BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Şəxsi seçim illuziyası

22:24 / 12-05-2016   /   baxış - 640

      Hər insan mübarizə aparmağa həvəs göstərməsə də, tərəfdarı olmasa da hazır verilsəydi heç kim azadlığa "istəmirəm" deməzdi. "Azadlıq" deyəndə bir çoxumuz həyatımızı öz istəklərimizə əsasən qurmağı, hər şeyə özümüzün qərar verməyimizi düşünürük. Öz qərarımız adıyla etdiklərimiz həqiqətən şəxsi seçimlərimizdirmi?

       Geyim almaq üçün mağazaları gəzirik. Saysız seçimlər arasından öz zövqümüzə uyğun olanı alıb çıxırıq. Və ya bizə belə gəlir... Bilirik ki, hər ilin yeni dəbi olur. Bu dəbi müəyyən şəxslər yaradır. Dəb geniş izləndiyi üçün modelyerlər hər fəslin dəbini öyrənib ona uyğun geyimlər hazırlayırlar. Bizə də əsasən xaricdən gələn geyimlər özləriylə birlikdə dəbi ölkəmizə gətirirlər. Biz mağazaya daxil olduqda artıq başqalarının zövqünə, istəyinə görə hazırlanmış geyimlərlə qarşılaşırıq. Bu ilin dəbi olaraq darayaq, hündürbel şalvar seçilibsə, hər yerdə belələriylə qarşılaşacağıq. İstəməsək belə, çılpaq qalmamaq üçün alacağıq. Uzun müddət axtarışlar edib inadkar olsaq, əvvəlki dəbdə olan şalvar tapa bilərik. Əvvəldən seçilib bizə təklif olaraq təqdim olunan geyimlərin arasından seçim edirik.

       Divanda əyləşib pultu götürürük və istədiyimiz kanalda, istədiyimiz verilişə baxırıq. Və ya bizə elə gəlir... Hər bir telekanal dövlətin icazə verdiyini və özünün lazım bildiklərini efirə verir. Elə bil ki, müsabiqədir və bu müsabiqənin konkret mövzuları var hansı ki, iştirakçılar bu mövzulara uyğun hazırlaşırlar. Beləliklə, pultu əlimizə aldıqda bizim üçün seçilib hazırlanmış verilişlər arasından seçim edirik (xarici kanallarda da).

       Təhsil, iş məsələsində "özüm istəyərəm oxuyaram, istəmərəm oxumaram" qərarında da özbaşına buraxılmamışıq. Təhsil alanların kəskin azaldığı, yaxud təhsil alıb potensialı olmayan xırda işlərlə yetinənlərin kəskin artdığı cəmiyyət dövlətin gələcəyini təhlükə altında qoyur. Buna görə 9 illik məcburi təhsil, təhsilin təbliği, uğurlu şəxslərin verilişlərdə qabardılması, bol tərifi var.

       Qeyri-sağlam həyat tərzi keçirənlərdən, xüsusilə siqaret, içki, narkotik istifadəçilərindən "can mənimdir, özüm bilərəm" kimi fikirlər eşitmək mümkündür. Can özümüzə aid ola bilər, ancaq ixtiyarı başqalarındadır. Əhalinin zərərli vərdişlərdən geniş istifadəsi xəstəliklərin artması, cavanlaşması deməkdir. Xəstə cəmiyyətə sahib ölkənin işçi qüvvəsi azalır, genofond korlanır. Sağlamlığına fikir verməyən, canını qorumayan, maşın yolunu keçərkən özünü avtomobillərin altına atan, avtomobili sərxoş, sürətli sürən şəxslərin sayı azaldılmağa çalışılır. Bunun üçün sağlam həyat tərzinin təbliğatından, qadağalardan, cərimələrə qədər müxtəlif üsullardan istifadə edilir. Və ya əksinə sakit yaşadığımız yerdə siyasətçilərin qərarına əsasən üstümüzə güllə yağır. Sağlam yaşadığmız halda alimlərin sifarişlə hazırladığı bioterrorla müxtəlif viruslara kütləvi məruz qalır, həyatdan məhrum oluruq. Qidamıza fikir versək belə, alimlər tərəfindən geni dəyişdirilmiş ərzaqlar, keyfiyyətsiz hazırlanmış geyimlərlə orqanizmimiz zəhərlənir.

       Şəxsi həyatın şəxsi olduğuna, buna ən uzağı ailənin və qohumların qarışa biləcəyinə əminik. Dövlət tərəfindən hər bir ölkədə rəsmi nikaha daxil ola bilmə yaşı qoyulub. Bu yaşdan aşağı olanlar həddi-buluğa çatmamış sayılırlar. Cəmiyyət arasında bu yaşa çatmadan şəxsi həyatını qurmağa çalışanlar barədə mənfi fikir formalaşdırılır. 18 yaşdan aşağı sevənlərin, yaxud sevgilisi olanların cəmiyyətimizdə necə qarşılanması hər kəsə məlumdur. Bəzən də hər bölgənin öz cəmiyyəti şəxsi həyatla bağlı qanunlar yaradır. Bölgə rəsmi nikah olmasa belə, minimum evlənmə və evdə qalma yaşı təyin edir, sərt şəkildə bunu qoruyub gələcək nəsillərə ötürür. Dövlətin qanunları etiraz aksiyaları ilə dəyişdirilə bildiyi halda, cəmiyyətin təyin etdiyi qanunlar əsrlərlə hər cür təzyiq qarşısında mətanətlə dayanır. Dövlət qanunları müəyyən məsələlərlə bağlı olsa da, cəmiyyət qanunları yerişimizə qədər hər şeylə bağlı normalar təyin edir. Bizim üçün seçilmiş bu qanunlara nəinki əməl edir, hətta möhkəmləndirilməsinə də xidmət edirik.

