BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ekspert hesablaması: Azərbaycanda benzin 44, dizel 37 qəpiyə satılmalıdır

21:49 / 05-09-2015   /   baxış - 271

Ölkədə qeyri-neft sektorunun inkişafı üçün enerji daşıyıcılarının qiymətinin aşağı salınması məsələsi yenidən gündəmə gəlib. 

Ekspertlərin fikrincə, həm sahibkarlığın, həm də ixracın stimullaşdırılmasında bu, çox vacib məsələdir. Çünki neftin qiymətinin ucuzlaşması nəticəsində bir sıra ölkələrdə benzinin, eyni zamanda istehsalatda əmtəələrin maya dəyərinin aşağı düşməsi müşahidə edilir. Deməli, ölkəmizə idxal olunan məhsulların maya və daşınma xərcləri azalıb. Belə olan halda Azərbaycandakı cüzi istehsalat həmin ölkələrin məhsulları ilə rəqabət apara bilməyəcək. Amma Azərbaycan hökuməti və dövlət maraqlarını əsas tutan iş adamları yanacağın qiymətini endirməməkdə israrlıdırlar. 

Tarif Şurası dünya bazarlarında duruma rəğmən, ölkədə benzinin ucuzlaşması üçün əsas görmür. Şuradan Trendə verilən məlumata görə, bu, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəlir.

Şuradan bildiriblər ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla əlaqədardır ki, Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclər (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməyib: "Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir".

Qeyd edək ki, Azərbaycanda  Aİ-80 və Aİ-92 markalı benzinin qiyməti 70 qəpiyə (0.66 dollar), Aİ-95 markalı benzin 95 qəpiyə (0.90 dollara), dizel yanacağı 60 qəpiyə (0.57 dollara) təklif olunur. Qlobal Petrol Prices-in məlumatına görə, hazırda Azərbaycanda ölkə üzrə benzinin orta qiyməti 0.75 dollar hesab edilir.  

Dünya ölkələrinə gəlincə, son bir ildə kəskin ucuzlaşma baş verib. Yanacağın qiymətinə görə ölkələr üzrə ən son - 2 sentyabr üçün tariflər aşağıdakı kimidir:

Neft ölkələri və büdcəsi "qara qızıl"dan kifayət qədər asılı olan dövlətlərdə və qeyri-neft ölkələrində benzinin orta qiyməti (bu ölkələrin əksəriyyətində yanacağın qiyməti bölgələrə, ərazilərə görə dəyişir);

Venesuela  0.02 dollar

Liviya  0.14 dollar

Səudiyyə Ərəbistanı      0.16 dollar

Küveyt  0.21 dollar

Qətər  0.26 dollar

Bəhreyn  0.38 dollar

Türkmənistan 0.28 dollar

Oman  0.30 dollar

İran  0.33 dollar

Nigeriya  0.43 dollar

Suriya  0.45 dollar

Rusiya  0.57 dollar

Yəmən  0.68 dollar  

Qazaxıstan   0.72 dollar

Əfqanıstan    0.72 dollar

Qırğızıstan  0.72 dollar 

Belarusiya  0.76 dollar

Tunis  0.80 dollar

Ukrayna   0.89 dollar

Braziliya   0.91 dollar

Gürcüstan   0.92 dollar

Çin  0.99 dollar

Ermənistan 1.04 dollar

Rumıniya  1.31 dollar

Avstriya  1.32 dollar

Türkiyə  1.51 dollar

Fransa  1.52 dollar

Almaniya  1.52 dollar

İsveç  1.53 dollar

İrlandiya  1.56 dollar

İsrail  1.60 dollar

Yunanıstan   1.63 dollar

İtaliya  1.70 dollar

Danimarka  1.70 dollar

Norveç  1.77 dollar  və sair.

"Qlobal Petrol Prices" qeyd edir ki, yanacağın qiyməti ilin əvvəli ilə müqayisədə neft hasilat edən ölkələrin əksəriyyətində 0.5-10 faiz civarında bahalaşıb. Amma bəzilərində ucuzlaşıb. Məsələn, ABŞ-da benzinin orta qiyməti ilin əvvəlində 0.79 dollar olubsa, hazırda 0.70 dollara qədər düşüb. Norveçdə isə son 9 ayda benzinin orta qiyməti 2.08 avrodan 1.5 avroya qədər ucuzlaşıb.

