BÜTÖV AZƏRBAYCAN OCAQLARI
DİLİMİZİ QORUYAN DAHİ SƏNƏTKAR - ÜZEYİR BƏY HACIBƏYLİ

21:50 / 27-09-2016   /   baxış - 1640

Son zamanlar Azərbaycan dilinin bayağılaşması ölkəmizin ziyalıları kimi bizi də çox narahat edir. Hər gün televiziya kanallarından eşitdiyimiz nahamar cümlələr, Azərbaycan qrammatikasına yad olan ibarələr, savadsız  fikirlər, mənasız,  kələ-kötür  deyim tərzləri,dilə zidd olan vurğular,  yeri gəldi-gəlmədi işlənən ifadələr əsəblərimizi tarıma çəkir. Dilimiz nə üçün bu günə düşür? Nədir bunun səbəbi? Bu gün bütün Azərbaycan “belə deyək” xəstəliyinə tutulub. Bu kəlməni nə qədər işlətmək olar? Televiziyalarda çıxış edənlərin əksəriyyəti “belə deyək ”siz keçinmir. Bu haradan qaynaqlanır? Nə  üçün  bu mənasız ifadəni hər kəlmə başı eşidib qıcıqlanmalıyıq? Bundan əlavə bütün televiziyalarda həftənin günlərinin adları nədənsə deyilmir. Hansı Azərbaycan dilində həftənin adları 1,2, 3,  4, 5, 6, 7-ci günlərdən ibarətdir. Yəni,  bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri demək bu qədərmi çətindir? Axı , bunlar Azərbaycan dili kimi zəngin bir dil üçün çox kiçik məsələlər olsa da, onun gözəlliyinə xələl gətirən, bəsitləşdirən, cılızlaşdıran  amillərdəndir. Ana dilimiz olduqca  gözəl, axıcı, melodik, çoxçalarlı, hər cəhətdən dolğun bir dildir. Qeyd edək ki, zaman-zaman Azərbaycan dili, onun zənginliyi başqa millətlərin alimlərinin, yazıçılarının da diqqətindən yayınmamışdır.                    

Məşhur ingilis dilçisi Maksmüller Azərbaycan dili haqqında belə demişdir: “Azəri türkcəsi öz qrammatik formaları, söz ehtiyatı, üslub imkanları ilə barlı - bəhərli  ağacı xatırladır. Özü də bu ağac o qədər barlıdır ki, budaqları ağırlıqdan sına bilər...”.  1843-cü ildə Tiflisə gələn məşhur alman yazıçısı, tərcüməçisi və şairi Fridrix Bodenştedt də öz xatirələrində dilimiz haqqında gözəl qeyd etmişdir: “ O zamanlar mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (Azərbaycan türkcəsi - S. Q.)  dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət üçün vacib sayılırdı. Bu dili bilən hər kəs hər yerdə rus dilini bilmədən də baş çıxara bilərdi.” Bu barədə böyük mütəfəkkir Üzeyir bəy Hacıbəyli  də  bunları vurğulayırdı:  “Dilimizin firəng dili Yevropada olan kimi, bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir  malakan ilə bir aysorun bir-biri ilə türk - Azərbaycan dili ilə danışmağa məcbur olduğunu  (Yevropaya  və müttəfiq dövlətlərə ) isbat etməliyik. (“Azərbaycan” qəzeti, 1 dekabr 1918-ci il). Hələ  1906-cı ildə “İrşad” qəzetində  Üzeyir bəy dilimiz haqqında yazırdı: ”...Halbuki bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da onunla istifadə etməməyin özü böyük bir bədbəxtlikdir ”.  Həm böyük sənətkarımızın, həm də Avropa alim və yazıçılarının  çox yüksək qiymət verdikləri Azərbaycan dilinin bayağılaşdırılmasına göz yuma bilərikmi? Buna haqqımız  varmı? Düşünürük ki, buna mənəvi hüququmuz  çatmır.

Dövlətimiz, ölkə başçılarımız vaxtaşırı  bu məsələyə qayıdaraq müxtəlif sərəncamlarla, fərmanlarla ana dilimizə öz töhfələrini  veriblər və bu gün də verirlər. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin 9 avqust 2001-ci il fərmanı xüsusi önəm daşıyır. Məhz Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” adlı bu qanuni sənədlə 2002-ci ildən bu yana, hər il  avqust ayının 1-də   respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilir. Ölkə başçımız İlham Əliyev də dilimizin qorunması və inkişafına dair xüsusi sərəncam imzalamışdır. 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” adlı sərəncamında deyilir: ”Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.

