BÜTÖV AZƏRBAYCAN OCAQLARI
AZƏRBAYCAN SEVDALISI - YAVUZ BÜLƏND BAKİLƏR

21:16 / 12-10-2016   /   baxış - 3908

   Ulu Türk dünyasının məşhur şairi, publisisti, alimi, milliliyi və vətənpərvərliyi ilə sevilən YAVUZ BÜLƏND BAKİLƏRin həyat yoluna nəzər salarkən onun başdan – başa  Azərbaycan sevdalısı olduğu açıq-aydın görünür. Əsli, nəsli Odlar yurdumuzun ən gözəl guşələrindən biri , Qarabağın Şuşa, Ağdam bölgəsindən olan bu həssas, incə qəlbli insanın illər uzunu ata vətən həsrəti ilə yaşadığının şahidi oluruq. Qarabağı ziyarət etmək Yavuz bəyin ən böyük arzularından idi. O, Türkiyənin Sivas şəhərində dünyaya gəlsə də, orada böyüyüb, boya-başa çatıb, təhsil alsa da,  adı görkəmli şair kimi türk dünyası ilə bir olsa da Qarabağ  arzusu ilə yaşamışdır. Gecə-gündüz Qarabağ həsrəti ilə qovrulmuşdur. Y. B. Bakilər doğma yurdu o qədər düşünərdi ki, gecələr də  röyalarında  Qarabağa seyrə çıxar, vətən torpağını qarış-qarış gəzərdi.  Yavuz bəy deyir ki, 1963-cü ildə Ankarada, Çankaya Prezident Mühafizə Alayında əsgərlik xidməti zamanı Qarabağda olduğunu, bir uşağın müşayiəti ilə doğma torpaqlarda gəzdiyini, göy qurşağının gözəl rəngləri altında yarım minarəli bir məscidi yuxusunda görür. Təlaş içində  oyanır, bilmir ki, nə etsin. Naçar  şair həsrətini ovundurmaq üçün Qarabağa şer həsr edir:

 

                         İndi uzaqlarda qalan bir şəhər vardır:

                         Məscidləri yıxılmış, minarələri yarım...

                         Bu şəhərin çiləsini mən çəkərəm illərdir

                         Həsrətini mən duyaram.

 

                          İndi uzaqlarda qalan bir şəhər vardır:

                          Ki sızladır ürəyimi illərdən bəri.

                          Vətən olmağına Vətən Anadolucasına

                          Amma Vətən xəritəmdə yox yeri.

 

                          Gözəlim türküləri türkülərimiz kimidir

                          Və kalpaqlı, bindallı oyunlarım balam

                          Bilənlərimiz bilir.

                          Bir gün bir salam getsə Anadolumdan

                          O şəhərdən sımsıcaq min salam gələr.

 

                 İlk dəfə 1980-ci ilin may ayında Azərbaycana gələn Yavuz Bülənd Bakilər çox çalışır ki, Qarabağa, Şuşaya, Ağdama getsin, lakin o zamankı sovet rejimi böyük şairə vətənini görməyə icazə vermir. Əlacsız qalan Yavuz bəy – heç olmasa mənə Qarabağın şəkillərini göstərin - deyir. İnanılmaz bir hadisə ilə rastlaşır. Muzeydə ona 1963-cü ildə yuxusunda gördüyü həmin yarım minarəli məscidin şəklini təqdim edirlər. Bunu görən şairi soyuq tər basır. Yanındakılara bu məscidi 17 il bundan əvvəl yuxuda gördüyünü həyəcanla anladır. Şair “Qarabağ həsrəti” adlı ikinci şerində yazır:

 

                              Balam! Balam! Deyərək oxşardı məni anam

                              Anamın dizlərində mən Xəzəri yaşadım.

                              Xəzərin diliylə mənim dilim bir.

                              Xəzər indi yerə enmiş buludlar məhşəridir

                              Və Qarabağ – qara gözlü bir Türkmən qızı kimi-

                              Xəzərin qarşısına bağdaş qurub oturmuş

                             Dədəm Hacı Muradın dastan şəhəridir.

