürük. İstibdadın iki növündən yazan Rəsulzadə bunlardan birinin “iqtisadi mərkəzçilik”, digərinin isə “mədəniyyətin ruslaşdırılması” olduğunu qeyd edir. Birinci növ istibdaddan danışarkən mütəfəkkir rusların Azərbaycana köçürülməsinə, Azərbaycanın Sovet İttifaqının ümumi mənfəəti naminə pambıqçılıq regionuna çevrilməsinə, idarələrdə, sənaye işçiləri arasında say nisbətinin azərbaycanlıların zərərinə dəyişməsindən şikayətlənir[7,92].

“Mədəniyyətin ruslaşdırılması”ndan danışarkən isə Rəsulzadə ən önəmli bir məsələyə toxunur. Bu türk dili məsələsi idi. 1937-ci ildəki orfoqrafiya konfransı haqqında yazır: “Bu konfransda rusofillər mütləq bir sovetləşdirmə məqsədi ilə bunları istəyirdilər: 1. Beynəlxalq terminlər əslində - olduğu kimi deyil, yalnız ruslarda olduğu şəkildə istifadə edilməlidir. 2) Ruscadan terminləri tərcümə etmədən eynilə saxlamaq lazımdır. 3) Başqa türk dillərindən sözlər alınmamalıdır. 4) Ərəbcədən, farscadan və osmanlıcadan alınan sözlər eyni mənanı verən rus sözləri ilə əvəz edilməlidir”[7,93]. Eyni zamanda o türkçülərin də istəklərini qeyd edir: “1) Terminlər türkcələşdirilməlidir. 2) Azərbaycanın ruslaşdırılması ilə nəticələnən sovetləşməyə meydan verilməməlidir. 3) Orfoqrafiya məsələsində ümumi ədəbi əsaslara dayanmalı və eyni zamanda mümkün olduğu qədərdigər türk dilləri ilə olan ortaq xüsusiyyətləri qorumağa çalışmaq lazımdır”[7,93]. Dil məsələsinin izahı verər mütəfəkkir qeyd edir ki, bolşevizmin idealı çoxdilli mədəniyyətlərin ruslaşdırılmasıdır və bolşevizm dili bir millətin müxtəlif təbəqə və siniflərini birləşdirən bir ünsiyyət vasitəsi deyil, sadəcə sinfi mübarizənin silahı sayırdı[7,93].