 

                 Bəli, ana dilimizin qorunması hər birimizin borcudur və onun keşiyində  layiqincə durmalıyıq. Vaxtilə Azərbaycanın dahi şəxsiyyətləri, böyük söz, sənət xadimlərimiz də müqəddəs ana dilimizin qorunması yolunda böyük işlər görmüş,  mübarizə aparmışdılar. Belə şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi bəstəkar, mahir publisist, dramaturq, pedaqoq, alim, akademik, ictimai xadim, xeyirxah insan  Üzeyir bəy Hacıbəylidir.                                                                                                           

 Üzeyir bəy bütün həyatı boyu ana dili məsələlərinə xüsusi diqqət yetirmiş,  yorulmadan mübarizə aparmış və silsilə məqalələr yazmışdır. Böyük dühanın əqidəsincə bir millətin varlığının əsas amili onun dilidir. Ona görə də bütün xalq və birinci növbədə də ziyalılar, alimlər öz doğma dilini qorumağı bacarmalı, inkişafına nail olmalı, onu yad ünsürlərdən hifz etməlidirlər.  Bu onların müqəddəs borcudur. Ü. Hacıbəyli yazırdı: “ Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı , o millətin özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir”. (”Həqiqət” qəzeti, 24-25 yanvar 1910- cu il)

Üzeyir bəy Hacıbəyli öz məqalələrində dəfələrlə ana dilimizin saflığı məsələsinə, bu dilin yad sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çalışmışdır. Bu xüsusda onun “Bir xanım əfəndinin bizlərə hüsni - təvəccöhi” məqaləsi maraqlıdır. 20 yaşlı mühərrir bu məqaləni 1905-ci il 10 sentyabr tarixli “Həyat” qəzetinin 62-ci sayında  “Üzeyir” imzası ilə dərc etdirmişdir. Burada  gənc jurnalist “Peterburqskiye vedemosti” qəzetində Maqda Neyman adlı bir yazarın ana dilimiz əleyhinə yürütdüyü  həyasız böhtana öz nifrətini bildirmiş, ona kəskin cavab vermişdir.

Ana dilinin tədrisini irəli sürərək Üzeyir bəy Hacıbəyli bir-birinin ardınca üç məqalə yazmışdır. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15, 16, və 20 fevral tarixli saylarında “Üzeyir bəy Hacıbəyov” imzası ilə dərc edilmişdir.  Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürmüşdür. Ədib ana dilini bilməyənləri istehza ilə “zavallı” adlandırır və bu  qisim insanlara ana dilini öyrənmək üçün yollar göstərir. Və bir daha xüsusi olaraq vurğulayır ki, “...Avropa dillərinə vaqif olan zat, öz dilini də mükəmməl surətdə bilsə, hər bir cəhətdən millətə artıq nəf gətirər”.

Təbii ki, Üzeyir bəy heç vaxt çox dil  bilməyin əleyhinə olmamışdır. Lakin öz  doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində “bülbül kimi ötənlərə” istehza ilə gülmüş, buna qarşı barışmaz olmuşdur. Böyük sənətkar özü Azərbaycan dilini, təhsil aldığı rus dilini bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə - ərəb, fars, türk, tatar, gürcü, ləzgi,fransız dillərinə də bələd olmuş, bu dillərdə sərbəst danışmışdır. Ona görə də dil məsələsinə tez-tez müraciət etmiş, Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına   faydalı məsləhətlər vermişdir.                                                                                                                                                                                                                                                                                                                                                                                Üzeyir bəy özünün “ Üsuli - təbii ”(Müəllim Əli cənablarına müxtəsər cavab) yazısında qeyd edirdi :” Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində “hansı ki”, “hansılar ki” sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır”. Qəribədir ki, qeyd etdiyimiz bu fikirlərin üstündən bir əsrdən çox zaman keçməsinə baxmayaraq, bu gün də həmin ifadələr işlənir. Elə “belə deyək ” kəlməsi də o qəbildən olan bir ifadədir. Belə çıxır ki, söz sərrafları olan ustadlarımızın bizim üçün örnək ola biləcək fikirlərini qulaqardına vurmuşuq.

Üzeyir bəy Hacıbəyli “Yeni üsuli - təbii haqqında bir neçə söz” (Tərəqqi” qəzeti, 6, 8 mart 1909), “ Üsuli - təbii ” (“Tərəqqi ” qəzeti, 1 aprel 1909), “Dilimizi korlayanlar” (“İqbal” qəzeti, 16 oktyabr  1912) və s. məqalələrində ana dili məsələlərindən geniş bəhs etmişdir. Məsələn, “Dilimizi korlayanlar” məqaləsində ana dilini korlayanlardan artistlə axundu bərabər qoyaraq yazırdı:                                                   

“Axund belə danışır :- Zamani ki, mən burada  əklətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və yainki, aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!