                          

                              Öz yurduma illərlə  həsrət duyaraq

                               Məcnun kimi, Fərhad kimi bir könül verdim

                               Bir gələn olsaydı Qarabağımdan

                               Gedər ayaqlarına gözlərimi sürtərdim.

 

                               Bir gün bitərsə hər şey Qarabağı görmədən

                               İstəməm bandolar, böyük çələnglər...

                               Allahım ruhuma bir az dinclik ver

                               Üstümə oxunmuş bir neçə ovuc mübarək

                               Qarabağ torpağından səpilsə yetər.

                                                                                        (Bandolar-orkestrlər)

 

                 Yavuz Bülənd Bakilərin ulu babaları XVIII əsrdə Qarabağdan Türkiyəyə mühacirət etmişlər. Kökləri gözəlim Şuşaya bağlı olan Yavuz bəyin ulu babası Hacı Murad Qarabağ hökmdarı İbrahim xanın mehtəri olmuşdur. Öz ağlı, bacarığı, zəhmətsevərliyi sayəsində xan tərəfindən “bəy”  rütbəsinə layiq görülmüşdür. Camaat ona Murad bəy deyə müraciət edərdi. Hətta Qarabağda belə bir deyim var: “Hər oxuyan Molla Pənah, hər mehtər Murad bəy olmaz”. Yumşaq qəlbli Murad bəy atlara doğma övladları kimi qulluq edərdi. İşinin öhdəsindən layiqincə gəldiyi üçün İbrahim xan ona Ağdama bitişik bir kənd  bağışlayır. Həmin kənd  Murad bəyin şərəfinə Muradbəyli adlandırılır. Halal zəhmətlə var-dövlətə sahiblənən Murad bəy Məkkəyə ziyarətə də gedir, Hacı tituluna yiyələnir. Odur ki, “əsli də, nəsli də bəlli” Azərbaycan türklərindən olan Yavuz bəyin Azərbaycan sevdası bitib-tükənən deyil. Böyük Turan şairi  özünün “Azərbaycan” şerində yazır:

                                  Adına əl-pəncə dıvan durduğum

                                  Min illik qarasevdamız, ilahimiz, ülkümüz

                                  Türkülər söyləyərək içimdə gecə-gündüz

                                  Bir çalar saat kimi qurduğum:

                                  Azərbaycan.

 

                                   Bir incəcik budağını, bir quru yarpağını

                                   Görən varmı deyərək soyumun torpağını

                                   Həmişə  içim titrəyərək sorduğum:

                                   Azərbaycan.

 

                                     Ən verimli torpaqlara ümidlərimi

                                     Çinar toxumları kimi durmadan sovurduğum

                                     Sevdasını könüllərə bismillahlarla vurduğum

                                     Dağa, daşa, qurda, quşa özümü bildim biləli

                                     Duyurduğum:

                                     Azərbaycan.

 

                                     Anladım çarə yox bu böyük dərdə

                                     Ürəyim sımsıcaq Azəri türkülərdə

                                     Gözlərimin dalıb, dalıb qaldığı yerdə

                                     Gördüyüm Azərbaycan.

 

                                       İndi naxışlı ipəklərdən, yun papaqlardan

                                       Bir çinardan qoparaq sovrulan yarpaqlardan

                                       Və sonra üç rəngli gözəlim bayraqlardan

                                        Hördüyüm: Azərbaycan.

 

                                        Anamın göz yaşında, quşların qanadında

                                        Bir iftar süfrəsində, içdiyim suyun dadında

                                        Qızımın türkü kimi gözəl Aybala adında

                                        İllərlə arayıb durduğum: Azərbaycan.

 

                     Azərbaycanı canından  çox sevən Yavuz Bülənd Bakilərin əcdadları” Qarabaği” soyadını daşımışlar. Türkiyəyə köçəndən sonra da bu familiya bir müddət qalmışdır. Sonralar isə soyadları ” Bağilər ”, daha sonra ” Bakilər”  kimi şəcərə davam etmişdir. Yavuz bəy o nadir insanlardandır ki, səkkiz arxadönəninin adlarını bilir. Onlardan birinin Məhəmməd Sabir oğlu Əbdülbaki Qarabağinin adında “baki” vardır. O, Qəhrəman Maraşdan təkrar Azərbaycana dönmək istəmiş, lakin Şərqi Bəyaziddən irəli keçə bilməmişdir. “Bakilər” soyadında böyük şairin babalarının, eləcə də vətənləri Qarabağın bir xatirəsi yaşayır. Yavuz bəy müsahibələrində söyləyir  ki, “Qarabağ  şerlərimin səssiz göz yaşları idi.” O, “Anamın türküləri” də belə deyir:

                       

                       Anam türkü söylərdi mənə nağıl yerinə

                        Hüzünlü, boynu bükük, həp Azəri türkülər

                        Üzümə baxammazdı, acısını anlardım.

