Ətrafa nəzər salmadan "kitab oxuyan yoxdur" deməyə öyrəşsək də, əvvəlki illərlə müqayisədə ciddi artım var. Kitab mağazaları artır, onlayn kitab satışı genişlənir. Sosial şəbəkələrdə kitablarla bağlı quplar çoxdur. Gənclər ikinci əl kitab alır, barter edir, oxuduqları kitablar barədə müzakirələr aparırlar. Hətta bir ay ərzində oxunmuş kitab sayıyla lovğalanmaq dəbi də yaranıb. Bəziləri oxuduqları kitabları başqaları ilə dəyişdirir, bəziləri isə evdə özlərinə kitabxana yaradırlar.
Mütaliənin artması müsbət haldır. Ancaq heç nə məsum olmadığı kimi, kitablar da məsum deyil. Bəzən hansısa ideologiyanı təbliğ edən kitab barədə tənqidi fikirlər bildiriləndə oxucuların bəziləri "ədəbiyyatın dini, milləti, irqi yoxdur, onu heç nədə günahlandırmaq olmaz" kimi fikirlər səsləndirirlər. Yaxud roman barədə "romandakı fikirlər obrazlarındır, yazıçıya aidiyyəti yoxdur, onu günahlandırmaq olmaz" deyirlər. "Bu sadəcə romandır", "bu sadəcə şeirdir", "bu sadəcə mahnıdır". Heç nə "sadəcə" deyil. Digər sahələrdəki kimi ədəbiyyatda da yaranan hər məhsulun müəllifi var. Hər müəllifin inancı, həqiqətləri, milliyəti var. Bütün bunlar beyində formalaşır. Həmçinin yazdığı kitabın cümlələri də. Rəssamın fikirlərini çatdırma üsulu rəsmləri, heykəltaraşın heykəlləri, modelyerin geyimləri, yazıçının da yazdıqlarıdır. Qələm yazıçının silahıdır. Səməd Vurğun təsadüfən “Vətənin keşiyində” şeirində deməmişdir:
Bilsin ana torpaq, eşitsin Vətən.
Müsəlləh əsgərəm mən də bu gündən.
Mənim bayrağıma göz dikir aləm,
Bu gün bir süngüdür əlimdə qələm.
Yazıçı cəmiyyətdə dəyişdirmək istədiklərinə qələmi ilə təsir edir. Sovet dövründəki repressiya qurbanlarımız buna sübutdur. Sovet hakimiyyəti ədəbiyyatın cəmiyyətə təsirini, gücünü başa düşdüyü üçün yazılarında milli özünüdərki təbliğ edənləri sürgünə göndərir, güllələdirdi. Milli ruhu oyadan şeirlər, hekayələr dərsliklərdən çıxardılır, bəzi kitablar qadağan edilirdi...
Hər bir cəmiyyət televiziya verilişləri, filmlər, cizgi filmilər, mahnılar, kliplər, internet xəbərləri, saytları, onlayn verilişlər, jurnallar, qəzetlər və digər vasitələrlə yönləndirilir, formalaşdırılır. Bu vasitələrlə bir cəmiyyətə müxtəlif tərəflərdən müxtəlif ideyalar ötürülür. Ötürücülər arasında elə bil rəqabət gedir - kim daha yaxşı inandıra biləcək, kim daha çox tərəfdar yığacaq. Bu bəzi insanların beyin neyronlarına inandırıcı gəlməsə də, əsrlərdir bu vasitələrin təbliğat kimi işlədilməsinə külli miqdarda xərc çəkilir.
Təbliğat vasitələrindən biri də haqqında danışdığımız KİTABdır. Sözsüz ki, kitab bilik mənbəyidir. Oxucuya müəllifin aylarla, illərlə araşdırıb, düşünüb yazdığı kitabdakı məlumatları bir neçə gün vaxt ayırıb beyninə yığmaq qalır. Çox adamın biliyini artırmaq üçün bunu belə etməyə səbri çatmır.