Axund belə demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə  eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...

Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: “Bu gün  Tağıyevin teatrında oynanılacaqdır suznaq bir faciə “ Gaveyi - ahəngər ”. Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist”...                                                                                                                        

Uşaq bazara gedib qoz alır və evə qayıdıb anasına deyir ki, “Ana, bazardan qoz aldım”.

Amma artist bazardan qoz alıb  qayıtsa, anasına  belə deyər:                                                    

- Ana , bazardan aldım qoz.

      Teatrlar üçün yazılan elanları savadlı bir adama  həvalə etsəydilər, çox  əcəb olardı”.

                   Üzeyir bəy Hacıbəyli  fəaliyyəti boyu dilimizin  təmizliyi, səlistliyi, sadəliyi, yad sözlərdən qorunması yolunda mübarizə aparmış, müxtəlif üsullardan istifadə edərək, onu xalqa çatdırmışdır.  1920-ci ildə “ Azərbaycan” qəzetində  “Çı” imzası ilə dərc etdirdiyi “Zurna” adlı felyetonunda ana dili məsələsinə böyük ziyalı olan Üzeyir bəy  belə toxunurdu: “Anama dedim ki, gəl səni aparım parlamana.

                    Dedi: Parlaman nədir?

                    Dedim: Parlaman, yəni məclisi-məbusan.

                    Dedi: Məclisi- məbusan nədir?

                     Dedim: O bir məclisdir ki, orada məmləkətimiz üçün qanunlar düzəldirlər və ondan başqa hər nə böyük və kiçik qulluqçularımız var hamısının əməllərinə baxırlar.

                     Dedi: Ona bizdə divanxana deyirlər.

                     Dedim: Sən deyən olsun, getdik və arvadlara məxsus olan lojalardan  tamaşaya başladıq.

                     Anam soruşdu ki, bu başda oturanlar kimlərdir?

                     Dedim: Məbus əfəndilər.

                     Dedi: Məbus nədir?

                     Dedim: Məbus, yəni deputat.

                     Dedi: Deputat nədir?

                     Dedim: Deputat o adamlara deyirlər ki, camaət onu öz tərəfindən seçib və ixtiyar veribdir ki, öz tərəfindən danışsın.

                     Dedi: Bizdə onlara vəkil deyirlər.

                     Dedim: Sən deyən olsun.

                     Dedi: Bəs o başda oturanlar kimlərdir?

                     Dedim ki, nazir əfəndilər.

                     Dedi: Nazir nədir?

                     Dedim: Nazir, yəni ministr.

                     Dedi: Ministr nədir?

                     Dedim: Ministr məmləkətin ən böyük qulluqçularıdır ki, bütün işlərin hamısı onların əlindədir.

                     Dedi: Bizlərdə onlara vəzir deyirlər.

                      Dedim: Sən deyən olsun.

                      Dedi: Bəs o ortada oturan kimdir?

                      Dedim ki, sədr cənablarıdır.

                      Dedi: Sədr nədir?

                      Dedim: sədr, yəni predsidatel.

                      Dedi: Predsidatel nədir?

                      Dedim: O adamdır ki, məclis onu özünə başçı seçibdir.

                      Dedi: Ona bizdə ağsaqqal deyirlər.

                      Dedim: Sən deyən olsun.

                      Dedi: Bəs onun sağında və solundakılar kimlərdir?

                      Dedim: Katib əfəndilərdir.

                      Dedi: Katib nədir?

                      Dedim: Katib, yəni sekretar.             

                      Dedi: Sekretar nədir?

                      Dedim: Sekretar o adama deyirlər ki, kağız oxuya, kağız yaza, dəftər saxlaya.

                      Dedi: Ona bizdə mirzə deyirlər.

                      Dedim: Sən deyən olsun.

                      Dedi: Bəs bu oğlanlar kimdir?

                      Dedim: Kosyorlar.

                      Dedi: Nə?

                      Anamın dili tutmadı.Dedi mənasını anlat.

                      Dedim: Onlar burda qulluq edirlər və qulluqları da bundan ibarətdir ki, adamları sayırlar, qaydaya baxırlar.

                       Dedi: Onlara bizdə xəlifə deyirlər.

                      Gördüm ki, anam çox bilicidir, dedim, ay ana, kaş ki, sən mənimlə bütün idarələrimizin hamısını gəzib, hər kəsə özünə görə ad qoyaydın və bizə ana dili öyrədə idin...”