Azərbaycan xalqını dini ehkamlardan uzaqlaşdırmaq məqsədilə təbliğata başlayan bolşevizm o zaman türk millətinin qəhramanlarından biri olan Babəkin adından istifadə etməyə başladı. Babək məsləsinə toxunan Rəsulzadə XIX əsrdə “babəki” sözünün dindarlar arasında dini ehkamlara laqeyd yanaşan biri kimi anlaşıldığını yazır[7,101]. Rəsulzadə yazır: “Babək islamiyyətin düşməni idi. Bir islamiyyətin ki, indiki şəraitdə «kommunizm»ə az əngəllər törətmir. Babək Azərbaycanı Şimala deyil, Cənuba qarşı qoyurdu. Bu halda da o, sovetlər Birliyinin ehtimal olunan düşməninə qarşı savaşın rəmzi ola bilər. Hər hansı bir şəkil və rəngdə olursa-olsun, Rusiyanı qorumaq vətənpərvərlik nümunəsidir”[7,94]. Həqiqətəndə bolşeviklər əzəmətli tariximizdən özlərinə sərf edən qaydada istifadə edirdilər. Məhz Babəkdən bu cür “istifadə” edilməsinin nəticəsidir ki, bu gün də Babək haqqında suallar tam cavabını tapmamışdır. Babək haqqında yazan bir sıra dövrün tarixçlərinə baxsaq Babəkin heç də İslam əleyhinə döyüşmədiyinin şahidi ola bilərik. Məsələn İstəxri yazır: “Xürrəmilərin yaşadıqları dağlıq hissədə isə çox çətin, keçilməz dağlar vardır. Babək oralı idi. Kəndlərində məscid var, onlar Quran oxuyurlar”[3]. Azərbaycanın tarixinə bu cür baxışların meydana gəlməsi sonrada tarixmizdə fikir ayrılıqlarına gətirib çıxartdı və bu gün də Babək cəmiyyətdə birmənalı qarşılanmayan sərkərdələrdən biridir. Sovet dövründə maraqlı məqamlardan biri də “şimalın” göyə qaldırılması, şişirdilməsi dəb halını almışdı. Məsələn “Vostok” jurnalının müdiri Mixayloviç Dərbən divarları haqqında “Bakinski raboçi” qəzetində nəşr etdirdiyi məqaləsində yazırdı ki, bu sədd guya cənubda gələn təhlükələr qarşı tikilmişdi[6,25]. O zaman Dağıstana səfər edən Stalin Mixayloviç çağırıb onun səhv oluduğunu, Rəsulzadənin isə doğru dediyini bildirmişdi[6,25]. Dini məsələni Rəsulzadə Babək məsələsi ilə bitirmir. Onun legionerlərlə söhbəti çox diqqətçəkidir. O əsir düşmüş azərbaycanlılarla söhbət apararkən onların dini mərasimlər haqqında ən bəsit şeyləri belə bilmədiklərinin şahidi olur, Azərbaycanda məscidlərin bağlandığını, Qurban, Ramazan və Novruz bayramlarınn qeyd edilmədiyi haqqında məlumat alır[7,98]. Hətta o qeyd edir ki, Krım cəbhəsində əsir düşmüş azərbaycanlı qızlar əvvəllər namaz qılan nənələrini ələ salırmışlar[7,98]. Rəsulzadə həlak olmuş legionerlər haqqında yazır: “Bölük komandiri bir alman azərbaycanlılardan cəbhədə ölən arkadaşlarını islam adəti ilə basdırılmasını tələb edirmiş. Onlar nə edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən qurtulmaq üçün azərbaycanlı gənclər, nəhayət bir çarə tapmışlar. Yeddi dəfə — «Ya Məhəmməd, ya Məhəmməd» — deyə bağıraraq arkadaşlarını torpağa tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən arkadaşlarını «Arşın mal alan» operasından nəğmələr oxuyaraq basdırmışlar”[7,98]. İslamın türk millətinin şüurunda dərin kök saldığını o zaman Nərimanov da bildirmiş, İslam əleyhinə şüarlardan çəkinməyi məsləhət bilmişdi, lakin bununla belə İslam əleyhinə tədbirlər sonradan gücləndirildi[3,236-240]. Hətta 1928-ci il 15 dekabrdan 1929-cu il 6 yanvaradək 18 məscid anbara və mədəni-maarif binasına çevrilmişdir[3,355]. Nərimanov özü belə məscidlərin bağlanmasını pislməş və bunu əksinqlab andlandırmışdı[3,355]. Uzun illərdən bəri İslamın dayağı olmuş türk milləti gənclərinin dindən bu cür uzaqlaşdırılmasını müəllif pisləyir. Lakin başqa bir məsələyə diqqəti yönəldir. Mədəniyyət sahəsində bu gənclərin çox həssas olduqlarını yazır. Hətta bu gənclərin bədii gecələrdə “Leyli və Məcnun”, “Şahsanəm”, “Xurşidbanu”, “Koroğlu”, “Arşan mal alan” kimi operlardan əzbər şeirlər oxuduqlarını yazır[7,99]. Rəsulzadə mədəniyyət haqqında söhbət etdiyi legionerdən danışır və söhbətlərindən qısa bir hissəsini təqdim edir: “Yaxşı, madam ki, siz sovetlərin uğurlarından bu qədər məmnunsunuz, bu halda, nə üçün çiyninizə silah alıb bu sovet uğurlarına qarşı döyüşürsünüz? O heç çaşmadan mənə belə cavab verdi: —Mən əsil sovet uğurlarına qarşı döyüşürəm: bu, kolxozdur; bu insanları fironlar dövrünə bənzər işlətməkdir; bu QPU və NKVD rejimidir; bu, qardaşın qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə gəlincə, bu sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox açar, daha çox çiçəklənərdi”[7,100].