"Kitab içimizdəki donmuş dənizin buzlarını qırmağa yarayan bir vasitədir"
Kafka
Bəzi kitablar buzları qırıb dənizdə tufan yaradır. Hər kitab cəmiyyətə faydalı beyin yetişdirmir. Burda tək kitab yox, oxucunun beyninin əvvəlki vəziyyəti də rol oynayır. Məsələn, Quranı oxuyub, ordakı şeytanın təsvirindən həvəslənib satanizmə marağı yarananlar var. Bu o demək deyil ki, həmin kitabda satanizm təbliğ edilirdi. Boş yerə "antireklam da reklamdır" deyilmir. "Faydalı beyin" anlayışını da hər kəs bir cür dərk edir. "Nəyin faydalı, nəyin zərərli olması nəticəsindən bilinir" deyə bilərik, ancaq nəticələrə verilən qiymət də beyinə görə dəyişir. Öz beynimə əsasən cəmiyyətimizə, dəyərlərimizə yad, zidd olmasına əmin olduğum bir neçə kitabı nəzərinizə çatdırmaq istəyirəm.
1931-1990-cı illərdə yaşamış, öz adı Çandra Mohan Ceyn olan, bir neçə dəfə təxəllüs dəyişib, 1989-dan Oşo adıyla tanınan, müxtəlif ölkələrdəki çıxışları əsasında başqaları tərəfindən kitabları yazılan, ölkəmizdə də gənclər tərəfindən çox oxunan hind filosofu. Reallığa ayıq gözlə baxmağı, öz həqiqi kimliyini görməyi öyrətməyə çalışan Oşo`nun həyatı fərqli tərəfdən göstərən maraqlı, faydalı fikirləri var. Bununla yanaşı, gəncləri milli kimliyimizə, dəyərlərimizə qarşı qaldıran, kosmopolit düşüncə yaradan fikirləri də az deyil.
Bir ara satışı yüksək olan "Kişilərin kitabı"nda sərhədsiz cinsi həyatı qəti şəkildə müdafiə edir. Buna "Qadınların kitabı"nda da geniş yer ayrırır. Belə məsələlərdə tam sərbəstlik baha başa gəlir. Cəmiyyətdə əxlaqi çöküntüyə və həyat üçün təhlükəli olan xəstəliklərə şərait yaranır. Oşo sərbəst şəxsi həyata qarşı olan dinləri insanları məhvə aparmaqda günahlandırır. Ancaq insan xislətinə diqqət etdikdə aydın olur ki, heç nədə tam sərbəstlik vermək olmaz. Necə deyərlər: “Ölünü özbaşına qoysan, kəfəni cırıb çıxar”. Bu qədər qadağalar olduğu halda birinin azadlığı digərinin azadlığını məhdudlaşdırırsa, qadağaların olmadığı dünyanı təsəvvür etmək dəhşətlidir. "Qanun onu pozmaq üçündür" deyənlər var. Halbuki, qanunu məhz pozuntular yaradır. Yeraltı keçid yerinə maşın yolundan istifadə etməsəydik, hər keçidin yanına polis qoyub cərimə yazdırmazdılar, oğurluq etməsəydik, cinayət məcəlləsində oğurluq maddəsi olmazdı... Çərçivələrin yaranmasına özümüz səbəb oluruq, sonra da etiraz edirik.
