BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Müstəqil ölkə, asılı iqtisadiyyat

21:10 / 26-12-2015   /   baxış - 399

Müasir dövrün xüsusiyyətlərini, xalqlar arasında əlaqələrin artmasını və s. inkar eləmədən demək lazımdır ki, azad iqtisadiyyat dünyadan asılı olmayan, ya da az asılı olan iqtisadiyyatdır. Dünyadan asılı olan, xüsusilə də inkişaf etmiş sənaye ölkələrindən asılı olan iqtisadiyyat azad iqtisadiyyat sayıla bilməz. Heç kəs mənə sübut edə bilməz ki, dövr tələb etdiyi üçün hansısa bir ölkə öz iqtisadi azadlığından keçsin, yaxud məhrum olsun. Heç bir inteqrasiya - birlik, heç bir müasirlik, heç bir qabaqcıllıq, heç bir səbəb bu həqiqəti inkar eləyə bilməz. Yəni əgər sənin iqtisadiyyatın dünyadan asılıdırsa, sənin iqtisadi inkişafın özündən yox, başqasından asılıdırsa, bunu azad iqtisadiyyat adlandırmaq olmaz. Əgər azad iqtisadiyyat yoxdursa, deməli, müstəqillik özü də tam deyil, ya da heç yoxdur.

Mən şəxsən Azərbaycan iqtisadiyyatının inkişafından çox narahatam. Nə dərəcədə indi bizim azad siyasətimiz var, azad mədəniyyətimiz var - bunlar ayrı məsələdir, amma biz elə bir müstəqil ölkəyik ki, azad iqtisadiyyatımız yoxdur. Bunu demək lazımdır. Azad iqtisadiyyatımız o zaman olardı ki, neftdən və pambıqdan istədiyimiz kimi, özümüzə lazım olan dərəcədə istifadə eləyəydik. Yəni əmal olunan nə varsa, onun sənayesini burda yaradaydıq. Başqa ölkələrdə neftdən necə istifadə eləyirlər, biz özümüz o cür istifadə eləyəydik. Neft sənayesi çoxşaxəli, milli bir sənayeyə çevriləydi. Bunun əvəzinə biz başqa bir yol tutduq və bunu da sübut elədik ki, imkanımız yoxdu və s. Neft sənayemiz (hələ pambıq məsələsi qalır) demək olar ki, bütünlüklə Qərb və özgələr bazasına çevrilib. Bununla az qala fəxr eləyirik, "əsrin müqaviləsi" deyirik ona. Ona görə də gec - tez iqtisadi siyasət kökündən dəyişəcək, bu da bizə çox ucuz başa gəlməyəcək. Düz yön götürülmədi. Müstəqil ölkənin azad iqtisadiyyatı olmadı. Natamam müstəqillik yarandı. Əgər əvvəl neftimiz SSRİ üçün idisə, indi biz deyə bilmərik ki, bizim üçündü, çünki biz özümüz qazanc əldə eləyirik. Biz özümüz elə qazanc əldə eləyirik ki, Qərb ölkələrinin qazancının bir hissəsidir. Çox sadəlövhlük olardı ki, bütün bu işlərin hamısının arxasında Qərb kapitalizminin faydalandığını unudasan. Hələ bunun sabah baxımından nə olacağını demirəm.

İqtisadiyyatın yönü özümüzə tərəf çevrilmədi. İqtisadiyyatın yönü SSRİ - dən Qərbə tərəf çevrildi.

Bu proses davam eləsə, hələ 30 il davam eləyəcək, biz azad iqtisadiyyatdan məhrum olmuş bir ölkə olacağıq ki, bunun özü əcaib, paradoksal vəziyyətdir.

Mənə qəribə gələn ( indi açıq deyək ) odur ki, bu Qərb yönlü Azərbaycan iqtisadiyyatı məsələsində Xalq Cəbhəsilə, ümumiyyətlə, müxalifətlə iqtidar arasında fərq yoxdur. Bəlkə də müxalifətin ən böyük fəlakəti ondadır ki, böyük məsələlərin heç birində onlar mahiyyətcə fərqlənmirlər iqtidardan. İqtidar da məsələni belə qoyur: nə istəyirsizin? Siz dediyinizi biz eləyirik də!

Azad İqtisadiyyat özü nə deyən şeydir?

Boş - boş şeylər yazırlar, məqalələr, kitablar... Doktor olurlar, professor olurlar. Bunu açsınlar da! Necə eləyək ki, bu zamanda kı böyük əjdahalar ağızlarını açıb udurlar bu dünyanı? Bəs necə eləyək özümüz olaraq qalaq? Və bunu eləmək mümkündürmü? Əgər mən özümün neftimi, pambığımı (yəni gələcəkdə bu da olacaq) bütünlükdə tapşırmışam özgələrə - həmin o əjdahalara. Yoxsa elə bilirlər ki, əjdahalar dəyişiliblər? Məgər təbiət dəyişilə bilər? Əjdaha həmişə əjdahadır.

Özümüz çıxarda bilmirik neftimizi. Texnologiyamız yoxdur, büdcəmiz bərbad haldadır və s. və i.a. və bu məqamda bir neçə il ərzində nəsə biz qazana bilərik. Yəni neftdən özümüz qazandığımızdan artıq qazanc əldə ələyə bilərik Qərbdən! Bəli, bu düzdü, belə şey var. Amma iqtisadiyyatı gərək təməl üstə qurasan. elə bir təməl üstə qurasan ki, sonra o, dağılmasın. İndi sən qazanc üçün neft sənayesini, özgələrin sahibliyi üzərində qurursan; sabah bunun ziyanı xeyrindən mütləq çox olacaq, iqtisadiyyatda asılılıq yaranacaq.

İqtisadiyyatda asılılıq əsasında nə qazanc varsa, onun sabahı yoxdur. O qazanc zahiri qazancdır, keçici qazancdır. Mütləq onun sonra ziyanı var. Beş ildən sonra, on ildən sonra, otuz ildən sonra... bura gələnləri sən buradan çıxara bilməyəcəksən!

Bizim ən böyük varımız əgər müstəqillikdirsə, onda bu, var deyil, bu yoxluqdur, yoxsulluqdur. Mənə qəribə gəlir: necə oldu ki, müstəqillik, türkçülük, azərbaycançılıqdan dəm vuran adamlar belə Konsersium divanələri oldular? Məncə, burada dəhşətli bir səhv var.

Hər halda, neft sənayesi keçir,çevrilir olur beynəlmiləlçi bir iqtisadiyyat! Təzəcə beynəlmiləlçilikdən canımızı qurtarmışdıq. Bir zaman rus beynəlmiləlçiliyi; indi isə Qərb beynəlmiləlçiliyi! İkisi də bir şeydir! Hələ bilmək olmaz ki, hansı hansından amansızdır!..

Asif Ata