Azərbaycandakı vəziyyətə gəlincə,iqtisadçı-ekspert Samir Əliyevin təhlilinə görə, Tarif Şurasının açıqlaması özünü təkzib etməklə yanaşı ciddi arqument sayıla bilməz: "Çünki Şura 2013-cü il 3 dekabr ayında benzinin pərakəndə satışı qiymətinin artımını məhz bununla əsaslandırmışdı. Həmin dövrdə Şuranın katibi İlkin Məcidov açıqlamasında qeyd etmişdi ki, son dəfə (6 yanvar 2007-ci il) yanacağın qiyməti müəyyənləşdiriləndə xam neftin dünya bazarlarında qiyməti 1 barel üçün 57 ABŞ dolları idi, indisə artaraq 110 ABŞ dollarına çatıb. Hazırda neftin bir bareli 50 dollar civarındadır ki, bu da hətta 2007-ci il qiymətindən də ucuzdur. 2007-ci ildə Aİ-95 benzini 60 qəpik, Aİ-92 və Aİ-80 55 qəpik, dizel yanacağı isə 45 qəpik olub. Bu gün daha ucuz neft qiymətləri şəraitində Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik, dizel yanacağı isə 60 qəpikdir. Belə çıxır ki, neftin dünya bazar qiyməti ancaq bahalaşma üçün əsas sayılır".

S.Əliyev qeyd edir ki, 2013-cü ilin dekabrında Nazirlər Kabineti 333 saylı qərarı ilə neft məhsullarının, o cümlədən benzinin və dizelin qüvvədə olan aksiz dərəcələrini artırdı. Vergi dərəcəsinin artırılmasının ardınca Tarif Şurası 14 saylı qərar qəbul etdi və dekabrın 3-dən etibarən yanacağı bahalaşdırdı: "Deməli, bahalaşmağa səbəb vergi artımı olub. Ancaq üstündən 2 ay keçəndən sonra Nazirlər Kabineti 6 fevral 2014-cü il qərarı qəbul edərək özünün 2 dekabr 2013-cü il qərarına dəyişiklik etdi. Dəyişiklik əsasında bir sıra neft məhsullarına, o cümlədən yanacağa tətbiq edilən aksiz vergiləri əhəmiyyətli dərəcədə azaldı. Dəyişikliyə görə, Aİ-95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159 faizdən 64 faizə endirildi. Azalma digər yanacaq növlərinə də şamil edildi. Aİ-92 benzinində vergi 134 faizdən 65 faizə, Aİ-80-də 134 faizdən 66 faizə endirildi. Dizel yanacağı üçün isə bu hədd 57 faizdən 18 faizə endirildi. Məsələ ondadır ki, vergi dərəcələri hətta dekabrın 3-dəki səviyyədən də aşağı həddə endirildi. Nəticədə bahalaşmağa səbəb olan verginin aşağı salınması belə yanacağı ucuzlaşdıra bilmədi".

Ekspertin hesablamalarına görə, reallıqda yanacaqdoldurma məntəqələri Aİ-92 və Aİ-80 markalı benzinlərin hər litrini 44 qəpiyə, dizel yanacağını isə 37 qəpiyə satmalıdır: "Əgər aksiz vergisinin azaldılması fonunda pərakəndə satış qiymətləri dəyişməyibsə, deməli, şirkətdaxili tariflər artırılıb və əldə edilmiş vəsait SOCAR-a çatır".



“Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 25-01-2017
“Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya keçiriləcək
18:27 / 02-12-2016
Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu keçiriləcək
16:26 / 30-10-2016
Neftin qiyməti ucuzlaşmaqda davam edib
23:54 / 19-07-2016
“Azərbaycan iqtisadiyyatının dünəni, bu günü ve gələcək perspektivləri yaxud risklər” mövzusunda növbəti diskussiya keçiriləcək
00:12 / 04-05-2016
Bütöv Azətbaycan Ocaqları bəyanat yayıb
00:08 / 19-04-2016
Müstəqil ölkə, asılı iqtisadiyyat
21:10 / 26-12-2015
Qarşıdakı 4 ildə Azərbaycan manatının orta illik məzənnəsi açıqlanıb
10:11 / 26-09-2015
Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı son xəbər
14:47 / 18-09-2015
Azərbaycan Dövlət Neft Fondunun gəlirləri gələn il 35% azalacaq
20:59 / 14-09-2015
"Fitch": Gələn il Azərbaycanda kreditlərə tələbat zəif olacaq
18:12 / 09-09-2015
Azərbaycan neftinin qiymətləri: 31 avqust - 4 sentyabr həftəsinin yekunları
15:08 / 05-09-2015
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb
18:21 / 04-09-2015
Ekspert: ​Azərbaycan Mərkəzi Bankı yumşaq devalvasiyaya başlamalıdır
20:30 / 03-09-2015
Azərbaycan iki layihədən 5,2 milyard qazandı
17:35 / 02-09-2015
Putinin MDB-də vahid rubl təklifinə AZƏRBAYCANDAN CAVAB
16:58 / 02-09-2015