                        Rüzgarlarla sovrulur, yağmurlarla yağardım...

                        Anamı dinlərkən ağlardım.

 

                        Mən süd kimi mübarək türkülərlə böyüdüm

                        Bir yanım aydınlıq, bir yanım qürbət.

                        Anamın “aybalam”lı türkülərində

                        Min yalvarış  kimiydi başdanbaşa məmləkət.

 

Azərbaycan, Qarabağ sevdalısı Yavuz Bülənd  Bakilər hər çıxışında söyləyir ki, “babalarım Qarabağın Ağdam şəhərindən Türkiyəyə köçmüşdülər. Odur ki, Qarabağı görməyin həsrətində idim.”   Yavuz bəyin doğma Qarabağa qovuşmaq arzusu  Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin sayəsində, 1987-ci ildə,  Azərbaycana üçüncü gəlişi zamanı gerçəkləşdi. Əcdadlarının vətəni Ağdam şəhərində unudulmaz xatirələr yaşadı. Ancaq Yer üzünün Cənnəti  Şuşanı görmək ona nəsib olmadı. Çünki Şuşaya getməsinə icazə verilmədi. 1992-ci ildən isə bu şahanə şəhər işğal altında olduğundan indi bütün millət ona həsrətdir. Vətəndə vətənə həsrət... Faciəyə sən bir bax... Lakin o vaxt cəfakeş, həsrətkeş vətən oğlunun Şuşaya buraxılmadığını görən xalqımızın qüdrətli, məşhur alimi Xudu Məmmədov və tanınmış, görkəmli şairimiz Şahmar Əkbərzadə (Allah hər ikisinə rəhmət eləsin) Yavuz bəy üçün Şuşa torpağı və Cıdır düzündən  nadir Xarıbülbül çiçəyi gətirmişdilər. Amma təəssüf ki, o, vətən torpağını Türkiyəyə apara bilməmişdi. Çünki onu Moskva gömrükxanasında çantasından götürmüşdülər. Yavuz bəy hönkür-hönkür ağlayaraq vətən torpağından ayrılmışdı. Xarıbülbül çiçəyini isə Türkiyədə bağçalarında əkmişdi. Lakin Şuşa torpağından başqa heç yerdə bitməyən  bu sadiq, etibarlı  çiçək orada ərsəyə gəlməmişdir. Doğrudur, sonrakı illərdə şair  özü Ağdama gedərkən Vətən torpağı götürmüş və Türkiyəyə aparmışdı. İndi o vətən torpağı İstanbuldakı evinin ən gözəl guşəsində bərqərar olub.  Amma vaxtilə qarşılaşdığı olaydan həssas qəlbli şair çox iztirablar  keçirmişdir.

                 Azərbaycanı ürəyinin şahdamarı adlandıran böyük söz ustadı Yavuz Bülənd Bakilər dostu Bəxtiyar Vahabzadənin sağlığında ona ithaf etdiyi “Azərbaycan ürəyimdə bir şahdamardır” şerində yazır:

 

                          Sübh vaxtına qədər gecələr boyu

                          Sovrularaq oxuduğum yenə Şəhriyar.

                          Ala ceyranlara bənzər həp Azəri türkülər

                          Dinlədiyim tar.

 

                          Ayrılmaz başımdan, buraxmaz məni artıq

                          Salamsız, sabahsız bir əfkar.

                           Və ürəyim min illik dastanlarla tutuşur

                           Böyüyür Azərbaycan qədər.

 

                          

                           Azərbaycan: Dədəm Qorqud şəfəqi...

                           Mübarək dilimi süd kimi sağar.

                           Bəzən rüzgar olar iliklərimdə

                           Bəzən yağmur kimi üstümə yağar.

