BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ərdəbildə Orta Doğunun ən böyük tekstil fabrikinin işçiləri etiraz yığıncağı keçirdi

02:22 / 06-05-2016   /   baxış - 343
Güney Azərbaycanın Ərdəbil şəhərində Orta Doğunun ən böyük tekstil fabriki kimi tanınan istehsal müəssisəsinin sadə işçiləri etiraz yığıncağı keçirib.

Çərşənbə günü Ərdəbil Valiliyinin binası qarşısına toplaşan işçilər, bir neçə ildir öz halal zəhmətləri ilə qazandıqları pulları “Arta Ticarət Zərrin” şirkətindən ala bilmədiklərini bildiriblər. Bu vəziyyətdən şikayətlənən işçilər problemin həlli üçün Ərdəbil valisindən yardım istəyiblər. “Bir sıra işçilərin maaşları bir neçə ildir ödənilmir və heç bir yetkili şəxs onların tələblərinə məhəl qoymur. Bugünkü ağır iqtisadi vəziyyətdə, işçiyə bir ay maaş ödənilməsə, onun yaşaması mümkün olmaz. Halbuki burada çalışan işçilərin əksəriyyəti aylardır maaş ala bilmir. Bu vəziyyət bizi borc və ya kredit almağa məcbur edir, kreditlərin ödənilməsi məsələsi isə artıq çətin bir problemə çevrilib”- deyə işçilərdən biri bildirib.

Qeyd edək ki, 9 il öncə fəaliyyətə başlayan “Səbəlan” fabriki bir müddət sonra “Arta Ticarət Zərrin” adı ilə fəaliyyətini davam etdirib. Özünü Orta Doğunun ən böyük tekstil fabriki kimi qələmə verən şirkət, bu gün işçilərin maaşını ödəyə bilməyəcək qədər aciz durumdadır.

GünAz TV