                   Üzeyir bəy öz  əsərlərində -  istər  “Ər və arvad”, “ O olmasın, bu olsun”, “Arşın mal alan ” operettalarında, istər operalarına yazdığı librettolarda, istərsə də publisistik yazılarında ana dilimizin bütün qanunlarına riayət etmiş, onun gözəlliyini, zərifliyini qoruyub saxlamış, hətta bəzi kəlmələrlə, məsələn “Heç hənanın yeridir ”, “Tarixi Nadiri yarıya qədər oxumuşam”, “O olmasın, bu olsun”, “Bir nəfər molla, üç manat pul, bir kəllə qənd, “Pulun var, gələrəm”, “Bəs mənim bir abbasım ”, “Əşi, siz gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?”,  “Mən dul, sən dul” və sair bu kimi zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirmişdir.

 

                      1977-ci ildə Almaniyada yaşayan Cənubi Azərbaycandan olan soydaşımız Eldost tərəfindən  Üzeyir bəy Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edən kitab işıq üzü görmüşdür. Orada Eldost yazır ki, “Məşədi İbad ” əsəri Azərbaycan dilinin  şirin, mənalı, gözəl ifadələri və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin, mükəmməl bir dil, o biri tərəfdən isə Üzeyir Hacıbəylinin xalq dilinə bağlı və yüksək qələm sahibi olmasını nümayiş etdirir.

                     Ümumiyyətlə, böyük sənətkarımız  eyni zamanda Azərbaycan dilinin sərrafı olan qüdrətli bir dilçi idi. Sankt - Peterburq İncəsənət Tarixi İnstitutunun professoru Yevgeni Braudo (1882-1939) Üzeyir bəy Hacıbəylini “xalq musiqisinin böyük dilçisi” adlandırmışdır. Üzeyir bəy həm də  ədəbiyyatımızın azman dilçisi idi.  Ana dilimizi  müqəddəs  bilərək, onun keşiyində  ayıq-sayıq dururdu. Dilimizlə bağlı bütün yazıları oxuyurdu. Ona xələl gətirə biləcək  mətləblərin qarşısını vaxtında alırdı. Bu barədə akademik  Məmməd Arif  Dadaşzadənin  dediklərindən: “Bir dəfə S. Rəhimovun  dilini  tənqid etmişdim. Məqalə çıxandan sonra mənə dedilər ki, Üzeyir bəy səni axtarır, ona zəng elə. Mən bir qədər təşvişə düşdüm. Görəsən Üzeyir bəy məni nə üçün axtarır? – deyə düşündüm. Zəng vurdum, dedi ki, Arif, bir mənim yanıma gələrsən, getdim, içəri girəndə gördüm ki, mənim məqaləm onun stolunun üstündədir.  S.Rəhimovun   dilindən gətirdiyim sözlərin altından qırmızı qələmlə xətt çəkmişdi. Salamlaşdıq, oturdum. Dedi ki, məqalən pis deyil,  xoşuma gəldi. Amma S. Rəhimovun dilindən gətirdiyin sözlərlə səninlə razılaşmaq çətindir. Əgər sən Bakıda və onun ətraf kəndlərində az işlənən, lakin rayonların bir çoxu üçün xarakterik olan bu sözlərin əleyhinə gedirsənsə, bununla da ədəbi dilimizi yoxsullaşdırmırsanmı? Bəs az işlənən və işlənilməyən bu sözləri yazıçılarımız bədii əsərlərdə işlətməsələr, necə olar? Mən razılaşdım və səhvimi başa düşdüm ” (Ələkbər Məmmədov, “Nur karvanı” kitabı, Bakı - 2003, səh. 138).

                     Bəzən Üzeyir bəy Hacıbəylinin həyat fəlsəfəsi  insanı yaxşı mənada  heyrətləndirir. 63  il yaşamış bir şəxs bu qədər işin öhdəsindən necə gəlmişdir? –deyə düşünürsən. Və belə qənaətə gəlirsən ki, doğrudan da onda peyğəmbər qüdrəti varmış. Əks halda  adi  insan onların öhdəsindən gələ bilməzdi. Dahi insan dahiyanə işlər görmüş, məşğul olduğu bütün sahələrdə olduğu kimi dilçilik elmimizə də öz əvəzsiz töhfələrini vermişdir.

 

Səadət QARABAĞLI,

Üzeyirbəyşünas



Necə ola bilər ki, bütün ömrü boyu Qacar familyasını daşıyan bir insan Türk düşməni o
16:41 / 19-12-2014