 

                            Götür məni Araz! Al məni Xəzər!

                            Türkü Türkdən başqa indi kim anlar?

                            Yaram dərin, mərhəmim yox, vaxtım dar...

                            Bir dastan yazar kimi yaz məni Anar!

                            Duy məni Bəxtiyar! Duy məni Şahmar!

 

                            Keçən zaman üstünə, tökülən qan üstünə

                            Qılınc - qalxan üstünə

                            Və ağzı köpürən, yələli atlar üstünə

                            Mənim bir yəminim var:

 

                             Azərbaycan ürəyimdə bir şahdamardır

                             Mən Yaqub kimiyəm uzun illərdir

                             Orda Yusifimin qoxusu vardır.

                             Və həsrəti könlümdə böyük Türkistan qədərdir

                             Ayətdir kitabımda, bayrağımda rüzgardır

                             Azərbaycan ürəyimdə bir şahdamardır.

 

                              İndi Azərbaycanda mövsüm bahardır

                              Amma türküləri yenə başdanbaşa əfkardır.

                              Xəyallarıma yağan qardır

                              Boynu bükük bir diyardır

                              Yardır...

                              Ağzı köpürən atlar üstünə yəminim vardır

                              Azərbaycan ürəyimdə bir şahdamardır.

        

     Zəngin  türk ədəbiyyatının azman söz ustası Yavuz Bülənd Bakilər Azərbaycanın dünya miqyasında tanınmış sənətkarları, görkəmli şəxsiyyətləri  haqqında Türkiyədə geniş təbliğat aparan və hüquqlarını qoruyan  ziyalılarımızdandır. Məsələn, milli qürurumuz olan dünya şöhrətli dühamız Üzeyir bəy Hacıbəylinin 1918-ci ildə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına” mahnısının  ermənilər tərəfindən mənimsənilməsinə qarşı öz fikirlərini  ictimaiyyətə çatdıraraq,  erməni sayıqlamasına tutarlı cavab vermişdir. Onu qeyd etmək lazımdır ki, bu mahnı Azərbaycandan əvvəl Türkiyədə məşhurlaşmışdı. Mahnı haqqında Yavuz bəy “Samanyolu” televiziyasında özünün hazırladığı və aparıcısı olduğu “Sözün doğrusu” verilişində, eləcə də 2004-cü ildə İstanbulda işıq üzü görən eyniadlı  kitabında  fikirlərini bildirmişdir. Yavuz bəy belə yazır: ”Keçmişlərdə Ermənistandan İstanbula gələn Ohanes Baronyan isimli bir müğənni dedi ki, ”mənim dədəm (babam - S. Q.) əski bir İstanbulludur. Erivandakı evimizdə türkcə, ermənicə, rusca danışılırdı. Türkcə musiqi dinlənilirdi. “Çırpınırdı Qara dəniz” şarkısını biz ermənicə bir türkü (xalq mahnısı - S. Q.) olaraq çalıb söyləyirik. Fəqət güftə (söz - S. Q.) tamamən fərqlidir. Bu şarkı Türkiyədənmi Ermənistana getdi, yoxsa Ermənistandanmı Türkiyəyə gəldi bilmirəm.”

                Yavuz bəy ona belə cavab vermişdir: “Yalnış, min kərə, milyon kərə yalnış. Əvvəla, bu şarkı “Çırpınırdı Qara dəniz” deyə başlamır. “Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına” deyə başlayır. Şarkının sözləri Əhməd Cavada aiddir. Əhməd Cavad Azərbaycan türklərindən bir şair. 1912-ci ildə Balkan müharibəsində Azərbaycandan gələrək bizim ordumuza qoşuldu. 1918-ci ildə Türk ordusu Bakıya girdiyi zaman Əhməd Cavad  Məhmətçiklərimizlə yenə eyni sıralarda addımlayırdı. Əhməd Cavad “Çırpınırdın Qara dəniz” şerini 1914-cü ildə yazmışdır. Bu şeri millətimizin böyük bəstəkarı Üzeyir Hacıbəyli bəstələdi.”

