Son günlər Türkiyə , Türkiyə ilə bağlı düşüncələr və Türkiyə futbol komandası gündəmdən düşmək bilmir. Əslində çox normal qarşılanacaq bir durumdur. Qardaş qardaşı dəstəkləməlidir. Dəstəkləməlidir də, bu məsələnin bir əmması var. Əslində bir yox bir neçə əmması var.
Birincisi Türkiyəçilik və ya Osmanizm. Bu barədə sosial şəbəkələrin birində qısa da olsa yazmışdım. Türkiyəçiliyin tam dəqiq nə zamandan başlanğıc götürdüyünü bilməsəmdə ,"İsa Məsih"in Türkiyə olduğuna inanan insanların daha doğrusu Azərbaycan türklərinin “millətçi”liyidir. Bu dırnaqarası millətçilik yazılmamış qanunlar əsasında formalaşmış və Türkiyənin gələcəkdə Azərbaycanı da xilas edəcəyinə inanan və ya xilas yolunun Azərbaycanın Türkiyəyə birləşməsində görən adamların kultudur. Bu sahədə atılmış addımlar kifayət qədərdir. Yazılan hər şeyi öz baxış tərzinə görə analiz edənlərə bildirmək istəyirəm ki, dəstək olmaq , yanında olmaq, onun dərdinə şərik olmaqla özünü onun kiçiyi kimi göstərmək, ondan zəif olduğunu, ona ehtiyacın olduğunu, onsuz olmadığını xilasın özündə deyil də onda olduğunu göstərmək və nələrəsə görəsə Türkiyəyə həddindən artıq meyl etmək eyni şey deyil. Deyir: Kişi qardaşına dəstək olar, arxa olar, dayaq olar amma əsl kişi heç vaxt arvad – uşağını qardaş ümidinə qoymaz!” .
İkincisi: Türkiyə ilə bağlı düşüncələrin mənfi və ya müsbət yöndə inkişaf etməsi bizim üçün nəyə xeyir nəyə ziyan olduğunu anlamış deyiləm. Çünkisini deməmişdən əvvəl gəlin Azərbaycandakı ümumi topluma bir nəzər yetirək: insanlar məzhəblərinə görə , inanclarına görə , hər hansı biznes məsələlərinə görə, Atatürkə görə, Turqut Özala görə, dövlət başçılarının bir-birinə münasibətlərinə görə və tarixi məsələlərə görə Türkiyəyə qarşı mövqe göstərirlər. Elə məsələnin çünkisi də budur ki, biz toplum olaraq Türkiyəyə qarşı necə münasibət göstərməliyik bilmirik. Elə bu bilməməyimizə görə də, istər millətçinin olsun, istərsə də qeyri – millətçinin mövqeyi daima xaosla qarşılanır. Ən gülməlisi də budur ki, sırf Türkiyəyə münasibətə görə adamı asıb – kəsəcəyi ilə hədələyən adamlar var. Heç Güney Azərbaycan da millətin qanını su yerinə axıdanda səsləri çıxmır.
Türkiyə Futbol millisinə gəlincə, adam özü çempionatda olmayanda sözsüz qardaşını dəstəkləyər. O qalib gəlmiş ya da sən nə fərqi. Amma yadıma Azərbaycan – Türkiyə oyunu düşəndə biraz düşünərək o an baş verənləri xatırlayıram: Emre Belözoğlunun qeyri – centlemen hərəkəti, vurulmuş qola sevinməkdənsə başına daş düşmüş kimi əlini başına aparan Azərbaycan azerkeşləri, oyundan sonra müzakirələrdə futbol mütəxəssislərinin Azərbaycanı aşağılaması və s. və ilaxır.
Bəzi məsələlərin çox sadə izahı vardır. Sadəcə sən bu sadə izahı dərk etməlisən , etməsən bu sənin üçün sirri açılmaz bermud üçbucağı kimi bir fikir olacaq.
Sadə izah belədir: Bir öz ailəniz var, birdə qohum əqrəbalar. Qohumlar sizinlə eyni qanı daşıyırlar. Bir azda açaq, bir sənin öz ailən var, həyat yoldaşın uşaqların bir də səninlə eyni atadan anadan olan qardaşların var. Sənin üçün hansı daha önəmlidir ? daha doğrusu hansı önəmli olmalıdır? Sözsüz sənin ailən! Sözsüz ki, bu gün ayaq basdığın, üzərində yeridiyin, üstündə at oynatdığın sənin torpağın! Tarixdən azacıq anlayışı olan adamlar bilər, min illərdir Azərbaycanı kimliyindən asılı olmayaraq qoruyan, onun üçün kimliyindən asılı olmayaraq döyüşən, qohumdan, qardaşdan, bacıdan daha önəmlisi torpaq və dövlət olduğuna inan o igidlər, o hökmdarlar boş yerə dünyaya gəlmədilər, nə də boş yerə dünyadan getmədilər.
Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Başqırdıstan və s. bunlar sənin qardaşlarındır, onlara dar günlərində dəstək olmaq, şad günlərində qol qaldırıb oynamaq lazımdır. Amma türkiyəçilik, pantürkizm lazım deyil. İsa Məsih də sənsən, Hz. Mehdi də sənsən, bu millətin xilaskarı da sənsən, əsrlər sonra adına dastanlar qoşulacaq o igid də sənsən. Özünüzdə heç nədən aşağılıq kompleksi yaradırsınız. Azərbaycan futbol millisi uduzanda yazıqları söyüb biabır edirsiniz. Bunun nəticəsidir ki, sürətlə inkişaf əvəzinə geri düşürlər, tək futbol millisi yox , millət olaraq. Pisi ilə qəbul edib, pisini düzəltmək lazımdır. Yox bu bizdə yoxdur, bu bizdə zəif inkişaf edib deyə gah Türkiyəyə gahda Avropaya nə bilim Rusiyaya , İrana qaçmaq lazım deyil. Yoxdur, adama deyərlər canın çıxsın, gəbərib getsən də işlə, çalış olsun.
Rusiya və İran demişkən, ilanın ağınada lənət, qarasınada. Ümumiyyətlə gələcəkdə Mozambikdən nəsə yaxşı bir şey gözləmək olar da , bunlardan yox.
Azərbaycanın gələcəkdə hansı mövqeyə sahib olacağını deyə bilmərəm, çünki nə siyasətçi deyiləm, nə furturoloq nə də ki Vanqa. Amma bir məsələni dəqiq bilirəm ki, ağılla, təhsillə, çalışmaqla və inamla qeyri-mümkün sayılanları belə mümkünə çevirmək olar. Azərbaycanın vahid halda birləşdir, yüksək səviyyədə təhsil, səhiyyə sistemi qur, dünyanı gücünün qarşısında əyilməyə məcbur et onda görəcəksən böyük qardaş kimdir. Bəhanə gətirmə ki, mümkün deyil.
Son da Türkiyədə terror aktında həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Lakin nə yaxınlarına səbr diləmirəm, nə də terroru lənətləmirəm. Səbr dilədikcə süstləşirik, növbəti terrora sanki gəl – gəl deyirik. Lənətləməyə gəlincə, uşaq ikən böyüklərimdən eşitmişdim ki, “şeytana lənət oxuma, çünki sən lənət oxuduqca o daha artığını edəcək, bu ona güc verir, çünki onun işi budur”. Bəs nə edim soruşanda, “ruhəndə olsa, xəyalən də olsa onunla döyüş, onu məğlub etməyin tək yolu mübarizədir” demişdilər.
Zamin Qafarsoy