BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əhər Şəhəri İcra Hakimiyyətinin başçısı bölgədəki işsizlik problemindən danışıb

23:58 / 23-06-2016   /   baxış - 415

İşsizlik Güney Azərbaycanın müxtəlif məntəqələrində əhalinin əsas problemi olaraq qalır.

Əhər Şəhəri İcra Hakimiyyətinin başçısı (fərmandar) iyunun 23-də Şərqi Azərbaycan valisinin iştirakı ilə istehsal müəssisələrinin problemləri ilə bağlı keçirilən iclasda fəal və qeyri-fəal istehsal müəssisələri ilə bağlı hazırladığı raportu təqdim edərək istehsal müəssisələrinin problemlərinin araşdırılması üçün xüsusi qrupun yaradıldığı barədə məlumat verib. Məhəmməd Abidi bildirib ki, “yaradılan qrup istehsal müəssisələrinin problemlərini araşdırmaqla yanaşı müəssisələrə baş çəkərək onların sıxıntıları ilə yaxından tanış olacaqdır.”

“Hazırda 47 qeyri-fəal və yarı fəal istehsal müəssisələrinin problemlərini aradan qaldırmaq üçün müəyyən planlar üzərində işlənilir, ümid edirik ki, bu fəaliyyətlər öz nəticəsini verəcək. Həmçinin istehsal sahəsində nəzərdə tutulan layihələr icra olunarsa, gələcək iki il müddətində 1500 yeni iş yerinin açılacağı gözlənilir”- deyə M.Abidi qeyd edib.

İcra başçısı əlavə edib ki, hazırda Əhər şəhərində ciddi şəkildə iş axtaran 4500 işsiz gənc var. “Biz işsizlərin problemini həll etmək üçün kənd təsərrüfaatı, sənaye, mədən və turizm sahələrində inkişaf etməliyik və bunun üçün hökumətdən ciddi yardım gözləyirik”- deyə M.Abidi vurğulayıb.

 

 

İstinad: GünAz TV