BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Həmədanda kənd təsərrüfatı istehsal müəssisələri böhran içində

14:32 / 26-06-2016   /   baxış - 250

Həmədanda 27 kənd təsərrüfatı istehsal müəssisəsi öz fəaliyyətini dayandırıb.

İran mətbuatının yaydığı məlumata görə, bu barədə Həmədan Vilayəti Kənd Təsərrüfatı Təşkilatının rəisi Mənsur Rizvani Calal məlumat verib. “Həmədan vilayətində əhalinin məşğul olduğu işlərin 26 faizi kənd təsərrüfatı ilə bağlıdır. Bu durumda 27 kənd təsərrüfatı istehsal müəssisəsi öz fəaliyyətini dayandırıb! Fikrimcə bu vəziyyətdən çıxmaq üçün, Həmədan vilayətinin bankları istehsal müəssisələrini böhrandan qurtarmağa çalışmalıdır. Əksə halda müəssisələr sıradan çıxacaq və bunun bölgə əhalisinə mənfi təsiri qaçılmaz olacaq”- deyə o bildirib.

M.Rizvani Calal əlavə edib ki, fəaliyyətini dayandıran 27 müəssisə ilə yanaşı 14 müəssisə də yarı fəal vəziyyətdə fəaliyyət göstərir.

Həmədan Vilayəti Kənd Təsərrüfatı Təşkilatının rəisi istehsal müəssisələrinin düşdüyü böhranı, ölkədə süt məhsulları ilə bağlı yaşanan problemlə əlaqələndirib. O vurğulayıb ki, banklar istənilən halda, istehsal müəssisələrinə fəaliyyətlərini bərpa etmək üçün lazımi dəstəyi verməlidir.  

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində minlərlə istehsal və sənaye müəssisəsi ağır iqtisadi vəziyyətlə əlaqədar öz fəaliyyətini dayandırıb. Bu isə bölgələrdə minlərlə iş yerinin bağlanması və işsizlər ordusunun genişlənməsinə səbəb olur. Bu barədə yerli vəzifəli şəxslər də vaxtaşırı həyəcan təbili çalır.

 

 

İstinad: GünAz TV