                  Ümumiyyətlə, Üzeyir bəy Hacıbəyli fenomeni  barədə Yavuz bəy hər zaman həvəslə, yorulmadan söhbət açır.  3 iyul 2002-ci ildə “Xalq qəzeti”nə verdiyi müsahibədə əməkdar jurnalist Tahir Aydınoğluna dahi sənətkarımız haqqında bunları demişdir: “- Biz türk xalqlarının və dövlətlərinin qüdrət və qüvvət mənbəyi, mənim nəzərimdə, babalarımızın tarixdə oynadığı rolu dəyərləndirmək, özünü tanımaq, dahilərinin və qəhrəmanlarının arzu və əməllərinə sahib çıxmaqdadır. Götürək, Üzeyir bəyi. Bu, tarixdə Dədə Qorqudu, Nizamisi, Nəsimisi, Füzulisi olan bir xalqın XX əsrdəki zəkası, istedadıdır. Çox təəssüf ki, Türkiyədə bu nəhəng türk övladını vaxtilə kifayət qədər tanımayıblar. Üzeyir bəy tək Azərbaycanın yox, bütün dünya türklərinin öyüncüdür. O, təkcə sizin üçün yazıb-yaratmayıb. Onun istedad və şöhrətindən türk xalqlarının hamısına pay çatır. Biz xalqlarımızı belə böyük insanlarımızı tanıyıb-tanıtmaqla istənilən səviyyədə yaxınlaşdıra, doğmalaşdıra bilərik.”

                    Başqa bir yazısında Yavuz bəy  dahi bəstəkarımız barədə belə deyir: “Üzeyir Hacıbəyli yalnız sevgili Azərbaycanın, əziz Azərbaycanın, qardaş Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də böyük  iftixar qaynaqlarındandır, Böyük millətlər böyük sənətkarlar yetişdirir, böyük sənətkarlar da millətlərinin üzünü ağ edir, Üzeyir bəy millətimizin üzünü ağ edən və bizləri ucaldan böyük bir sənətkardır.”

                     Sözə dəyər verən, söz sərrafı olan Yavuz Bülənd  Bakilərin həm publisistik yazılarında, həm müxtəlif  kitablarında, həm çıxışlarında, hazırladığı televiziya və radio verilişlərində, həm də şerlərində Azərbaycan, Qarabağ, Xəzər qırmızı xətlə keçir. O, “Sivasda əski türk evləri”. “Anadolu acısı”, “Sayıqlama”, “Unutduğumuz insanlar”, “Bizim türkümüz”, “Anamın türküləri” , “Böyük dastan” şerlərində  mütləq bir cümlə ilə də olsa Azərbaycanı xatırlayır.  Yavuz  bəy  həm də “Azərbaycan ürəyimdə bir şahdamardır” adlı kitab yazmış və onu  tamamilə Azərbaycana həsr etmişdir.

                        Bütün Türk dünyasının sevilən şairi, söz ustadı, qəlbi daim Azərbaycanla və bütünlükdə Türk dünyası ilə döyünən, Azərbaycan sevdalı Yavuz Bülənd Bakilərin vətən sevgisi hər bir türkə örnək ola biləcək qədər  müqəddəsdir, ülvidir. Vətənə, millətə təmənnasız övlad məhəbbətini  sözün həqiqi mənasında bu böyük vətəndaşdan əxz etmək gərəkdir. Nəcib, həssas qəlbli Türk oğlu Türkün qəlbinin dərinliklərindəki Böyük Türkistanı, yenilməz Turanı onun gözü ilə görmək və dəyərləndirmək lazımdır. Bunun üçünsə onun yaradıcılıq irsi öyrənilməlidir. Yalnız  o zaman Yavuz Bülənd Bakilər zirvəsini görmək mümkündür.

 

                          Bu il  23 apreldə Yavuz Bülənd Bakilərin 80 yaşı tamam olur. Azərbaycanımızın böyük oğluna can sağlığı və bitib- tükənməyən yaradıcılıq uğurları diləyirik. Qoy yenə də gənclik həvəsi ilə yazsın, yaratsın, xalqımızı, millətimizi, vətənimizi və bütünlükdə Turan ellərini tərənnüm etsin.

 

Səadət QARABAĞLI

üzeyirbəyşünas.



Tarix
16:41 / 19-12-2014