       Ailəmizi genişləndirəcək uşaqlarımızın sayını, cinsini seçməyə tam ixtiyarımızın olduğunu düşünürük. Ailədə uşaq sayının az olması kəskin artarsa, bu ölkə əhalisinin sayına və yeni işçi qüvvəsinin yaranmasına maneə olar. Belə halın yaranma ehtimalı olduqda uşaq sayı çox olan ailələrə mükafat verilir, digərləri də həvəsləndirilir. Uşağın cinsini hər ailə öz istəyinə görə idarə etdikdə  -  qız uşaqlarını tələf edib, oğlan gözlədikdə ölkədə zamanla qadın, kişi sayı arasındakı fərq ciddi artır. Bu da müəyyən problemlərə səbəb olur. Qarşısını almaq üçün aborta məhdudiyyət qoyulur, qızlara dəyər verilməsi üçün müxtəlif vasitələrlə təbliğat işi aparılır.

       Gündəlik istifadə etdiyimiz dilin, bəyənib əməl etdiyimiz mədəniyyətin öz şəxsi seçimimiz olması qənaətindəyik. Bu hal artdıqda ölkənin dövlət dilini, milli dəyərlərini, mədəniyyətini sıxışdırır, xalqa kimliyini unutdurur. Buna görə dövlət xalqın öz dəyərlərinə bağlı qalmasına, dilini yaşatmasına çalışır, millət olaraq məhv olmasının qarşısnı alır.

       Fikir verməsək belə, həyatımızın hər sahəsinə kənardan təsir var. Şəxsi seçim adlandırdıqlarımıza gördüyümüz, eşitdiyimiz hər şey az, ya çox təsir edir. Biz ancaq kiməsə nisbətdə azadıq. Cəmiyyətdə yaşadığımızı nəzərə alsaq, bunda təəccüblü bir şey yoxdur. Dünyanın başı, ayağı olmadığı, dairəvi olduğu kimi, insanlar arasında da halqavari qarşılıqlı, davamlı təsir var. Bəzən oxuduğumuz kiminsə kiçik cümləsi belə, həyatımızda yeni səhifənin açılmasına səbəb ola bilir. Eyni şəkildə həm də təbiətin təsirinə məruz qalırıq. Saysız-hesabsız kəşflər edən insan bunların hər birini təbiətdən götürür. Quşların uçması insanın uçmasına, balıqların üzməsi insanın üzməsinə səbəb oldu. İşlətdiyimiz hər bir əşya təbiətdəki və ya ondan əvvəlki hansısa bir əşyanın bizim diqqət etmədiyimiz kiçik bir detalının ilham verməsi ilə yaranır. Bahalı kürklər belə, təbiətin heyvanlara verdiyi "geyimlərdən" ilhamlanıb yaradılıb. Hətta burda ilham bir az da artıq olub ki, bənzərini yaratmaqdan əlavə, birbaşa heyvanın üzərindən soyub insanlara geyindirirlər.

       Bəs nə vaxt həqiqətən azad, həqiqətən şəxsi seçimlərimizə görə yaşaya biləcəyik? Dünyada azad ola bilməyəcəyimiz bəlli oldu. Dinlərə baxsaq, öldükdən sonra başqa həyat başlayır və o həyatın da öz sahibi var. Deməli, orda da azadlıq olmayacaq. Ateistlərin fikrinə baxsaq, ölüm sondur.

       Həqiqətən azad, heç kimdən, heç nədən asılı olmamağı unuda bilərik. Belə bir şey sadəcə mövcud deyil.    

                                                                         Nuran Gündüzoğlu   

                                                                                       



Bizi biz edən vətənimizdir!
21:24 / 06-07-2016
Niyə məhz Türkiyə ?
13:45 / 30-06-2016
Biz həqiqətənmi Ermənistanla savaşırıq?
20:43 / 18-05-2016
9 may. Mənəvi soyqrım
16:47 / 09-05-2016
Rusiyanın təzyiqi, yoxsa xahiş
23:27 / 07-05-2016
DİLİN XALQIN HƏYATINDAKI ROLU
14:15 / 04-05-2016
Tarix “oyun” deyil, elmdir.
15:53 / 29-04-2016
Fars hökmdarı yoxsa Persia fatehi
12:23 / 21-04-2016
MƏSUM SİLAH NÖVÜ - KİTAB
12:12 / 21-04-2016
Millətləşmə yoxsa Bütövləşmə və ya 3 günlük müharibənin gücü
13:06 / 07-04-2016
Əsl türk irqinin kökü və sirri haradadır?
19:45 / 05-04-2015
ƏN QƏDİM TÜRKLƏR
23:51 / 30-03-2015