BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Taxıl biçininə kömək üçün Azərbaycan Gürcüstana 30 kombayn göndərib

00:17 / 21-07-2016   /   baxış - 257

Taxıl biçininə kömək etmək üçün Azərbaycandan 30-dan artıq “Klaas” və “New Holland” tipli kombaynlar Gürcüstana yola salınıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, iyulun 14-də Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini İuri Nozadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi taxıl biçini ilə əlaqədar Gürcüstana Ölkəmizdən taxılyığan kombaynlarla kömək edilməsinin müzakirəsi olub.

Nazir müavini İ.Quliyev bildirib ki, Azərbaycanın aqrar sahədə ixrac potensialı yüksəkdir və ölkəmizdə istehsal olunan tərəvəz məhsulları Rusiya bazarlarında brend kimi tanınır və ixrac olunan məhsullara bu bazarlarda tələbat var. O qeyd edib ki, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirilir və son aylarda tərəvəz məhsullarının ixracı bir neçə dəfə artıb.

Nazir müavini həmçinin qeyd edib ki, son 3 ildə Azərbaycanın kənd təsərrüfatında böyük dönüş yaranıb. Artıq dövlət pambıqçılıq, tütünçülük, baramaçılıq və çayçılığın prioritet sahə kimi inkişafına dəstək verir. Xüsusilə bu il Azərbaycanda baramaçılın inkişafında böyük nailiyyətlər əldə edilib. 1254 ailəyə pulsuz olaraq barama toxumu verilərək 70 min tondan çox məhsul əldə olunub. Bu sahəni daha da inkişaf etdirmək üçün Nazirlik tərəfindən ölkəmizdə çəkil plantasiyalarının salınması planlaşdırılır.

İ.Quliyev Azərbaycanla Gürcüstanın ticarət əlaqələrinin genişlənməsinin hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlığa öz töhfəsini verəcəyinə əminliyini bildirib.

İ.Nozadze səmimi qəbula görə təşəkkürünü bildirərək Gürcüstan kənd təsərrüfatı nazirinin Kaxeti bölgəsində taxıl biçini kampaniyasına Azərbaycandan kombaynların səfərbər olunub Gürcüstan ərazisində dislokasiya olunmasına və biçinin vaxtında, itkisiz aparılmasına köməklik göstərilməsi haqqında məktubu nazir müavininə təqdim edib.

Görüşdə taxıl biçinində iştirak etmək məqsədi ilə”Aqrolizinq” ASC-yə məxsus müasir taxıl yığan kombaynların Gürçüstana göndərilməsi ilə əlaqədar tərəflər arasında iki tərəfli niyyət protokolu və aqrotexniki xidmətlərin yerinə yetirilməsi üçün müqavilə imzalanıb.

İyulun 17-də Qazax rayonunun “Qırmızı körpü” keçid məntəqəsindən 30-dan artıq “Klaas” və “New Holland” tipli kombaynlar Gürcüstana yola salınıb. Mərasimdə Gürcüstan kənd təsərrüfatı nazirinin müavini Levan Qabutaşvili çıxış edərək, köməyə görə Azərbaycan Hökumətinə və Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirib.

Kombaynlar 20-25 gün ərzində Gürcüstan fermerlərinə taxıl biçinində yardımçı olacaq.

 

 

İstinad: DAVAM.AZ