Hər bir cəmiyyətin gələcəyi ailə institutunun sağlam və dayanıqlı olmasından asılıdır. M.Ə.Rəsulzadə narahatlıqla ailə məsələsinə toxunur. “Ailə ocağının sağlamlaşdırmaq lazımdır və bizə görə buna imkan vardır” deyən Rəsulzadə təəssüflə qeyd edir ki, bolşevizm mənəviyyat və siyasət sahəsində özünəməxsus təsirlərsiz ötüşməyəcəkdir[7,102]. Sözünə davam edərək yazır: “Əski nəslə mənsub atalar öz arvadlarına əksər hallarda «uşaqların anası», daha sonralar «bizim xanım» deyirdilər. İndi isə ər-arvad bir-birinə «yoldaş» deməkdədirlər. Ailə münasibətlərində müəyyən dəyişikliklər olmuşsa da, bunun nədən ibarət olduğu haqqında uzaqdan hökm vermək müşküldür. Mübaliğələndirilmiş bir optimizmə qapılmaq təhlükəlidir”[7,102]. Bəli, ailə ocaqlarının sağlamlaşdırılması bu günümüzdə də aktual məsələdir.

Sovet hakimiyyətinin müsbət tərəflərindən danışarkən əsgəri xidmətə həmvətənlərimizin cəlb edilməsinə sevinir, xüsusəndə müəllifin əvvəllər sovet ordusunda, sonradan isə legioner qoşunlarında xidmət edən zabitlə söhbəti diqqətəlayiqdir[7,102,103].

Əsərdə biz vaxtilə kommunistlərin Azərbaycanda hakimiyyətə gəlməsində böyük rol oynamış yerli bolşeviklərin sonrakı aqibəti ilə də xəbərdar oluruq. 1930-cu il Gəncə üsyanından sonra Həmid Sultanovun cinayət işi yekunlaşdırılan zaman ona kömək etmiş “pantürkistlər” və “millətçilər” siyahısına daxil olanlar haqqında müəllif yazır: “1) R. Axundov — Azərbaycan kommunist partiyasının Mərkəzi Komitəsinin keçmiş üzvü və Azərbaycan sovet sosialist Respublikasının keçmiş maarif komissarı: 2) D. Bünyadzadə — Azərbaycan sovet sosialist Respublikası hökumətinin keçmiş prezidenti və keçmiş kənd təsərrüfatı naziri, 3) S. M. Əfəndizadə — Azərbaycan sovet sosialist Respublikası Mərkəzi İcraiyyə komitəsinin sədri — yəni respublikanın prezidenti, 1904-cü ildən bolşevik, 4) Ə.Qarayev — Azərbaycan sovet sosialist Respublikasının keçmiş müdafiə və dəniz işləri komissarı və hərbi inqilabi komitənin üzvü, keçmiş ASSR Xalq Komissarları Şurasının sədri, Zaqafqaziya Federasiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri və sovet İttifaqı bolşeviklər partiyasının mərkəzi komitəsinin üzvü”[7,96]. D.Bünyadzadə, Ə.Qarayev Müvəqqəti İnqiblabi Komitənin üzvləri olmuşlar, hansı ki, 1920-ci il 28 apreldə Milli hökumət hakimiyyəti onlara təhvil vermək məcburiyyətində qalmışdı[2,567]. Zaman keçdi və iftixarla öydükləri, tərif yağdırdıqları ruslar onlara üz çevirdilər. Vaxtı ilə bolşevik ideyalarının alovlu təbliğatçısı Nərimanovun adını sonrada çəkmək belə olmurdu. Nərimanovun çoxdan vəfat etməsinə baxmayaraq, onun adı “milli sapıntıçı xainlərin banisi” kimi yad edilirdi[7,96].

Azərbaycan xalqının görkəmli nümayəndəsi, Türk ideologiyasının təbliğatçısı M.Ə.Rəsulzadə bu kiçik həcmli əsərində çox məsələlərə aydınlıq gətirmişdir. Biz bu məqalədə həmin məsələlərin az bir qisminə toxunduq. Əsəri diqqətlə təhlil etdikdə kommunist ideyalarının xalqımızın mənəviyyatına, dilinə, adət-ənənəsinə vurduğu ziyan göz önündə canlanır. Həqiqətəndə Azərbaycan xalqına, Türk millətinə bolşevik ideyaları yaddır. Otto fon Bismarka alman zadəganları sual ünvanlamış, ondan soruşmuşlar ki, kommunizm ideyalarının Avropada yayılma ehtimalı nə dərəcədə düzgündür? Bismark isə cavabında bildirmişdi ki, kommunizm yalnız Allahın lənətinə gəldiyi yerdə yayıla bilər.

