BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Güney Azərbaycanın Şərq vilayətində yerli məsulların vergi dərəcəsinin artırılmasına etirazları artır

17:58 / 16-01-2017   /   baxış - 241

Gələn ilin (hicri-şəmsi təqvimi ilə 1396-cı il) büdcə layihəsində Güney Azərbaycanın Şərq vilayəti üçün nəzərdə tutulan vergi dərəcəsinin 13.9 faiz artırılması yerli məsulların kəskin etirazına səbəb olub.  

 

Məsələyə öz etirazını bildirən "Şərqi Azərbaycan" (İran bölügüsü) Sənaye Müdirləri Dərnəyinin rəisi qeyd edib ki, ötən illərdə də yüksək vergi dərəcəsi tətbiq olunub və əhali yüksək miqdarda vergi ödəyib. Bəlkə də dövlət bizdən vergi almağı rahat gördüyünə görə vergi səhmimizi biraz da artırıb.

 

“Büdcə layihəsi göstərir ki, dövlətin gələn ildə iki gəlir mənbəyi var: Neft və vergi. Ölkə vilayətlərində vergi artımı orta hesabla 9.4 faizdir. Lakin bu rəqəm "Şərqi Azərbaycan" üçün 13.9 faizdən ibarətdir. Bu, ölkənin orta hersabından 60 faiz çoxdur. Məsələn vergi dərəcəsi Tehran vilayətində 6.7, "Qərbi Azərbaycan"-da 7 və İsfahan vilayətində sadəcə 2 faiz artıb”- deyə Baqir Şərifzadə vurğulayıb.

 

"Şərqi Azərbaycan" Sənaye Müdirləri Dərnəyinin rəisi problemi aradan qaldırmaq üçün yerli millət vəkillərinə xitabən bildirib ki, millət vəkillərimiz bununla bağlı məsələ qaldırmalı və soruşmalıdır ki, nə üçün "Şərqi Azərbaycan" vilayəti Tehran, İsfahan, Xorasan və s. kimi vilayətlərdən daha çox vergi ödəməlidir?!

 

Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Zəhra Sai də məsələyə münasibət bildirərək bunun qəbuledilməz olduğunu bildirib.

 

“"Şərqi Azərbaycan" əhalisi və istehsal müəssisələri sahiblərinin ədalətsiz vergi artımı ilə bağlı nigaranlıqları olduqca doğrudur. Belə bir layihə təsdiq olunarsa, təbiiki bu məsələni parlamentdə qaldıracayıq. Biz millət vəkilləri də bu məsələdən narahatıq və artıq müəyyən müzakirələrə başlamışıq. Çalışacayıq ki, digər vilayətlərlə müqayisədə "Şərqi Azərbaycan" əhalisinin haqqı tapdalanmasın”- deyə azərbaycanlı millət vəkili bildirib.

 

Xatırladaq ki, gələn ilin büdcə layihəsində Güney Azərbaycanın Şərq üçün nəzərdə tutulan 13.9 faizlik vergi artımının digər vilayətlərlə müqayisədə həddindən artıq çox olması, rejim Azərbaycana qarşı ayrı-seçkilik siyasətinin daha bir nümunəsi kimi qəbul olunur. Yerli məsullar hazırlanan büdcə layihəsi təsdiq edilmədən, ona düzəliş etdirməyə çalışırlar. Bundan öncə də Təbriz, Azərşəhr və Üskünün millət vəkilləri Şəhabəddin Bimiqdar və Əhməd Əlirza Beygi oxşar açıqlamalarla çıxış edərək "Şərqi Azərbaycan"-da vergi dərəcəsinin ədalətsiz şəkildə artırılmasına etiraz ediblər.

 

BAO.AZ