Valideynlərin diktələri ilə uşaq və gənclərin həyatını dağıdan "monster" kimi təsvir edən Oşo`nun ata ilə bağlı fikirləri də diqqət çəkir: "Ana var idi, ata isə yox. Çünki qadın çox adamla münasibətdə olurdu və atanın kimliyini müəyyən etmək mümkün deyildi. Atalıq institutu mülkiyyətçilik mərhələsindən sonra yarandı. Hər kəs istəyirdi ki, sahib olduqları ondan sonra övladına qalsın. Əvvəl xüsusi mülkiyyət yaranıb, sonra atalıq. Uşağın atasını müəyyən etmək üçün cəmiyyət qadını ərə gedənə qədər münasibətdə olmağa qoymayıb. Məhz xüsusi mülkiyyət məsələsi ata institutu, ailə institutu əmələ gətirdi və qadını kişinin köləsinə çevirdi". O, xüsusi mülkiyyətin, atalığın məhv olub, əvvəlki halına qayıtmalı olduğunu vurğulayır, ailəni stresin, nevrozun, sosial problemlərin, müharibələrin təməl daşı adlandırır. Ailə qurmağa ehtiyac olmadığını, ailənin məhbəs olduğunu, uşağı böyüməyə, kamilləşməyə qoymadığını bildirir. Uşaqların ailələrdən alınıb kommunalarda böyüdülməli olmasını deyir.
Hərbi xidmətə də qarşı çıxan Oşo, "Qadınların kitabı"nda "Ailə" başlıqlı mövzuda ailə haqqında fikirlərini bildirir: "Hər bir uşaq çox ağıllı doğulur, amma ailə ondan bacarıqsız, yararsız bir varlıq düzəldir. Yaşamaq əzaba çevrilir. Ona görə deyirəm ki, ailə adlı nüvə insan idrakını dağıtmaqla məşğuldur. 99.9% insan Budda olardı - əgər ailə dağılsaydı (kitab boyu bütün dinləri tənqid edir, buddizmə tərif deyir). Ailə uşağı haqsızlığa öyrədir. Görürsən ki, anan qonşu qadınla dalaşır. Bilirsən ki, qonşu qadının da hüquqları var, amma ananın tərəfində dayanırsan. Ədalətsizliyi bu cür yaradır insan".
Maraqlı fikirlərə bənzəyir, ancaq ətrafda valideyn nəzarətinin zəif olduğu adamların davranışlarına, həyat tərzlərinə baxanda, bu fikirlər təsirini itirir. Ailəsiz böyüyən insanların həyatlarının necə çətin, psixoloji zədələrlə keçməsini hər birimiz bilirik. "Ailə anlayışı olmasa, ailəsizlik əzab olmaz" deyə düşünə bilərik. Ancaq hər canlının qayğıya ehtiyacının olması faktdır. Və bu qayğı ailədə olduğu qədər heç yerdə olmur. Bir neçə tərbiyəçi 100-200 uşağa lazımi qayğını verə, ömür boyu yanlarında ola bilməz. Bir həqiqət də danılmazdır - yad, ögey, doğma insan, qanbağı. Kommunada yad adamlar yad uşaqlara doğma ailənin istiliyini verə bilməzlər. Heç bir istiliyi olmayan ailələr də var. Bunlar elə istisnalardır ki, eşidəndə təəccüblənirik. "Yad, doğma anlayışını məhv etsək, bu məsələ düzələr" fikirləşə bilərik. Bəzi hisslər insanın ayrılmaz parçasıdır. Yad, doğma hissini ən xırda şeylərə də aid edə bilərik: eyni futbol komandasına azarkeşlik, eyni hobbi, eyni düşüncə tərzi, həmyerlilik və s.
Oşo nikaha da qarşı çıxır. İki nəfərin nikahsız birlikdə yaşayıb, bir-birlərindən yorulanda sakitcə aralanmalarını məsləhət görür. Bu ayrılıqdan uşağın əziyyət çəkməməsi üçün əvvəlcədən kommunaya verilməlidir. Beləcə, istədiyin insanla istədiyin qədər yaşayırsan, istəməyəndə, ayrılırsan, başqası ilə yaşayırsan, ayrılırsan... Evlilikdə müəyyən zaman sonra yanındakından sıxılanda ayrılmaq yerinə münasibətə istirahət verməyi təklif edir. Bunun üçün bir müddət hərə kənarda başqası ilə görüşməli, ayrı yaşamalıdır. Başqası ilə müvəqqəti münasibət nəticəsində cütlər eynilikdən dincəlir və yenidən birgə həyata qayıdırlar.