100 ilə yaxın bir müddətdə Şimali Azərbaycanda çar istibdadının olmasına baxmayaraq XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli dövlət qurması, ərazi bütövlüyünü bərpa etməsi, qurulmuş gənc dövləti dünya səviyyəsində de-fakto, Azərbaycan Qacar dövləti səviyyəsində isə de-yuri tanıtdırması çox mütərəqqi hal idi. O zamankı ziyalılarımız biz gənclik üçün bu gün nümunə olmalıdır. Onların siyasi-mədəni əxlaqı, dövlət quruculuğunda öz ailələrini belə vətənlərindən üstün tutması, vətənpərvərlik ideyalarının həyata keçirilməsi yolundan göstərdikləri xidmətlər biz gənclik tərəfindən dərindən öyrənilməli, təbliğ edilməli və yaşadılmalıdır.

 

 

Ədəbiyyat siyahısı

Azərbaycan Türkcəsində

1.        Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2014, 380 s.

2.        Azərbaycan tarixi. Yeddi cilddə, V cild. Bakı: “Elm”, 2008, 696 s.

3.        Azərbaycan tarixi. Yeddi cilddə, VI cild. Bakı: “Elm”, 2008, 696 s.

4.        C.Bayramlı. Babək və Hürrəmilik(yalanlar və gerçəklər). Bakı: “Elm və Təhsil”, 2014, 440

5.        C.Zeynaloğlu. Müxtəsər Azərbaycan tarixi. Bakı: “Azərbaycan Dövlət Kitab Palatası”, 1992, 144 s.

6.        M.Ə.Rəsulzadə. Bir Türk milliyətçisinin Stalinlə ixtilal xatirələri. Bakı: “Qanun”, 2010, 132 s.(Kitabın pdf versiyasından istifadə edilmişdir).

7.        M.Ə.Rəsulzadə. Çağdaş Azərbaycan Tarixi. Bakı: “Gənclik”, 1991, 112 s. (Kitabın pdf versiyasından istifadə edilmişdir).

Elektron resurslar

8.        Wikipedia.org – Məhəmməd Əmin Rəsulzadə

9.        Wikipedia.org – Mirzə Bala Məmmədzadə

 

Sədi Nuriyev

Mənbə: Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti gənc tədqiqatçıların əsərlərində” mövzusunda Elmi-praktik konfransın materialları 27  May 2016-cı il. Bakı: 2016, Unichild nəşriyyatı, 144 s.



Azərbaycan Cümhuriyyəti tələbələri haqqında qısa arayış I hissə
15:25 / 27-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti II hissə
17:36 / 23-05-2016
Məşrutə İnqlabı və Güney Azərbaycan
17:32 / 23-05-2016
II Dünya savaşında Azərbaycanın əhəmiyyəti I hissə
12:35 / 17-05-2016
Psixoloji – Antropologiya nədir ?
12:51 / 27-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - II HİSSƏ
23:38 / 08-04-2016
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəri Azərbaycan tarixinin bir mənbəsi kimi - I HİSSƏ
23:05 / 31-03-2016
Maaf institutu və onun xanlıqlar sistemində yeri
22:56 / 26-02-2016
Xəzər türklərinin etnik antropologiyası
00:41 / 26-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VII HİSSƏ
20:18 / 11-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - VI HİSSƏ
23:54 / 06-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - V HİSSƏ
23:28 / 01-02-2016
Səfəvi İmperiyasının xarici siyasəti - IV HİSSƏ
21:23 / 30-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - IV HİSSƏ
01:09 / 19-01-2016
Səfəvi İmperiyasının xarici siyasəti - III HİSSƏ
00:25 / 15-01-2016
Səməd bəy Mehmandarov və Azərbaycan ordusu - III HİSSƏ
23:27 / 14-01-2016