Bu kitabın sonunda Oşo "Mən niyə ölümdən bu qədər qorxuram?" sualına cavab verir. İnsan istədiyi həyatı yaşamamış olanda ölümdən qorxur, mənalı həyat yaşayırsa, nəinki qorxmur, hətta ölüm yadına belə düşmür. Çoxluğa baxdıqda görürük ki, istədiyi həyata nail ola bilməyənlər, həyatda əli boş qalanlar nəinki ölümdən qorxmurlar, rahatlıqla intihar da edirlər. Belə adamların dilindən tez-tez "itirəcək heç nəyim yoxdur" sözlərini eşidirik. İtirməyə heç nəyi olmadığını düşündükləri üçün ölüm veclərinə olmur. İnsan həyatı istədiyi kimi yaşadıqca, arzularına çatdıqca daha çox arzulayır, daha çox istəyir və ölüb əlindəkiləri itirməkdən qorxur. Hər gün ətrafda ölüm xəbərləri eşitdiyimiz üçün ölümün kiminsə yadından çıxması inandırıcı görünmür...
1844-1900-cü illərdə yaşamış alman filosofu Fridrix Nitsşe`nin "Antixrist" kitabındakı bəzi fikirlərinə nəzər salaq. Tanrını inkar edən digərləri kimi Nitsşe də ancaq buddizmə tərif yağdırır: "Buddizm tarixdə rast gəlinən yeganə həqiqi pozitivist dindir. Həyata, təbiətə, yaşamaq iradəsinə müharibə elan edən Tanrı! "Bu dünyaya" hər cür böhtan, "o biri dünya" haqqında hər cür yalan üçün formul olan Tanrı!". "Zəiflər və uğursuzlar məhv olmalıdır. Bu, insana münasibətdə bizim sevgimizin birinci göstəricisidir. Və onlara bunda kömək etmək lazımdır. Hər cür qəbahətdən ziyanlı olan nədir? Bütün uğursuzlara və zəiflərə yazığı gəlmək, hallarına yanmaq". "Xristianlıq zəiflərin, alçaldılmışların, uğursuzların hamısının tərəfini tutub. O, ruhən güclü naturalların idrakına zaylaşma, azar gətirib. Xristianlığı rəhmdillik dini adlandırırlar. Rəhmdillik həyat enerjisini artıran tonik affektlərə qarşıdır. Rəhmdillik inkişaf qanununa ziddir. O, yaşamalı olmayanı dəstəkləyir, həyatın məzlumlaşdırdıqlarının, məhkum etdiklərinin müdafiəsinə qalxır". "Yaşamağa layiq olan təbəqənin" rifahı üçün digərlərinin ölməsinin tərəfdarlarından biri də Nitsşe olub. "Qızıl milyard" ifadəsi çoxlarına tanışdır. "Əhəmiyyətli" 1 milyardın yaşaması, digər "artıqyeyənlərin" təbii artımın azaldılması, müharibələr, xəstəliklər və s. üsullarla azaldılması, məhvi...
1879-cu ildə yaşadığı ölkənin vətəndaşlığından öz istəyi ilə çıxıb, qalan bütün ömrünü "dövlətsiz" yaşamış Nitsşe, əqli problemlərinin yaranmasına görə 1889-90-cı illərdə psixiatrik xəstəxanada qalır. 1898-99-cu illərdə iflic olaraq danışma və yerimə qabiliyyətini itirir. 1900-cü ildə keçirdiyi növbəti iflicdən bir müddət sonra ölür...
Mənfi, müsbət, ağla sığan, sığmayan hər şey barədə məlumatımızın olması üçün belə kitabların da oxunması lazımdır. Sadəcə beynimizə ötürülən informasiyaları kor-koranə qəbul etmək yerinə, təhlil edib, süzgəcdən keçirmək daha zərərsiz olardı deyə düşünürəm...
Nuran Gündüzoğlu
müstəqil tədqiqatçı